Bu gündən etibarən Bakının yol polisi “toy karvanları” ilə əlaqədar reydlərə başlayır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, reydlər saat 15:00-dan başlayaraq paytaxtın müxtəlif ərazilərində keçirilməyə başlayacaq.
“Pik saatlarında “toy karvanları”nın müəyyən istiqamətlər üzrə hərəkəti zamanı karvanda iştirak edən avtomobil sürücülərinin yol-hərəkət qaydalarını kobud şəkildə pozması süni sıxlığın, tıxacların yaranmasına səbəb olur.
Toy mövsümü zamanı bütün hərəkət istiqamətində yolun hərəkət zolaqları tutulur, işıqforun qırmızı işığında dayanmadan hərəkət edilir, yol ayrıclarını keçmə qaydaları pozulur, yol boyu səs siqnallarından istifadə edilir, lüzumsuz olaraq asta sürətlə hərəkət edilir. Bu və ya digər nöqsanlar pik saatlarında tıxacların yaranmasına, o cümlədən paytaxt sakinlərinin narahatlığı və narazılığına səbəb olur”, – deyə Vaqif Əsədov bildirib.
Belə neqativ halların qarşısını almaq üçün yol polisi əməkdaşları tərəfindən “toy karvanı”nın necə hərəkət etməsilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq. Onların hərəkəti eyni zamanda yollardakı videokameralar vasitəsilə izləniləcək.