1911-ci il mayın 16-da, günorta saat 03:15-də Lütfəli bəy Behbudov Bakının mərkəzində faytondan çıxıb, neft baronu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin əzəmətli evinə daxil olur.
Behbudov ümidverici bir gənc idi. O, əvvəllər Şuşa əyalətində yerləşən Üçoğlan kəndində böyük bir əmlakı olan alicənab müsəlman-bəy ailəsində doğulmuşdu. Sankt-Peterburq Texnoloji İnstitutunda mühəndislik – XX əsrin əvvəllərində neft bumunun ortasında Bakıda tələbin yüksək olduğu peşə təhsili alıb.[1] Maddi çətinliklərə görə Behbudov bəlkə də məzun ola bilməyəcəkdi, bəxti onda gətirdi ki, Əlimərdan bəy Topçubaşov onun təqaüd alması üçün tövsiyə verdi.[2] O zaman Topçubaşov – yəni Rusiya Dövlət Dumasında müsəlman fraksiyasının gələcək lideri – Hacı Zeynalabdin Tağıyevin sahibi olduğu Kaspi qəzetinin redaktoru idi və Tağıyev istedadlı müsəlman tələbələrin təhsil almasına dəstək olan biri kimi tanınırdı. Topçubaşovun tövsiyəsi ilə Tağıyev bu gəncə sponsorluq etməyə razı oldu və 1904-cü ildə məzun olduqdan sonra Behbudov öz havadarının yanında işləmək üçün Qafqaza qayıtdı. O, öz sahəsində tezliklə yüksəldi və nəticədə Tağıyev özünün biznes imperiyasının əhəmiyyətli bir hissəsini, o cümlədən zavod, vətəgə, dəyirman, fabrik və hətta şəxsi evlərinin idarəçiliyini də Behbudova həvalə etdi.[3]
Tarixçi Tadeuş Svyataçovski Hacı Zeynalabdin Tağıyev əfsanəsini qısa şəkildə belə ümumiləşdirir: “Öz hesabına varlanan Tağıyev Zaqafqaziyanın ən zəngin adamı kimi tanındı. O, neft çıxan kiçik torpaq sahəsi ilə başlayaraq, sərvətini sərmayə qoymaqla və birja spekulyasiyaları ilə artırdı. Zaman ötdükcə maraqlarını neft sənayesindən kənara doğru genişləndirdi: Azərbaycanda ilk toxuculuq fabrikini qurdu, tütün və pambıq əkinlərinə sərmayə qoydu. Yazıb-oxumağı bacarmasa da, Tağıyev Azərbaycanda, eləcə də Rusiyanın digər müsəlman mərkəzlərində məktəbləri, qəzetləri, teatrları maliyyələşdirir və təqaüdlər verirdi.”[4]
Behbudov həm Tağıyevin xeyirxahlığından faydalananlardan biri, həm də sonradan onun biznes məsələlərində mühüm köməkçisi olmuşdu.
Behbudov 16 may 1911-ci ildə Tağıyevin Bakıdakı malikanəsinə gələndə ev sahibi tək deyildi. Bakı cəmiyyətinin altı görkəmli üzvü Tağıyevlə birlikdə idi: Tağıyevin oğlu Sadıx; qardaşı oğlu Məmməd Rza; Tağıyevin biznes menecerlərindən Mehdi Cəfərov; Tağıyevin Kaspi qəzetinin ofis müdiri və eyni zamanda Bakı Şəhər Dumasında məclis üzvü olan Həsən Həsənov; rus ordusunun sahə kapitanı İrza bəy Məmmədbəyov; nəhayət, İran kraliyyət ailəsinin üzvü, rus ordusunun podpolkovniki, məşhur yazıçı və islahatçı Mirzə Fətəli Axundzadənin nəvəsi Şahzadə Mənsur Mirzə Qacar.[5]
Behbudov Zaqafqaziya dəmir yolunun rəhbərliyi ilə Tağıyev adından danışıqlar aparmaq üçün Tiflisə bir həftəlik səfərindən sonra – 15 mayda Bakıya qayıtmışdı. Qayıtdıqdan sonra o, Tağıyevlə görüşdü və çarın Qafqazdakı canişini Vorontsov-Daşkov ilə apardığı müzakirə barədə 2,5 saatlıq məruzə etdi. “Tağıyev məmnun qaldı”, – deyə Behbudov sonralar söyləyəcəkdi.[6]
Amma ertəsi gün Tağıyevin evində Behbudov xoş qarşılanmadı. Yuxarıda sadalanan altı nəfərin qarşısında yaşlı Tağıyev mühəndis Behbudovu özündən çox cavan olan arvadı Sona xanımla yaxınlaşmaqda ittiham etdi. Behbudov təkzib etdi. Tağıyevin evinə gəldikdən təxminən bir saat sonra Həsən Həsənov və Məmməd Rza Tağıyevin müşayiəti ilə Behbudov çölə çıxardıldı, lakin onu adəti üzrə Tağıyevə məxsus olan faytona əyləşdirmək əvəzinə, at arabası saxlatdırıb, onunla evinə göndərdilər. Ümid vəd edən bu gəncin Tağıyevin biznes imperiyasındakı karyerası başa çatdı. Onun sağ gözü qaralmışdı, çənəsi isə qanayırdı…[7]
Tağıyevin evində baş verən hadisənin xəbəri tezliklə şəhərə yayıldı. Şayiələr “[müsəlman] cəmiyyətin hər tərəfinə nüfuz etdi; evlərdə, klublarda və küçədə hamı bu ‘ailə məsələsi’ barədə eşidirdi.”[8] Hadisə dəhşətli spekulyasiyalarla bəzədilirdi və müsəlman icması regional xətlər üzrə – Tağıyevi dəstəkləyən Bakı düşərgəsi ilə Behbudovun tərəfini tutan Şuşa düşərgəsinə bölünmüşdü.[9]
16 may hadisəsi sonda cinayət mühakiməsinin predmetinə çevriləcəkdi: Tağıyev yuxarıda adı çəkilən 6 nəfərin iştirakı ilə Behbudova hücum təşkil etməkdə ittiham olunurdu. Xalqa açıq olan məhkəmə salonu dolub-daşdı, bəzi qəzetlər hər gün məhkəməyə bir neçə səhifə həsr etdilər. Mətbuat tərəfindən bəzədilmiş bu hekayənin qarşısını almaq mümkün deyildi: qadağan olunmuş sevgi macərası, qəzəblənmiş ər və vəhşi qisas… Bunların hamısına yerli müsəlman intelligensiyası, İran şah ailəsinin üzvü, bir neçə milyonçu, Rusiya Dövlət Dumasının üzvləri və əlbəttə ki, Qafqazın qüdrətli şəxsi Tağıyevin özü də daxil idi. Bu hadisə Bakı sakinləri tərəfindən tez unudulmadı, hətta bir rüb sonra dövrün ən məşhur romanı olan Əli və Ninoda öz əksini tapdı.
Müasirlərinin diqqət mərkəzində olmasına və Tağıyevin nüfuzuna davamlı təsir göstərməsinə baxmayaraq, bu qalmaqal tarixçilər tərəfindən əksərən gözardı edilib. Bu məqalənin məqsədi Tağıyev-Behbudov məsələsini canlandıraraq yüz il əvvəl bu iki şəxs arasında əslində nəyin baş verdiyini müəyyən etmək deyil. Mövcud dəlillər əsasında bu, qeyri-mümkün bir iş kimi görünür. Həmçinin, bu məqalə Tağıyevi “ifşa etmək” və ya onun Azərbaycan mədəniyyətinə verdiyi töhfələri kölgə altına salmaq cəhdi də deyil. Əksinə, əksərən gözardı edilmiş bir mövzunun – Rusiya İmperiyasının son illərində Qafqaz müsəlman cəmiyyətindəki daxili qarşıdurmaların öyrənilməsinə kiçik töhfə vermək cəhdidir. Tağıyev və Behbudov arasında çox vaxt “ailə məsələsi” olaraq adlandırılan münaqişə şəxsi məsələ idi, lakin cinayət işi, ələlxüsus da mətbuatda ortaya atılan polemikalar ictimai maraq doğuran məsələdir.
Tağıyev-Behbudov məsələsi 20-ci əsrin əvvəllərində Qafqaz müsəlman elitalarının riayət etdiyi şərəf kodlarının sosioloji şəkildə öyrənilməsi üçün bizə zəngin material verir. Behbudov şiddətli döyülməsi ilə bağlı məsələni məhkəmədə şişirtsə də, aldığı fiziki xəsarətlərin onun üçün ikinci dərəcəli əhəmiyyət kəsb etdiyini də etiraf etmişdi. Məhz şərəfinin zədələnməsi Behbudovu Tağıyevə qarşı rəsmi şikayət verməyə məcbur etdi. Bu qərarı verməzdən əvvəl Behbudov etibarlı məsləhətçilərlə bir ay ərzində şərəfinin nə dərəcədə zədələndiyini, onun bərpası üçün ictimai cəhətdən hansı məqbul və müvafiq tədbirlərin görülə biləcəyi barədə müzakirə apardı. Biz sosial statusun yeni formalarında (Rusiya mülki rütbələri, intelligensiya) və konfliktlərin tənzimlənməsindəki yeni vasitələrdə (rus hüquq sistemi, duelə çağırmaq) avropalılaşmanın təsirlərini görürük; bunlar da tərəflərin hər birinin qərarına təsir edirdi.
Tağıyev-Behbudov məsələsinin ətraflı araşdırılması həm də alimlərə Azərbaycanın siyasi tarixinin gedişatını dəyişdirən müsəlman elitaları arasındakı konkret ixtilafları və düşmənçilikləri öyrənməyə imkan verə bilər. Aşağıda görəcəyimiz kimi, dövri mətbuatda Tağıyev-Behbudov məsələsi ilə müsəlman cəmiyyətində əvvəllər baş verən münaqişələr arasında müqayisələr aparılırdı. Ən əsası isə o idi ki, jurnalistlər Tağıyev ilə siyasətçi və yazıçı Əhməd bəy Ağaoğlu arasında indi unudulan münaqişəni yada salırdılar. Ağaoğlu ilə Tağıyev arasındakı gərgin münasibət intelligensiya ilə kapitalistlər arasındakı daha geniş bölünməni göstərir və bəlkə də bu münasibət regional loyallıqlar ilə (Ağaoğlu Qarabağdan, Tağıyev isə Bakıdan idi) daha da mürəkkəbləşmişdi. Tağıyevin təzyiqi həqiqətən də Ağaoğlunun Bakıdan Türkiyəyə mühacirət etmək qərarında həlledici rol oynamış ola bilər. Mətbuatda izlərini tapdığımız bu ehtimalımızı təsdiqləmək və izah etmək üçün əlavə araşdırma tələb olunur, lakin bu, təsdiqlənərsə, olduqca əhəmiyyətli bir məlumat olardı. Ağaoğlu yerli siyasətdə çox fəal idi, hətta Qafqazdakı ilk müsəlman siyasi təşkilatı olan inqilabçı Difaini qurmuşdu. O, Bakıda qalsaydı, çox güman müasir Türkiyənin qurulmasında mühüm rol oynadığı kimi, Qafqaz siyasətində də həlledici rol oynamağa davam edərdi.
Bundan əlavə, Tağıyevin əsas vəkili, Rusiya Dövlət Dumasının üzvü Vasili Maklakovun oynadığı rol Rusiya mətbuatında Qafqazdakı etnik qarşıdurmalar və inqilabi hərəkatlar ətrafında polemikaya səbəb oldu. Xüsusi maraq doğuran məqam budur ki, Maklakov eyni zamanda dövrün ən məşhur iki məhkəmə prosesində iştirak etmişdi: Tağıyev-Behbudov məsələsi və Daşnaksütyun işi. 10 mart 1912-ci ildə Maklakov Bakıda Tağıyevi müdafiə etmək üçün son arqumentlərini söylədi, 14 martda isə Sankt-Peterburqdakı məhkəmədə Erməni İnqilabi Federasiyasının (Daşnaktsütyun) terrorist əməllər törətməkdə ittiham olunan 158 üzvünü müdafiə etdi. Mətbuatda Maklakovun şəxsi keyfiyyətləri ilə bağlı polemikalarda həm etno-dini (ermənilər və müsəlmanlar), həm də sosial-iqtisadi (kapitalistlər və sosialist inqilabçılar) mövzular vurğulanırdı. Liberallarla solçular Maklakovu öz prinsiplərini kapitalist Tağıyevə satmaqda ittiham edirdilər, sağçılar isə Tağıyevi müdafiə edərək, onu sosialist inqilabına və erməni separatizminə qarşı dayaq kimi təqdim edirdilər.
Bu məqalə əsasən nəşr edilmiş mənbələrə əsaslanır və Gürcüstan Milli Arxivindəki bir sənədə Lütfəli bəy Behbudovun bioqrafik məlumatları üçün bir neçə istinad verilir. Gürcüstan arxivlərində 1913-cü ildə Tiflisdə Tağıyevin məhkəməyə müraciəti ilə əlaqəli heç bir sənəd tapa bilmədim. İlk dəfə 1911-ci ilin iyun ayında ictimailəşən hadisəni, habelə sonrakı – 1912-ci ilin martındakı məhkəmə prosesini Rusiya İmperiyasının mətbuatı, xüsusən də Tağıyevin özünün Kaspi qəzeti, digər yerli qəzetlər olan Bakı və Bakinets, Tiflisdə Kavkaz, Sankt-Peterburqda Russkoye slovo və Veçerneye vremya, Moskvada isə Moskovskiye vedomosti işıqlandırırdı. Məşhur naşir və islahatçı Həsən bəy Zərdabinin qardaşı oğlu Rəhim bəy Məlikovun Bakı qəzetində yazdığı və sonradan 1987-ci ildə Şamil Qurbanov[10] tərəfindən toplanaraq kitab şəklində çapdan çıxmış məqalələri xüsusi olaraq qeyd etmək istərdim, çünki bu məqalələr pərdə arxasından əhəmiyyətli məlumatlar verir.
Bakıda müsəlman qəzetələri:
“Qəzet millət üçün bir aynadır ki, oraya baxan hər bir şeyi görə bilər, bircə Hacı cənablarının evində injener Behbudovun döyülməyindən savayı.”
Atalar sözü: “Güclü adamı incitmək ağıllıların işi deyil.”
(Molla Nəsrəddin, 11 avqust, 1911, № 29, illustrasiya Yozef Rotterindir)
Hadisə: Tağıyev-Behbudov məsələsinin yuxarıda göstərilən təfərrüatları mübahisəsizdir; həm Behbudov, həm də Tağıyev tərəfindən doğru olaraq qəbul edilib. Behbudov həqiqətən də 1911-ci il mayın 16-sı, günortadan sonra Tağıyevin evinə onu görməyə gəlib. Tağıyev onu yuxarıda adları sadalanan altı nəfərlə birlikdə gözləyib. Tağıyevin evində olarkən Behbudov döyülüb. Mübahisəli olan üç vacib sual var: 1) Behbudov niyə döyüldü; 2) Kim döydü; 3) Hansı şiddətdə döyüldü?
