Ziqmund Freyd 1856-ci il mayın 6-da indiki Çex Respublika­sı­­­nın ərazisində yerləşən, o vaxtlar isə Avstriya-Macarıstan impe­ri­ya­sı­nın bir hissəsi olan Freiburg-da anadan olmuşdur. Ortayaşlı yəhudi yun tacirinin özündən iyirmi yaş kiçik qadınla olan ikinci evlili­yin­dən dünyaya gələn Ziqmund 4-5 yaşında ailəsi ilə bərabər Vyanaya köçmüşdür. Demək olar ki, həyatının çox böyük hissəsini bu şəhər­də keçirmişdir. Səkkiz uşaqdan ibarət böyük ailənin üzvü olan Ziqmund digər qardaş-bacılarından öz istedadı, bacarığı və iti ağlı ilə həmişə fərqlənirdi. Bu səbəbdən valideynləri onu başqa uşaqlardan ayıraraq, oxumaq üçün ona daha yaxşı şərait yaradırdılar. Hətta digər uşaqlar şam işığında dərs oxuduqları zaman, Ziqmunda nöyüt lampası işığında oxumaq şəraiti də yaradılırdı.  1938-ci ildə Ziqmund yəhudi olduğu üçün Vyananı tərk et­mə­­k məcburiyyətində qalmış və Londona yerləşmişdir. Burada da bir il yaşadıqdan sonra 1939-cu ilin sentyabrında uzun illər mübari­zə apardığı xərçəng xəstəliyindən vəfat etmişdir.

    O vaxtlar, tibb və hüquq peşələri yahudilər üçün əsas peşə növü sayılırdı; 1873-cü ildə –on yeddi yaşında Freyd Vyana Universitetinin tibb fakültəsinə daxil olmuşdu, lakin 1881-ci ilə qədər o, buradan məzun olmamışdır. Buna səbəb onun 1876-cı ildən 1882-ci ilə qədər Er­nest Brukenin (Er­nest Brucke) Fiziologiya İnstitutunda elmi təd­qi­qatla məşğul olmasıdır. Ümumiyyətlə, Ernest Brukenin baxışları, nöqteyi-nəzəri Freydin düşüncə tərzinə çox təsir etmişdi. Bruke və onun ətrafında cəm olan tədqiqatçılar özlərini əsasən o zamanlar qəbul edilməyən bir ideyaya həsr etmişdilər. Onlar dünyada baş verən bütün vacib pro­ses­lərin fizika və kimya elmləri vasitəsilə izah edilə biləcəyini dü­şü­nür, nəticədə biologiya elmini bütün dini fikirlərdən və ya təsirlərdən uzaqlaş­dı­rır­dılar. Freyd həyatının axırına qədər bu fikrə sadiq qalmışdır, yəni bütün vacib proseslərin, eləcə də, düşüncə, hisslər, fantaziyalar və baş­qa psixoloji hadisələrin də səbəb və nəticə (cause and effect) prin­­sipi ilə müəyyən olunduğunu düşünmüşdür.

    Uşaqlığında vəkil olmağı arzulayan Freyd universitetə qəbul olunanacan Hötenin elmi araşdırmaları və Darvinin əsərlərinin təsiri altına düşərək özünü biologiya və fəlsəfəyə həsr eləməyə qərar verir. Triyestanın elmi laboratoriyasında ilk tədqiqatı soxulcanların cinsi orqanlarının axtarılmasına həsr edilmişdi. Görünməz inadkarlıqla yüzlərlə soxulcanın qarnını yortandan sonra, nəhayət ki, cinsiyyət vəziləri tapmağa nail ola bilir: «Belə çıxır ki, məndən başqa heç kim soxulcanın cinsi orqanını görməyib?!» Bu, Freydin ilk uğuru idi.

Sonra o, fiziologiya ilə maraqlanaraq Freyd neyronlarını üzə çıxarır, amma tədqiqatını sona çatdırmadığına görə bu tapıntının da müəllifliyi başqalarına qismət olur. Ahıl yaşlarında artıq məşhur psixoloq olduğu vaxtlarda dostlarından birinə yazırdı ki, mikroskop altında heyvanların onurğa beynini öyrənərkən o, dünyanın ən xoşbəxt adamı olurdu. Balıqlar, sürünənlərlə əlləşməkdən bezəndən sonra o, insan rüşeymini, pişik, it və insan balalarının beynini öyrənməklə başını qatır, amma bu, pul gətirən sahə deyildi. Yazdığı kitabları alan olmurdu: 9 il ərzində 257 kitab satılmışdı.

    Yuxulara böyük yer ayıran Freyd ilk tədqiqatını öz yuxularından başlamışdı. Ona görə də özünü daha yaxşı başa düşməyə başlamışdı. Psixoanalizin inkişafına Freydin atasının ölümü çox böyük təsir göstərib, çünki o, analizə böyük yer ayırmışdı. Atasına qarşı duyduğu qısqanclıq, rəqabət hissi nəticədə vicdan əzabı, peşmançılıq və əlacsızlıq hissləriylə əvəz olunmuşdu. Belə ruhi «eşələnmələri» o, «insan qəlbində obraz və açar axtarışı üçün qazıntılar» adlandırırdı. 1900–cü ildə o, belə nəticəyə gəlir ki, insan qəlbinin bütün problemləri uşaqlıqda keçirdiyi dramlarla əlaqədardır.  Edip kompleksinin də açılışı həmin ilə təsadüf edir. Ən böyük açılışlar elədiyi ildə onun məruzələrinə rekord vuracaq qədər adam qulaq asıb: cəmi 3 nəfər! 

ziqmundfreydhaqqinda

    Psixoterapevtliyi davam etdirərək Freyd mədəniyyətdə – miflər, nağıllar, adət-ənənələrdə komplekslərin izlərini axtarmaq cəhdləri edir. Freyd bununla bağlı belə bir qanunu elan edir ki, insan bir yaşdan o birinə keçdikcə bəşəriyyətin keçdiyi inkişaf yolunun əsas etaplarını daha tez zamanda keçir. Ona görə də uşağın fantaziyalarından bizim əcdadlarımızın cilovlanmamış instinklərini duymaq olar. Hər bir şeyi cinsi proseslərlə bağlamaq nəzəriyyəsinin bəzi məqamlarını müəllif özü korrektə eləməli oldu, çünki dünya müharibəsinin yaratdığı nevrozların səbəbini cinsi proseslərlə yox, müharibədə axtarmaq lazım gəlmişdi.  Ölümlə üzbəüz qalmış xəstələrin fəaliyyətini öyrənən alim indi ölüm instinkti terminini dilinə gətirərək onu ən vacib instinktər sırasında yerləşdirir.

    Mən özümün ən əsas pasientim olmuşam

    7 yaşından siqaret çəkməyə o qədər aludə olmuşdu ki, yaşlı vaxtında çənəsində bədxassəli şiş əmələ gəlmişdi. Dözülməz ağrılardan əziyyətinə son qoymaq üçün Freyd dostu Maks Şurdan özünü öldürməkdə ona kömək etməsini xahiş edir. Həkim ona üçqat dozada morfin iynəsi vurduqdan sonra alim dünyasıyla əbədi vidalaşır. 

    Freydin şərəfinə qoyulmuş xatirə lövhəsində cəmi iki hərf var: yunan əlifbasının psi və alfa hərfləri. Freyd onları psixoanalizi qısa şəkildə ifadə etmək üçün istifadə edərmiş.