Roma (it./lat. Roma) – İtaliyanın paytaxtı, eyni zamanda Roma əyalətinin və Latsio regionunun inzibati mərkəzi.
2,8 milyon nəfər əhalisi olan şəhər Tibr çayı üzərində yerləşir. Roma İmperiyasının paytaxtı olmuş Roma Avropanın ən qədim şəhərlərindən olub çox vaxt “əbədi şəhər”, yaxud yeddi təpə üzərində yerləşdiyindən “yeddi təpə şəhəri” adlandırılır.
Adının mənşəyi
Rəvayətə görə e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən bünövrəsi qoyulmuşdur. Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanmışdır. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi toxunma səbətə qoyaraq Tibr çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür. Sonralar Mars əkizləri tapır. Əhvalatı bildikdən sonra Alba Lonqaya qayıdan əkizlər Amulini öldürüb Numitoru yenidən hakim edirlər. Mars onlara bir şəhər tikməyi tapşırır. Şəhər tikildikdən sonra ad qoymaqda və kimin hakim olacağını müəyyən etməkdə çətinlik çəkirlər. Rem şəhərin Rema, Romul isə Roma adlandırılmasını istəyir. Qarşıdurmada Romul Remi öldürür və şəhərin hakimi olur.
Digər bir mənbəyə görə Roma sözü yunan mənşəli Ρώμη (Rome) sözündən olub “hünər, qoçaqlıq” mənasını daşıyır.
İctimai nəqliyyatı
Metro – Digər Avropa metroları kimi Roma metrosu da ən rahat ictimai nəqliyyat sayılır. İki – A və B xətlərindən ibarətdir. Birdəfəlik bilet 1 avro, gündəlik 4 avro, həftəlik isə 16 avrodur.
A (qırmızı) xətti 1980-ci ildə istifadəyə verilmiş, şərqi Roma – “Battistini”dən başlayıb Vatikandan keçməklə dəmir yol vağzalı – Termini və Romanın cənub şərqinə qədər davam edir. Xətt 18,4 km uzunluğa və 27 dayanacağa malikdir.
B (göy) xətti, 9 fevral 1955-ci ildə istifadəyə verilmiş, cənubi Roma – “Laurentina”dan başlayıb “Ponte Mammolo”dan (avtobus terminalı) keçməklə şimal-şərqə qədər davam edir. Xətt 18,2 km uzunluğa və 22 dayanacağa malikdir.
Avtobus – Çox inkişaf etmiş şəbəkəyə malikdir. Adi günlər 10-20 dəqiqə bazar günləri 20-40 dəqiqəlik intervallarla işləyir.
Tramvay – Roma tramvayı 2 avqust 1877-ci ildən fəaliyyət göstərir. Yolunun uzunluğu 51,31 km olub, 6 xəttə malikdir. Ən əsas xəttlər “3” (“Trastvere” – “S.Paolo” – “Colosseum” – “Lateran” – “S.Lorenzo” – “Villa Borgeze”) və “8”-dir. (“Trastevere” – “Torre Argentino”).
Universitetlər
Romanın Sapiença Universitetinin (it. Sapienza Università di Roma) əsası 1303-cü ildə VIII Bonifatsi (lat. Bonifatius PP. VIII, it. Benedetto Caetani) tərəfindən qoyulmuşdur. Həkim və pedaqoq Mariya Montessori, yazıçı Qabriel d’Annunsio, rejissor Bernardo Bertoluççi və s. bu universitetin məzunları olmuşlar.
Müqəddəs Akvinalı Foma Universiteti (lat. Pontificia Universitas Studiorum a Sancto Thoma Aquinate) 1577-ci ildə kollec kimi açılmış bu təhsil müəssisəsi 26 мay 1727-ci ildən XIII Benedikt tərəfindən universitet elan edilmişdir. 1948-ci ildə bu universitetdə II İoann Pavel doktorluq dissertasiyası müdafiə etmişdir
Görməli yerləri
Trevi fəvvarəsi (it. Fontana di Trevi) Romanın ən iri və gözəl fəvvarəsidir, hündürlüyü 25,9 m, eni 19,8 m-dir. Barokko üslublu bu fəvvarə 1732—1762-ci illərdə memar Nikolay Salvi tərəfindən inşa edilmişdir.
Navona meydanı (it. Piazza Navona) şəhərin Parone hissəsində yerləşmiş barokko üslublu çox xarakterik bir meydandır.
Borgeze qalereyası 1590-1610-cu illərdə papa V Pavelin (Borgeze) şərəfinə memar Lunqi və Flaminqo Ponçio tərəfindən inşa edilmiş 100 qranit sütundan ibarət villadır. Burada Antonello da Messina, Bronzino Karavacco, Leonardo da Vinçi, Rafael, Qvido Reni, Rubens, Antonio Tempesta, Titsian və Veronezenin misli bərabəri olmayan sənət əsərləri sərgilənir.
Həqiqətin ağzı (it. Bocca della verita) e.ə. IV əsrə aid Triton və ya Okean maskası təsvir olunmuş antik dairəvi mərmər üzlükdür. Həqiqət detektoru kimi tanınır: belə ki, yalançı əlini onun ağzına yerləşdirərsə, ilahi onu dişləyə bilər.
Viktor monumenti Birləşmiş İtaliyanın kralı Viktor II Emmanuilin şərəfinə ucaldılmışdır. Xüsusən Romanın ponaramını seyr etmək üçün gözəl terassa malikdir.
Kolizey (lat. Amphitheatrum Novum və ya Amphitheatrum Flavium) e.ə. 72-80-ci illərdə inşa edilmiş Romanın simvolu sayılan qədim amfiteatr.