Behbudovun hadisələrlə bağlı versiyası ilk dəfə 1911-ci il 19 iyun tarixində onun Bakı Prokurorluğuna verdiyi rəsmi şikayəti Russkoye slovo qəzeti tərəfindən əldə edilərək dərc olunanda ictimaiyyətə məlum oldu:
“Son səkkiz ildir ki, … mən yerli tacir, [Rusiya İmperiyasının] həqiqi dövlət müşaviri[11] H. Z. A. Tağıyevin xidmətindəyəm, onun müəssisələrinin texniki tərəflərini idarə edir, eyni zamanda mülklərinin, gəmiqayırma zavodunun və dəyirmanının idarəsi ilə bağlı müxtəlif tapşırıqları yerinə yetirirəm. Bu müddət ərzində cənab Tağıyev ilə mən hər hansı qarşılıqlı anlaşmazlıq və problemlər yaşamadan, tamamilə normal iş əlaqəsi saxladıq. Bu [işgüzar münasibət] xaricində ailələrimiz tanış idi və bir-birimizi ziyarət edirdik. Bu il mayın 16-da cənab Tağıyev bir neçə dəfə məni ofisdən mənzilinə çağırdı, burada mənimlə işlər barədə söhbət etdi və sonda lazımi təmir işləri ilə bağlı evini onunla birgə yoxlamağım üçün mənim günorta 03:30-dan gec olmayaraq evinə gəlməyimi istədi. Günortadan sonra, saat 03:15-də mən cənab Tağıyevin evinə çatdım və onunla birlikdə mənzilinin daxili otaqlarına tərəf getdik. Yol boyu döşəmələrin, tavanın və sairələrin yenilənməsi ilə bağlı mənə göstəriş verən cənab Tağıyev mənimlə birlikdə pəncərələri bağlanmış yataq otağına girdi. Otağa girdiyim anda qapı arxamdan bağlandı və cənab Tağıyevin “Döyün, öldürün!” əmri ilə gəlişimi gözləyən altı nəfərin qəflətən hücumuna məruz qaldım. O şəxslər bunlar idi: Bakı meri yanında xüsusi tapşırıqlar üzrə zabit, podpolkovnik Mənsur Mirzə Qacar; yerli sərhəd mühafizə briqadasının sahə kapitanı İrza bəy Məmmədbəyov; Tağıyevin oğlu Sadıx; Kaspi qəzetinin ofis müdiri Həsən ağa Həsənov; Tağıyev fabrikinin müdiri Mehdi Cəfərov və Tağıyevin qardaşı oğlu Məmməd Rza Tağıyev. Gördüm ki, Həsənov (Bakı şəhər dumasının üzvü) üstümdə silah gəzdirəcəyimdən şübhələnərək, əlində mənə doğru yönəldilmiş bir revolver tutur. Cənab Tağıyevin rəhbərliyi ilə yuxarıda göstərilən şəxslər məni yerə yıxıb üz, baş və s. nayihələrimdən vurmağa başladılar. Bu qəfil hücumdan çaş-baş qalmışdım, yeganə silahım təmir olunmalı yerləri ölçmək üçün istifadə etdiyim ölçü çubuğu idi; özümü müdafiə etmək imkanım yox idi, zərbələr nəticəsində əldən düşdüm və huşumu itirdim. Özümə gəldiyim zaman Sadıx Tağıyev və Mənsur Mirzə şübhəsiz ki, əvvəlcədən hazırlanmış iplə qollarımı bağladılar. Qalxmağa çalışdım, amma məni yenidən yerə atdılar və döyməyə başladılar. Bu, bir neçə dəfə təkrarlandı, həm də üstümə tüpürdülər və mənə ən dəhşətli təhqirlər yağdırdılar. Məni uzun müddət amansız və qəzəbli şəkildə döydülər. Boş yerə yalvardım ki, məni öldürsünlər, alçaltmasınlar və nədə günahkar olduğumu izah etsinlər. Xahişlərim isə cənab Tağıyevi və yoldaşlarını daha da qəzəbləndirdi; zərbələr daha şiddətli şəkildə yağdı, təhqirlər gücləndi. Nəhayət, sümüyə qədər kəsilmiş çənəmdən qan axmağa başladı. Bu, bir az cənab Tağıyevi və onun yoldaşlarını narahat etdi: təxminən bir saat davam edən döyülmə başa çatdı və cənab Tağıyev mənim hazırkı vəziyyətimə heyran qalması üçün arvadımı telefonla çağıracağını bildirdi. Döyülməyimə, işgəncəyə məruz qalmağıma, üzümün qanamasına, qollarımın bağlanmasına baxmayaraq, cənab Tağıyevin qarşısında dizlərimin üstünə atılıb yalvarırdım ki, indiyə qədər mənə etdikləri ilə kifayətlənsin. Ancaq cənab Tağıyev amansız idi. Bir neçə dəqiqə keçdi, bu müddətdə cənab Tağıyev məni dəhşətli işgəncələrlə hədələməyi dayandırmadı və xanım Tağıyevanın otağından yataq otağına keçən qapının astanasında xanım Tağıyeva yoldaşımın müşayiəti ilə göründü. Sonuncu tərəfə dönən cənab Tağıyev onu məndən necə qisas almasına heyran qalmağa və üstümə tüpürməyə çağırdı; sonra mənə ölüm təhdidi altında ultimatum verildi – Bakını əbədi tərk etmək… Sonra əllərimi açdılar və orada olanlardan dörd nəfər (cənab Tağıyev, Mənsur Mirzə, Həsənov, Məmməd Rza) məni pilləkənə apardı. Sonuncu ikisi məni müşayiət etdi və arabaya qoydu…”[12]
Tağıyevin təsvirində hadisələrin tam versiyasını Bakı qəzetinin məhkəmə müxbiri ictimailəşdirdi. Məhkəmə iclasında Tağıyev Behbudova qarşı törədilmiş hücumda iştirak etmədiyini və bu hücumun əvvəlcədən planlaşdırılmadığını deyir. O, eyni zamanda izah edir ki, biznes meneceri Behbudov ilə qarşıdurmanın səbəbi sonuncunun Tağıyevin olduqca gənc arvadı (Tağıyev hadisə baş verən zaman 73 yaşında, arvadı Sona xanım isə 30 yaşında idi) ilə əlaqədə olması şübhəsi olub, Behbudov isə rəsmi şikayətində bu mövzuya toxunmamış, lakin məhkəmə zalında bu iddiaları təkzib etmişdi. Tağıyev öz ifadəsində hücumdakı əsas rolu qardaşı oğulları Məmməd Rza və Məmməd Bağırın oynadığını deyir, halbuki Behbudov Məmməd Bağırın orada olmadığını və özünün döyülməsində iştirak etmədiyini iddia edirdi. Həmçinin, Tağıyevin versiyasında qarşıdurma səhnəsi yataq otağından əsas salona keçir.
“Hacı Zeynalabdin Tağıyev ifadə verdi ki, mayın 16-da səhər yeməyində Behbudovla bağlı söhbət zamanı həyat yoldaşı [Sona xanım] ona “sənin Behbudovun şərəfsizdir. Onu işdən çıxart” deyib. Sona xanım izah edib ki, Behbudov onunla yaxınlıq etməyə başlayıb, əlindən tutaraq onu öpməyə çalışıb və o da Behbudovu özündən kənara itələyib. [Tağıyev] eşitdiklərindən təəccübləndi və arvadından [Leyli] Behbudovanı saat 3-də evə dəvət etməsini istədi, özü də Eynullaya (xidmətçisi) tapşırdı ki, Lütfəli bəy Behbudovu ofisdən evə çağırsın. Tağıyev sakit şəkildə Eynullaya dedi ki, saat 3-də məsələ ilə bağlı ona hesabat versin. Bu vaxt o, yaxın iş yoldaşlarının saat 3-də evə dəvət olunmasını təşkil etdi, Şahzadə Mənsur kimi bəzilərini isə telefon açaraq özü çağırdı. Qonaqlar gələndə [Tağıyev] iş görürdü və onları əsas salona yönəltdi. Behbudov sonuncu gəlmişdi. Onu əsas salona apardı; Şahzadə Mənsur, Sadıx Tağıyev, Məmməd Rza [Tağıyev] və Məmməd Bağır Tağıyev, Məmmədbəyov, Cəfərov, Həsənov orada idilər. O, toplantıda Behbudovun hərəkətləri barədə danışdı. Sonuncu ittihamları rədd etməyə başlayanda Tağıyev ona dedi ki, [Sona xanım] Behbudovu öz arvadının yanında ifşa edəcək. Behbudov Tağıyevdən arvadını gətirməməsini xahiş etsə də, Tağıyev onun tələbini yerinə yetirməyərək [Sona xanım] və [Leyli] Behbudovanı əsas salona dəvət etdi. Behbudovun hər şeyi təkzib etdiyini biləndən sonra [Sona xanım] onu yalançı adlandırdı və səhər yeməyində [Tağıyevə] dediklərini hamıya danışdı. Bunu eşidən [Leyli] Behbudova başını tutub ağlamağa başladı. Tağıyev [Leyli Behbudovaya] onu aldatdığına görə ərini dərhal işdən çıxardacağını dedi, ayağını yerə vurub Behbudovun çölə çıxmasını əmr etdi. Behbudov [əsas salonu] tərk etdi və [Tağıyevin] hər iki qardaşı oğlu – Məmməd Rza və Məmməd Bağır Tağıyev [Behbudovu] müşayiət etdilər. Pilləkəndən qışqırıq və çaxnaşma səsləri eşidiləndə Tağıyev otaqdakılara yenə də Behbudovla bağlı şikayətlənməyə başladı. Onların hamısı səs-küyün səbəbini öyrənmək üçün əsas salondan çıxdılar və Tağıyevin qardaşı oğullarının Behbudovu döydüyünü gördülər. [Tağıyev] onlara bu rüsvayçı davranışı dayandırmaqlarını əmr etdi, Həsənov isə hətta aşağı enərək Məmməd Rza və Məmməd Bağırı Behbudovdan uzaqlaşdırdı.”[13]
Yəqin ki, Tağıyevin evində həmin gün həqiqətən nəyin baş verdiyini heç vaxt müəyyən edə bilməyəcəyik. Əhəmiyyətli fiziki sübutlar olmadıqda məhkəmə, demək olar ki, yalnız şahid ifadələrinə əsaslanmalı oldu. Demək olar ki, bütün şahidlərin iddiaçı və ya ittiham edilən şəxslə sosial, ailəvi və ya işgüzar əlaqələrinin olması vəziyyəti daha da mürəkkəbləşdirirdi. Ancaq aydın görünən odur ki, hər iki tərəf də həqiqəti öz xeyrinə təhrif etməkdə günahkardır. Bu məqalənin məqsədləri üçün hər iki tərəfin açıq-aşkar yalan danışdığına dair bir nümunə göstərəcəm.
Şübhəsiz ki, Behbudov döyülmüşdü, lakin görünür, ifadəsində özünə qarşı tətbiq edilən zorakılığın şiddətini şişirdib. Hadisədən bir gün sonra Behbudov bir qrup dostunu və etibarlı məsləhətçiləri evinə dəvət edərək hadisəyə necə reaksiya verə biləcəyini onlarla müzakirə edib. Bu qrup arasında iki həkim var idi – Xosrov bəy Sultanov və Bəhram bəy Axundov (ikisi də Azərbaycan tarixinin tanınmış simalarıdır: Axundov sonradan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə seçilir, Sultanov isə 1918-ci ildə müdafiə naziri, 1919-cu ildə Qarabağ və Zəngəzurun general-qubernatoru olur). Onlar Behbudovu müayinə etdilər və aşağıdakı xəsarətləri qeyd etdilər: gözü göyərib, çənəsində kəsik, yanağında kəsik, gövdəsində bir neçə qançır və dirsəkdən yuxarıda hər iki qolun ətrafında üzük şəklində qançırlar.[14] Behbudov iddia etdiyi kimi, bir saat boyunca altı nəfər tərəfindən amansızcasına döyülsəydi, yəqin ki, xəsarətləri daha ciddi olmalı idi. Hadisədən sonrakı günlərdə Behbudovla rastlaşan bir neçə şahid onda heç bir zədə əlaməti görmədiklərini ifadə etdilər. Behbudovun iddia etdiyi kimi, üzünü pudralayaraq zədələrini gizlətməsi də inandırıcı görünmür.[15]
Tağıyev də həqiqətin təhrif edilməsində günahkardır və ən azından çox güman ki, Behbudovla qarşıdurma Tağıyevin iddia etdiyi kimi, mülayim söhbət deyildi. Məsələn, məhkəmədə Şahzadə Mənsurun açıq bir yalanı aşkarlandı. Şahzadə Mənsurun vaxtında işlədiyi Bakı meriyasına təqdim etdiyi yazılı izahatda o, qeyd edirdi ki, Tağıyev Behbudovun üzünə tüpürüb. Məhkəmədə isə o, tüpürmək hadisəsini rədd etdi, ondan bunun izahı soruşulanda Mənsur bu detalı sadəcə, “rəngarənglik qatmaq üçün” yazılı izahatına əlavə etdiyini iddia etdi. Məhkəmə salonunda hamı gülməyə başladı.[16]
Məhkəmə prosesi 1912-ci il 6-11 mart tarixində, Novruz bayramı ərəfəsində Bakıda keçirildi. 74 yaşlı Tağıyev günahkar bilindi və iki il yarım müddətinə azadlıqdan məhrum edildi, onun altı yoldaşının hər biri isə iki il müddətinə həbsə məhkum olundu və hamısı yüksək rütbələri sayəsində yararlandıqları hüquq və imtiyazlardan məhrum edildilər.[17] Lakin 1913-cü il 10-12 yanvar tarixində Tiflisdə onların apellyasiya müraciəti dinlənildi.[18] Apellyasiya məhkəməsi ilkin qərarı ləğv etdi və Tağıyev ilə digər altı nəfər bəraət aldı. Tağıyevin özü hadisəyə görə heç vaxt həbsxanada olmadı.
Şərəf, ayıb və ədalət
Tağıyev məsələsində dövrün ən görkəmli tarixi şəxsiyyətləri geniş şəkildə iştirak edirdi. Məsələn, Tağıyevin mayın 16-da evinə dəvət etdiyi iddia edilən insanlar arasında başqa iki tanınmış müsəlman milyonçu – 63 yaşlı Ağa Musa Nağıyev və 54 yaşlı Murtuza Muxtarov da var idi. Nağıyev həmin vaxt xaricdə idi və Tağıyevin dəvətini almamışdı, amma Muxtarov Bakıda idi və həqiqətən də Tağıyevlə telefonla danışmışdı. Tağıyevin müdafiə komandasının tələbi ilə məhkəmədə oxunan Muxtarovun ilkin istintaqa verdiyi ifadə belə idi: “Mayın 16-da Tağıyev telefonla günorta saat üçdə ailə yığıncağı üçün evinə gəlməyimi istədi. Başqa işlə əlaqədar görüşüm var idi və Tağıyevə dedim ki, yəqin gələ bilməyəcəm. Tağıyev məsələnin çox vacib olduğunu və Musa Nağıyevin də dəvət olunduğunu bildirdi. Cavab verdim ki, işlərimi qaydasına sala bilsəm, gələcəm. Tağıyevi həmin gün görə bilmədim. Bir neçə gün sonra mən Tağıyevin evində Behbudova əzab verildiyini öyrəndim. Tağıyevin məni belə bir şeyin şahidi olmağa dəvət etməsindən qəzəbləndim və onun evinə bir də getmədim. Ay yarım sonra Tağıyevlə kənddə görüşdüm, Behbudovun döyülməsi və mənim həmin gün dəvət olunmağım barədə məyus olduğumu bildirəndə o, cavab verdi ki, əgər o gün Musa Nağıyevlə birlikdə onun evinə gəlsəydim, onda qardaşı oğulları Bağır və Məmməd Rza Behbudovdan qisas almağa cəsarət etməzdilər.”[19]
İctimai təsəvvürdə Muxtarov fiziki güc və cəsarət sahibi insan kimi xatırlanır. Rəvayətə görə, o, bir dəfə hürküdücü çeçen abreki[20] Zəlimxanla dalaşıb və bir dəfə də ondan “qorunma pulu” toplamağa gələn bir qoçunu amansızcasına döyüb. Amma öz ifadəsində Muxtarov zinada təqsirləndirilən Behbudovun döyülməsində sadəcə, iştirakçı olaraq dəvət almasını təhqir kimi qəbul etdiyini deyir. Muxtarovun burada həqiqi hisslərini ifadə edib-etmədiyini bilmək mümkün deyil, lakin ifadəsində zorakılığa qarşı göstərdiyi etinasız, qınayıcı münasibət sözsüz ki, həm qanuni, həm də ictimai baxımdan məqbul görülən münasibət idi. O dövrdə Qafqazda şiddətli qarşıdurmaların (həmçinin elitalar arasında) geniş yayılmasına baxmayaraq, Tağıyev-Behbudov məsələsi ilə bağlı verilən açıqlamalarda zorakılıq demək olar ki, hamılıqla pislənildi.
