Bir gün marketə girib: “Mənə n dənə x nömrəli Pampers verin”, deyərsiniz, amma satıcı sizə istədiyiniz kimi Huggie verər, çünki sizin də yanlış bildiyiniz kimi Pampers uşaq bezi demək deyil, bir uşaq bezi markasıdır.

Eynən Gillette kimi. Bütün ülgüclərə Gillette demək haradan ağlımıza gəlir axı? Bu güclü marketinqin sayəsində mümkün olur. Bəs hansı şirkət bu qədər güclü ola bilər axı! P&G!


Procter & Gamble Nədir?
İki gənc oğlan Sinsinnati Ştatına gəlir. Hələ bir-birlərini tanımırlar. Niyə? Çünki biri İrlandiyadan, digəri İngiltərədən gəlib. 1837-ci il. Bərbad bir dövr. Elə bir dövr ki, bu ildə Puşkin ölüb. Dahasını özünüz düşünün. Ou, yox, çox uzun getdik. Bu ərazidə heç nə qazanc gətirmirdi. İnsanlar hər şeyin çökəcəyini gözləyirdilər. Oğlanlardan biri Uilyam Prokter şəhərdə parafin istehsalına başlayır. Ceyms Qembl isə sabun istehsalı ilə məşğul olur, amma gəlib böhrandan uzaqlaşaq.

Oğlanlar bir-birindən xəbərsizdirlər və  Oliviya və Yelizaveta Norris bacıları ilə sevgili olurlar sonra isə  evlənirlər. Beləcə bir-birləri ilə tanış olurlar.  Hə, bildiyiniz bacanaq olurlar. Yəqin ki, evləndikdən sonra da eyni işi görəcəklər. Biri parafin satacaq, biri sabun bişirəcək. Amma qayınatalarının fikrinə görə, birlikdə işləsələr daha məhsuldar olarlar. Aleksandr Norrisin – qayınatalarının məsləhəti ilə birləşirlər. Şirkətə öz soyadlarını qoyurlar  Procter və  Gamble.

Beləliklə, 1837-ci ilin 12 aprel tarixində Uilyam Prokter və Ceyms Qembl birlikdə parafindən alınan şam və sabun istehsalına başladılar. Həmin ilin 22 avqust tarixində isə adam başına 3 596.47 dollar sərmayə ilə bu ortaq fəaliyyətlərini rəsmiləşdirdilər. 1858-1859-cu illər ərzində satışdan 1 milyon dollar əldə edildi. Artıq şirkətin 80 nəfər işçisi vardı. 1861-ci ildə başlayan ABŞ Vətəndaş müharibəsi zamanı şirkət Amerika Konfederativ Ştatlarına qarşı mübarizə aparan ABŞ ordusu üçün şam və sabun istehsalını öz üzərinə götürdü. 1879-cı ildə şirkətin yeri markası olan və suyun səthində qala bilən İvory sabunları istehsal olunmağa başlandı.

Bu gün isə Procter & Gamble həyatımızın hər anındadır. Dişlərimizi fırçalayarkən (Colgate, Ipana, Oral-b), Saçımızı yuyarkən-duş alarkən (Pantene, Head & Shoulders, Venus) , Təraş olarkən (Gillette, Braun), Uşağa baxarkən (Pampers), Evi təmizləyərkən və paltar və qabları yuyarkən (ALO, Ariel, Fairy) və hətta özəl anlarda (Orkid, Tampax).


Şirkətin sloqanı budur: “Gündəlik yaşama toxunaraq kiçik amma anlamlı fərqliliklər yaratmağa çalışırıq.”


İki bacanağın qurduğu şirkət 1980-ci illərdə Amerikanın ən böyük şirkətlərindən biri idi. Bu gün isə 123 min nəfər işçisi var və gəliri 84.17 milyard dollardır.

P&G 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərir və şirkətin məhsulları Azərbaycanda 7 milyon nəfər insan tərəfindən istifadə olunur. Məhz elə bu marketinqin səbəbidir ki, biz ülgücə Gillette, uşaq bezinə Pampers deyirik.

Hazırladı: Ramin Ağaquliyev