5 ildən sonra ilk dəfə olaraq sevilən Bildirchin’in yaradıcısı Tamerlan Huseynquliyev ilə müsahibə almaq şansımız oldu. Həmişə kölgədə qalaraq özünü deyil, gördüyü işlərini qabardan adamı bu dəfə biz işıqlandırdıq. Düşünürük sizə də maraqlı gələ biləcək müsahibə alındı. Beləliklə başladıq…
Salam
– Salam (gülümsəyir)
Təbəssüm etdiniz
– Səbəb var, ilk dəfədir görsənirəm, hər gün xidmətlərimizdən istifadə edən izləyicilərimizin bu dəfə mənim özümü necə qarşılayacağlarını bilmirəm.
Niyə “Bildirchin”?
– 2012-ci ildə sosial şəbəkələrdəki paylaşımlar və saytlar indiki kimi reytinqə yönəlik idi, onlar üçün əsas səhifə və saytın kontenti və ya izləyiciləri ilə oxucularının razı qalması deyil yalançı reytinq idi. Özüm daxil bir çox insanların bu mövzuda narahat olduğunu hiss edirdim. Nəsə gəlməli idi, kimsə doğru-düzgün çatdırmalı idi. Həmçinin xaricilərdən götürülmə ad olmamalı idi. “Bildirmək” sözü ilk ağlıma gəlmişdi, amma etiraf edək ki, “bil”, “bildir” və s. adlar yadda qalan olmazdı. Onu “Bildirchin” etdim və gözlədiyim effekti bir müddət sonra görə bildim. Ümümiyyətlə uğurun yarısı düzgün ad qoymaqdır. Beləcə “Bildirchin” yarandı
Ad kimi, çox orijinal sloqan da düşünmüşünüz.
– Adımız kimi sloqanımız olan “Balaca insanlar, böyük işlər” də bizim gələcəkdəki bütün işlərimizi aydınlatmağa kömək olmalı idi. Şəffaflıq olan zaman güvən və etibar da olur. Biz fərd olaraq balaca insanlarıq, amma birlikdə güclü komanda ilə görəcəyimiz işlər bizim böyük işlər görməmizə səbəb olur.
Fəaliyyətiniz ilk gündən uğurlu oldu?
– Əlbəttə ki, xeyr. İlk öncə səhifələrimiz yox idi, ancaq Bildirchin.az saytı var idi. Kəmiyyətə deyil, Keyfiyyətə üstünlük verməli idik. Həftə ərzində 20 oxucu olardı, onun yarısı biz olardıq yarısı da təsadüfən daxil olanlar. Özümüz Bildirib özümüz eşidirdik. Daha sonra səhifələrimizi sosial şəbəkələrdə açmağa başladıq. İlk öncə Facebookda səhifəmizi açdıq, həmin oğurlanmış dünyada sürətlə məşhurlaşan səhifəni (təbəssüm edir)
Bildirchin.az’ın bu gündəki vəziyyətini necə dəyərləndirirsiniz?
– Aldadıcı başlıqlardan, sarı mətbuatdan, etik qaydalardan kənara çıxmayaraq hal-hazırda ən böyük azərbaycan-dilli internet resurslarından birinə sahib olmuşuq. Aylıq 50 min üzəri oxucumuz bizə etibar edir və “Google” kimi nəhəng axtarış sistemlərində çox zaman ilk səhifələrdə ilk yeri Bildirchin.az tutur. Yeni fəaliyyətə başlayanda heç kim bu cür sayta maraq göstərməz deyirdilər, amma bu günlərdə illik oxucu sayımız yarım milyondan çoxdur, indiki vəziyyətə belə bir sayta maraq göstərilməsi böyük irəliləyiş deməkdir Belə olan halda birlikdə bu uğura sahib olmuşuqsa, düşünürəm yetərincə müsbət və uğurlu layihədir.
Facebook səhifəsi nə dərəcədə uğurlu oldu? Deyirlər həftəlik paylaşımlarınızı ortalama olaraq 20 milyon adam görürdü. Bu necə baş verdi?
