Titaniki inanmaq da qurtarmadı

...və o batdı

559

“Biz inanırdıq ki, Titanik batmaz bir gəmidir” – Philip Franklin (Titanikin sahibi, yaradıcısı)

Bəs niyə batdı, ay Franklin? Uzun illərdir bunun haqqında müxtəlif mülahizələr irəli sürüldü və bu proses hələ də davam edir. Bu yazıda sizə gəminin batma səbəblərini ingilislərin etibarlı mənbələrinə istinadən açıqlamağa çalışacağıq, ancaq gəlin öncə bu möhtəşəm gəmi ilə daha detallı tanış olaq:

Şirkət: White Star Line
İstehsal edildiyi zavod: Harland and Wolf (Belfast, İrlandiya)
Düzəldilməsinə başlandı: 1910
Bitdi: 1912
Gəmi kapitanı: John Smith
Yola çıxdığı liman: Southampton, İngiltərə
Batdığı yer: Şimali Atlantik okeanı
Ağırlıq: 66 000 ton
Uzunluğu: 269 metr
Eni: 23 metr
Hündürlüyü: 53,3 metr
Sualtı yüksəkliyi: 10,5  metr
Sürəti: 39 km/saat
Maksimum sürəti: 44 km/saat
Gəminin tutumu: 3 547 nəfər
Sərnişin sayı: 2 435 nəfər
Ekipaj: 892 nəfər
Ölənlərin sayı: 1 514 nəfər
Avarlı qayıq sayı: 20 ədəd
Bu qayıqların ümumi tutumu: 1 178 nəfər

Bundan başqa, göyərtədə hamam, idman zalı, hovuz, kitabxana, lüks yemək otaqları və musiqiçilərlə dolu bir ümumi yemək salonu varıydı.

Hə, bax indi başlaya bilərik…
1912-ci ilin aprelin 10-u nəhəng buxar gəmisi olan Titanik öz sərnişinlərini qəbul etməyə başladı. İngiltərənin Southampton şəhərindən çıxıb Amerikaya, yəni Nyu – Yorka getməli idi. Təbii ki, rota üzrə öncə Cherbourg (Fransa) limanına yelkən salmalı idi,  lakin işlər yolunda getmədi və tarixin ən böyük gəmi qəzalarından biri baş verdi.

14 aprel, 1912. Gecə saat 23:39-da New Foundland’ın cənubunda güclü duman və sisə məruz qalır. Elə bu səbəbdən də gəmiyə yaxınlaşmaqda olan aysberqi heç kim görə bilmir. Əslində ekipaj üzvləri radio siqnalları diqqətə alsaydı, hər şey çox fəqli olardı və elə tarix də yenidən yazıla bilərdi.

Təəssüflər olsun ki, Titanikin əzəmətinə, dünyaya saldığı sədaya qapılıb eyforiyaya düşən bu şəxslər avadanlıqları rədd edib yollarına davam etdilər. Cəmi 20 dəqiqəlik diqqətsizlik nəticəsində nəhəng buz dağı gəmi ilə toqquşdu və onu bort tərəfdən kağız kimi yırtdı. Qəzanın təsirini ilk növbədə qazanxanadakı işçi heyəti, daha sonra isə 3-cü sinif sərnişinləri (daha ucuz bilet sahibləri) hiss etdi.

Artıq çox gec idi. Bilirsiz, əslində Titanik özü – öz faciəsini hələ yola çıxmamışdan qabaq yazmışdır. Belə ki, ekipaj üzvü ilə birlikdə, gəmidə cəmi 3 547 nəfər olduğu halda, qəza qayıqlarının ümumi tutumu 1 178 nəfər idi. Bu nəyin arxayınlığı idi? Bu sualı sizlərə buraxıram.

Titanikin tam olaraq batması təxminən 2 saat 40 dəqiqə çəkmişdir. Son olaraq qeyd edim ki, gəminin kapitanı Smith bəzi mənbələrə görə özünü başından vuraraq öldürmüşdü. Bir digər xəbərə görə isə o, gəmi ilə birlikdə suyun altına batmışdı.