Sizə iki hekayədən sonra, sonuncu, yəni üçüncü hekayəni təqdim edirik. Bu hekayə digərlərindən daha çox təsirləndirəcək sizi.
Üçüncü hekayəm ölüm haqqındadır. 17 yaşımda belə bir yazı oxumuşdum, “Hər gününü həyatının son günü kimi yaşasan, günün birində haqlı çıxacaqsan”. Bu cümlə məni çox təsirləndirmişdi və o gündən bu yana (33 il) hər səhər güzgüyə baxıb öz-özümə bu sualı verdim, “əgər bu gün həyatımın son günü olsaydı, bu gün edəcəyim şeyləri etmək istəyərdimmi?” Uzun müddət ard-arda “yox” cavabını verəndə nəyisə dəyişdirməli olduğumu başa düşdüm. İnsanın qısa müddətdə öləcəyini bilməyi yaşamağına damğa vurması baxımından böyük önəm kəsb edir, çünki hər şey; gözləntilər, qürurlar, yenilmə ya da uğursuzluq qorxuları ölüm qarşısında öz dəyərini itirir. Sadəcə ölüm vacib sayılır. Öləcəyinizi xatırlamaq, itirəcək nələrsə olduğu düşüncəsini yox etməyin bildiyim ən yaxşı yoludur. Ürəyinizin səsini dinləməməyiniz üçün heç bir səbəb yoxdur.
Bir il öncə mənə mədəaltı vəzin xərçəngi diaqnozu qoyuldu. Səhər 7:30-da girdiyim ultrasəs müayinəsində şiş açıq şəkildə görünürdü. Mən isə mədəaltı vəzin nə olduğunu belə bilmirdim. Həkimlər bu tip xərçəngin müalicəsinin mümkünsüz olduğunu və 3-6 aydan çox yaşamağı gözləməməyimi dedilər. Həkimlərim gedib işlərimi qaydasına salmağımı tövsiyə etdilər. Bu həkimlərin “ölümü gözlə” demək forması idi.
Bu, uşaqlarınıza gələcək 10 ildə deyəcəklərinizi bir neçə ay ərzində deməyə çalışmaq demək idi. Bu, ailənizin rahatlığı üçün hər şeyin qısa zamanda edilməsi demək idi. Bu, vidalaşmaq demək idi. Bütün gün o diaqozla yaşadım. Axşamtərəfi biopsiya edildi, mədəm və bağarsaqlarımdan keçərək bir iynə ilə mədəaltı vəzdəki şişdən bir neçə hüceyrə götürdülər. Mən narkozda idim, ancaq yoldaşımın dediyinə görə həkimlər alınan hüceyrələri mikroskopun altına qoyanda sevincdən qışqırmışdılar. Mənim xərçəngim əməliyyatla müalicə oluna biləcək növdən imiş. Əməliyyat oldum və şükürlər olsun ki, indi yaxşıyam.
Məni ölümə ən çox yaxınlaşdıran hadisə budur. Ümid edirəm ki, uzun illər boyunca bir daha bu qədər yaxınlaşmaram. Bunu yaşamış biri olaraq deyə bilərəm ki, ölüm faydalı, ancaq sadəcə intellektual bir anlayışdır. Heç kəs ölmək istəməz. Hətta cənnətə düşmək istəyənlər belə, ora getmək üçün ölməyi gözə almaq istəməzlər, ancaq ölüm hər kəsin ortaq sonudur. İndiyədək heç kəs ölümdən qaça bilməyib, bu belə də olmalıdır, çünki ölüm həyatın ən gözəl icadlarından biridir. Həyatın, dəyişməsi, yenilərə yer açması, köhnələrdən qurtulmaq üçün tək çarəsidir.
Bu an üçün yeni sizlərsiniz, ancaq günün birində, həm çox yaxında siz də qocalacaq və aradan çıxarılacaqsınız. Bu qədər qəddar olduğum üçün bağışlayın, amma həqiqət budur. Vaxtınız qısadır, buna görə də başqalarının həyatını yaşayaraq onu məhv etməyin. Başqalarının düşüncələrinin nəticələri ilə yaşamayın. Başqa insanların fikirlərinin səs-küyünün öz ürəyinizin sənini eşitməyinizə mane olmasına icazə verməyin. Və ən önəmlisi, ürəyinizin və hisslərinizin yolu ilə gedəcək cəsarətə sahib olun. Ürəyiniz və hissləriniz nə etmək istədiyinizi bilirlər. Bunlardan başqa hər şey ikinci planda olmalıdır.
Gənc olanda “The Whole Earth Catalog” adlı bizim nəslin müqəddəs kitablarından sayılan inanılmaz bir nəşr var idi. Steward Brand tərəfindən burdan uzaq olmayan Menlo Park-da şeir kimi qələmə alınmışdı. Sizə danışdığım bu hadisə 60-cı illərdən qalmış stolüstü kompüterdən və kompüter tipli nəşrlərdən öncə, yəni bu jurnal əlyazma və polaroid kameraların köməyi ilə yazılmışdı.
Google yaranmadan 35 il əvvəl, jurnal formasında olan Google idi; idealist, başadüşülən. Steward və komandası bunun bir çox nəşrini yayımladılar. Və jurnal nəşri dayandıranda (70-ci illərin ortaları), son çapının arxa üzündə səhər saatlarında çəkilmiş yol şəkli var idi. Hər macərasevərin özünü avtostop çəkərək tapdığı yollardan biri. Şəklin altında bu sözlər yazılmışdı, ac qal, axmaq qal (Stay hungry. Stay Foolish). Bizdən ayrılanda bizə verdikləri vida mesajı bu idi. Özüm üçün hər zaman bunu arzuladım. Və indi sizin kimi məzunlar üçün də eyni şeyi arzulayıram. Ac qalın, axmaq qalın. Təşəkkürlər…
Steve Jobs 5 oktyabr 2011-ci il tarixində (56 yaşında) mədəaltı vəz xərçənginin törətdiyi nəfəs kəsilməsi səbəbindən vəfat etmişdir. Sizə təqdim etdiyimiz çıxışı isə 2005-ci ilə aiddir.