Qismətinə ata, anaları tərəfindən kimsəsizlik damğası ilə “möhür”lənmək payı düşən körpələrdən yazmağa çəkinmişəm. Düzü, asan deyil. Şablon cümlələrlə həssas nöqtələrinə toxunmaqdan ehtiyatlanmışam. Yalnız ötən qış mövsümü soyuq gecələrin birində gündəlik yaşadığım bir hadisənin mahiyyətinə daha dərindən vardığım zaman yazmağı qət etdim. Mən bunu yazmalıydım və yazdım! Onların xətrinə…

Ehtiyatla düşünüb daşındıqdan sonra qələmi əlimə aldım. Qismət indiyənə imiş.

*** 

…Yuxumun zəncirlərindən körpəmin çığırtıları altında birtəhər qopub oyandım. Hava soyuq və qaranlıqdı. Deyəsən işıqlar çoxdan sönmüşdü. Pəncərələrə diqqətlə baxdım, hər yer qaranlığa qərq olmuşdu. Başım ucunda saxladığım (hər zaman olduğu kimi) əl fənərini yandırıb mavi tül örtüklü çarpayıya yaxınlaşdım. Qollarımı uzadıb balacamı qucaqladım. İsti ana nəfəsini hiss edən kimi körpəm cəsarətləndi. Qışqırtılarında, ağlayan gözlərində giley, küskünlük, bir az da hikkə görmək olardı. Barmağımı balaca ovcunda gizlətməyə çalışırdı. Onu bağrıma basıb yanağımı burnuna söykədim: bumbuzdu. Öpüşlərimlə onu ovundurmağa çalışdıqca bayaqkı hikkəli qışqırıq yavaş – yavaş zəifləyir, gözlərini mürgüyə təslim edirdi. Canım övladım, ciyərparam, necə xoşbəxtsən!

***

Bəs onlar?! Hansı uşaq evində istənilən an ağlayan körpə belə təsəlli edilir?

Kim onlara valideyn qədər dayaq ola, ya da ömrü boyu bir yuvada, bir evdə yaşama vaxtı bitdiyi üçün “tərk et” deyə bilər?! Deyilə bilər ki, uşaq evləri və internat məktəbləri ki mövcuddur. Bu, bəllidir. Axı bununla valideyn qayğı və sevgisindən məhrum yavrularımızın problem və sorunları çözüldü deyə bilmərik. Ya da kimlərsə ildə 2-3 dəfə baş çəkməklə iş bitmir. Məgər istənilən həssas şəxs, daha doğrusu, bu işə könül verən sadə insanlar dövlət uşaq müəssisələrinə baş çəkmək səlahiyyətinə malikdirlərmi?

Bu proses müəyyən şəxslər tərəfindən hazırda keçilməz baryerə çevrilib. Sadə müəllim, ya evdar qadın və yaxud tələbə gücü çatan bazarlıq edib bəzi uşaq evlərinə çatanda açılan qapıdan qarşılaşdığı münasibət belədir: “Kənar şəxslərə içəri keçmək olmaz!” 

Halbuki bu insanlar açılan qapıdan balaca fidanları görmək ümidilə boylanarkən , onlara qayğı, mərhəmət, qadınlıq, analıq , ya da gənclik hissindən doğan şəfqət göstərəcəyini düşünürdülər… Nə qədər inad edilsə də xeyri yoxdur, amma nədənsə özləri ilə gətirdikləri zənbil “keçir”.

Burda onlara deyən gərək ki bu körpələrin doğma kəsləri olsaydı, burda yaşayardımı?! Kənar şəxsləri içəri buraxmırıq, nə demək?    

Ümidsiz peşmanlıqla geri dönürsən. Heç üzünü görmədiyin yavruları düşünürsən, görəsən, bişirdiyin qoğalı yeyəcəkmi? Aldığın oyuncağı bəyənəcəkmi? İnsanın düşüncəsini şübhə sillələyir: “Yanlış niyyətləri yox idisə, niyə içəri buraxmadılar? Ən azından araşdıra bilərdilər, kiməm, hardan gəlmişəm? Niyə qəzəbli və şübhəli baxışlarla bizi uzaqlaşdırmağa çalışıb əlimizdəkiləri qamarladılar?…” 