Ancaq Behbudov ona zorakılıq tətbiq edilməsinin heç də bu hücumdakı ən əhəmiyyətli məsələ olmadığını həmişə qeyd edirdi. Məhkəmədə Behbudovun bədənində gördüyü fiziki xəsarətləri təsvir etdikdən sonra ittiham olunan şəxsin şahidi qismində danışan həkim Xosrov bəy Sultanov bildirib ki, Behbudovun “fiziki əzablarından çox, onların diqqətini onun mənəvi əzabları çəkib.”[21] Behbudov özü ifadəsində belə deyirdi: “Mənə edilən bu hücumdan məəttəl qaldım. Məni döyülməyim təəccübləndirmədi, axı mən Qafqazda yaşayıram və burada adətlər vəhşidir. Hər kəsin hörmət etdiyi, ən yüksək dərəcəli şərəfə nail olan və hökumət tərəfindən bəyənilən biri olan Tağıyevin evində döyülməyim məni heyrətə gətirdi. Göyün yarılması məni Tağıyevin evindəki bu vəhşi qisas faktından daha az heyrətləndirərdi.”[22]
Tağıyev-Behbudov məsələsində rütbə və ictimai mövqenin rolu məhkəmə ifadələrində və mətbuatda dəfələrlə təkrarlanır. Bakı qəzetinin redaktorları da iddia edirdilər ki, Tağıyevin yüksək ictimai mövqeyi bu məsələni daha da ağırlaşdırır, belə ki, bu cinayət aşağı sosial statuslu biri tərəfindən törədilsəydi, indiki qədər əhəmiyyətli olmazdı. “Bu faktın əhəmiyyəti cənab Tağıyevin məhz mədəni ictimai xidmətlərinə görə həqiqi dövlət müşaviri və Fəxri Sülh Hakimi adı almış qabaqcıl müsəlman olması faktı ilə daha da dərinləşir. Belə bir şəxsin evində, ‘əsas salondan kənarda, pilləkəndə’ hətta təkcə ‘iki [nəfər]’ tərəfindən olsa belə, müdafiəsiz və silahsız bir insanın döyülməsi dəhşətli ədalətsizlik və şəxsə qarşı kobud zorakılıq əməli adlandırılmalıdır… ”[23]
Tağıyevin sosial mövqeyi bu işdə böyük rol oynayırdısa, Behbudovun sosial mövqeyi bəlkə də eyni dərəcədə vacib idi. Artıq gördük ki, Behbudovun sosial çevrəsinə Əlimərdan bəy Topçubaşov, Bəhram bəy Axundov, Xosrov bəy Sultanov kimi insanlar və Tağıyevin özü də daxil idi. Tağıyevdən fərqli olaraq, Behbudov Rusiya qanunlarında müsəlman zadəganlar kimi imtiyazları tanınan bəy ailəsindən gəlirdi. O, imperiyanın paytaxtı Sankt-Peterburqdakı nüfuzlu bir təhsil müəssisəsində mühəndislik dərəcəsi almışdı. 1911-ci ildə hadisə baş verdikdə, Behbudov kollej asessoru rütbəsini daşıyırdı və 1907-ci ildə dövlət şərəf ordeni, 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edildi.[24] Yuxarıda qeyd edildiyi kimi, döyülmədən bir neçə gün əvvəl Behbudov Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovla görüşmüşdü. Əlbəttə ki, o, Tağıyevin maraqlarını təmsil edirdi, amma onun bu rola layiq görülməsində Behbudovun ailə keçmişi və rütbəsi özünəməxsus rol oynayırdı.
Tağıyev-Behbudov məsələsi ilə bağlı Bakı qəzeti üçün yazdığı silsilə yazılarda jurnalist Rəhim bəy Məlikov Behbudovun təhsilinə xüsusi diqqət yetirirdi. Məlikovun özü müsəlman intelligensiyasının görkəmli üzvü idi. O, 1886-cı ildə Zərdabda doğulmuşdu, atası Mehralı bəy Məlikov Bakıdakı Dövlət Əmlak İdarəsində tərcüməçi işləyirdi. Rəhim bəy yeddi yaşında olanda atası öldü və onu əmisi, məşhur yazıçı, naşir və islahatçı Həsən bəy Zərdabi böyütdü. Daha sonra Tatarıstanda Kazan Universitetinin tələbəsi kimi Məlikov məşhur satirik jurnal olan Molla Nəsrəddin üçün müxbirlik etdi və məqalələrini də Bayquş təxəllüsü ilə imzaladı.[25]
Tağıyev-Behbudov hadisəsi ilə bağlı yazılarında Məlikov Behbudovun cəmiyyətin təhsilli bir üzvü olmasını dəfələrlə vurğulayaraq, zorakılığın xüsusilə təhsilli sinifdən olan birinə qarşı yönəldikdə yolverilməz olduğunu israrla qeyd edirdi. Məsələn, 25 iyun 1911-ci ildə Məlikov Behbudova hücum etməkdə ittiham olunan şəxsləri aşağıdakı ifadələrlə qınayırdı: “Onların qarşısında əlləri bağlanmış, ali təhsilli və akademik nişanı[26] olan bir adam var idi. Bu rüsvayçı hərəkətin altı ‘şahidinin’ önündə, təhsilli adama qarşı zorakılıq tətbiq edildi, halbuki [təhsilli insana qarşı] arbitraj, ‘intelligensiya məhkəməsi’ və s. kimi digər təsir üsulları tətbiq edilə bilərdi… Hətta bir təhsilli insanın və ya başqasının hərəkətləri tamamilə qınanmağa layiqdirsə də, onlara qarşı belə bir şiddətli qisas hüququnu [kim] verə bilər?”[27]
Nəzərə alın ki, Behbudovun Tağıyevin arvadı ilə uyğunsuz münasibətdə günahkar olduğunu güman etsə də, Məlikov ona qarşı hücumu pisləyir. Məlikov açıq şəkildə bildirir ki, Behbudovu prinsip etibarilə müdafiə edir, eyni zamanda Behbudovun öz davranışını qınayır və hətta Behbudovun xarakterini sorğulamaq üçün əlavə, mövzu ilə əlaqəsiz səbəblərinin olduğuna işarə edir. “Heç Behbudovu müdafiə etmək niyyətim də yox idi, çünki mənə görə cənab Behbudov qaldırdığım sual üçün subyektdən başqa bir şey deyil… Cənab Behbudov mənim dostum və ya qohumum deyil, sadəcə bir dəfə qarşılaşmışıq deyə onunla tanışlığım var. Müsəlman tələbələrin xatirə toplantısındakı ilk tanışlığımızdan sonra (deyəsən, 1905 və ya 1906-cı ildə) mətbuatda onun haqqında mənfi fikrimi ifadə etməli oldum.”[28]
Məlikov motivasiyasından və ya digər hallardan asılı olmayaraq qeyri-zorakı münaqişə həlli (ən azından təhsilli elita arasında) prinsipini dəstəkləyirdisə, əks fikirdə olanlar – günahın müəyyən edilməsində həlledici amilin kontekst olduğunu iddia edənlər də var idi. 1912-ci ildə birinci instansiya məhkəməsi Tağıyevin məhkum edilməsilə bağlı hökm ilə başa çatdıqdan sonra sağçı rus Moskovskiye vedomosti qəzeti redaksiya heyəti adından ümumilikdə zorakılığı rədd edən bir məqalə dərc etsə də, Behbudovun iddia olunduğu kimi, Sona xanıma yaxınlaşmaq cəhdləri, Tağıyevin sosial statusu və Qafqazın adətləri kimi faktorların yüngülləşdirici hal kimi nəzərə alınmasının vacibliyini vurğuladı. Tağıyev-Behbudov məsələsində redaktorların fikrincə, bu hallara görə qərar yüngülləşdirici olmalı, ya da hətta Tağıyevə tamamilə bəraət verilməlidir. “Siyasi xidmətlərindən bəhs edərək Tağıyevi təqaüd verdiyi Behbudovla olan toqquşmasında müdafiə etmək istəyirikmi? Əlbəttə, yox. Ancaq bütün pozuntular heç də bərabər olmur və hər işin özünəməxsus halları var, bizim ədalət hissimiz isə bunları gözardına vurmağımıza imkan vermir. Biz Tağıyevin iddia etdiyi kimi, cənab Behbudov tərəfindən onun ailə şərəfinə və ləyaqətinə edilən təhqirin nə dərəcədə əsaslı olduğunu bilməliyik. Elə vəziyyətlər olur ki, orada insanlar nəinki duelə çıxırlar, hətta qətl törədirlər, lakin eyni zamanda da məhkəmədə onların cəzaları yüngülləşdirilir və bəzən də onlara bəraət verilir. Tağıyev və onu müdafiə edənlər … duelə çıxmadılar və heç kimi pusquda öldürmədilər – [halbuki] Qafqazda bunları etmək olduqca asandır. Onlar Behbudovu ictimai formada rüsvay etdilər, onu elə döydülər ki, məhkəmə döyülməni işgəncə kimi qəbul etdi, lakin müdafiə tərəfinin vəkilləri bunun döyüş olduğunu təsdiqlədilər. Əlbətdə ki, ən yüngül formada desək, bunların heç birində yaxşı bir şey yoxdur və müəyyən qədər cinayət şübhəsiz ki, törədilib. Amma gərək biz ümumilikdə Qafqazın, ələlxüsus da məhəmmədilərin [müsəlmanların] adətlərini unutmayaq və unutmaq olmaz ki, Rusiya qanununa görə təhsilli Behbudov və Tağıyev bərabər olsalar da, Tağıyev Bakı müsəlmanları üçün uca, demək olar, müqəddəs biridir.”[29]
Məhkəmə ifadələrində və mətbuatdakı polemikalarda bir sıra hallarda müsəlman adətlərinə istinadlar edilirdi. Bu istinadlardan biri cinayətin baş verdiyi səhnə – Tağıyevin evi ilə bağlıydı. 22 iyun 1911-ci ildə çap edilən Bakı qəzetinə göndərilmiş məktubda Sadıx Tağıyev, Şahzadə Mənsur, Məmmədbəyov, Həsənov və Cəfərov bir müddət əvvəl Russkoye slovo qəzetində dərc edilən Behbudovun iddialarını açıq şəkildə təkzib edirdilər. Behbudovun hadisələrlə bağlı olan versiyasını şübhə altına aldıqları digər iddialarla birgə bu beş nəfər iddia edirdi ki, Behbudovun ona qarşı hücumun Tağıyevin yataq otağında baş verdiyini iddia etməsi həqiqətdən çox uzaqdır, çünki belə bir şey müsəlman adətlərinə ziddir. “Yataq otağına aparıldığını iddia edən cənab Behbudov bir müsəlman kimi bilməli idi ki, müsəlmanın məhrəm yeri yad gözlərə qapalıdır. Tağıyevin mənzilində 20-30 otaq var və Tağıyev əgər Behbudovla başa çıxmaq üçün otaq seçməli olsaydı, onda başqa bir otaq əvəzinə niyə yataq otağını seçəydi axı…”[30]
Bakı qəzetində nəşr olunan cavabında Behbudov müxaliflərinin iddialarını rədd edir və özü də müsəlman ənənəsinə istinad edir. “Özlərinin ‘izahatında’ deyirlər ki, əsas salondan başqa heç bir otaqda olmamışam və müsəlmanın məhrəm yeri yad gözlərə qapalıdır. Bu da doğru deyil. Təmir bəhanəsi ilə mən yataq otağına aparıldım və bu cənabların yataq otağını – yad gözlərə qapalı olan yeri – pusqu yerinə çevirməsi mənim günahım deyil. Həmin yataq otağının döşəməsinə tökdükləri qanımı qorxaqcasına, necə qovhaqovla sildiklərini xatırlasınlar. Bundan əlavə, əgər müsəlman adəti onların gözündə hansısa bir məna daşıyırsa, bilməlidirlər ki, həmin adətə görə, bir müsəlman öz evində hətta atasının qatilinə belə bir barmaq vura bilməz. Bəs, onda özlərinin etiraf etdikləri kimi, Tağıyevin evində onun qardaşı oğlanları tərəfindən mənə edilən hücumu necə izah etmək olar?”[31]
Behbudov və ittiham üzrə digər şahidlərin ifadələrinə əsasən bilirik ki, hadisədən sonra Behbudov bir ay ərzində müxtəlif dostları, ailəsi və digərləri ilə məsləhətləşərək öz şərəfini bərpa etmək üçün strategiya hazırlamağa başladı. Behbudovun arvadı Leyli israr edirdi ki, o, rəsmi şikayət versin.[32] Onun bir neçə dostu isə bunun müxtəlif səbəblərə görə uyğun olmadığını iddia edirdi. Behbudovun çevrəsindəki bəzi insanlar rəsmi şikayətin Tağıyevin özünə qarşı haqsızlıq olacağını iddia edirdilər; baxmayaraq ki, hamısı Tağıyevin hücumu təşkil etdiyinə inandıqlarını deyirdilər. Bu mövqeyi məhkəmədə Behbudovun dostu Behbud ağa Cavanşir səsləndirdi. Behbudov kimi Cavanşir də mühəndislik ixtisası üzrə təhsil almışdı və Azərbaycanın qərbindən (indiki Tərtər rayonundan) olan intelligensiyanın nümayəndəsi idi. 1918-ci ildə o, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olacaqdı. Cavanşirin məhkəmədəki ifadəsi belə idi: “Behbudov [Şuşadan][33] qayıdanda onun rəsmi şikayət vermək qərarına gəldiyini öyrəndim. Ona dedim ki, cənab Tağıyevin [məhkəmə] oturacaqda oturması, Behbudovun çəkdiyi əzabdan daha böyük ayıb olar. Mən doğulduğum gündən bəri cənab Tağıyevin yaxşı əməllərini eşitmişəm və bu sözlər məndə kök salıb. Şəxsən mən cənab Tağıyevdən asılı deyiləm, amma deyə bilmərəm ki, onun xeyriyyəçilik işləri, xüsusən də tələbələrə verdiyi maddi dəstək məni valeh etmir.”[34]
Etiraf edək ki, rəsmi şikayət verməyə tərəddüd etmək Tağıyevin tərəfdarlarının qisas alacağı qorxusundan da qaynaqlana bilər. Bütün məhkəmə prosesinin ən rəngarəng ifadələrindən birində Cavanşir söylədi ki, həyatı üçün qorxmağa heç bir əsası yoxdur.
