Uşaqlarımızın ev işlərində kömək etməsi, ən qarışıq mövzulardan biridir. Uşaqlar, edilməsini istədiyimiz işləri çox vaxt bizim istədiyimiz kimi edə bilməzlər. Hər kəsin bir tərzi vardır, bu doğrudur! Amma valideynlərin də bir səbri var 🙂

Çoxumuz, “ona deməkdənsə, özüm edərəm” deyib keçirik. Halbuki bir az daha səbrli olmamız, onlarla eyni evi paylaşdığımızı və məsuliyyətləri olduğunu onlara hiss etdirəcəkdir. Düşünün, uşağınız artıq böyümüşdür, amma heç bir ev işi görməyi bacarmır, tək başına gündəlik həyatın öhdəsindən gələ bilmir. Bu həm sizin, həm də uşağınız üçün çox çətin bir vəziyyətdir.



Digər tərəfdən, təmizlik etdiyimiz zaman hiss etdiyimiz o gözəl və təravətli duyğunu, onların da yaşamasını təmin etməliyik. Uşaqların ev işlərinə kömək etməsi üçün bir çox səbəb var, amma biz ən önəmli səbəbləri sadalayırıq.

    1. Uşaqlar tökdüklərini toplamalıdırlar. Uşaqlar da biz böyüklər kimi yeyirlər-içirlər, paltar geyinirlər, qab-qacaq çirkləndirirlər. Bu səbəblə onlar da tökdükləri kimi yığışdırmağı da bilməlidirlər.

    2. Həyatları boyunca istifadə edəcəkləri çox əhəmiyyətli bacarıqlar qazanırlar. Ev, uşaqların bir şeylər öyrənə bilmələri üçün ən ideal yerdir. Əgər evdə öyrənməsələr, sonra daha çətin şəkildə öyrənmək məcburiyyətində qala bilərlər.

    3. Məsuliyyət almağı öyrənirlər. Məsuliyyət, açar sözdür. Əgər bir şeyin məsuliyyətini aldıqlarını və insanların bu mövzuda onlara güvəndiklərini bilirlərsə; bu onları motivasiya edəcək və işi daha istəkli etdirəcəkdir.

    4. Edilən işin qiymətini bilirlər. Bu günün uşaqlarının ən böyük problemi qiymət bilməməkdir. İnsanlar işi, zaman keçdikcə sevirlər. İşlədikcə işin əhəmiyyətini öyrənirlər.

    5. Daha çox təqdir edərlər. Uşaqlar bir işə xərclənən zamanı və əməyi bildikləri zaman, o şeyi təqdir etməyə başlayırlar. Bir qabı kirlətdikləri zaman, birinin onu yuyacağını bilərlər. Ya da təmizlənmiş bir yerə çirkli ayaqqabılarla girildiyi zaman, bunun insanı necə əsəbləşdirdiyini anlayarlar




Siz də ailə vəziyyətinizə baxın və ona uyğun plan qurun. Unutmayın, hər yaş kateqoriyası bir əvvəlki yaş kateqoriyası üzərində özünü inşa edir. Böyüyüb gənc olduqları zaman, əsas bacarıqları əldə etmiş və ev məsuliyyətlərini öyrənmiş olmaları lazımdır.

2-3 yaş arası:  Yatağını yığışdıra, kirliləri səbətə ata, təmiz paltarları yığışdıra, oyuncaqlarını toplaya bilər.
4-5 yaş arası:  Qab-qacaqları qabyuyan maşına qoya, süfrə qura, çiçəkləri sulaya, evcil heyvanların yeməklərini verə, corabları cütləşdirə, otağını səliqəyə sala bilər.
 6-9 yaş arası:  Evi süpürə, yuyulmuş paltarları maşından çıxara, toz ala, yeməyin hazırlanmasına kömək edə, qabyuyan maşını boşalda, bağçadakı yabanı otları təmizləyə bilər.
10-12 yaş arası:  Zibili ata, paltarları qatlaya, tozsorandan istifadə edə, asan yeməklər hazırlaya bilər.
 13 yaş və üstü: Yemək hazırlaya, soyuducunu təmizləyə, uşağa baxa bilər.