Uzun zaman sarı rəngini sevməmişəm. Hətta düşünürdüm ki, heç vaxt saçlarımı sarıya boyamaram, amma nə oldu? Tadaaaa – ani qərarla ad günlərimin birində özümdə dəyişiklik etmək istədim və qapqara saçlarım sarıya döndü! Daha sonra qərara gəldim ki, bu mənə çox gözəl yaraşır və beləliklə artıq 2 ildir ki, çakma sarışınam.
Ancaq bu elə də asan məsələ deyil! Saç tonuna diqqət etməyin mütləqdir, saçlarına xüsusi qulluq etməlisin, saç uclarını həmişə səliqəli saxlamalısan!
Yaxın oturun, sarı saçlılar! Sizlərə sirr açacam!
Şampun və balzam
Sarı saçlar üçün olan şampun və balzamlardan istifadə edin. Əgər saçlarınız sarıdırsa şampun seçimində cömərt davranmalısınız, çünki bu şampunların içində olan bəsləyici maddələrlə saç rənginiz daha uzun müddətli qalacaq və daha sağlam olacaqlar!
Nəmləndiricilər
Saç ucları çox vaxt quru olur. Bunun üçün də xüsusi maskalar etməyiniz mütləqdir. Kokos yağı əla təsir edir. Çimməzdən öncə sadəcə uclarına çəkib, 40 dəqiqə saxlayın. Bundan da əlavə sarı saçlar üçün xüsusi qidalandırıcı maskalar olur. Yaş saça tətbiq edib, 5 dəqiqə saxlayıb yuyuruq. Ən çox bəyəndiyinizi seçə bilərsiniz.
İsti su
İsti su ilə saçlarımızı yumaq ziyandır. Bu nəinki sarı saçlara, bütün növ saçlar üçün belədir. Ona görə də ilıq su ilə saçlarınızı yuyun. Yuduqdan sonra soyuq su ilə saçlarınızı yaxalamaq diblərinin daha gec yağlanmasına səbəb olacaq, həm də saçlarınızı daha canlı edəcək.
Sevdiyiniz saç ustanızı tapın
Sarı saçların ayda bir dəfə rəngləNməsi lazım olur. Bu səbəbdən də sevdiyiniz ustanı tapın. Bu həm istədiyiniz rəngi almağınıza kömək edəcək, həm də uzun sürən prosesde əhvalınızı yüksək tutmağa səbəb olacaq.
Saç ucları
Ayda bir dəfə saç uclarını kəsdirin. Daha sağlam saçlarla yanaşı, daha tez uzanan saçlara da sahib olacaqsınız.
Zamanınızı ayırın
Özünüzə, saçlarınıza, dərinizə zamanınızı ayırın! Zamanımızı, diqqətimizi verdiyimiz hər bir şey bizləri daha gözəl edir. Sarı saçların isə buna çox ehtiyacı var.
Həmişə gözəllikdə!