Cavanşir: “Şəhər məclisinin üzvü Məmmədhəsən Hacınski[35] mənə dedi ki, Behbudovu məhkəmə prosesinə başlamağa təşviq edənlərə qarşı cavab hazırlanır. Bu zaman məni hücumdan qoruması üçün şəhər merinə müraciət etmək istədim. Bütün bu Behbudov söz-söhbəti regionalizmə bağlandı. Bakılılar ilə şuşalılar arasında qarşıdurma başladı.”
Hakim: “Sizdəki bu qorxuya kim səbəb oldu?”
Cavanşir: “Hamı və heç kim. Fərdi olaraq hər kəs bunu təkzib edib deyir ki, hamı buna qarşıdır. Bir çoxları açıq şəkildə baş əyməyi dayandırdılar. Burada işi bəxtə buraxmaq olmaz: 50 rubl və muzdlu qatil sizin işinizi bitirir.”
Hakim: “Yəni təsdiq edirsiz ki, Bakıda insanları 50 rubla görə öldürürlər?”
Cavanşir: “Qiymətini bilmirəm, amma muzdlu qatillər tərəfindən törədilmiş bir neçə qətldən xəbərim var…”
Makalinski (müdafiəçi): “Siz hər yerə silahla gedirdiniz?”
Cavanşir: “Bəli, ifratçılıqdan qorxurdum.”
Makalinski (müdafiəçi): “Nə mənada?”
Cavanşir: “Bilmirsiz nə manada? Axı siz də Bakıda yaşayırsız!”[36]
Qisas təhlükəsi olsa da, Behbudov bu hadisəyə həm çevrəsinin razılığını qazanacaq, həm də öz şərəfini ictimaiyyətin gözü qarşısında bərpa edəcək müvafiq cavab axtarmağı heç vaxt dayandırmadı. Behbudovun məsləhətləşdiyi şəxslərdən biri də Azərbaycan tarixinin daha bir məşhur siması, məhkəmədə şahid kimi görünən Fətəli xan Xoyski idi. Xan Xoyski bu zaman Rusiya Dövlət Dumasının keçmiş üzvü idi və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri olacaqdı. Hadisədən sonrakı günlərdə Behbudov telefonla Xoyskiyə zəng vurdu və onu öz mənzilinə dəvət etdi, lakin Xoyski Behbudovun dilemması ilə bağlı hər hansı bir həll təklif edə bilmədi. “Bu vəziyyətdə [Behbudovun] şərəfinin bərpası üçün duelə çıxmağı məqsədəuyğun hesab etmədim, çünki yaşlı Tağıyevlə duelə çıxması gülünc olardı. Ailə sirlərini geniş ictimaiyyətə açıqlayacağına görə məhkəmənin də uyğun olmayacağını fikirləşdim.”[37]
Behbudovun duel ehtimalını gündəmə gətirən yeganə məsləhətçisi Xoyski deyildi. Behbud ağa Cavanşir ifadəsində deyir ki, Behbudova ən yaxşı variant kimi təcavüzkarları (Cavanşir kimləri nəzərdə tutduğunu qeyd etmir) duelə çağırmağı tövsiyə edib və Behbudov bunu nəzərdən keçirəcəyinə söz verib.[38] Duel zorakı qisasın başqa forması olsa da, o, XX əsrin əvvəllərində Avropada və Rusiya İmperiyasında yuxarı siniflər arasında geniş tətbiq olunan və qəbul edilmiş ciddi şəkildə tənzimlənən və rituallaşdırılmış xüsusi bir zorakılıq forması idi. Lakin Qafqazdakı müsəlmanlar arasındakı duellər barədə məlumatım yoxdur və bu məsələdə Behbudov heç vaxt Tağıyevdən və ya digər iddia edilən təcavüzkarlardan “məmnunluq tələb etmək” üçün bir addım atmadı.
F.Xoyskinin ifadəsində qeyd etdiyi Tağıyevlərin “ailə sirləri” məsələsi Behbudovun məsləhətləşmələrində dəfələrlə qaldırılıb. Bir neçə məsləhətçisi rəsmi şikayət verməyin mümkün olmadığını iddia etdi, çünki hadisəni ictimailəşdirərək Behbudov hücumun iddia edilən səbəbini – Behbudovun Sona xanıma yaxınlaşmasını – də diqqət mərkəzinə cəlb edəcək. Bu isə istər-istəməz Sona xanımın şərəfini də ictimai fikirdə şübhə altına alacaqdı. Behbudov öz ifadəsində deyir ki, rəsmi şikayət vermək üçün bir aydan çox gözləməsinin əsas səbəbi bu idi: “Məsələnin müsəlman bir qadının namusuna aid olması düşüncəsi məni dayandırdı.”[39]
Panel 1:
Ana: Qızım, bunların hansına ərə getmək istərsən?
Qız: Hacıya getməyə razıyam.
Panel 2:
Ay qızım, günah heç kəsdə deyil, özündədir. Sən istədin həmi ərin dövlətli olsun, həmi sənə azadlıq versin, həmi də çox pul versin ki, yaxşı paltarlar geyib cavan oğlanlara xoş gələsən. İndi dustaq kimi otur evdə, heç kəsdən incimə.
(Molla Nəsrəddin, 11 avqust, 1911, № 29)
Behbudov məhkəmədə qeyd etdi ki, sonda onun üçün bu dilemma hücumda günahlandırılan şəxslər tərəfindən həll edildi. Kaspi qəzetinin yazdığı kimi, “Behbudovun sözlərinə görə, may ayının sonunda o, Bakıda rayon məhkəməsinin prokurorunun Behbudovun Tağıyevin evində döyülməsi ilə əlaqədar istintaq başlatdığını və ona hücum edən şəxslərin Behbudov haqqında heç vaxt baş verməmiş detallarla yanaşı, bir çox şayiə yaydığını öyrəndi. Bu zaman Behbudov qərara gəldi ki, onsuz da məsələ ictimailəşibsə və təqsirkarlar özlərini yığışdırmayıblarsa, onun rəsmi şikayət vermək hüququ var.”[40]
Rəhim bəy Məlikovun məqaləsində Tağıyev-Behbudov işi, ələlxüsus da müsəlman adının şərəfi məsələsinə cəmiyyətin reaksiyası ilə bağlı olduqca qeyri-dəqiq olsa da, çox cəlbedici bir məqam var. Tağıyevin müdafiəçilərindən biri olan yazıçı və naşir Əbdülxalıq Axundovun məktubuna cavab olaraq Məlikov Tağıyevin müsəlman cəmiyyətindəki rolu və nüfuzu ilə bağlı bir neçə məsələdə irad bildirir. Xüsusilə Tağıyevə məxsus Təzə həyat qəzetində Tağıyevin öz adı ilə yayımladığı bir məqaləni yada salır; bu məqalədə görünür, Tağıyev müsəlman qadınların çadra geyinməsini müdafiə edirdi. “Cənab Axundov cənab Tağıyevin üç il əvvəl özünün Təzə həyat qəzetində qadınlarla bağlı müraciətini xatırlayırmı? Bu “yeni müəllif” qadınların şərəfini qorumaq üçün onların çadradan imtina etməməli olduqlarını müsəlmanların ağlına necə də yeridirdi.”
Bundan sonra Məlikov iddia edir ki, Tağıyevin evində baş verənlər cəmiyyətin “ailə şərəfi”nə olan münasibətinə təsirsiz ötüşməyib və Tağıyevin çadranın lehinə səsləndirdiyi öz arqumentlərinin populyarlığının artmasına səbəb olub. “Cənab Tağıyevi avropalı qadınların namussuzluğuna nə inandıra bilərdi? Bunun mühakiməsini cənab Axundovun ixtiyarına buraxıram. [Tağıyev-Behbudov] hadisəsindən iki ay keçməmiş ümumi əhali arasında müsəlman qadınların [məcbur] örtünməsi ilə bağlı eyni çağırışları eşidirik. Bu mənim təxəyyülüm deyil, cənab Axundov! Şəhərin Asiya hissəsində – Tatar gecəqondularının yanında dayanın və açıq həyat tərzi keçirən müsəlman qadınlara istiqamətlənmiş bu təhqirləri eşidəcəksiz…”[41]
Öz dövründə Tağıyev xeyriyyəçiliyinə, xüsusən Bakıda müsəlman qızlar üçün ilk məktəbin açılması və maliyyələşdirilməsinə göstərdiyi maddi dəstəyə görə alqışlanırdı.[42] Sözsüz ki, Məlikovun tənqidləri Tağıyevin qadın təhsilinə verdiyi töhfəni silə bilməz, ancaq Tağıyevin Qafqazdakı gender məsələlərinə təsiri ilə bağlı araşdırmaların başlanğıc nöqtəsi ola bilər, bu təsir isə adətən təqdim edildiyindən daha mürəkkəb ola bilər.
Tağıyev və intelligensiya
Dr. Qarabəy Qarabəyovun Bakı qəzetində Tağıyev-Behbudov məsələsi ilə bağlı məqaləsi 1911-ci ilin iyununda Bakinets qəzetində dərc edilən bir yazıda tənqid edildi. Tağıyevin təqaüdü ilə Dorpat Universitetində (indiki Estoniyanın Tartu Universiteti) təhsil alan Qarabəyov 1899-cu ildə məzun olduqdan sonra Bakıya qayıdır. Qayıdandan sonra tibblə məşğul olur və bir jurnalist kimi də məşhurlaşır. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü kimi fəaliyyət göstərəcəkdi.
Bakı qəzetinin yazmadığı əvvəlki fiziki hücum hadisələrini xatırladan Qarabəyov qəzetin Tağıyev və onun ortaqlarına (hələ heç biri məhkum edilməmişdi və onların məhkəmə prosesi doqquz ay sonra başlayacaqdı) qarşı yönəltdiyi tənqiddəki səmimiyyətini şübhə altına aldı. “Əgər [Bakı qəzeti] … kiməsə qarşı edilən hər istənilən çirkin zorakılıq hadisəsinə bu qədər həssasdırsa və müsəlman həyatının mənafelərinə və yaxşılaşmasına ürəkdən yanırsa, onda üç il əvvəl İsrafil Hacıyev həmin bu Behbudovu gəmi sahiblərinin görüşündə döyəndə [Bakı qəzeti] niyə qəzəblənmədi? Yaxud da, ən görkəmli müsəlman ictimai xadimi və siyasi yazıçı Əhməd bəy Ağayev [Ağaoğlu] hamının gözü qarşısında klubda döyüləndə və buna görə hər şeydən imtina etməyə məcbur edilib Türkiyəyə mühacir kimi gedəndə niyə [Bakı qəzeti] etirazını səsləndirmədi? Bütün bu hadisələr həqiqətən də diqqətə layiq deyildisə, necə olur ki, Tağıyevin evində Behbudovun hələ təsdiqlənməmiş döyülməsi iddiası qəzetin susqunluğunu pozur, vaxtından əvvəl onu təhrik edir və indiyə qədər əsassız etirazlara səbəb olur?”[43]
Bu yazının məqsədləri üçün mən Qarabəyovun Bakı qəzetinə qarşı iddialarını və ya Bakı redaktorlarının bir neçə məqalə dərc edərək özlərini necə müdafiə etdiklərini araşdırmayacağam. Əksinə, Qarabəyovun burada Tağıyev-Behbudov hadisəsinin oxşarları kimi sadaladığı hadisələrə qısa nəzər salmaq istərdim. Xüsusilə, görəcəyimiz kimi, görünür Tağıyev Əhməd Ağaoğluna olan hücumda da iştirak edib və bu hadisə Tağıyevin öz dövrünün müsəlman intelligensiyası ilə münasibətləri baxımından xüsusi maraq kəsb edir.
İsrafil Hacıyev və Behbudov arasındakı fiziki mübahisəyə Sadıx Tağıyev, Şahzadə Mənsur, Məmmədbəyov, Həsənov və Cəfərovun Bakı qəzetinə göndərdikləri (və yuxarıda sitat gətirdiyim) məktublarında da istinad edilmişdi. Behbudovun konkret ittihamlarına cavab verməzdən əvvəl Sadıx Tağıyev və digərləri Behbudovun xarakterini şübhə altına almaq üçün Hacıyevlə əlaqəli hadisəyə istinad edirlər. “Mühəndis Behbudovun mənəvi xarakterinə gəldikdə, bizim mövqeyimiz qətidir. Tağıyevin evindəki hadisədən bir qədər əvvəl, Behbudov gəmi sahiblərinin görüşündə ictimai şəkildə hücuma məruz qaldı və bu təhqirə heç bir cavab vermədi.”[44] Başqa sözlə, Sadıx Tağıyev və digərləri Behbudovun məruz qaldığı tipli fiziki zorakılığa qarşı reaksiya verməməyi şərəfsizlik sayırdılar.
Behbudov cavabında hadisənin qısa təsvirini verərək iddia edir ki, ona əvvəl edilmiş hücum Tağıyevin evində baş verən hadisə ilə eyni dərəcədə şiddətli olmayıb və həmin məsələ nə Behbudovun, nə də Hacıyevin şərəfinə zərər verəcək şəkildə sonradan həll edilib. “İctimaiyyətin gözü qarşısında məni ləkələmək istəyən ‘izahat’ın müəllifləri gəmi sahiblərinin iclasında mənə edilən hücuma toxunublar. Gəmi sahibləri ittifaqının ofisindəki bu hadisə ‘izahat’ı yazanların iddia etdiyi kimi, 16 may hadisəsindən bir müddət əvvəl yox, üç il əvvəl və görüş zamanı yox, görüşdən sonra baş verib. Bu, təktərəfli bir hücumdan ziyadə, qarşılıqlı şəkildə baş verən dava idi və şərəf barədə tamamilə düzgün fikirləri olan insanların vasitəçiliyi ilə qarşılıqlı izahdan və üzrxahlıqdan sonra həll edildi.”
