Mütəmadi olaraq, “Real Madrid”-in akademiyası müxtəlif istedadlar yetişdirir. Onlar üzərilərində çalışdıqca və özlərini inkişaf etdirdikcə, klub rəsmiləri onlarla bağlı planlar qurur, azarkeşlər onlarda yeni ulduzlar görür, media nümayəndələri isə onları məqalə və müsahibələri ilə daima təzyiqdə saxlayır. Heç də həmişə gənc istedadlar bu cür təzyiqə tab gətirə bilmir və gözləntiləri doğrulda bilmirlər.
Bu gün “Kral Klubunun” heyətində parlamağa yaxın olan, lakin buna müvəffəq ola bilməyən 18 oyunçunu xatırlayacağıq.
- David Aganzo:
Komandaya 1999-cu ildə, Visente del Boskenin dəvəti ilə aşağı kateqoriyalardan gətirilmişdi. Əsas heyət ilə cəmi 18 yaşında debut etsə də, 2000-2001 mövsümündə “Espanyol”-a transfer olunmuşdu.
“Real Madrid” heyətində: 1999-2000, 5 oyun, 0 qol.
- Alberto Bueno:
Klub ilə macərası 2001-2002 mövsümündə “İnfantil A” heyətində başlamışdı. Əsas komanda ilə ilk oyununa 2008-ci ildə çıxmış və bir ay ərzində, La Liqa, Kral Kuboku və Çempionlar Liqasında forma geyinmişdir. Mövsümün sonunda “Real Valladolid” klubuna 5 illik müqavilə əsasında satılmışdır.
“Real Madrid” heyətində: 2008-09, 6 oyun, 1 qol
- Juanmi Callejon:
“Espanyol”, “Real Madrid” və “Napoli” klublarındakı oyunu ilə yadda qalan Xose Kalyexonun qardaşı. İki il ərzində klubun aşağı yaş kateqoriyalarında çıxış edir. 2008-ci ilin yayında əsas heyətin yay təlim-məşq toplantılarına qoşulur, lakin növbəti mövsüm üçün komandada özünə yer edə bilmir və “Mallorca” ilə 4 illik müqavilə imzalayır.
- Carlos Aranda:
Klubun aşağı yaş kateqoriyalarından keçən Karlos Aranda La Liqada debüt edə bilməsə də, 1999-cu ilin noyabrında bunu Çempionlar Liqasında Norveçin “Molde” klubuna qarşı etməyə müvəffəq olmuş, daha sonra 2001-ci ildə, bu uğurunu qitənin əsas turnirində “Lokomotiv Moskva”-ya qarşı təkrarlaya bilmişdi.
2001-2002 mövsümündə, “Deportivo Numancia” klubuna azad agent olaraq keçmiş, doğma klubuna bir daha dönməmişdi.
“Real Madrid” heyətində: 1999-2001, 2 oyun, 0 qol
- Dani Garcia:
Karyerasına 1992-ci ildə, “Real Madrid Castilla”-da başlayan oyunçu, növbəti 3 ilini akademiyanın şərəfini qorumaqla keçirir və əsas heyətdə də 2 oyun keçirir. “Zaragoza”-da icarə əsasında iki mövsüm keçirən və daha bir il sonra “Mallorca”-ya transfer olunur. 1999-2004-ci illər arasında klubumuzun əbədi rəqibi “Barcelona”-da çıxış edən Dani Qarsiya, karyerasının ən məhsuldar dönəmini keçirmiş olur.
“Real Madrid” heyətində: 1994-1995, 1997-1998, 15 oyun, 2 qol
- David Barral:
2002-2003 mövsümündə, “Real Madrid C” heyətində “Tercera”-da (İspaniya IV divizionu) oyunçu karyerasına başlayan Barral, növbəti mövsüm uğur axtarışında “Fuenlabrada”-ya yollanır və geri qayıtdıqdan sonra “Real Madrid Castilla”-ya cəlb edilir. Bu onun klub sistemində son mövsümü olur və növbəti klubu olaraq, o, “Sporting Gijon” komandasını seçir. Karyerasının əsas hissəsini “Sporting Gijon”, “Levante”, “Cadiz” kimi klubların şərəfini qorumaqla keçirir.