Bəzən bu tip yerlərdə çalışan sosial işçilərin həddən artıq əsəbi və tamahkar olması yəqin bir çoxumuza bəllidir. Uşaq evləri və internat məktəblərində çalışan sosial işçilərdən tutmuş uşaqların təlim-tərbiyəsilə məşğul olan pedaqoq, tibb işçilərinə qədər hər kəs diqqətlə nəzərdən keçirilib işə alınmalıdır. Yəni onların xüsusilə psixoloji durumu tez-tez yoxlanılmalı, tibbi monitorinqlər təşkil edilməlidir. Bəzən bir ailədə böyüyən uşaq ananın psixoloji durumunu dözülməz həddə çatdırır, o ki qaldı, onlarla körpəyə qulluq etmək, bezini dəyişmək, yemək vermək üçün az sayda sosial-tibbi işçi olsun…

Yaxşı olmazdımı ki, öncə gənc və kafi qədər səbrli, vicdanlı (vicdan məsələsi ağır məsələdir, bunun üçün psixoloji testlər tərtib olunsaydı, vacib olardı) və bu işə canını, ruhunu adamağı bacaran kadrları seçib 6-7 ay təcrübə keçəydilər? Dözərsə, sevərsə işini o zaman müddətli işləməyə başlar.

Təkrar edirəm, bu sahədə pensiya yaşına qədər işləmək əksər insanlarda psixoloji problemlərə gətirib çıxarır ki, bunun da acısını körpələr çəkir. Təsadüfi insanlar nəyinsə xatirinə bu işdə çalışırsa, yanlış nəticələrindən sığortalanmaq mümkün deyil. Bəlkə yanılıram?! Üzündən qayğı, şəfqət əvəzinə kin, qəzəb yağan, bir baxışla adama mənfi enerji yükləyən tibb bacıları, uşaq baxıcıları, müəllim və müdirələr az görməmişik. Əsəbi sosial, pedaqoji və ya tibbi işçi dövlətin onlara əmanət etdiyi körpələri hansı fiziki-psixoloji təsirə məruz qoya bilər?! Cavabını düşünmək belə istəmirəm. 

Bəlkə də çoxlarınıza məlum deyil ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” (2006-2015) yaradılıb. Kimsəsiz uşaqların şəxsiyyətinin formalaşmasında və inkişafında ailə mühiti nə qədər əvəzsiz rol oynayır. Məhz bu proqramın məqsədi odur ki, dövlət uşaq müəssisələrində olan uşaqlar ailələrə verilsin, uşaq bir də dövlət uşaq müəssisələrinə düşməsin. 

De-institusionalizasiya adlanan bu proqram valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri, internat məktəbləri, ümumtəhsil internat məktəbləri (ümumi təyinatlı internat evləri) və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərini əhatə edir. Təbii ki, bu öhdəliyi könüllü qəbul edən ailələrə də müəyyən yardım edilir. Ancaq nə bürokratik əngəl varsa indiyə qədər çox sayda uşaq bundan faydalanıb və az ailə bu öhdəliyi öz üzərinə götürməyə razılaşıb.

Tutaq ki, bu prosesdə bəlli olmayan müəyyən maneələr var: könüllülük prinsipi və s.

Bəs övladlığa uşaq götürmə prosedurunda yaranmış və ya yaradılmış baryerlərə necə haqq qazandırmaq olar? Azərbaycanda övladlığa uşaq götürülməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117-135-ci maddələri  və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.09.2000 il tarixli 172 nömrəli qərarı ilə tənzimlənir. Bu vacib və xeyirxah işi gerçəkləşdirmək üçün vətəndaş müəyyən istisnalar olmaqla müvafiq sənədləri toplayıb pasport qeydiyyatında olduğu kimi Rayon və İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməlidir ki, qeydiyyata götürülsün.

Elə prosesin “mürəkkəb” və əcaib süründürmə “əməliyyatı” bundan sonra başlayır. Bir dəfə ali məktəbi yeni bitirmiş gənc müəllimə bir xanım mənə dedi ki, həyat yoldaşımla razılığa gəlmişik, istəyirəm övladlığa uşaq götürək. İşin qəliz tərəfi bu idi ki, xanımın maaşı 119 manatdı və kirayədə qalırdı. 

Övladlığa uşaq götürmə prosesində tələb olunan və tənzimlənən bəndlərdən biri də məhz övladlığa götürənlərin (götürənin) yaşayış  yerindən istifadə etmək hüququ və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəddir. Digər vacib sənəd isə vəzifə və əmək haqqı barədə iş yerindən arayışdır.