Dr. Qarabəyova cavablarında Bakı qəzetinin redaktorları Behbudovla əlaqəli bu əvvəlki hadisədən tamamilə xəbərsiz olduqlarını etiraf edirlər, bu isə mətbuatda bu barədə daha dolğun təsviri tapa bilməyəcəyimizə dəlalət edir.[45] Lakin heç nə olmasa da, bu hekayə onu göstərir ki, Tağıyev-Behbudov məsələsində iştirak edən və ya bu barədə şərh verən demək olar hər kəsin zorakılığı pisləməsinə baxmayaraq, fiziki zorakılığın müxtəlif formalarının Bakıda, hətta zadəganlar, intelligensiya və rütbəli insanlar arasında da baş verməsi bilinən bir məsələ idi. Həqiqətən Rəhim bəy Məlikov belə hadisələrin ümumiyyətlə, Qafqaz müsəlman cəmiyyətinə xas olduğunu iddia edirdi: “Birinin şəxsinə qarşı belə vəhşi bir qisas faktı demək olar bütün ictimai və mədəni işlərimizi müşayiət edən və ictimai həyatımızın pərdə arxasında oynanan, nadir hallarda qəzetlərin səhifələrində işıqlandırılan çoxsaylı mənzərələrdən birini ortaya qoyur. Mədəni və təhsil (!) cəmiyyətinin iclasında zorakı qisas, klubda mübahisə, redaksiyalarda və digər ictimai yerlərdə davalar – bu, müsəlman ictimai həyatının keçdiyi yoldur. Tağıyev-Behbudov hadisəsi ailə məsələsinə aid olsa da, istisna deyil.”[46]
Lakin Əhməd Ağaoğlunun başına gələn hadisə həmin dövrdə müsəlman elitləri arasındakı münasibətləri öyrənmək baxımından daha faydalıdır. Ağaoğlu XIX əsrin sonu – XX əsrin əvvəllərində Qafqaz müsəlman mədəni həyatının ən görkəmli simalarından biri idi. Parisdə təhsil alan Ağaoğlu çox məhsuldar bir yazıçı və jurnalist idi. O, Bakı Şəhər Dumasında çalışıb və 1905-ci ildə ermənilərlə müsəlmanlar arasında baş verən etnik zorakılıq şəraitində Qafqazda ilk müsəlman siyasi təşkilat olan inqilabçı Difaini yaradıb. Lakin Bakıda karyerası 1908-ci ildə Türkiyəyə mühacirət etməsi ilə tez kəsildi, burada isə erkən Türkiyə Cümhuriyyətinin siyasi həyatında görkəmli bir şəxs olacaqdı.
Əhməd Ağaoğlunun ictimai şəkildə döyülməsi ilə bağlı niyə yazmadıqlarını izah edən Bakı redaktorları belə bir açıqlama verirdilər: “Biz ən istedadlı müsəlman yazıçılardan biri olan Ə.Ağayevin [Ağaoğlunun] döyülməsini yalnız qurbanın özü Konstantinopol yolunda olanda öyrəndik. Əlavə olaraq, siyasi şərhçi, həmçinin alovlu xasiyyəti olan Ə. Ağayev bu hadisə ilə bağlı hətta uzaqda və ‘Bakı şəraiti’ndən kənarda belə bir söz söyləməyi lazım saymırdısa, deməli, güman etməliyik ki, bu hadisədə ictimai diqqətə layiq bir şey olmayıb.”[47]
Digər tərəfdən, Rəhim bəy Məlikov Ağaoğlunun döyülməsinin mətbuatda işıqlandırılmağa layiq xəbər olduğunu düşünürdü. Tağıyev-Behbudov məsələsinin başlamasından iki il əvvəl Məlikov satirik jurnal Zənburun redaksiya mövqeyini bir çox məsələlərə, o cümlədən müsəlman regionalizminə olan münasibətində tənqid edən polemik məqaləsində bu məsələyə də toxunurdu.[48] Məlikov yazırdı: “Azsaylı təhsilli müsəlmanlar icması uzun müddətdir ki, düşmənçilik və fitnə-fəsadlarla pozulub. Bu yaxınlarda Bakı intellektualları arasında bir bölünmə yaradıldı: ‘bakılılar’ və ‘gəlmələr’. İctimai işlərdə şöhrət axtaran və başqalarının uğurlarına dözə bilməyən alçaq və çirkin ruhlu insanlar gördükləri işlərdən narahat olduqları həmin intellektuallara qara yaxmaq üçün hər vasitədən istifadə ediblər. İndi isə Zənbur ən sonuncu çirkin karikaturaları və məqalələri ilə həmin şəxslərin düşərgəsinə qoşuldu”
Məlikov daha sonra Zənbur tərəfindən karikaturalaşdırılmış Azərbaycanın qərbindən olan üç intellektualın adını çəkir: yuxarıda qeyd edilən Dr. Qarabəyov (indiki Şəmkir rayonu), məşhur bəstəkar Üzeyir Hacıbəyov (indiki Ağcabədi rayonu) və Əhməd Ağaoğlu (indiki Şuşa şəhəri). Sonuncu barədə Məlikov yazırdı: “Əhməd bəyə qarşı kampaniya çoxdan başlayıb və onu Bakıdan qovmağa nail olub. Əhməd bəy bir dövlət qurumunun binası yaxınlığında vəhşicəsinə döyüldü və Zənbur rəhbərliyi o zaman sadəcə, istehza etdi və bircə kəlmə də demədi … yox, Ağayevi müdafiə etmək üçün yox (‘zənburistlər’ üçün bu, çox olardı), amma bir insanın döyülməsinə qarşı, ona zorakılıq tətbiq edilməsinə qarşı. İndi Ağayev Gənc Türklərlə yaxınlıq edir və hər yerdə hörmətlə qarşılanır. Əhməd bəy Ağayevin uğurları Zənbur rəhbərliyinin rahatlaşmasına imkan vermir.”
Nəhayət, əlavədə Məlikov məqaləsini yazdıqdan sonra çıxan Zənburun sonuncu sayına (28 avqust 1909) şərh verir: “Bu saya qədər Zənburun ləyaqətinə dair hər hansı bir şübhəmiz varıydısa da, indi yox oldu. Məqalədə redaksiya heyəti üzvləri özlərinin ‘qarabağlılar və digər gəlmələr rədd olsun’ şüarlı partiyaya mənsub olduqlarını açıq şəkildə etiraf edirlər.”
1911-ci ildə Tağıyev-Behbudov hadisəsindən sonra Məlikov Ağaoğlunun döyülməsini yenidən gündəmə gətirdi, lakin bu dəfə yeni kontekstdə – Hacı Zeynalabdin Tağıyevin müsəlman cəmiyyətindəki rolunu və təsirini tənqid edən məqalədə. Bu, Tağıyevi Ağaoğluna qarşı aparılan kampaniya və onun sonrakı mühacirəti ilə əlaqələndirən tapdığım yeganə mənbədir, amma Məlikov Tağıyevin iştirakı haqqında elə yazır ki, sanki bu, hər kəsin bildiyi bir məsələdir. Onun məqaləsi bunun həqiqətən də belə olduğunu göstərən bəzi dəlillər təqdim edir.
21 iyul 1911-ci ildə Bakı[49] qəzetində nəşr olunan bir məqalədə Tağıyevin Dr. Qarabəyov tərəfindən yuxarıda istinad etdiyimiz müdafiəsinə Məlikov cavab verdi. Məlikov iddia edirdi ki, Tağıyevin var-dövləti və nüfuzu ona müsəlman cəmiyyəti üzərində hədsiz dərəcədə böyük güc verib və Tağıyevin tanınmış xeyriyyəçiliyinə baxmayaraq, onun bu təsiri ictimai və mədəni həyata adətən mənfi – boğucu təsir göstərib. “Müsəlman həyatının indiki şəraitində cənab Tağıyevin hökmranlıq etmədiyi hansısa bir məhkəmənin, cəmiyyətin və ya təşkilatın olması həqiqətən mümkündürmü? Cənab Tağıyevin sərvətinin və nüfuzunun gücü hesabına şəxsən özünün həyata keçirmədiyi istənilən ictimai məsələyə dair hər hansısa bir qərar varmı? Müsəlmanların elə bir yığıncağı olub ki, orada cənab Tağıyev də iştirak etsin və onunla razılaşmayan təhsilli bir şəxsə adəti üzrə ‘kəs səsüvi’ deməsin? Bəlkə də Dr. Qarabəyov məndən faktlar tələb edəcək? Buyurun: 1) müəllimlər qurultayında cənab Nərimanovla qarşıdurma, 2) Qasprinskinin ildönümü münasibətilə keçirilmiş müsəlmanların toplantısında cənab Ağayevlə qarşıdurma… ”
Daha sonra həmin məqalədə Məlikov Ağaoğlu hadisəsinə qayıdır və Ağaoğluna dəstək bəyanatını Bakıda yerli mətbuatda yayımlamaq üçün boş yerə etdiyi cəhdlər barədə məlumat verir. Müsəlman intelligensiyasının Ağaoğluna hər hansı dəstək ifadə etmək istəməməsini Tağıyevin müsəlmanlar arasındakı hədsiz təsiri ilə əlaqələndirən Məlikov Tağıyevi qınayırdı. “Əhməd bəy Ağayevin biabırçı döyülməsi, Bakıdan qovulması və intelligensiyadakı digərlərinə qarşı zorakılıq hallarına hiddətləndim və hələ də hiddətli olaraq qalıram. Amma Ağayev döyüldüyü zaman cəmiyyətdə o qədər də intellektual (çox azı istisna olmaqla) və ya mətbuat qurumu tapa bilməzdiniz ki, indi Tağıyev-Behbudov hadisəsində Tağıyevə başsağlığı verdikləri kimi, həmin vaxt da qurbana [Əhməd bəyə] öz simpatiyalarını ifadə etsinlər. Bu sətirlərin müəllifi [yəni Məlikov özü] bir neçə dostu ilə birgə əbəs yerə ‘intelligensiya’ və gənclərin fikrini dəyişib onları mətbuatda cənab Ağayevə dəstək verməyə çağırdı. Əbəs yerə kiçik bir məqalə ilə bir ‘müsəlman qəzeti’ redaksiyasının qapısını döydük, amma heyhat! Demək olar, bütün qapılar üzümüzə bağlandı. Məlum oldu ki, bəzi şəxslər üçün cənab Tağıyev ömrünün ən yaxşı illərini xalqa xidmət etmək üçün xərcləyən Ağayevdən müqayisə olunmaz dərəcədə yüksəkdir.”
Ağaoğlu ilə Tağıyev arasında uzun və mürəkkəb münasibət olub. Tarixçi Aydın Balayev 2018-ci ildə yazdığı Ağaoğlunun bioqrafiyasında onun şiə ruhaniləri tənqid etdiyi və Platon dialoqları üslubunda qələmə aldığı İslam, Axund və Hatifülqeyb adlı yazısının Ağaoğlunun həyatını necə riskə atmasından bəhs edir. Balayevin sözlərinə görə, Tağıyev Ağaoğluna qarşı təhlükəni neytrallaşdırmaqda əhəmiyyətli rol oynayıb. “Ağaoğlunun şiə ruhanilərini İslamın mahiyyətini pozmaqda və şiələrlə sünnilər arasında düşmənçiliyi qəsdən qızışdırmaqda ittiham etməsi qarşı tərəfin qəzəbinə səbəb oldu. Onlar Əhməd bəyin lənətlənərək ölüm hökmünə məhkum edildiyi bir fətvanın nəşrinə nail oldular. Eyni zamanda onun nikahının ləğv edildiyini elan etdilər… Təsadüfi deyil ki, oğlu Səməd Ağaoğlunun sözlərinə görə, altı ay ərzində Əhməd bəy polis tərəfindən qorunmağa və evindən çölə çıxmamağa məcbur qaldı. Yalnız H.Z.Tağıyevin müdaxiləsi Əhməd bəyi daha ağır nəticələrdən xilas etdi.”[50]
1905-ci ildə Əlimərdan bəy Topçubaşov və Əli bəy Hüseynzadə ilə birlikdə Ağaoğlu Tağıyevin maliyyə dəstəyi ilə Həyat qəzetini təsis etdi. Amma tarixçilər Aleksandr Benniqsen və Şantal Lömersi-Kelköjenin qeyd etdiyi kimi, həmin ilin sonuna qədər Ağaoğlu məhz Tağıyev iştirak etdiyi üçün qəzetdən ayrıldı. “1905-ci ilin sonlarında Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağaoğlu arasında baş verən çəkişmələrdən sonra [Həyatın] maliyyə dəstəkçisi Tağıyevi qəzetin redaksiya siyasətinə qarışmaqda ittiham edən Əhməd bəy qəzeti tərk etdi, [qəzet isə] Hüseynzadənin redaktorluğu altında davam etsə də, öz təsirini itirdi, gəlir gətirməməyə başladı və 1906-cı ilin payızında bağlandı.”[51]
Hüseynzadəyə yazdığı məktubda Ağaoğlu Həyatda Tağıyevlə baş verən qarşıdurmanı izah edərək Tağıyevin müdaxiləsindən məyus olduğunu dilə gətirir və ifadə azadlığının qorunmasında intelligensiyanın öhdəliklərindən bəhs edirdi. Məktub Ağaoğlunun fransız dilində Hüseynzadəyə yazdığı iki məktubdan biri idi və tarixçi Yılmaz Özkaya güman edir ki, məktubun fransız dilində yazılmasının səbəbi onun mümkün oxucu kütləsini məhdudlaşdırmaq idi, çünki Ağaoğlunun Tağıyev haqqında yazdıqları demək olar bağışlana bilməzdi. “Bütün məsələ sərmayə və sağlam fikir, ya da başqa sözlə desək pulu ilə güc sahibi olmaq istəyən kobud bir insan ilə azad və müstəqil olmaq istəyən bacarıqlı və dəyərli insan arasındakı uçurumdur. Azad və müstəqil olmalıyıq! Daha dünən ticarətlə məşğul olan və bu gün sadəcə bir bankçı ruhuna sahib bir insanın ağıl və sağlam düşüncə tələb edən belə böyük və müqəddəs bir hərəkata qarışmasına göz yummamalıyıq. Müsəlmanlar üçün ağlın kobud güc qarşısında əzildiyini sübut edən nümunə yox, tam tərsinə, yoxluqda belə müstəqilliyin və azadlığın qalib gəldiyini göstərən bir nümunə olmalıyıq. Bu isə yanlız birgə və həmrəylik içərisində hərəkət etsək, bir-birimizə dəstək olsaq, mümkün ola bilər. Artıq ilk zəfərimizi qazandıq; möhkəm ola bilsək, daha çoxunu qazanacağımızdan əminəm. Kobud adam sabah burada olacaq. Hacının qarşısında şiddətli mübahisə edəcəyik, çünki mən bu adamın heç nəyə qarışmasını istəmirəm. Əvvəllər Hacı mənə qarşı çıxırdı, amma qərarlı olduğumu görəndə fikrindən daşındı.”[52]
Yuxarıda qeyd edildiyi kimi, Ağaoğlunun özü heç vaxt Bakıdakı hücum barədə yazmadı. Əslində, xatirələrində Türkiyəyə mühacirət etməsinin tamamilə fərqli bir səbəblə izah edirdi. Ağaoğlunun tarixçi Hilli Şisler tərəfindən yazılan bioqrafiyasında Şisler Ağaoğlunun xatirələrindən belə bir sitat gətirir: “Mən səylə təqib edilənlər arasında idim. Məsələlər o yerə çatdı ki, təkcə öz rahatlığım və dincliyim deyil, ailəmin də rahatlığı itməyə başladı. 1908-ci ildə Türkiyədə inqilab baş verdi; tanıdığım bəzi şəxslər bu inqilabın öndə gedənlərindən idilər. Eyni zamanda Qafqazın canişini təyin edilmiş Vorontsov-Daşkov nə olursa olsun, məni tutub qovmaq qərarına gəldi. Bundan xəbər tutan kimi qaçmağa qərar verdim və 1908-ci ilin sonuna doğru İstanbula qaçdım.”[53]
İlk baxışdan hadisələrin Ağaoğlu tərəfindən verilən bu təsviri Məlikov və digər jurnalistlər tərəfindən irəli sürülən versiyanı – 1908-ci ildə Ağaoğluna hücumun onu mühacirətə məcbur edən həlledici amil olması versiyasını mübahisələndirirmiş kimi görünür. Lakin Ağaoğlunun xatirələrində bir sıra, o cümlədən olduqca əhəmiyyətli qeyri-dəqiqliklər var. Məsələn, Ağaoğlu iddia edir ki, “Parisdə yaşayarkən məşhur iranlı islamçı Camaləddin Əfqani ilə görüşüb onu qonaq etdim.” Amma Holli Şislerin də qeyd etdiyi kimi, “əslində bunun mümkün olmadığını göstərmək üçün əlimizdə yaxşı dəlil var, çünki həmin vaxtı Əfqani Fransada olmayıb.”[54] Ağaoğlu hətta bir dəfə də Çar II Nikolay ilə şəxsən görüşə bildiyini yazıb. Tarixçi F. R. Cabbarov isə belə bir görüşün heç vaxt baş tutmadığını bildirir: “Əhməd bəyin bu epizodu öz tərcümeyi-halına nə üçün daxil etdiyini bu gün izah etmək çətindir. Lakin faktlar sübut edir ki, Ə. Ağaoğlunun II Nikolay ilə şəxsi görüşü olmamışdır. II Nikolayın Ə. Ağaoğlu ilə görüşü həqiqətən baş tutsaydı, bu, o dövr mətbuatının diqqətindən kənarda qala bilməzdi. Mətbuatda bu haqda heç bir şey yazılmadığı üçün Ə. Ağaoğlunun tərcümeyi-halında göstərilən həmin faktın doğruluğu ciddi şübhə doğurur.”[55]
Aydın Balayevin Ağaoğlu ilə bağlı yazdığı bioqrafik kitabda sonuncunun mühacirəti Məlikovun hadisələr barədəki versiyasını dəstəkləyir, amma təəssüf ki, Balayev Ağaoğlunun “düşmənlərinin” adını çəkmir, yaxud da məlumat üçün heç bir mənbəyə istinad etmir. Balayevə əsasən, Ağaoğlu “öz həmyerliləri arasından özünə xeyli nüfuzlu düşmən qazandı. Müsəlman ruhaniləri və Azərbaycan cəmiyyətinin zəngin təbəqəsinin özündənrazı, amma dar fikirli nümayəndələrinin də daxil olduğu bu pis niyyətli insanlar Ə. Ağaoğluna qarşı müxtəlif növ provokasiyalar hazırlamaq fürsətlərini heç vaxt əldən vermədilər… 1908-ci ildə Bakı İctimai Məclisinin binasında Əhməd bəy düşmənlərinin kiraladığı adamlar tərəfindən döyüldü… Əhməd bəy üçün yumşaq desək, daima münaqişədə olduğu erməni və rus şovinistləri tərəfindən özünə qarşı düşmənçilik münasibəti görməsi təbii və gözlənilən idi. Belə caniliyin maraqları uğrunda ürəkdən və fədakarcasına döyüşdüyün xalqın nümayəndələri tərəfindən törədilməsi isə başqa məsələdir…”[56]
Ağaoğlunun mühacirətinə qədər Qafqazın siyasi həyatına təsirini və bundan sonra Türkiyədə oynadığı vacib rolu nəzərə alsaq, onun Bakıdan İstanbula köçməsi tarixi əhəmiyyət daşıyır və öyrənilməyə layiqdir. Detallar hələ də dəqiq deyil, lakin yuxarıdakı məlumatlara əsaslanaraq gələcək tədqiqatlarla sübut və ya təkzib edilməli olan bir hipotezin konturlarını çəkə bilərik. Ağaoğlunun Tağıyevlə əlaqəsinin 1905-ci ildə soyuduğuna dair açıq-aşkar dəlillər var – görünür, Tağıyev Ağaoğlunun Həyatdakı redaksiya siyasətindən narazı olub, Ağaoğlu isə Tağıyevin müdaxiləsi kimi qəbul etdiyi şeylərə görə ondan inciyib. Görünür, bu qarşıdurma daha da şiddətlənib və bəlkə də daha ümumi – regional düşmənçiliklərlə mürəkkəbləşib; nəticədə isə Ağaoğlunun ictimai şəkildə döyülməsinə gətirib çıxarıb. Ağaoğluna hücum edənlər isə yəqin ki, bu hücumu haradasa Tağıyevin maraqlarına uyğun olaraq və ya birbaşa onun göstərişi ilə təşkil ediblər. Nəhayət, bu, Ağaoğlunun Türkiyəyə mühacirətinin birbaşa səbəbi ola bilər – görünür, bu fikir dövrün bir çox tədqiqatçıları tərəfindən qəbul edilirdi – lakin yəqin bu döyülmə hadisəsi siyasi fəaliyyətinə görə dövlət repressiyası təhlükəsi ilə üzləşməsi də daxil olmaqla, Əhməd bəyin bir neçə ciddi narahatlıqlarından biri olub.
