Pul nədir? İlk baxışdan sual qəribə görünə bilər. Siz milyarder Bil Qeytsin maddi durumu haqqında oxuyarkən, söhbətin nədən getdiyini çox gözəl başa düşürsünüz. B.Qeyts o dərəcədə varlıdır ki, praktiki olaraq istədiyi hər bir şeyi ala bilər. Bu mənada pul ifadəsi sərvəti bildirmək üçün istifadə edilir.
Buna baxmayaraq iqtisadçılar bu sözü daha konkret mənada işlədirlər: pul – insanların mal və xidmətləri digər fərdlərdən əldə etmək üçün müntəzəm istifadə etdikləri aktivlərin cəmidir. Portmanetnizdə olan nəğd pul ona görə puldur ki, siz onu restoranda naharın ödənilməsi və ya geyim mağazasında köynəyin əldə edilməsi üçün istifadə edə bilərsiniz. Əgər sizə Bil Qeytsin hazırda sahibi olduğu Microsoft korporasiyasının səhmlərini əldə etmək nəsib olarsa, varlı adam olacaqsınız, lakin bu vəsaitləri pul kimi nəzərdən keçirmək mümkün olmayacaq. Səhmlərin bir hissəsini nəğd pula çevirməyənədək, siz səhmlərin vasitəsi ilə naharın və ya köynəyin haqqını ödəyə bilməyəcəksiniz. Iqtisadçıların tərifinə müvafiq olaraq pullara maddi dəyərlərin yalnız elə növləri aiddir ki, onlar mal və xidmətlərin əvəzində satıcılar tərəfindən daim qəbul edilir.
İqtisadiyyatda pul 3 funksiyanı yerinə yetirir. Tədavül vasitəsi, dəyər ölçüsü və yığım vasitəsi. Bu 3 funksiyanın vəhdəti pulları aktivlərin digər növlərindən fərqləndirilir.
- Tədavül vasitəsi anlayışı altında alıcının mal və ya xidmətləri alarkən satıcıya verdiyi xüsusi növ əmtəə başa düşülür. Siz köynəyi alarkən malın əvəzinə geyim mağazasında pul qoyursunuz, pulların alıcıdan satıcıya bu cür verilməsi sazişin baş tutmasına imkan verir. Siz həmişə əminsiniz ki, istənilən mağaza pullarınızı əldə edilən malların ödənişinə qəbul ediləcək, belə ki, pul-hər yerdə geniş yayılmış mübadilə vasitəsidir.
- Dəyər ölçüsü – mal və xidmətlər üzərində qiymətlərin müəyyən edilməsi, qoyulması və öhdəliklərin qeydə alınması üçün, adamların istifadə etdiyi ölçü vahididir. Mağazada görürsünüz ki, köynək 20 dollar, qamburqer isə 2 dollardır. Köynək on qamburqer, qamburqerin isə 1/10 köynək dəyərində olduğunun ədalətli təsdiqinə baxmayaraq, qiymətlər heç vaxt bu cür qoyulmur. Eyni ilə bankdan borc götürdükdə qaytarmalı olacağınız məbləğin ölçüsü hər hansı mal və xidmətin kəmiyyəti ilə deyil, dollarla ölçüləcək. Hər hansı iqtisadi parametrin dəyər ifadəsini ölçdükdə və qeydiyyata aldıqda hesab vahidi kimi həmçinin puldan istifadə edirik.
- Yığım vasitəsi – insanların alıcılıq qabiliyyətinin bu gündən gələcəyə keçirilməsi üçün istifadə etdikləri xüsusi vəsaitdir. Əgər bu gün satıcı mal və ya xidmətin əvəzində pul alırsa, o, alınan məbləği saxlaya və onun üçün əlverişli olan hər bir vaxtda, alıcı rolunu oynaya bilər. Aydındır ki, müasir iqtisadiyyatda pul yeganə yığım vasitəsi deyil. Bu məqsəd üçün səhmlər, istiqrazlar, daşınmaz əmlak, sənət əsəri və ya beys-bol matçlarının kiçik proqramlarından istifadə edilir. Sərvət termini altında pul kimi digər aktiv növləri də daxil olunmaqla bütün yığım vasitələrnin cəmi başa düşülür.
Hər aktiv növünün iqtisadiyyatda qəbul olunmuş tədavül vasitəsinə çevrilməsinin asanlıq dərəcəsini müəyyən etmək üçün iqtisadçılar pula çevrilə bilmə (likvidlik) anlayışından istifadə edirlər. Iqtisadiyyatda pul tədavül vasitəsi rolunu yerinə yetirdiyi üçün o, aktivlərin daha likvid növü sayılır. Başqa aktivlərin likvidliyi müxtəlif ola bilər. Səhm və istiqrazların əksəriyyəti istənilən anda az bir məsariflərlə satıla bilər, buna görə onlar nisbi likvid aktivlərdir. Əksinə, evin, X.Rembrantın əsərinin və ya Dima Çounun iştirakı ilə 1948-ci il beys-bol oyunu proqramının satışı böyük vaxt və qüvvə sərf olunmasını tələb edir, buna görə belə aktivlər aşağı likvidli olanlara aid edilir.