Belə çıxır ki, ölkəmizin böyük faizini təşkil edən müəllim və həkim ordusu maaş azlığına görə bu hüquqdan istifadə edə bilməz. Bu təbəqədən kimsə övladlığa uşaq götürmək arzusuna düşsə, sakitcə bu istəyi dəf etsin. Çünki maaş, ailə gəlirinin azlığı əsas gətirilir, bununla da valideyn olmaq istəyən  şəxslər xəyal qırıqlığı içərisində vəziyyətlə barışmağa məhkum olur.

Bu və ya digər “səbəblər” üzündən illərlə övladlığa uşaq götürmək arzusunda olanlar növbə gözləyir. İllər ötdükcə “gözləyən” valideynlərin yaşının üstə yaş gəldiyini, uşaq evlərində isə körpələrin böyüdüyünü unudan bəzi səlahiyyətlilər vəzifələrindən sui-istifadə etməklə bu xoş proseduru dözülməz hala gətirir, acı bağırsaq kimi “uzatmaqda” davam edirlər.

2013-cü ilin qış mövsümündə adını unutduğum internet qəzetdən oxudum ki, 18 yaşlı gənc uşaq evini orada yaşama müddəti tamam olduğu üçün tərk etmək məcburiyyətində qalıb. Lakin bir müddət iş tapa bilmədiyi və evsiz olduğu üçün küçələrdə qalmalı olur. Nəticədə soyuqdan, düzgün qidalanmamaqdan xəstələnir, vərəmə yoluxaraq vəfat edir.

Axı sirr deyil ki, yüksək təhsili, bir az da dəstək olan kimsə olmasa, hər hansı gəncə iş tapmaq qeyri-mümkündür. Deyilə bilər ki o baxır işlədiyi sahəyə… Məgər o qədər fəhləni belə işlədib aylarla alın tərilə qazandığını qıyıb verməyə vicdanı olmayan, yazıq fəhlənin savadsızlığından, çarəsizliyindən istifadə edib sığortadan belə məhrum edən müdir, şirkət rəhbərləri əksəriyyət təşkil etmirmi?

Hər dünya nemətindən imkan yetib yetmədikcə daddırdığımız övladlarımızı ən bahalı maşınlarda gəzməyə aparmaqdan tutmuş ən yaxşı məktəblərdə, ali təhsil müəssisələrində oxutdurur, oxuduğu dövrdə pul-para ilə təmin edir, təhsilini tamamladıqdan sonra işlə təmin edilməsində bilavasitə rol oynayırıq.

Bir sözlə desək, körpə quşcuğazın qanadlanıb uçmasına rəvac verir, “uçmağı” öyrədib sonra rahatlanırıq.  Axı 18 yaşında kimsəsizlikdən, biganəlikdən çürüyüb həyatla baş-başa qalan, sonra da bu “üzləşmədən” necə deyərlər, “hazırlıqsız”, qanadsız olduğu üçün ölümə tərk edilən, məğlub olan kimsəsiz yeniyetmə-gənclər az deyil. 

Hələ qanadları bərkiməmiş, pərvazlanmağı “öyrənməmiş”, uşaq evinin divarları arasında  böyüyüb “dünya”nın bu divarlar arasındakı mühitdən ibarət olduğunu təsəvvür edən kimsəsiz gənc sakinlər həyatın isti-soyuğundan, çoxüzlü labirintindən, ağzını canavar kimi açıb hazırlıqsız istənilən pulsuz kəsi udmağa hazır dayanmasından bixəbərdirlər!

Onları belə “müstəqil həyata” necə atmaq olar?! Əksinə onlara himayə müddəti bitdikdən, uşaq evlərini tərk etdikdən sonra iqtisadi dayaq gərəkdir.  Öz övladlarımıza iş və düzən qurmaq bu qədər zorkən, zavallı kimsəsizlərimiz nə etsin?! 

Hərtərəfli ata-ana qayğısı ilə əhatələnərək rahat həyat şəraitində iqtisadi problemlərin yükünün ağırlığını belə təsəvvür etməyən uşaq və  yeniyetmələrin arzuları, hissləri ilə kimsəsizliyə “atılmağa“ məhkum edilmiş “qanadsız” balalarımızın yaşamaq üçün verdiyi mücadiləni, üzləşdiyi iqtisadi-psixoloji çətinlikləri müqayisə etmək istəmirəm! Bunları müqayisə etməmək üçün mütləq uşaq evindən çıxanların bundan sonrakı sosial problemlərinin tənzimlənməsi üzrə sistemli proqram işlənib hazırlanmalıdır.

Özümüzü düşünməyək, cəmiyyət təkcə bizlərdən ibarət deyil.