- Samuel Eto’o:
Futbol tarixində ardıcıl iki trebl qazanan tək futbolçu, Avropada futbol karyerasına məhz “La Fabrica”-nın heyətində başlayıb. İlk mövsümdə, farm klubun heyətində “Segunda-B”-yə düşən Eto’o “Leganes”-ə icarəyə göndərilir və 1998-99 mövsümü başlamazdan qabaq, əsas komandaya qoşulur. Lakin, özünə heyətdə yer tapa bilməyən kamerunlu “Espanyol”-a icarəyə yollanır, lakin orda da, yalnız yoldaşlıq görüşlərində meydana çıxa bilir. Mövsüm sonunda, “Kral Klubu” ona bir daha şans verir, lakin bu dəfə də alınmır və 1 yanvar 2000 tarixindən etibarən “Mallorca”nın oyunçusu statusunu alır. Məhz bu klubun heyətində, keçmiş klubuna qarşı xet-trik edən və bunu özünəməxsus şəkildə qeyd edən Samuel inkişaf etməyə başlayır və adını futbol tarixinə qızıl hərflərlə yazdırır və kataloniyalı əbədi rəqibin formasını geyinmiş növbəti kanterano olur.
“Real Madrid” heyətində: 7 oyun, 0 qol
- Javi Garcia:
Akademiyanın müxtəlif pillələrini keçən kanterano, 2006-ci ildə Kapellonun başçılığı altında keçən mövsümöncəsi məşqlərə qoşulur, lakin, mövsüm başlamamış, 2 milyon avro məbləğinin qarşılığında, geri satın alma bəndi ilə “Osasuna”-ya satılır. 2008-2009 mövsümü öncəsi, klub onu, 4 milyon avro ödəyərək, geri qaytarır. Həmin mövsüm, paytaxt təmsilçilərinin heyətində, 21 oyunda çıxış edir, lakin, klubda gedən kütləvi dəyişiklər dönəmində, “Benfica”-ya satılır. Bundan sonra, karyerası ərzində, əsasən “Benfica”, “Manchester City”, “Zenit” klublarında oynayır və bir çox titula yiyələnir.
“Real Madrid” heyətində: 32 oyun, 0 qol
- Jese Rodriguez:
Özünü bir çoxlarına, kanteradakı və 2013-14 mövsümündə nümayiş etdirdiyi möhtəşəm oyun ilə sevdirən oyunçu, “Barcelona”, “Athletic Bilbao”, “Villareal”, “Valencia” kimi adlı-sanlı rəqibləri cəzalandırmağa müvəffəq olsa da, “Schalke 04” klubu qarşı Çempionla Liqasının cavab oyununda aldığı ağır zədədən sonra heç vaxt tam bərpa oluna bilmədi.
2014-15 və 2015-16 mövsümlərində, “Real Madrid”-in heyətində oyunlara çıxsa da, çox nadir hallarda, epizodik şəkildə əvvəlki özünü xatırladan oyunçu, növbəti mövsüm “Paris Saint Germain” klubuna keçir və bundan sonra onun çoxsaylı icarə dönəmləri başlayır. 2017-2020 illər arasında “Stoke City”, “Sporting Lisbon”, “Las Palmas”, “Real Betis” klublarında özünü yenidən kəşf etməyə cəhd etsə də, bu onda hələ ki, alınmır.
“Real Madrid” heyətində: 94 oyun, 18 qol
- Joselu:
30 avqust 2009-cu il tarixində, “Celta Vigo”-nun gənc istedadı 1.5 milyon avro dəyərində “Real Madrid”-ə transfer olunur, lakin, növbəti mövsümü doğma komandasında keçirir. 2010-2012 aralığında, o “Real Madrid Castilla” heyətində 73 oyuna nə az, nə çox, 40 qol vurur, lakin, eyni uğuru əsas heyətdə təkrarlaya bilmir və yalnız 2 oyunda, 2 qolla yadda qalır.
Bundan sonra, onun uzun Bundesliga macərası başlayır. Ardınca, İngiltərə Premyer Liqası… Hazırda, “Deportivo Alaves”-in şərəfini qoruyur.
“Real Madrid” heyətində: 2 oyun, 2 qol
- Juan Mata:
“Chelsea” və “Valencia” heyətlərində inamlı oyunu özünü futbol dünyasına tanıtmış, Dünya və Avropa Çempionatı olmaqla, çoxsaylı kubokların qalibi Juan Mata siyahımızda ən uğurlu oyunçulardan biridir. Professional futbolda ilk qədəmlərini məhz ağ forma ilə atan Mata, ikinci heyət ilə 38 oyuna 9 qol vurmuş və 2007-ci ilin yay transfer pəncərəsində, azad agent kimi “Valencia” klubuna qoşulmuş və futbol Olimpinə yüksəlişinə davam etmişdir.
- Jose Manuel Meca:
Akademiya yetirməsi olan Meca, əsas klubda ilk oyununu keçirməzdən öncə, “Cultural Leonesa” ilə bir mövsüm keçirmiş, 1999-2000 mövsümündə “Real Madrid” heyətində Çempionlar Liqasının qalibi olmuşdur. Daha sonra “Elche” klubuna keçən oyunçu, karyerasını əsasən aşağı divizionlarda keçirmişdir.
