“Yaprak dökümü” romanında Rəşad Nuri Güntəkin yaşadığı zaman üçün səciyyəvi olan ciddi sosial problemi qaldıraraq onun bədii həllini verməyə çalışıb. Bu sosial problemin əsasında “türk cəmiyyətini saran “əsri həyat” modasının mühafizəkar bir ailədə yaratdığı sarsıntı və bu səbəbdən meydana gələn əхlaq süqutudur. Bu süqutun təməlində pul və namus arasındakı münaqişə vardır. Sonunda pulun qələbəsiylə əхlaqi dəyərlərin iflası romanı idarə edən ana fikirdir”. Qeyd üçün bildirək ki, kitab ilk dəfə 1930-cu ildə nəşr olunub.

Roman müəllifin digər əsərləri ilə mövzu, problem və хarakter yaradıcılığı baхımından səsləşir. Romanda müəllif sadə, namuslu həyat tərzi keçirən bir məmur ailəsinin sosial problem və əхlaq düşkünlüyü üzündən çöküşünün səbəblərini aşkarlamağa çalışıb. Əsərin qəhrəmanı Əlirza bəy əхlaqi dəyərlərə hədsiz dərəcədə bağlı olan mənəviyyat sahibidir, lakin yaşadığı cəmiyyətlə Əlirza bəyin bağlı olduğu əхlaqi dəyərlər arasında ziddiyyətlər var.


Sizə kitabın içindən seçilmiş təsirli və maraqlı cümlələri təqdim edirik.

  • “Atanın uşaqlarına saxlayacağı ən qiymətli miras təmiz bir addır.”

  • Etiqadsız bir adam olmasına, Tanrıdan indiyəcən bir şey ummamasına baxmayaraq dua eləyir: “Ya rəbb, sən uşaqlarımı hifz et!” – deyə əllərini göyə açırdı.

  • Pulsuz adam namusunu ən çoxu bir-iki gün qoruya bilər.

  • Çirkinin ağzındakı gözəl söz, acizin ağzındakı haqlı söz qədər boş, faydasız bir şeydir.

  • Fırlanarkən köhnəliyi görünməyən araba təkərləri kimi onun da işləyərkən hiss olunmayan qocalığı bekar qalanda birdən-birə büsbütün aşkar oldu.

  • Nəhayət, anladı ki, qəhvəxana işsizlikdən və ailə qılıqsızlığından doğan iztirablara qarşı sığınılası yeganə guşədir. O da olmazsa, təqaüdçülərin ölməkdən başqa çarəsi qalmayacaqdı.

  • Yoxsulluq Əli Rza bəy üçün gözəl bir məktəb oldu. O, hər şeyi həqiqi rəngiylə, həqiqi çöhrəsiylə görməyə başladı. Artıq kimsə bu pulsuz-parasız qocaya özünü olduğundan başqa cür göstərmək üçün canını əziyyətə salmırdı. Hətta uşaqları belə…

  • Onun fikrincə, eşq halı, vəziyyəti yerində, işi-gücü yolunda olan bir qisim insanların bilərəkdən və könüllü satın aldıqları bir dərd idi.

  • Çox ümidsiz insanlar ağır xəstələrə bənzəyirlər və həyata hər zamankından daha qüvvətlə sarılırlar.

  • Hər bir şey kimi sevmək də pulu, vaxtı, az-çox rahatçılığı olan insanlara məxsus bir imtiyazmış, ata.

  • Bir sözlə, insan olmağa çalışmaq sənə də, mənə də zərərdən başqa bir şey gətirmədi. Baxaq, bir az da heyvanlığı təcrübə edək!

  • İnsanın səadətini uşaqlarından gözləməsi nə boş xəyalmış, ya rəbbi! Nə edəsən ki, Allah insanları bir cür yaradıb. Uşaqlarımızın hamısını məsud etməyə qüdrətimiz də olsa, əlbəttə birinin səadəti o birisininkindən hansı cəhətdənsə axsayacaqdır… O məsudları dərhal unudacağıq. Övladlarımız içində hansı bədbəxtsə, yalnız onun səsini duyub ağlayacağıq. Bəli, uşaqdan, övladdan səadət gözləmək boş bir xəyaldır.

  • Səsini ucaltmaq canı yanan insanların ən ibtidai haqqı idi.

  • Qalib insanlar üçün səmimi və mərhəmətli olmaq ən asan və təbii bir hərəkətdir.

Kitab əsasında 2 dəfə serial çəkilmişdir. Siz də əsər haqqında təəssüratlarınızı şərh olaraq bildirin 🙂