Dünyaca məşhur “Apple” şirkətinin qurucusu Steve Jobsun həyatı haqqında çıxışından danışdığı birinci hekayəni təqdim edirik. Sizləri motivasiya edə biləcək yazı…

     Bu gün dünyanın ən yaxşı universitetlərindən birinin məzun günündə çıxış etməkdən qürur duyuram. Doğrusu, mən heç vaxt universitet məzunu olmadım. Məzun gününə yaxın olduğum an bu andır. 🙂 Bu gün sizə həyatımdan üç hekayə danışacam. Böyüdüləcək bir şey deyil, sadəcə üç hekayə… Birinci hekayə nöqtələri birləşdirməklə bağlıdır.

   İlk 6 aydan sonra Reed Universitetində dərslərə girmədim, ancaq universitetdən tam çıxana qədər 18 ay oxudum. Niyə univeristetdən çıxdım? Bu hadisə mən anadan olmadan əvvəl başlamışdı. Mənim bioloji anam gənc, evlənməmiş bir tələbə idi və məni övladlığa vermək istəyirdi. Məni təhsilli bir ailənin övladlığa götürməyini istəyirdi. Bir hüquqşünas və yoldaşı tərəfindən övladlığa götürülməyim üçün bütün sənədlər hazır idi. Tək problem mən doğulandan sonra meydana çıxdı, məni övladlığa götürmək istəyən cütlük son anda qız uşağı övladlığa götürmək istədiyini bildirib imtina etmişdi. Və siyahıdakı növbəti ailəyə (mənim gələcək ailəmə) zəng etdilər. Bizdə bir uşaq var, siz istəyərsiniz? Onlar “əlbəttə” dedi. Mənim bioloji anam anamın (övladlığa götürən) universitet təhsili olmadığını, atamın isə heç orta məktəb belə bitirmədiyini öyrənəndə övladlığa verilmə sənədlərini imzalamağı rədd etdi. Ancaq bir neçə ay sonra onlar mənə təhsil verəcəklərinə dair söz verəndə bioloji anam razı oldu. Bu həyatımda bir başlanğıc oldu.

stevecobsunstenforddakicixisi

   Və 17 il sonra təxminən Stanford qədər bahalı bir universitet seçdim. Kasıb ailəmin qazandığı bütün pullar mənim təhsilimə xərclənirdi. 6 ay sonra bunun mənasız olduğunu anladım. Həyatda nə etməli olduğum haqda heç bir fikrim yox idi və universitetin həyatıma nə kimi faydası olacağını bilmirdim. Ailəm isə ömür boyu yığdığı pulu mənim universitetimə xərcləyirdi. Sonda universiteti atdım və hər şeyin yaxşı olacağına inanmağa qərar verdim. O vaxt çox qorxunc görünürdü, ancaq sonra geriyə baxanda həyatımda verrdiyim ən yaxşı qərarlardan biri olduğunu görürəm. Universiteti atanda məcburi ancaq mənasız, mənə maraqlı olmayan dərsləri öyrənmək məcburiyyətində olmadım. Beləcə sadəcə mənə maraqlı görünən dərslərə girmək istədim. Bu heç də romantik deyildi, universitet yataqxanasında otağım olmadığı üçün dostlarımın otaqlarında yerdə yatırdım, kola şüşələrinin 5 sentlik pulu ilə yemək alırdım, hər bazar yaxşı yemək üçün 7 mil uzaqlıqda yerləşən Hare Krishna kilsəsinə gedirdim. Bunu çox sevirdim.

   Maraqlarımın sayəsində öyrəndiyim çox şey daha sonra mənim üçün qiymətsiz təcrübələrə çevrildi. Bir nümunə deyim, o vaxtlar Reed Universiteti demək olar ki, ölkədə ən yaxşı xəttatlıq dərsi keçirilən universitet idi. Kampusdakı hər poster və digər yazılar ən gözəl şəkildə əllə yazılırdı. Universitetdə hər dərsə girmək məcburiyyətində olmadığım üçün xəttatlıq dərslərinə girməyə başladım. “Serif” , “san serif” və digər yazıları öyrəndim. Onların həyatımda elə də böyük əhəmiyyəti yox idi, ancaq on il sonra ilk “Macintosh”u layihələşdirəndə yadıma düşdü. Bunların hamısını Mac-da istifadə etdik. Mac gözəl tipoqrafiyə (yazıya) sahib olan ilk komputerdir. Əgər o dərsə girməsəydim, Mac bu qədər yaxşı olmayacaqdı. Windows da Mac-dan köçürüldüyünə görə heç bir komputerdə istifadə olunmayacaqdı. Universitetdə oxusaydım bütün bunlar olmaycaqdı.

   Nöqtələri irəliyə baxaraq birləşdirə bilməzsiniz, onları sadəcə geriyə baxanda birləşdirə bilərsiniz. Nöqtələrin bir şəkildə birləşəcəyinə inanmağınız lazımdır. Nəyəsə güvənməlisiniz; cəsarətinizə, qədərinizə, həyata, karmaya, hər hansı bir şeyə… Çünki nöqtələrin birləşəcəyinə inanmaq sizə qəlbinizin səsini dinləmə rahatlığını verir. Bu yanaşma məni heç zaman yolda qoymadığı kimi, həyatımı da bütünlüklə dəyişdi…