Adamlar öz maddi sərvətlərini hansı şəkildə saxlanmağın əlverişli olduğu haqqında qərar verərkən faydasız vəsait qoyuluşlarından yayınmaq üçün saxlanmanın hər bir mümkün variantının likvidliyini ölçüb-biçməlidirlər. Pul-aktivlərin ən likvid növüdür. Buna baxmayaraq yığım vasitəsi rolunda onlara əsaslı çatışmazlıq xasdır. Iş burasındadır ki, mallara qiymətin artdığı şəraitdə pulun qiyməti düşür. Başqa sözlə: mal və xidmətlər bahalanırsa, döşəyimizin alıtndakı hər bir dollar çəkisini itirir.
Qiymətlərin səviyyəsi və pulun dəyəri arasındakı bu əlaqə iqtisadiyyatda pulun rolunu başa düşmək üçün son dərəcə vacibdir.
Daxili dəyərə malik olan əmtəə pul rolunda çıxış etdiyi hallarda o, əmtəə pulları adlanır. Daxili dəyər anlayışı və pullar, hətta pul kimi istifadə edlmədikdə belə dəyərə malik olan pullara aid edilir.
- Əmtəə pullarının nümunəsi ümumi daxili dəyəri olan qızıldır, belə ki, həm sənayedə, həm də zərgərlik məmulatları hazırlandıqda ondan istifadə edilir. Biz hazırda qızıl sikkələrdən istifadə etmirik, lakin onun bazarda hərəkətinin çoxəsrlik tarixi vardır. Qızılın pul kimi xüsusi populyarlığı onun nisbətən sadə yerdəyişməsi, ölçülməsinin asanlığı və tərkibində qarışıqların yoxlanılmasının mümkünlüyü ilə əlaqədardır. Iqtisadiyyatda pul kimi qızıl sikkələrdən (indi və ya ilk tələbə görə qızıla dəyişdirilə bilər kağız pullar) istifadə edildikdə, deyirlər ki, onda qızıl standart vardır.
- Əmtəə pullarının başqa bir nümunəsi siqaretlərdir. İkinci dünya müharibəsi illərində hərbi əsirlər üçün düşərgə məhbusları siqaretləri yığım vasitəsi, hesab vahidi və tədavül vasitəsi kimi istifadə edərək bir-birilərinə müxtəlif mal və xidmətlər satırdılar. Eyni ilə Sovet Ittifaqı dağılan zaman 1990-cı illərin əvvəllərində Moskvada tütün məmulatları rublu çox gözəl əvəz edirdi. Hər iki şəraitdə hətta siqaret çəkməyənlər belə onu məmnuniyyətlə ödəniş kimi alırdılar çünki bilirdilər ki, siqareti həmişə başqa mal və xidmətləri əldə etmək üçün istifadə edə bilərlər.
Daxili dəyərdən məhrum olan pullar dekretləşmiş və ya kağız pullar adlanırlar. Onların adı (fiat money) fiat sözündən olub, dekret-fərman deməkdir, belə ki,kağız pullar tədavülə hökumət sərəncamı ilə buraxılır. Nümunə üçün portmonetinizdə olan və Amerika hökumətinin sifarişi ilə çap olunmuş kağız dollarla inhisar oyununda istifadə olunan (Parker Brathers Game şirkəti tərəfindən çap olunmuş) kağız dollarları müqayisə edin. Nə üçün yalnız birincilər restorandakı hesabınızı ödəmək imkanını verir? Bu sualın cavabı belədir: ABŞ hökuməti öz dollarını qanuni ödəmə vasitəsi elan edib. Partmanetimizdəki hər bir dolların üzərində belə bir qeyd vardır: «verilən banknot bütün dövlət və özəl öhdəliklərin ödənilməsində qanuni ödəmə vasitəsidir».
Kağız pulların buraxılmasında və tədavülündə əsas rolu hökumət oynasa da (məsələn, saxta pul kəsənləri cinayət qaydasında təqib edərək)belə pul sisteminin uğurlu fəaliyyəti üçün bəzi başqa amillərin olması da tələb edilir. Kağız pullara münasibət xeyli dərəcədə əhalinin əhval-ruhiyyəsi və gözləmələrindən, həmçinin hökumətin işindən asılıdır. 1990-cı illərin əvvəllərində SSRI hökuməti rubldan milli valyuta kimi istifadə etməkdən imtina etmirdi. Buna baxmayaraq Moskvada mal və xidmətlərin mübadiləsində siqaretləri (və ya Amerika dollarını) almağa üstünlük verirdilər, çünki əhali rubla deyil, alternativ pullara etibar edirdi.