Leonardo da Vinçi ( 1452- 1519) Vinçi şəhərciyində varlı Notarius ailəsində dünyaya göz açıb. Gənc yaşlarında Florensiyaya gəlib və A.Verokkyonun şagirdi olub. Az sonra o, emalatxananı tərk edir və azad yaradıcılıq həyatına başlayır. Hələ gənc yaşlarından o, sənətdə işləmək üsulu və texnikasına bir yenilik gətirir, novatorluq yoluna qədəm qoyur. 1481-ci ildən 1499-cu ilə kimi Leonardo Milan hakimi Lodoviko Sfortsonun (və yaxud “ Moro”–nun ) sarayında yaşamış, onun yanında hərbi və mülki mühəndis, hidrotexnik, saray teatr tamaşalarının təşkilatçısı olmuşdur. Lodoviko Moroya yazdığı məktubda Leonardo özünün 20 peşə sahibi olduğunu bildirir və boyakarlığı yalnız 18-ci yerdə göstərir. Leonardo Milan hersoqunun atası Françesko Sfortsanın böyük ölçülü atlı heykəli üzərində 10 ildən artıq işləmişdir. Təəssüf ki, 1500-cü ildə fransız əsgərləri sarayı ələ keçirdikləri zaman heykəlin bürünc tökülməsi üçün hazırlanmış gil modelini dağıtmışlar.
Leonardo yeni bir bədii üsul – “smufato” nu yaratmışdır ki, burada işıqla kölgənin incə çalarları insan fiqurunu bürüyür, onları canlandırır. 1495-1497-ci illərəd o, Milandakı Santa-Mariya della Qratsiye monastrının divar rəsmlərini, o cümlədən “ Məxfi axşam “freskasını yaratmışdır. Bu dini rəvayətin təsvirində rəssam obrazların hiss və yəyacanlarını ustalıqla vermişdir.
1503-cü ildə yaradılmış “Cokonda “ (Mono Liza) əsəri, ümumiyyətlə, Avropa boyakarlığının ən gözəl, şah əsəri sayılır. Cokondanın ilahi təbəssümü indiyə kimi tamaşaçıları valeh edir. Bu ifadəni onun üzündə saxlamaq üçün Leonardo onu əyləndirir, emalatxanasına çalğıçıları, xanəndələri və təlxəkləri dəvət edir, özü də yorulmadan müxtəlif əhvalat və lətifələr danışırmış.
Leonardo gözəl şeir və musiqi bəstələyər, müxtəlif musiqi alətlərində çalar və gözəl oxuyarmış. O, memarlıq sənətində də böyük uğurlar qazanmışdır. Leonardonun qeyd dəftərləri və əlyazmaları indiyə kimi öz elmi əhəmiyyətini itirməmişdir. Onun yaradıcılığı incəsənətin və elmin bağlılığının ən bariz nümunəsidir.