Zəlzələlər Yer qabığında baş verən proseslərin zahiri təzahürüdür. Zəlzələlər əsasən tavaların hərəkəti ilə bağlı bu və ya başqa sahədə qısa müddət ərzində yaranmış gərginliyin çıxışı zaman əmələ gəlir. Bu vaxt Yer səthində üfüqi və şaquli hərəkət müşahidə olunur. Zəlzələlərin gücünü müəyyən etmək üçün 12 ballıq Rixter sistemindən istifadə olunur. 1-4 ballıq zəlzələlər insanlar üçün bir o qədər də təhlükəli deyil. 7 bal və daha artıq gücdə olan zəlzələlər olduqca təhlükəlidir və fəlakətlə nəticələnir.
Dünyada il ərzində 500 mindən çox zəlzələ baş verir, lakin onların çoxu zəif, nisbətən az qismi dağıdıcı olur. Hələlik zəlzələlərin yerini və vaxtını qabaqcadan dəqiq müəyyən etmək mümkün deyil, lakin yerin seysmik sahələrini müəyyən edib, çox böyük ehtimalla zəlzələlər baş verə biləcək əraziləri göstərmək olar.
Azərbaycanın dağ və dağətəyi əraziləri seysmik zonaya aiddir. Azərbaycanın tarixində ən dəhşətli zəlzələlər Gəncə yaxınlığında 1139-cu ildə 11 bal gücündə baş vermişdir. Həmin dövrün tarixi yazılarına əsasən bu zəlzələdə 230 min insan həyatın itirmişdir.
Tarixin ən dəhşətli zəlzələləri:
1. Çin, Şensi. Tarixin ən dəhşətli zəlzələsi Şimali Çin torpağında Şensi ərazisində baş vermişdir. 1556-ci ildə baş vermiş bu zəlzələ 830 min nəfər insanın həyatına son qoymuşdur. Zəlzələ 8.5 bal gücündə olmuşdur. Zəlzələnin nəticəsi olaraq Şensi şəhəri yer üzündən silinib.
2. Çin, Tyanşan. 1976-cı il, 28 iyulda Çinin Tyanşan şəhərində baş vermiş zəlzələ özünün dağıdıcı nəticələrinə görə ən qorxunc zəlzələlər siyahısında yer alıb. Tyanşan zəlzələsinin gücü 8.3 bal olaraq ölçülür. Zəlzələnin qurbanı 255 min insan olmuşdur. Tyanşan zəlzələsindən sonra şəhər yer üzündən silinib və tamamilə xarabalığa çevrilib.
3. Suriya, Aleppo. 1138-ci ildə baş vermiş zəlzələnin gücü hələ də tarixə məlum olmasa da onun qurbanlarının sayı 230 min nəfər olaraq hesablanır. Maraqlısı budur ki, bir ildən sonra , yəni 1139-cu ildə Gəncə torpaqlarında eyni sayda qurbanı olan zəlzələ baş vermişdir.
4. Haiti. 2010-cu il, 12 yanvar tarixində bütün dünyanı bəd və qorxunc xəbər bürüdü. Haitidə baş vermiş vermiş zəlzələ bütün dünyanı silkələdi. Zəlzələnin gücü rixter şkalasına görə 7 bal olaraq ölçülür. Əsas təkanlardan sonra 5-6 gücündə olan afterşoklar ümumi vəziyyəti daha da gərginləşdirmiş və qurbanların sayını 222570 nəfərə çatdırmişdır. Haitinin paytaxtında minlərlə yaşayış evi, ölkənin idarəedici, maliyyə və mədəniyyət orqanlarının binaları tamamilə yerlə yeksan olmuşdur. Ən dəhşətlisi isə ölkədəki xəstəxanaların da ciddi zərər görməsi olmuşdur.
5. Çin, Hansü. Tarixində baş vermiş ən qorxunc zəlzələlərin sayına görə Çin dünyada birincidir. 1920-ci il 16 dekabrda baş vermiş zəlzələ də ən dəhşətli zəlzələlər siyasına daxil edilir. Zəlzələnin gücü 8.6 bal təşkil edirdi. Birbaşa olaraq zəlzələnin qurbanlarının sayı 200 min nəfər olmuşdur. 20 min nəfərdən artıq insan isə küçədə soyuqdan donub ölmüşdür.