Tağıyevin Ağaoğlu hadisəsində iştirak etməsi təsdiqlənə bilsə, Tağıyevin həm ideoloji mübahisələrdəki müxaliflərinə (məsələn, Ağaoğlu), həm də onunla şəxsi mübahisəsi olan, yaxud da onu təhqir edənləri (məsələn, Behbudov) cəzalandırmaq və utandırmaq üçün fiziki zorakılığa müraciət etməyə meyilli olduğunu görə bilərik. Bu cür davranış Rəhim bəy Məlikov, Behbud ağa Cavanşir və başqalarının təsvir etdiyi dövrün Qafqaz müsəlman cəmiyyətinin mənzərəsinə də uyğun gəlir: elit təbəqənin nümayəndələri arasındakı qarşıdurmalar tez-tez zorakılığa – ictimai görüşlərdəki kiçik mübahisələrdən tutmuş, başqasını öldürmək üçün muzdlu qatil tutmağa qədər hər şeyə gətirib çıxarırdı.
Maklakovun peşə etikası
Tağıyev-Behbudov məsələsini Bakıdakı yerli mətbuat kimi, Sankt-Peterburq və Moskvadakı rus mətbuatı da yaxından izləyirdi. Nə də olsa, hadisə barədə yazan ilk qəzet Sankt-Peterburqda yerləşən Russkoye slovo idi. Lakin gözlənildiyi kimi, rus qəzetləri hadisəni öz oxucularına, öz siyasi gündəliyinə uyğunlaşdırdılar və qalmaqalla bağlı onların diqqət mərkəzində olan aspektlər əksər hallarda Bakı mətbuatının diqqətini çəkənlərdən fərqlənirdi.
Hadisənin Rusiyada xüsusilə vurğulanan elementlərindən biri Tağıyevin əsas müdafiəçisi Vasili Maklakovun oynadığı rol idi. Zadəganlardan biri olan Maklakov Rusiya Dövlət Dumasına liberal Konstitusional Demokratik (Kadet) Partiyasından seçilmişdi. O, qanunverici orqanda liberal qanadın ən təsirli natiqlərindən biri hesab olunurdu. Bu istedadı onu müdafiə vəkili kimi də məşhurlaşdırmışdı.[57]
Sankt-Peterburqdan Bakıya getməzdən bir qədər əvvəl Maklakov Dumada siyasi görüşləri və ritorikasına uyğun ənənəvi bir nitq söylədi. 1890-cı illərdə tələbə nümayişlərində iştirak edən Maklakovun 1912-ci il 1 mart tarixli çıxışı tələbələr arasında siyasi təşkilatlanma və ümumilikdə universitetlərin muxtariyyətinin genişləndirilməsi cəhdlərinə qarşı Rusiya hökumətinin apardığı repressiv siyasətin tənqidinə həsr edilmişdi. Kavkaz qəzetinin verdiyi məlumata görə, nitq alovlu sonluqla başa çatdı: “Bütün bunlar nəyə görə edildi? Hakimiyyətin nüfuzuna görə? Amma gücün iki növü var: biri; uğurları etdiyi pisliyin, yandırdığı kəndlərin, dağıtdığı evlərin və meyitlərin sayı ilə ölçülən məğlub tərəfin gücü; digəri isə qalibin yox, dağıtmayıb yaradan gücə sahib idarəçinin gücüdür (solda alqış).”[58]
Lakin Maklakovun siyasi mövqeyini nəzərə alsaq, Tağıyevin müdafiəsinə qalxdığı üçün sol və liberal mətbuatda sərt tənqid olundu. Tənqidin bir neçə səbəbi var idi; bunlardan biri isə o idi ki, Tağıyevin vəkillər komandasında Maklakov Rusiya Dövlət Dumasının digər üzvü Georgi Zamislovski ilə işləyəcəkdi. Maklakov liberal olsa da, Zamislovski onun əsas siyasi düşmənlərindən biri – ifrat sağ siyasi qanadın təmsilçisi idi. Mənfi mənada tanınmış Qara Yüzlər hərəkatının fəal üzvü Zamislovski bir vaxtlar siyasi görüşünü belə xülasə edirdi: “Mən milli sualı proqramımın mərkəzinə qoyuram. Mən antisemitəm və Polşanın muxtariyyətinin əleyhdarıyam və əlavə olaraq, inqilaba qarşı güclü mübarizənin zəruriliyində təkid edirəm.”[59]
Hər kəs yəqin haqlı olaraq belə güman edirdi ki, bu iki adamın Tağıyevi müdafiə etmək üçün Bakıya getməsinə səbəb olan yeganə şey alacaqları böyük məbləğdə ödəniş ola bilər. Maklakovun həmin dövrdə sərvət sayıla biləcək məbləğdə – 100.000 rubl aldığı barədə şayiələr yayıldı.[60] Liberal siyasətçi həmişə bu rəqəmi təkzib edib, amma mənim bildiyimə görə, əsl məbləği heç vaxt açıqlamayıb. Maklakovun bioqrafiyasını yazmış müəlliflərdən biri olan Nikolay Dedkov yazırdı: “Vasili Alekseyeviç [Maklakov] heç vaxt gizlətmirdi ki, onun hüquq sahəsində karyera seçməsinin səbəblərindən biri kəskin maddi ehtiyacları olub və bitərəf insan kimi altruistik impulslardan qaynaqlanaraq cinayət işlərində müdafiəçilik etdiyini də heç vaxt iddia etməyib.”[61]
Maklakov (sağda) Zamislovskiyə: ‘Bakıda qonorarlar var.’
(Vecherneye vremya, 12 mart 1912-ci il, № 91)
Maklakovun qonorarı onun xarakterinə xüsusilə də soldan yönəldilmiş tənqidlərin əsas mövzusu oldu. Trotski Maklakovu ələ salıb, onun böyük məbləğdə pul qarşılığında satıla bildiyinə eyham vuraraq Maklakovun “topdan və pərakəndə səmimilik (Tağıyevin təyin etdiyi qiymətlərə uyğun olaraq) istedadı”ndan bəhs edirdi”[62] və 1912-ci ilin iyulunda Lenin gənc Rusiya qanunverici orqanlarında pulun pozucu təsirini tənqid edən məqaləsində Maklakovun qazancını misal gətirirdi: “Maklakov Tağıyevin verdiyi qonorarları yeyəndə Duma üzvü olaraq vəzifəsi onun üçün bu cür “sərfəli” [məhkəmə] işlərinin görülməsini asanlaşdırmadımı?”[63]
Lakin Maklakovun qonorarı mətbuatın onun peşə etikasını şübhə altına almağa vadar edən yeganə amil deyildi. Maklakovun Tağıyev məhkəməsi ilə eyni vaxtda “Daşnaksütyun işi” kimi tanınan başqa bir ciddi məhkəmə işində də iştirak etməsini maraqların toqquşması kimi görənlər də var idi.
