Bir neçə gün əvvəl oxuduğum kitabda belə bir cümlə ilə qarşılaşdım “Cəhənnəmə gedən yol ‘yaxşı’ niyyət daşları ilə döşənib” və bu cümlə haqqında düşünməyi, müzakirə etməyi, tədqiq etməyi və yazmağı qərara aldım.

Əvvəlcə bunu demək lazımdır ki, hər yaxşı niyyət mütləq cəhənnəmə aparmaz; cəhənnəmə aparan yaxşı niyyətin özünə xas şərtləri var. Cəhənnəmə aparan ‘yaxşı’ niyyətə bir nümunə vermək istəyirəm:

Ata universitet imtahanına hazırlaşan qızına, “Ağıllı ol və yaxşı çalış; universitetə girə bilməsən gözümə görünmə,” deyir.

Bu ata niyə belə danışır? Çünki açıq-aşkar olmasa belə, belə bir həyat zəncirinin varlığının fərqindədir: niyyət-informasiya-bacarıq-hərəkət-nəticə.

Qızının universitetə girməyə niyyətlənməsini istəyir; qızı universitetə girməyə niyyətlənəndə, bunun üçün lazımlı olan məlumatı, imtahan bacarığını ciddi olaraq görəcək, oxuyacaq, imtahana girəcək və müvəffəq olacaq.

Adamın niyyəti nədir? Qızının dərs çalışmasını təmin etmək və universitetə girişinə kömək etmək. Qızının, söylədiyini ciddi qəbul etməsini və dediyini etməsini istəyir. Bu ata necə ciddi qəbul ediləcəyini bildiyini sanır; içində böyüdüyü cəmiyyət ona kiçiklikdən bəri bu mesajı verirdi: səndən qorxmayan səni hesaba almaz; ancaq səndən qorxan adam sənin söylədiklərini ciddi qəbul edər. Bu məlumatın təsir dairəsində ata, qızına “universitetə girəbilməsən gözümə görünmə”, deyir. Bu hərəkəti böyük bacarıqla tətbiq edir; qorxulacaq bir ata ədası ilə deyir; səsi, üzü, bədənin duruşu, gözün baxışı qorxulması lazım olan bir ata rolunu yaxşı oynayır. Bacarığı yerində bir ata! