Dini mətnlərdə buna “tənasüx” deyirlər. Dünyəvi ədəbiyyatda “reinkarnasiya” adı ilə tanınır. Bu əqidə əsasən, qeyri-səmavi, bütpərəst şərq dinlərinə (hinduizm, caynizm, sintoizm, daosizm) xasdır. İslamda tənasüx batil sayılır. Çünki ruh hər şəxsin fərdi xüsusiyyətidir, insanın mahiyyətidir. Ruhun bir bədəndən başqa bədənə keçməsi mümkün deyil. Çünki bu halda həm Allahın ədalətsiz olduğunu, həm də axirət aləminin, qiyamətin, cənnət və cəhənnəmin yoxluğunu qəbul etməliyik.
Əgər ruh bir bədəndən başqa bədənə keçərsə, axirətdə ona hansı bədəndəki həyatına görə əvəz veriləcək ? Əgər ruhun yaşadığı həyatlardan birinə görə ona cəza verilsə, o biri “həyat mərhələlərinə” qarşı zülm edilmiş olar. Bu isə ilahi ədalətlə bir araya sığmaz.
Qurani-kərimin aşağıdakı ayələri tənasüxün batil olduğunu sübut edir: “Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: «Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə zay etdiyim ömrümün müqabilində yaxşı bir iş görüm. Xeyr, bu, onun dediyi boş bir sözdür. Dirilib duracaqları günə (qiyamət gününə) qədər onların önündə maneə vardır” (Möminun, 99-100).