Bir neçə il ərzində Rusiya polisi adətən Daşnaksütyun (ermənicə “Federasiya”) adı ilə tanınan Erməni İnqilabi Federasiyasının üzvləri kimi müxtəlif siyasi terror aktlarında günahlandırılan ermənilərin kütləvi həbsini həyata keçirirdi. Məsələ 1912-ci ilin yanvar-mart aylarında Sankt-Peterburq məhkəməsində öz kuliminasiya nöqtəsinə çatdı (Tağıyevin məhkəməsi 1912-ci ilin martında Bakıda baş verdi) və Rusiya dövləti üçün böyük bir xəcalətə çevrildi. Həbs olunanların böyük əksəriyyəti heç vaxt məhkəməyə çıxarılmadı, mühakimə olunan 158 təqsirləndirilən şəxsdən 94-ü bəraət aldı, daha 13-ü kiçik ittihamlarla məhkum edildi və istintaq dövründə cəzalarını çəkmiş hesab edilərək dərhal azadlığa buraxıldı.[64] Qafqazın canişini vəzifəsindən ayrılmazdan əvvəl çar qarşısındakı son hesabatında Vorontsov-Daşkov bu məhkəmə işini belə xülasə edirdi: “Mövzu ilə yaxşı tanış olmayan Sankt-Peterburqda mənim tövsiyələrimin əksinə planlaşdırılan Daşnaksütyun Partiyasının möhtəşəm məhkəməsi – bu məhkəmə bütün bir xalqın inqilabi xarakterini sübut etmək və görkəmli kapitalistlərlə ictimai xadimlərdən başlayaraq bütün Qafqazda eyni vaxtda demək olar, min erməninin həbs edilməsi üçün nəzərdə tutulmuşdu – fiasko ilə sona çatdı: Senatın Xüsusi Tribunalı ilə otuz nəfərə yaxın ermənidən ibarət qrup müxtəlif növ cəzalara məhkum edildi, halbuki onları idarəolunmaz məhkəmədə birlikdə mühakimə etməkdənsə, mənim təklif etdiyim kimi, bu cür işlərin adi mühakiməsi qaydası ilə də bu nəticəni əldə etmək olardı.”[65]
Maklakov Tağıyev tərəfindən işə götürüləndə, o, eyni zamanda Daşnaksütyun işində 158 təqsirləndirilən şəxsi müdafiə edən təqribən 40 hüquqşünasdan biri idi (aparıcı müdafiəçi gələcəkdə – 1917-ci ilin iyul-oktyabr aylarında Rusiyanın Müvəqqəti Hökumətinə rəhbərlik edəcək Aleksandr Kerenski idi). 1912-ci il martın 10-da Maklakov Bakıda Tağıyevi müdafiə etmək üçün son nitqini söylədi və 14 martda Daşnaksütyun üzvlərinin müdafiəsində son arqumentlərini səsləndirmək üçün özünü Sankt-Peterburqa yetirə bildi. Tağıyevin mühakimə edilməsindən sonra, lakin Daşnaksütyun işindən əvvəl Maklakovun birinci nitqi Ark. Parfenovun Veçerneye vremya qəzetində yazdığı məqalədə öz əksini tapdı. “Maklakov Sankt-Peterburqda artıq iki aydır məhkəməsi davam edən bədnam daşnaktsütyunların [sic.] müdafiəçisidir. Maklakovun bu işi niyə götürdüyü aydındır: hər bir siyasi partiya, hətta terrorçu bir partiya da mütərəqqi hüquq mütəxəssislərinin dəstəyinə layiqdir; Maklakov məhkəmədə arxada oturan bu bəxtsiz erməniləri müdafiə etməkdən imtina etsəydi, Kadet Partiyasına xəyanət edib öz siyasi reputasiyasını məhv etmiş olardı. Daşnaksütyunları müdafiə edən Maklakov Sankt-Peterburqdan Bakıya yola düşdü. Beləliklə, sual yaranır: bu, vəkil nöqteyi-nəzərindən doğrudurmu? Maklakov Daşnaksütyun məhkəməsini ən vacib anda tərk etdi, prokurorun yekun iddiasını səsləndirdiyi günü və müdafiə tərəfinin öz arqumentlərini səsləndirməyə başladığı günləri qaçırdı. Səhv etmiriksə, Maklakov müdafiə nitqini bu gün və ya sabah söyləməlidir. Sual budur ki, prokurorun yekun iddialarını eşitmədiyi təqdirdə bunu düzgün edə bilərmi? Ehtiyac içində olan inqilabçıların müdafiəsini könüllü olaraq öhdəsinə götürən vəkilin onları öz taleyinə buraxıb, bir milyonçunun müdafiəsinə qalxması xoş niyyətli haldırmı? Bu, hüquq etikasına uyğundurmu?”[66]
Parfenov Maklakova qarşı əsas tənqidini sonuncunun peşə etikasına yönəldir. Parfenovun fikrincə, Maklakov böyük miqdarda pul qazanmaq üçün bir çox məsələdə siyasi əqidəsi üst-üstə düşən kasıb müştərilərini tərk etdi. Parfenov heç bir zaman Tağıyevin dini və ya etnik mənsubiyyətindən bəhs etmir. Amma növbəti həftə dərc olunan bir məqalədə sağçı Moskovskiye vedomosti qəzeti Parfenovun məqaləsinə reaksiya verərək məsələyə yeni perspektiv verdi və bütün Tağıyev-Behbudov məsələsini ermənilərlə müsəlmanlar arasındakı etnik münaqişə kontekstinə yerləşdirdi. Tağıyev müsəlman icmasının lideri və qoruyucusu, eyni zamanda Qafqazda inqilabın qarşısını almaqda əsas rol oynayan və bununla da solçuların düşmənçiliyini qazanan Rusiya İmperiyasının vətənpərvəri kimi təqdim edildi. “Əlbəttə, inkar etmirik ki, hətta acınacaqlı erməni talançılarını da məhkəmədə – sol mətbuatın Tağıyevi məhrum etmək istədiyi kimi – müdafiədən məhrum etmək olmaz. Lakin iş ondadır ki, Tağıyevin təqib olunmasının səbəbi şübhəsiz ki, bu daşnaklarla bağlıdır. Hər kəs bilir ki, indi məhkəmə tərəfindən sərt şəkildə cəzalandırılan Tağıyev təkcə ‘milyonçu’ və ya ‘əzəli milyonçu’ yox, eyni zamanda mövqe sahibi, bir növ Zaqafqaziya məhəmmədilərinin patriarxı, onların inqilabçılara qarşı müdafiəçisi və erməni daşnaklarının qəddar düşmənidir. Nizam-intizam tərəftarı və Rus vətənpərvəri olan Tağıyev erməni daşnaklarının və ümumiyyətlə, Rusiyaya zərər verən hər cür inqilabçının nifrətini qazandı, çünki məhz elə onu ittiham etdikləri kimi, tatarlar Tağıyevin köməyi ilə silah-sursat əldə etdilər, beləliklə, ayaqları üzərində dayanaraq Daşnaksütyun inqilabını sarsıda bildilər. Mətbuatın təhriki ilə istənilən istiqamətə yönəldilə bilən unutqan ictimaiyyət, yəqin yoxsul erməni daşnaklarının – həmin ‘yoxsullaşan inqilabçıların’ – əlacsız talançı olduqlarını və ölüm təhdidi ilə onların boyunduruğu altında inildəyən ermənilərdən ‘amalımız’ üçün xərac yığdıqlarını heç xatırlamır. İctimaiyyət yəqin ki, daşnakların hər cür silahla təchiz edilib düzgün təşkilatlanmış bir ordusu olduğunu, Zaqafqaziyanın bir çox ərazisini ələ keçirdiyini və bununla yanaşı, tatarları torpaqlarından və azadlıqlarından məhrum etdiklərini unudub. Və indi Rusiya məhkəməsi tərəfindən böcək kimi əzilən Tağıyev erməni daşnaklarının yolunda dayanan və onların inqilabına sərt zərbə vuran, həmvətənlərinə və Rusiyaya böyük bir xidmət göstərən adam idi. Bu, həm erməni, həm də müsəlman inqilabçıların ona olan nifrətinin və əlbəttə ki, inqilabi mətbuatda onun təqib edilməsinin səbəbi idi…”[67]
Tağıyev-Behbudov münasibətini etnik münaqişə kontekstində təqdim etmək cəhdi əvvəl də ən azı bir dəfə olub. Digər bir sağçı rus qəzeti Zemşçina Oksanin adlı müəllifin məqaləsini dərc edib və o, səhvən Behbudovun erməni olduğunu zənn edib. Müəllif bəlkə də Behbudovun soyadına görə yanıla bilər; bu, həm müsəlmanlar, həm də ermənilər arasında yayılmış bir soyaddır. Oksanin yazırdı ki, Tağıyev-Behbudov məsələsi “Behbudovun həmvətənləri və müttəfiqləri – ermənilərlə ‘daşnaksakanlar’ [sic.] və onların solçu əlaltıları tərəfindən qurulub… Onlar məhəmmədilərin boğulması ilə bağlı ciddi arqumentlər gətirdilər. Bədbəxt ermənilər. Bu məsələ xüsusi diqqəti cəlb etdi və indi ermənilərlə ‘daşnaksakanlar’ külə çevrilmiş bir məhəmmədi üzərində yeni qələbə qeyd etməyə hazırlaşırlar.” Bakı qəzeti Zemşçinanın səhvini ələ salan bir məqalə dərc edərək istehza ilə qeyd edirdi: “Lakin Zemşçina hələ də həqiqətin təntənəsinə inamını itirməyib və ümid edir ki, heç olmasa bu dəfə ‘inqilab çempionları’ utandırılacaq …”[68]
Nəticə
Hadisəni etnik qarşıdurmaya çevirmək üçün bu yanlış cəhdə baxmayaraq, Tağıyev-Behbudov məsələsi həqiqətən də Qafqaz müsəlman cəmiyyəti içərisindəki daxili qarşıdurmanın xüsusi bir nümunəsidir. Məhkəmə və mətbuat işıqlandırması sayəsində həmin dövrə görə bu məsələ olduqca yaxşı sənədləşdirilib deyə müsəlman elitalar arasındakı şəxsi və sosial bölünmələrlə bağlı bizə bənzərsiz bir perspektiv təqdim edir. Tağıyev-Behbudov məsələsi sürətlə dəyişən bir dövrdə yeni siniflərdən olan insanların Azərbaycan cəmiyyətinin zirvəsinə qalxdığı (neft milyonçuları, intelligensiya) və konfliktlərin həll edilə biləcəyi yeni döyüş sahələri meydana gəldiyi (Rusiya məhkəmələri, mətbuatın özü) bir zamanda baş verirdi. Ümid edirəm, yuxarıdakı müzakirə göstərdi ki, bu cür daxili münaqişələr mövzusunda aparılan araşdırmalar Azərbaycan tarixini anlamağımıza əhəmiyyətli töhfələr verə bilər.
Əvvəla, bu münaqişələr Azərbaycan tarixindəki görkəmli şəxslərin bioqrafiyalarında mühüm rol oynayıb. Əhməd Ağaoğlu məsələsi belə bir epizodun həqiqi tarixi əhəmiyyətə sahib olduğuna dair nümunələrdən biridir. Şəxsi məsələdən daha çox, onun Tağıyevlə qarşıdurması nüfuzlu Həyat qəzetinin bağlanması ilə nəticələndi. Daha da əhəmiyyətlisi budur ki, görünür, bu qarşıdurma Ağaoğlunun Türkiyəyə mühacirət etməsinə – Qafqazdakı siyasi fəaliyyətini dayandırıb Cümhuriyyətin yaranmasında mühüm rol oynadığı Türkiyədə yeni bir karyera açmasına səbəb oldu. Münaqişə hətta Ağaoğlunun siyasi fəlsəfəsi ilə bağlı da bizə məlumat verir. Tağıyevin Həyat üzərindəki təsirindən hiddətlənərək Ağaoğlu Hüseynzadəyə yazır ki, müsəlman cəmiyyətinin siyasi oyanışına rəhbərlik etmək intelligensiyanın həm haqqı, həm də vəzifəsidir və intelligensiya pul kimi xarici təsirlərin qarşısında möhkəm dayanmalıdır.
Bundan əlavə, tədqiqatçılar müsəlman cəmiyyətindəki daxili münaqişələr haqqında məlumat toplamağa davam etsələr, bu məlumatlar bizə Azərbaycanın keçmişi haqqında daha mürəkkəb sosioloji təhlillər aparmağımıza imkan verəcək. Tağıyev-Behbudov məsələsi haqqında qəzetlərdə çıxan məqalələr XX əsrin əvvəllərində Bakı elitasının nümayəndələri arasında münaqişələrin həlli yolları, şərəf kodeksi, maskulinlik (kişilik) kimi mövzuların sosioloji təhlili, həmçinin sosial status, var-dövlət və regional kimlik kimi amillərin oynadığı rol barədə bizə zəngin material verir.
Yuxarıda göstərildiyi kimi, Tağıyev-Behbudov işində iştirak edənlərin çoxu, eləcə də müşahidəçilər qeyd edirdilər ki, 16 may 1911-ci il tarixində Tağıyevin evində baş verən zorakılıq özü özlüyündə dəhşətli hadisə deyildi. Onların öz ifadələrinə görə, məsələyə aidiyyəti olanların əksəriyyətinin əsas qayğıları şərəf, ayıb və status məsələləri idi. Bir çoxları iddia edirdi ki, hücumu Tağıyevin təşkil edib-etməməsindən və ya hadisənin onun evində təsadüfən baş verib-verməməsindən asılı olmayaraq, onun statusu və var-dövləti cinayətin ağırlığını artırırdı. Digərləri iddia etdilər ki, Behbudovun ən ağır ittihamlarının həqiqət olduğunu güman etsək belə, məhz elə Tağıyevin statusu və sərvətinə görə məhkəmənin ona olan mövqeyi yumşalmalı idi.
Hadisədən sonra ona müvafiq cavab verə bilmək üçün Behbudov bir aylıq axtarışa çıxdı, onu döyülməsindən çox, şərəfinə edilmiş hücum maraqlandırırdı. O, şərəfinə dəymiş zərəri müvafiq şəkildə bərpa etmək üçün üçüncü şəxslərlə məsləhətləşdi. Bu ayıbı aradan qaldırmaq üçün Behbudov öz ehtiyacı ilə zidd olsa da, başqalarının şərəf tələblərini, ələlxüsus da Tağıyevin yaşını və Sona xanımın – müsəlman bir qadının şərəfini qorumaq zərurətini də nəzərə almağa məcbur oldu. Bu bir aylıq prosesdə biz mürəkkəb hesablamaların şahidi oluruq, çünki Behbudov arbitraj, məhkəmə prosesi və hətta Tağıyevi duelə çağırmaq kimi variantları da nəzərdən keçirir. Tağıyev həmişə qeyd edirdi ki, Behbudovla qarşılaşdırdığı adamlar əslində onun evinə ailə məclisi qismində toplaşmışdı ki, üçüncü tərəf arbitrlər kimi Tağıyev Behbudov arasındakı münaqişəni həll etsinlər. Tağıyevin hücumun təşkilində günahkar olduğuna inanan Rəhim bəy Məlikov zorakılığı münaqişənin həlli vasitəsi kimi qınayır və konfliktləri “intelligensiya məhkəməsi” adlandırdığı üçüncü tərəf arbitrajına yönəltməyə səsləyirdi. Qafqaz tarixinin bu anında, xüsusən Avropa tipli mübahisə həlli yolları da mövcud idi: məsələn, Rusiya məhkəmələrinə rəsmi şikayət vermək, yaxud da qeyri-rəsmi və qeyri-qanuni olmasına baxmayaraq, avropalı yuxarı siniflər tərəfindən məqbul görünən duelə çağırmaq.
Tağıyev-Behbudov məsələsində görünür, regionalizm ikinci dərəcəli, lakin vacib rol oynayırdı. Russkoye slovo qəzetinin Bakıdakı müxbirinə, yaxud Behbud ağa Cavanşirin ifadəsinə inansaq, Tağıyevə (Bakıdan) və ya Behbudova (Qarabağdan) ictimai dəstək bölgələrə görə bölünürdü. Regionalizmin ümumilikdə intelligensiya və digər elitalar arasındakı münasibətlərdə daha vacib bir amil olduğunu Rəhim bəy Məlikovun yazıları da təsdiqləyir.
Əlavə
Bir anlığa Tağıyev-Behbudov işinin şəxsi tərəflərinə qayıtmaq üçün məqaləni bu hadisənin iki əsas iştirakçısının həyatındakı təsirləri ilə bağlı şərh verərək yekunlaşdıracağam.
Tağıyev və onun ehtimal olunan altı şəriki 1912-ci il martın 11-də təqsirləndirilərək məhkum edildilər. Behbudovun rəsmi xidmət hesabatına[69] görə, dörd gün sonra, yəni 15 martda o, yeni şərəf ordeni – üçüncü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edildi. İki aydan sonra – 28 Mayda onun mülki rütbəsi kollej asessorundan saray müşavirinə yüksəldildi. Behbudov hadisədən bəri işləmirdi və bu zaman kəsimində onun rəsmi xidmət hesabatında hər hansısa bir fəaliyyəti göstərilmir. Bu təltifləri niyə aldığına dair yalnız fərziyyə irəli sürə bilərik, amma yəqin ki, bunlar Tağıyevin məhkum edilməsi ilə bağlı və ictimaiyyətin müəyyən hissələrində Behbudova dəstəyin artması ilə əlaqədar idi.
Onun xidmət hesabatındakı növbəti daxiletmə də fərziyyələrə səbəb olur. 1 oktyabr 1912-ci ildə Behbudov Ticarət və Sənaye Nazirliyi tərəfindən Bakıdan 3500 km məsafədə yerləşən Arxangelskdəki limana mühəndis təyin edildi. Sankt-Peterburqda təhsil alsa da, Behbudov əvvəllər heç vaxt Qafqazdan kənarda işləməmişdi. Yəqin ki, Tağıyev təqsirləndiriləndən sonra Behbudov öz təhlükəsizliyindən narahat deyildi, halbuki görünür, Arxangelskə getmək onun həddindən artıq ehtiyatlı davrandığına işarədir. Digər mənbələr üzə çıxmasa, bu sual açıq olaraq qalacaq.
Lakin 29 oktyabr 1913-cü ildə Behbudov Yelizavetpol quberniyasının Tikinti İdarəsinə texnik vəzifəsinə təyin olunmaqla Qafqaza – Gəncəyə (Yelizavetpola) qayıtdı. Əlbəttə ki, o vaxta qədər Tağıyev 1913-cü il 10-12 yanvar tarixlərində Tiflisdəki apellyasiya məhkəməsində artıq bəraət almışdı. Behbudovun adı sonradan yuxarıda qeyd edilən Topçubaşov və F. Xoyski kimi şəxslərlə yanaşı, 1918-ci ildə Zaqafqaziya Seymində Müsavat və müstəqil demokratların daxil olduğu blokun üzvləri siyahısında görülür.[70]
Apellyasiya şikayətindən bəraət aldıqdan sonra Tağıyevin əvvəlki statusu bərpa edildi və o, Qafqazın ən nüfuzlu adamlarından biri olmağa davam etdi. Amma Tağıyev-Behbudov məsələsi ictimai şüurda Tağıyevin nüfuzuna ləkə salmışdı. Əslində, hadisədən əsrin dörddə biri qədər keçdikdən sonra, 1937-ci ildə Almaniyada nəşr olunan Qurban Səidin klassik romanı Əli və Nino ilə bu məsələ yenidən gündəmə gətiriləcəkdi. Romanda Zeynalabdin Tağıyevin bədii versiyası olan Zeynal ağa adlı bir xarakter var. Zeynal ağanı oxuculara təqdim edən Səid görünür, Tağıyevin bioqrafiyasının eskizini çəkir. Xüsusilə o, qeyri-müəyyən və sensasiyalı şəkildə olsa da, Tağıyev-Behbudov işinə açıq-aşkar istinad edən bir hadisəni Zeynal ağanın həyatında faciəvi dönüş nöqtəsi kimi təsvir edir.
