Sızanaqlar, civzələr əksəriyyətin,xüsusilə də gənclərin üzləşdikləri problemlərdən biridir. Problemi aradan qaldırmaq üçün civzələrin yaranma səbəblərini öyrənmək lazımdır. Ümumilikdə götürsək, sızanaqların 2 əsas yaranma istiqaməti mövcuddur: hormonal və qeyri-hormonal səbəblər.

    Qeyri-hormonal səbəblər:

    1. Həzm, mədə-bağırsaq sistemindəki xəstəliklər. Misal üçün, kəskin və xroniki qastrit, disbakterioz, böyrəklərin daş xəstəliyi, qaraciyər xəstəlikləri.

    2. Stress və depressiya endokrin sisteminin fəaliyyətinin pozulmasına səbəb olur. Bu da öz növbəsində dəridə civzələrin yaranmasını sürətləndirir.

    3. Genetik meyil. Bəzən elə olur ki, bütün analiz və tibbi müayinələrdən sonra insanda heç bir ciddi xəstəlik və pozğunluq aşkar olunmur. Təcrübədə müşahidə olunub ki, əgər valideynlər gənc ikən sizanaqlardan əziyyət çəkibsə, sizin də bu problemlə üzləşmək riskiniz artır.

    4. Gigiyena qaydalarına düzgün əməl etməmək. Dəriniz yağlı və qıcıqlanmalara meyillidirsə, gündəlik qulluq vasitələrini daha diqqətli seçməlisiniz. Yağlı və qıcıqlanmaya meyilli olan dəri üçün qulluq vasitələrinin tərkibində adətən spirt, salisil turşusu olur, lakin bu vasitələri istifadə edərkən dərinizi nəmələndirməyi də unutmayın.

 

    Hormonal səbəblər:

    Sızanaqların ən geniş yaranma səbəbi hormonal pozğunluqdur. Endokrin sistemindəki ən kiçik dəyişiklik belə hormonal disbalansa səbəb olur. Bu isə özü özlüyündə dəridə tər və piy vəzilərinin həddindən çox aktivləşməsinə gətirir. Bunun nəticəsi olaraq sızanaqlar sürətlə artır və ağrılı xarakter daşıyır.

    Bu problemin ev şəraitində həlli yoxdur. Bunu ancaq tibbi mütəxəssis köməyi ilə müalicə edə bilərsiniz. Hormonal balansı tarazlaşdırmaq üçün endokrinoloqa müraciət etmək lazımdır. Daha sonra isə ilk növbədə dermotoloqa daha sonra isə kosmetoloqa müraciət edərək dərinin ümumi vəziyyətini bərpa etmək və yaxşılaşdırmaq olar.