Dünən balaca bacımoğlu ilə vaxt keçirdikcə fikirləşmişəm. Həyata hamımız eyni gəlirik – çox balaca və köməksiz. Bəs nəyə görə sonra bu qədər dəyişirik?
Balaca olduğumuz zaman nə qədər gücsüz idiksə, indi o qədər güclü olmaq məcburiyyətində oluruq. Səhv edə bilmərik, çünki etdiyimiz səhvlərin cavabını veririk. İnsanlar da mərhəmətsiz olurlar. Balaca olanda nə qədər günahsızıqsa, böyüdükcə də eyni dərəcədə vəhşiləşirik. Axı niyə belədir? Əslində, uzun müddət bundan öncə bu dediklərimi qəbul etmək üçün çalışmışam. Həmişə gülüb – danışan, şən olmağa çalışan mən, bunları gördükcə həyat işığımın söndüyünü hiss edirdim. Sonra isə daha az hiss etməyə başladığımın şahidi olurdum – ətrafımda olanları, yediyim dadları, kiçik şeylərə sevinməyi…
Axı, belə olmaq istəmirəm, axı mən hələ də möcüzələrə inanıram? Ancaq, həyat budur. Biz yaşadıqlarımıza görə formalaşırıq. Əgər, həyat eşqimizi itirmək istəmiriksə, o zaman bir az daha fərqli davranmaq lazımdır. Çox uzun olmasa da, 25 illik yaşam təcrübəmdən gələcəkdəki yeniyetmələrə, həyatı yeni başa düşməyə başlayanlara məktub yazmaq qərarına gəldim 🙂 Əslində, mən özümdən kiçik bacıma məsləhət verəndə həmişə mənə deyir ki, qoy özüm səhv edib öyrənim, amma belə bir deyim də var: Həyat daim səhv edə biləcək qədər uzun deyil. Başqalarının səhvlərinə bax və dərs çıxart! Bu səbəbdən qulaq asın yoldaşlar 🙂
- Səbrli olmağı öyrənin! – Səbr edən dərviş, muradına ərmiş… Heç bir şey üçün tələsməyin. Hər zaman, hər bir işdə səbrlə davranın. Əlbəttə, dəliqanlı ağılla bunu etmək olmur, ancaq, səbrsizlik hiss etdikdə 10’a qədər sayın. Keçmədi? 100’ə qədər sayın. Səbrli olmağı özünüzə öyrədin. Əmin olun, bu sizə hər zaman yaxşılıq gətirəcək.
- Heç bir şeyi birdən kəsib atmayın. İnsanları, ətrafınızda olanları dinləməyə çalışın. Öz bucağınızdan qiymətləndirməyin heç bir şeyi. Hər kəs özünə görə haqqlıdır, hərənin özünə görə doğruları var. İnsanları qazanmaq üçün o qədər çətinliklərdən keçirsən ki, 1 hadisə ilə heç kimi də çıxartma. Hər kəslə danışıb, dil tapa biləcəksən, amma bir az zamana ehtiyacın ola bilər. Ona görə birinci qeyd etdiyim kimi, səbrli olmaq lazımdır. Hər şeyin öz zamanı var!
- Tənbəllik etmə! Əgər tənbəllik etsən, özünü cəzalandır, çünki sənin ən böyük düşmənin tənbəllikdir. Hər gün “SABAH” deyirik, ancaq düşünmürük ki, getdikcə zamanımız daralır. Biz isə buuu boyda Dünyanı kəşf etməliyik hələ 🙂
- Düzgün qidalanmağa və çox hərəkət etməyə çalış. İnsan hər zaman gözəl görünməlidir. Düzdür, hər halınla özünü sevməlisən, amma əmin ol, özünü gözəl hiss edəndə həyat daha da gözəl olacaq.
- Heç vaxt təslim olma! Həyat bizi hər zaman hər zəhmətimizə görə dəyərləndirir. Əgər dəyərləndirməyibsə, deməli ürəkdən istəyib çalışmamamışıq. Sadəcə bütün ehtirasınızla çalışın və əmin olun, düşüncəmizdə nədirsə elə onu da yaşayacıyıq.
- Özünüzə çox inanın! Təkcə özünüzə yox, möcüzələrə inanın, sehirə inanın, gözəl insanlarla qarşılaşacağınıza inanın… Bəzən dəlilər kimi köməksiz və tək hiss edərsən. O zaman belə gözəl günlərin gələcəyinə inanın… Gözlərinizi yumun və gözəl günlərin yaxında gələcəyinə də inanın.
Bəlkə də çox bilmiş danışdığımı düşünəcəksiniz… Ancaq əmin olun, hamısını bir bir təcrübə edib, sizlərə məsləhət edirəm. Ümid edirəm, qeyd etdiklərim işinizə yarayar və hər zaman xoşbəxtlikdən parlayarsınız 🙂