“Zeynal ağa Bakı yaxınlığındakı Binəqədi kəndindən olan cahil bir kəndli idi. Onun şoran çöldə tozlu, böyük bir torpaq sahəsi vardı. İllər boyu az çox o sahəni əkib becərərdi. Sonra bir gün zəlzələlərin biri onun torpaq sahəsində yarıq əmələ gətirdi. Bu açılan yarıqdan da neft fışqırmağa başlamışdı. O gündən sonra Zeynal ağa bir daha həyatda pul qazanmaq üçün başqa yollar axtarmağa lüzum görməmişdi. Sel kimi gələn pulu comərdcəsinə xərcləyirdi. Amma buna baxmayaraq hər gün pul artır və onun üçün bu pul yükə çevrilirdi. Elə bir yükə çevrilirdi ki, onu lap əldən salmışdı. Bu qədər açıq bir talehin ardından sonra kişi bir fəlakətin gələcəyinə inanmağa başlamışdı. Zeynal ağa məhkum olunmuş məhbus kimi edam hökmünü gözləyərək yaşamağa başlamışdı. O, məscidlər, xəstəxanalar, təcridxanalar tikdirirdi. Bu arada Məkkəyə də həccə gedib hacı olmuş və orada da yetimxanalar tikdirmişdi. Lakin heç bir rüşvət qəbul etmirdi. Yetmiş yaşında ikən evləndiyi on səkkiz yaşlı arvadı onun namusuna ləkə gətirmişdi. Zeynal ağa zalımcasına və vəhşicəsinə namusunun intiqamını almış, ondan sonra da bir yorğun kişiyə çevrilmişdi. Onun ailəsi dağılmış, bir oğlu onu tərk etmiş, o birisi oğlu isə özünü intihar edərək ona misilsiz bir şərəfsizlik gətirmişdi. Bu səbəbdən də Zeynal ağanın saçları ağarmış və beli bükülmüşdü. Bakıdakı qırx otaqlı sarayında yalqız yaşayırdı.”[71]
[1] Формулярный список о службе Сверхштатного техника, Строительного Отделения Елизаветпольского Губернского Правления Надворного Советника Лютфали-бека-Рагим-Ага-Оглы-Бебутова, National Archives of Georgia, ф. 13, оп. 25Б, п. 160.
[2] “Дело об истязании”, Каспий, 7 марта 1912 г., № 54.
[3] “Дело об истязании инженера Бебутова Тагиевым”, Кавказ, 8 марта 1912 г., № 56.
[4] Swietochowski, Tadeusz. Russia and Azerbaijan: A Borderland in Transition. NY: Columbia University Press, 1995, p. 23.
[5] “Дело об истязании”, Каспий, 7 марта 1912 г., № 54; Исмаилов, Эльдар Эльхан оглы. Персидские принцы из дома Каджаров в Российской империи. М.: Старая Басманная, 2009, с. 161.
[6] “Дело об истязании инженера Бебутова Тагиевым”, Кавказ, 8 марта 1912 г., № 56.
[7] “Дело об истязании”, Каспий, № 54, 7 марта 1912 г.
[8] Меликов, Рагим бек. “К инциденту «Тагиев—Бебутов»”, Баку, 25 июня 1911 г., № 140 / Рагим бек Меликов. Память будет почтена… (Избранные статьи и рецензии). Б.: Язычы, 1987, с. 132.
[9] “Семейное дело”, Баку, 23 июня 1911 г., № 138; “Дело об истязании”, Каспий, 8 марта 1912 г., № 55.
[10] Меликов, Рагим бек. Память будет почтена… (Избранные статьи и рецензии). Б.: Язычы, 1987.
[11] Rusiya İmperiyasında yüksək mülki rütbə – действительный статский советник.
[12] Russkoye slovo qəzetindəki bu məqalə “Семейное дело” adı altında yenidən çap edildi, Баку, 23 июня 1911 г., № 138.
[13] “Дело Г. З. А. Тагиева и инж. Л.-б. Бебутова”, Баку, 7 марта 1912 г., № 54.
[14] Г. Г. Замысловский. “Дело Тагиева”, Земщина, 29-30 марта 1912 г., № 945, 946. / Замысловский, Г. Г. Дело Тагиева. СПб: Типография А. С. Суворина, 1912, с. 12.
[15] “Дело об истязании”, Каспий, 7 марта 1912 г., № 54.
[16] “Дело об истязании”, Каспий, 7 марта 1912 г., № 54; “Дело об истязании инженера Бебутова Тагиевым”, Кавказ, 9 марта 1912 г., № 57; “Дело Тагиева и инженера Бебутова”, Вечернее время, 8 марта 1912 г., № 88.
[17] “Окружный суд. Резолюция”, Каспий, 13 марта 1912 г., № 59.
[18] Казаринов, М. Г. Речь присяжного поверенного М. Г. Казаринова в защиту Действ. Ст. Сов. Гаджи Зейнал-Аддин Тагиева. СПб: Тип. Е. М. Малаховского, 1913.
[19] “Дело об истязании инженера Бебутова Тагиевым”, Кавказ, 10 марта 1912 г., № 58.
[20] Abrek: Qafqazda Robin Hud kimi, bir növü alicənab quldur.
[21] “Дело об истязании”, Каспий, 8 марта 1912 г., № 55.
[22] “Дело Тагиева и инженера Бебутова”, Вечернее время, 8 марта 1912 г., № 88.
[23] “Баку. 23-го июня”, Баку, 23 июня 1911 г., № 138.
[24] Формулярный список о службе Сверхштатного техника, Строительного Отделения Елизаветпольского Губернского Правления Надворного Советника Лютфали-бека-Рагим-Ага-Оглы-Бебутова, Gürcüstan Milli Arxicləri, ф. 13, оп. 25Б, п. 160. Behbudov hansı səbəbdən Müqəddəs Stanislav ordeni ilə təltif edildiyi sənəddə qeyd edilməyib.
[25] Курбанов, Шамиль. “Рагим бек Меликов (1886-1936)” / Рагим бек Меликов. Память будет почтена… (Избранные статьи и рецензии). Б.: Язычы, 1987, с. 5.
[26] 19-cu əsrsin sonlarından etibarən Rusiyada universitet tələbələrinə diplomdan əlavə adətən həm də xüsusi nişan verirdilər.
[27] Меликов, Рагим бек. “К инциденту «Тагиев-Бебутов»”, Баку, 25 июня 1911, № 140 / Рагим бек Меликов. Память будет почтена… (Избранные статьи и рецензии). Б.: Язычы, 1987, с. 133-134.
[28] Меликов, Рагим бек. “Еще об инциденте «Тагиев-Бебутов»”, Баку, 21 июля 1911, № 162 / Рагим бек Меликов. Память будет почтена… (Избранные статьи и рецензии). Б.: Язычы, 1987, с. 138.
[29] “Дело Тагиева”, Московские ведомости, 23 марта 1912 г., № 69 / Замысловский, Г. Г. Дело Тагиева. СПб: Типография А. С. Суворина, 1912, с. 26-27.
[30] Тагиев, Садыг и др. “Письмо в редакцию”, Баку, 22 июня 1911 г., № 137.
[31] “Вынужденный ответ (Письмо в редакцию)”. Баку, 9 июля 1911 г., № 152.
[32] “Дело об истязании инженера Бебутова Тагиевым”, Кавказ, 6 марта 1912 г., №54.
[33] Hadisədən bir neçə gün sonra Behbudov Şuşa qəzasına, ailəsinin yanına getdi və 1911-ci ilin iyununda Bakıya qayıtdı.
[34] “Дело об истязании”, Каспий, 8 марта 1912 г., № 55.
[35] Azərbaycan Xalq Cümhuriyyətində (1918-1920) Məmmədhəsən Hacınski xarici işlər naziri, maliyyə naziri və daxili işlər naziri vəzifələrini icra edəcəkdi.
[36] “Дело об истязании”, Каспий, 8 марта 1912 г., № 55.
[37] “Дело Г. З. А. Тагиева и инженера Л.-б. Бебутова”, Баку, 8 марта 1912, № 55.
[38] “Дело об истязании”, Каспий, 8 марта 1912 г., № 55.
[39] “Дело об истязании инженера Бебутова Тагиевым”, Кавказ, 9 марта 1912 г., № 57.
[40] “Дело об истязании”, Каспий, 7 марта 1912 г., № 54.
[41] Меликов, Рагим бек. “Письмо в редакцию”, Баку, 10 июля 1911, № 150 / Рагим бек Меликов. Память будет почтена… (Избранные статьи и рецензии). Б.: Язычы, 1987, с. 136.
[42] Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr. Bakı: XAN nəşriyyatı, 2017, s. 113.
[43] Qarabəyovun məqaləsindən bəzi hissələr burada yenidən dərc edildi: “Маленький фельетон. Ответ д-ру К.-б. Карабекову”, Баку, 13 июля 1911 г., № 155. Qarabəyov həmçinin Talışxanov adında mühəndisin qətlindən söz açır, amma bu hadisə barədə fikir bildirmək üçün kifayət qədər məlumat əldə edə bilməmişəm.
[44] Тагиев, Садыг и др. “Письмо в редакцию”, Баку, 22 июня 1911 г., № 137.
[45] “Маленький фельетон. Ответ д-ру К.-б. Карабекову”, Баку, 13 июля 1911 г., № 155.
[46] Меликов, Рагим бек. “К инциденту «Тагиев-Бебутов»”, Баку, 25 июня 1911, № 140 / Рагим бек Меликов. Память будет почтена… (Избранные статьи и рецензии). Б.: Язычы, 1987, с. 133-134.
[47] “Ответ д-ру Карабекову (Окончание)”, Баку, 16 июля 1911 г., № 158.
[48] Меликов, Рагим бек. “О мусульманской прессе»”, Бакинец, 31 августа 1909, № 38 / Рагим бек Меликов. Память будет почтена… (Избранные статьи и рецензии). Б.: Язычы, 1987, с. 89-94.
[49] Меликов, Рагим бек. “Еще об инциденте «Тагиев-Бебутов»”, Баку, 21 июля 1911, № 162 / Рагим бек Меликов. Память будет почтена… (Избранные статьи и рецензии). Б.: Язычы, 1987, с. 137-143.
[50] Балаев, Айдын. Патриарх тюркизма: Ахмед бек Агаоглу (1869-1939). Баку: TEAS Press, 2018, с. 106.
[51] Bennigsen, Alexandre et Chantal Lemercier-Quelquejay, La presse et le mouvement national chez les musulmans de Russie avant 1920. Paris: Mouton & Co., 1964, p. 107.
[52] Özkaya, Yılmaz. “Ahmet Ağaoğlu’nun Hüseyinzade Ali Bey’e Mektupları.” Türk Yurdu, nisan 2011, sayı: 284, s. 24-25; see also Айдын Балаев. Патриарх тюркизма: Ахмед бек Агаоглу (1869-1939). Баку: TEAS Press, 2018, с. 157-158.
[53] Shissler, A. Holly. Between Two Empires: Ahmet Ağaoğlu and the New Turkey. London: I. B. Taurus, 2003, p. 157. Şisler Ağaoğlunun dərc edilməmiş xatirələrinə istinad edir, Yusuf Akçura, ‘Türkçülük’ [Turkism], in Türk Yılı (İstanbul: Türk Ocağı Yayınevi, 1928) ss. 433-434.
[54] Shissler, A. Holly. Between Two Empires: Ahmet Ağaoğlu and the New Turkey. London: I. B. Taurus, 2003, p. 237. Şisler Əhməd Ağaoğlunun ‘Türk Alemi 3’ [‘The Turkish World 2’], Türk Yurdu 1, 3 (1327-1911/12) yazısına istinad edir.
[55] Cabbarov, F. R. “Ön söz.” / Ağaoğlu, Əhməd bəy. Qafqazda milli məsələ: Məqalələr və sənədlər toplusu. Bakı, Mütərcim, 2019, s. 69-70. Cabbarov bu mənbəyə istinad edir: Ağayev Ə. “Tərcümeyi-hali-acizanəm.” / Osmanqızı L. Əhmədbəy Ağaoğlunun publisistikası. Bakı, 2012, s. 212.
[56] Балаев, Айдын. Патриарх тюркизма: Ахмед бек Агаоглу (1869-1939). Баку: TEAS Press, 2018, с. 234-235.
[57] Витенберг, Б. М. “Биографический словарь”. / Я. В. Глинка. Одиннадцать лет в Государственной думе. 1906-1917: Дневник и воспоминания. М.: Новое литературное обозрение, 2001, с. 345-346.
[58] “Речь В. А. Маклакова”, Кавказ, 2 марта 1912 г., № 51.
[59] Иванов, А. А. «Дело чести»: Депутаты Государственной думы и дуэльные скандалы 1906-1917 годов. СПб: Владимир Даль, 2018, с. 504-505.
[60] “Телеграммы”, Кавказ, 11 марта 1912 г., № 59.
[61] Дедков, Н. И. Консервативный либерализм Василия Маклакова. М.: АИРО-ХХ, 2005, с. 55-56.
[62] Троцкий, Лев. “Милюков” / Луначарский А. В. и др. Силуэты: политические портреты. М: Политиздат, 1991. с. 237.
[63] Не-либеральный скептик (В. И. Ленин). “Капитализм и «парламент»”, Невская Звезда, 17 июня 1912 г., № 13 / В. И. Ленин. Полное собрание сочинений (издание пятое). М.: Издательство политической литературы, 1968, с. 366-368.
[64] “Приговор по делу «дашнакцутюн»”, Каспий, 22 марта 1912 г., № 67.
[65] Всеподданнейший отчет за восемь лет управления Кавказом Генерал-Адъютанта Графа Воронцова-Дашкова. СПб: Государственная Типография, 1913, с. 7.
[66] Парфенов, Арк. “Маклаков, Тагиев, Дашнакцутюн и адвокатская этика”, Вечернее время, 15 марта 1912 г., № 94.
[67] Московские ведомости, 23 марта 1912 г., № 69 / Г. Г. Замысловский. Дело Тагиева. СПб: Типография А. С. Суворина, 1912, с. 27-28.
[68] “Правые о деле г. Тагиева”, Баку, 10 марта 1912 г., № 57. Zemşçina qəzetiindəki sitat Bakı qəzetindəki məqalədən götürülüb.
[69] Формулярный список о службе Сверхштатного техника, Строительного Отделения Елизаветпольского Губернского Правления Надворного Советника Лютфали-бека-Рагим-Ага-Оглы-Бебутова, Gürcüstan Milli Arxivləri, ф. 13, оп. 25Б, п. 160.
[70] Векилов, Р. А. История возникновения Азербайджанской Республики. Б.: Элм, 1998, с. 11, http://elibrary.bsu.az/yenii/ebookspdf/istoriya_vozniknovanie.pdf
[71] Səid, Qurban. Əli və Nino. Bakı: Əli və Nino nəşriyyatı.