Bir sahibkar bütünlüklə borcun içərisində idi və heç bir çıxış yolu yox idi. Kreditorlar ona rahatlıq vermir, borclu olduğu insanlar isə pullarını tələb edirdilər. O parkda başını aşağı əyərək oturmuşdu və şirkətini müflisləşməkdən necə xilas edəcəyini düşünürdü.
Birdən onun qarşısında qoca bir kişi peyda oldu və dedi: “Mən görürəm ki, sizi nə isə narahat edir”. Daha sonra o sahibkarı diqqətlə dinlədikdən sonra dedi: “Düşünürəm ki, mən sizə kömək edə bilərəm”. O sahibkardan adını soruşduqdan sonra, bir çek yazdı və onu sahibkara uzatdı: “Bu pulları götürün. Düz bir ildən sonra məhz bu yerdə görüşək və mənim pulumu qaytarın”. Sonra o qəfil gəldiyi kimi də yoxa çıxdı.
Sahibkar qocanın uzatdığı çeki götürdükdə çekin üzərində 500 000 dollar və o dövrün dünyanın ən varlı insanlarından biri olan Rokfellerin imzasını gördü.
“Bu çeklə mən bütün problemlərimi anındaca həll edə bilərəm!” – deyə düşündü. Lakin sahibkar bunun əvəzində çeki öz seyfinə qoydu. Öz seyfində Rokfeller kimi bir şəxsin çekinin olduğu fikri ona güc qazandırdı. O böyük optimizmlə müqavilələr bağlayır, uğurlu satışlar həyata keçirir və xeyli gəlirlər əldə edirdi. Bir neçə ay ərzində o bütün borclarını qaytarır və yenidən çoxlu pullara sahib olur.
Bir il sonra o əlində həmin çeklə parka gəlir. Razılaşdırılmış vaxtda qoca kişi yenidən peyda olur. Sahibkar çeki Rokfellerə qaytarıb öz uğuruna görə minnətdarlıq etmək istədi. Lakin bu anda bir tibb bacısı qaçaraq onlar tərəfə gəldi və qocanın qolundan tutdu.
O dedi:
-Çox şadam ki, onu tuta bildim! Ümid edirəm o, sizi narahat etmədi. O həmişə evdən qaçır və qarşısına çıxana Con Rokfeller olduğunu deyir.
Tibb bacısının sözlərini eşidən sahibkar yerindəcə donub qalır. Bütün bir il ərzində o Rokfellerin çekinə və yarım milyon dollara sahib olduğunu düşünərək əməliyyatlar aparırdı və məhz indi o başa düşürdü ki, onun həyatını yenidən dəyişən real pullar deyildi. Bu ona güc verən əminlik hissi idi.