İnsan fəaliyyəti nəticəsində baş verən okean çirklənmələri müxtəlif olduğu üçün çirklənmələrin ekoloji təhlükə hədləri də müxtəlifdir. “Ekoloji təhlükə həddi” anlayışı tam aydın olsun deyə, ümumiyyətlə, ekologiyanın mahiyyətcə nədən ibarət olduğuna qısa nəzər salaq. Məşhur ingilis okeanoloqu Alister Hardi Bostonda nəşr etdirdiyi “Açıq dəniz” kitabında ekologiyanın nə olduğunu çox aydın izah edir: “Bəziləri elə fikirləşir ki, “ekologiya” sözü onların həmişə “təbiətşünaslıq” adlandırdıqlarının, sadəcə müasir adıdır… Bu anlayışlar arasında mühüm fərq var və biz “ekologiya” dedikdə nə düşündüyümüzü aydınlaşdırmalıyıq.
Ekologiya canlı orqanizmlərlə onları əhatə edən mühitin qarşılıqlı münasibətlərini öyrənən elm sahəsidir. Təbiətşünaslıq isə təbiətin təsviridir. Ekologiyanın məqsədi canlı orqanizmlərlə mühitin qarşılıqlı əlaqələrinin sadəcə kəmiyyət ifadəsi deyil, zaman keçdikcə, addımbaaddım canlılar aləmində hökm edən qanunların dərinliklərinə enməkdir.
Söhbət ayrı-ayrı canlıların yox, ümumiyyətlə okeanın ekologiyasından gedirsə, ekologiya güclü təsir imkanına malik bir məsələni nəzərdən keçirək. Keçən əsrin əllinci illərindən bəri çox ciddi bir təhlükə bəşərin diqqət mərkəzindədir. Bu təhlükə nüvə reaksiyasının kəşfi ilə bağlı yaranıb. Bizim dövrümüzdə bütün dünyada istifadə edilən elektrik enerjisinin çox əhəmiyyətli hissəsi atom-elektrik stansiyalarında (AES) istehsal olunur. Keçən əsrin sonuna qədər dünyada baş verə biləcək nüvə müharibəsi təhlükəsi çox real görsənirdi. Siyasətçilərin “soyuq müharibə” adlandırdığı həmin dramatik dövr arxada qalıb. Güman etmək olar ki, insan zəkası nüvə müharibəsinin təkcə bəşər nəsli üçün yox, ümumiyyətlə Yer biosferi üçün nə qədər dəhşətli və dönməz nəticələr verə biləcəyini görür və buna heç vaxt imkan verməyəcək. Nüvə müharibəsinin qarşısının alınması çox vacibdir və yaxşıdır, lakin nüvə müharibəsi təhlükəsinin qarşısının alınması yaranmış ekoloji təhlükənin aradan qaldırılması demək deyil. Texniki tərəqqi qarşısı alınmazdır. İnsanlar və cəmiyyətlər gündəlik rahatlıqlarının pozulması hesabına elektrik enerjisindən imtina etmək iqtidarında deyillər.
Deməli, AES-lər işləyəcək və bundan sonra da müxtəlif ölkələrdə yeniləri tikiləcək. Bu gün dünyada yüzlərlə AES işləyir. AES-lərdən istifadə olunmasında təhlükə yaradan nədir və onlar ekologiyaya necə təsir edə bilər?
AES-lərin ümumi iş prinsipi aşağıdakı kimidir:
Atom reaktorunda alınan yüksək dərəcəli istiliklə qızdırılan su buxara çevrilir. Su buxarı ilə hərəkətə gətirilib fırlanan turbogenerator elektrik enerjisi istehsal edir.
Elektrik enerjisinin istehsal prosesində müxtəlif növ tullantı yaranır. Bu tullantıları radioaktivlik səviyyəsinə görə iki yerə bölmək olar:
a) yüksək radioaktivlik səviyyəli tullantılar;
b) aşağı radioaktivlik səviyyəli tullantılar.
Hansı qrupun daha təhlükəli olduğu hələ müəyyən edilməyib. Daha doğrusu aşağı radioaktivlik dərəcəli tullantıların canlı orqanizmlərə uzunmüddətli təsiri hələ tan tədqiq olunmayıb. Müddət etibarılə bu barədə nəticə çıxarmaq mümkün deyil, çünki bu cür tullantıların okeana axıdılmasının cəmi yarıməsrlik tarixi var.
Əsas bəla yüksək radioaktivlik səviyyəli tullantılardır.
AES-də işləmə müddəti başa çatmış və istismardan çıxarılmış atom reaktorları tullantıların bir hissəsidir. Digəri və ən təhlükəsi atom reaktorunda yanacaq kimi istifadə olunan radioaktiv metal çubuqların qalığıdır.