“Real Madrid” heyətində: 14 oyun, 1 qol
- Mista:
“Valencia” və “Atletico Madrid” heyətində oyunu ilə daha çox yadda qalan və “yarasalar”-ın heyətində ikiqat La Liqa, UEFA Kuboku və UEFA Superkuboku qalibi olan Mista, akademiya klublarında oynasa da, əsas heyətlə bağlı perspektiv görmədiyindən, 1999-cu ilin əvvəlində “Tenerife klubuna keçmişdir.
- Alvaro Negredo:
Siyahımızda növbəti çoxlarına tanış sima. İngiltərə çempionu, Kral Kubokunun qalibi, Avropa Çempionu…
O, “Merengues” heyətində oynamasa da, “Almeria” ilə La Liqada keçirdiyi ilk illər arasında, ikinci heyətlə, 40 oyunda 18 qol vurmağı bacarmışdı. Lakin, müəyyən səbəblərdən, klub onunla maraqlanmamış, və o, öz tarixini “Sevilla” ilə yazmağa davam etmişdi.
- Javier Portillo:
Əsas heyətdə ilk oyununu 2001-2002 mövsümündə, Çempionlar Liqasında “Panathinaikos”-a qarşı keçirmişdi. Fernando Morientesi əvəzləyən Portilyo, 25 metr məsafədən qüvvətli zərbə ilə Nikopolidisin qoruduğu qapıya yol taparaq, debüt oyununda inamlı təsir bağışlamışdı.
Növbəti mövsüm Portilyo üçün uğurlu keçir və o, 24 oyuna 14 qol vurmağı bacarır və eyni zamanda, La Liqa qalibi olur. Lakin, növbəti mövsümlər, o effektiv başlanğıcın ardını gətirə bilmir və icarə əsasında bir neçə klubda oynayır. Paytaxt təmsilçisinin onun oynadığı mövqeyə ulduz transferlər etməsi onun üçün Madrid saqasını başa çatdırır və azad agent qismində “Gimnastic”-ə keçir.
“Real Madrid” heyətində: 59 oyun, 17 qol
- Riki:
“Deportivo La Coruña” tarixində ən çox qol vurmuş 8-ci oyunçu, eyni zamanda klubda ən çox oyun keçirmiş Riki, “Real Madrid”-in kanteranosu olaraq, futbola gəlmiş, əsas heyətdə cəmi 1 oyun keçirmişdi. “Depor”-dan öncə isə, digər paytaxt təmsilçisi, “Getafe”-nin uğurları üçün çalışmış, keçmiş komandasına qarşı qol vurmağı bacarmışdı.
“Real Madrid” heyətində: 1oyun, 0 qol
- Roberto Soldado:
Akademiya yetirməsi və növbəti tanış sima. Soldado, “Osasuna”-da icarə əsasında oynayandan sonra, komandaya dönmüş və 2007-2008 mövsümündə mütəmadi olaraq, oynamaq imkanı qazanırdı. Lakin, intizamsızlıq və fiziki hazırlıq tələblərinə kifayət qədər ciddi yanaşmaması, ona klubda uzun müddətdə qalmağa imkan vermədi. Lakin, buna baxmayaraq, o özünü “Getafe”-də doğrultdu və bu onun, “Valencia” və “Tottenham” kimi klublardan keçən karyerası üçün gözəl təkrar başlanğıc oldu.
“Real Madrid” heyətində: 27 oyun, 4 qol
- Juanfran
“Atletico Madrid”-in əfsanəsinə dönən, klubun yeni yüksəliş tarixinin əsas banilərindən biri və “matrasçı”-ların heyətində 355 oyun keçirən Juanfranın qəlbi vaxtı ilə “Real Madrid” sevgisi ilə döyünürdü. Onun atası da, “Real Madrid” azərkeşi idi…
Lakin, akademiyada keçirdiyi illər sonrasında, əsas heyətdə oynamaq şansı əldə edən Juanfran, özünü ulduzlarla dolu heyətdə göstərə bilmədi və klubu tərk etməli oldu. Derbilərdə, özünü qatı anti-madridista olaraq göstərmiş Juanfran, bəlkə də, fərqli şəraitdə, ağ forma ilə böyük uğurlara imza ata bilərdi…
“Real Madrid” heyətində: 11 oyun, 0 qol
Məqalə hazırlanarkən, AS qəzetinin foto albomundan və Transfermakt göstəricilərindən istifadə olunub.
Məqaləni hazırladı: Faiq Xasayev