İnsanlarda niyə hisslər var görəsən? Bu yazını yazmağa başlayanda birdən birə bunu da düşünməyə başladım. Məncə, bunu növbəti Maraqlı gəldi postumda araşdıracam 🙂 İndi keçək əsas məsələyə. Niyə görəsən, paxıl insanlar var? Paxıllıq çox dərin və çox təhlükəli xəstəlikdir. Paxıllıq, qısqanclıq hiss edən insanların bədənində stress harmonları çoxalır və Alzaimer olmaq təhlükəsi daha çoxdur.
Həmişə deyirlər ki, pisdən yox, yaxşıdan danışmaq lazımdır. Ona görə də bugün sizlərlə Paxıl insanlardan yox Paxıl olmayan insanların vərdişlərindən danışacam.
Onlar dəyərlərini bilirlər…
Bu insanlar özlərini olduqları kimi, bütün müsbət və mənfi tərəfləri ilə qəbul edirlər və sevirlər. Ona görə də başqa insanların münasibətləri, həyatları, sahib olduqları onları qıcıqlandırmır. Özgüvən problemi yaşayan insanlarda paxıllıq hissinin daha çox olduğu da bir araşdırmada aşkarlanmışdır.
Başqalarının uğuruna sevinirlər!
Başqa insanın işində uğur qazanması, evlənməsi, uşağa sahib olması sənin çökdüyün anlamına gəlmir. Ona görə də bu insanlar hamının uğuruna özünkü qədər sevinir. Onlar hər kəsin xoşbəxt və uğurlu olmağını istəyirlər!
Təşəkkür etməyi bacarırlar!
Əlbəttə ki, hər zaman daha yaxşı yerlərə gəlmək üçün çalışmaq lazımdır. Amma bu o demək deyil ki, sahib olduqlarının heç bir mənası yoxdur. Onlar təşəkkür etməyi bilirlər və hər zaman özlərini şanslı hiss edirlər.
Dur!- deməyi bacarırlar…
Hamımız bilirik ki, sosial şəbəkələrdə hamı ən yaxşı düşdüyü şəkli, ən yaxşı gününü paylaşır. Bəzən istəmsizcə həsəd apara bilərik. Paxıl olmayan insanlar ekranlardan uzaqlaşmağı, detoks etməyi bacarırlar. Həyatınızı olduğu kimi qəbul etmək önəmlidir!
Başqaları çox, özləri özləri üçün önəmlidirlər.
Bəzi insanlar üçün başqalarının onlar haqqındakı fikirləri önəmlidir, çünki onlar da başqalarını qınayırlar. Paxıl olmayan insanlar isə öz fikirlərinə və istəklərinə hörmət edirlər, başqaları ilə heç işləri yoxdur.
Onlar özlərini heç kimlə müqayisə etmirlər!
Theodore Roosevelt demişdir: Müqayisə xoşbəxtlik oğrusudur. Ona görə də müqayisəsiz, olduqları kimi öz həyatlarını yaşamaq paxıl olmayan insanların hər zaman etdiyi bir şeydir.