Silsilə qətllər törədən Ted Bundy haqqında məqaləmizdən sonra sizə məşhur cinayətkar Albert Hamilton Fiş haqqında məlumat veririk. Tarixdə adı “ən amansız qatil” adlandırılan şəxsin bioqrafiyasını və törətdiyi cinayətləri sizlərə çatdırırıq.
Albert Hamilton Fiş 1870-ci ilin 19 may tarixində ABŞ-ın Vaşinqton şəhərində anadan olmuşdur. 1875-ci ildə atasını itirmiş və ruhi sarsıntı keçirmişdir. Albert cinsi istismaralara məruz qaldıqdan sonra ruhi xəstəlikləri artmış və şizofren olmuşdur. Eyni zamanda “boz adam”, “xortdan”, “Bruklin qaniçəni” adları verilən Albert tarixin dəhşətli cinayətlərini törətmişdir.
Onun “fəaliyyəti” 1910-cu ildə başlamışdır. İlk öncə insanlara işgəncə verən Albert sonra onları öldürməyə başladı. Onun əsas hədəfi uşaqlar idi, xüsusilə də qız uşaqları. O insanları öldürməklə kifayətlənmirdi, bir neçə dəfə onların ətinin dadına baxdığı da məlum olmuşdur. Pedofil və ruhi xəstə Albert qurbanlarının acı çəkməsindən zövq alırdı. Öldürdüyü insanları Tanrı üçün öldürdüyünü deyən Fiş, özünün xüsusi olduğunu və tanrı tərəfindən seçildiyini düşünürdü. 1920-ci ilə qədər 15 qətl törətdiyi güman edilir.
Fişin ruhi xəstəliyi o həddə çatmışdır ki, o, artıq özünə də işgəncə verməyə başlamışdır. Özünü döyür, sidiyini içir və hərdən öz ətini də qopardığı vaxtlar olurdu. 1898-ci ildə evlənmiş və 6 uşağı olan Fişi həyat yoldaşı tərk etmişdir. Bu hadisədən sonra daha da pisləşən psixoloji vəziyyətində o öz “peşə”sindən əl çəkməmişdir. O yenə qızlara təcavüz edir, müxtəlif qadınlarla birlikdə olurdu.
Kiçik bir qız uşağını öldürüb, parçalara ayırıb otel otağında yeməsi Albert Fişin tutulmasına səbəb olmuşdur. Həmin qız onların qonşuluğunda yaşayırdı. Fişin özünü yaxşı biri kimi göstərdiyindən kimsə onun silsilə qətllər törədə biləciyini düşünmürdü. Qonşularının inamını qazanmağı bacaran Albert Fiş balaca qızı qardaşı oğlunun ad gününə aparmaq bəhanəsi ilə apardı. Sonra isə digər qurbanlarına etdiyi kimi təcavüz edərək öldürdü. Onun parçalarını yediyi zamanlarda qızın ailəsinə məktub yazaraq ona necə təcavüz etdiyini bildirmişdir. Bu məktubu sayəsində Albert ələ keçirildi. Fiş edam ediləcəyini öyrəndiyində bunun özü üçün daha əvvəl heç dadmadığı bir zövq olduğunu və bunu səbirsizliklə gözlədiyini söylədi.
Dəhşətli qətllər törədən, ruhi xəstə və pedofil Albert Fiş 1936-cı ilin 16 yanvar tarixində elektrik stulunda edam edilmişdir. Son sözləri “Heç zaman dadmadığım bu böyük zövqü dadmaqdan çox məmnun olacağam” olmuşdur…