“Pandoranın qutusu” ifadəsi qədim yunan mifologiyasından gəlir.
Hekayəyə görə, insanları yaradan Prometeus, insanın özünü qoruya bilməsi üçün alovu hədiyyə edir. Tanrılar tanrısı Zeus isə buna qarşı çıxır.
İnsanlar alovun və ağlın gücü ilə özlərini Tanrı hesab etməyə başlayırlar. O zamanlarda sadəcə kişilərdən ibarət olan topluluğa qarşı Zeus, onlara dərs vermək üçün bir bəla göndərmək qərarına gəlir. Zeus insanlara alovun qarşılığı olaraq elə bir pislik göndərəcəkdi ki, insanlar öz yoxoluşlarını xoşbəxtliklə qucaqlayacaqlardı. Bu pislik isə qadın idi.
O vaxta qədər qadınlar sadəcə ölümsüz Tanrıça idilər. Zeus, oğlu Hefaistosu çağıraraq, gil və suyu qarışdırmasını və bu qarışıqdan qadın düzəltməsini əmr edir. Beləcə ilk qadın yaradılmış olur. Bu qadının adı Pandora idi. Pandora ilk ölümlü qadın idi. Tanrılar ona bir çox hədiyyə bəxş edirlər, lakin onlardan ən vacibi Zeusun hədiyyəsi olur.
Hekayəyə görə Zeus, Pandoranı dünyaya göndərməzdən əvvəl ona bu qutusunu açmamasını əmr edir, lakin Pandora marağına qarşı gələ bilmir və dünyaya gələn kimi əmri unudur. Nəticədə qutunu açır. Qutunun içindən xəstəlik, izdirab, yalan, şəhvət, qısaca insanları narahat edəcək hər cür pislik çıxmağa başlayır. Pandora bu zaman etdiyi xətanı anlayır və dərhal qutunu bağlayır.
Qutudakı bütün pisliklər çıxmış, lakin onlardan sadəcə bir dənəsi qutunun içində qalmışdı. O pislik isə, ümid idi. Bütün bu pisliklərin arasında insanları yaşadan yeganə pislik olan ümid, qutunun içində qalmışdı. (Nitsşenin “Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır” sözü bu mifologiyadan götürülüb).
Hekayənin ikinci bir versiyasında isə, qutuda sadəcə yaxşılıqlar var idi. Pandora o qutunu açdığı zaman qutudakı bütün yaxşılıqların hamısı cənnətə geri dönür, içində sadəcə ümid qalır. Beləcə insanlar bütün yaxşı şeyləri itirdiyi halda, bütün pisliklərə qarşı savaşmaq üçün tək bir şeyləri qalmışdı: Ümid.