– Facebook’da fəaliyyətə başladıqdan sonra 1 nəfər özümüzünkü qoşulub izləyirdisə 10 nəfəri xarici idi. Xaricilər daha çox maraq göstərirdi. Açığı belə bir gözləntimiz yox idi, xaricilərə fokuslanmaq istəmirdik. Hətta, dəfələrlə izləyicilərimiz arasında xaricilərə çıxışı məhdudlaşdırmaq barədə sorğular keçirirdik onlar da həmişə də etiraz edirdilər ki, etməyin, qalsın, xaricilər artsın. Biz də saxladıq. Artım durmadan davam edirdir. Elə olub ki, həftəyə 70 milyon insana çatıb səhifəmiz. 5 il ərzində 500 milyondan çox adam paylaşımlarımızı görmüşdü
25 min dollara Bildirchin’i almaq istəyirdilər, satmadınız. Sonra nə baş verdi?
– 2016-cı il yay aylarında ABŞ-dan təklif gəlmişdi. 25 min dollara Bildirchin’i almaq istəyirdilər, amma nə kimi istifadə edəcəkləri barədə məlumat verməmişdilər. Əlbəttə ki, biz imtina etdik. Ondan sonra saytlarımıza hücumlar oldu, dağıtmaq istəyirdilər hər şeyi.
– 2017-ci il yay aylarında saytlara hücum intensivləşdi, eyni zamanda səhifəmizə şikayətlər daxil oldu. Daha sonra səhifəmizi xaricilər ələ keçirdi və bizim kimi idarə edə bilmədilər. Facebook komandası ilə dəfələrlə yazışmamız oldu, elə durmadan deyirdilər ki, gedin tapın kim oğurlayıb deyin qaytarsınlar. Açığı Facebook’un qeyri-peşəkar idarə olunduğunu və sadəcə öz pul qazanmaq mənafelərinin olmasına əmin olmaq bir az toxundurucu oldu
Belə bir şeyin olacağını gözləyirdiniz?
– Hər bir çətinliklərə qarşı hazırlıqlı və dözümlü olmuşam. Həvəsdən düşən olsaydıq o zaman 6 il öncə gərək başlamazdıq, başlamışıqsa sona qədər getməliyik, odur bu hadisə bizi əksinə gücləndirdi. Fəaliyyətimiz kəmiyyətə deyil, keyfiyyətə fokuslanıb. Dərhal yenidən eyni adla “Facebook”da səhifə (Bildirchin Posts) açdıq, İnstagram və Youtube kanalını aktivləşdirdik. Ən əsası izləyicilərimiz çaş-baş qalmasın deyə Rebrendinq edib loqomuzu dəyişdik.
Bütün bu hadisələrdən sonra Azərbaycanın hal-hazırda ən böyük, aktiv, və sevilən kino sevərlərin toplaşdığı Film Replikaları səhifəsini niyə aldınız?
– Səhifənin fəaliyyətini biz də izləyirdik, izləyicilərinin də aktivlik göstərdiyini sezmişdik. Biz almasaq, digəri alıb adını dəyişib mənasız bir şeyə çevirə bilərdi. Biz olduğu kimi saxladıq və bir dəyişiklik etmədik. Səhifəyə toplaşan, vaxtını ayıran izləyiciləri bir heçə saymaq düzgün olmazdı. Mən özüm də bir izləyiciyəm, onsuz da müxtəlif səhifələr və saytlar tərəfindən boş reytinq xatirinə əzilməni hiss edirəm. Düşünürəm izləyicilərimiz bunu qiymətləndirəcək və bizə dəstək olacaq.
Sizcə xaricdə olsaydınız daha çox dəstəyiniz olardı?
– Açığı maddi olaraq Azərbaycanda heç bir qurumdan dəstəyimiz olmasa da, mənəvi olaraq izləyicilərimizin və oxucularımızın dəstəyini hər zaman hiss etmişik. Günün bu günündə bu bizə bəs edir. Düşünürəm mənəvi üstünlük hər zaman maddi üstünlükdən önəmli olmalıdır. Dəyərləri heç bir zaman itirməmək lazımdır, xüsusən sən qurduğuna böyük ümidlər bəsləyib etimad göstərirlərsə…
Sonda oxucularınıza nə demək istəyərdiniz?
– Çox sağ olsunlar ki, fəaliyyətimizi izləyir, bəyənir və vaxtlarını ayırırlar. Kiminsə də bilmədən xətrinə dəymişiksə, haqlarını halal etsinlər. Eyni zamanda demək istərdim ki, kiminsə fikirləri, təklifləri və s. varsa hər zaman müraciət edə bilərlər, mən də bir dostam
Müsahibə üçün çox sağ olun
– İzləyicilərimiz və oxucularımız sağ olsun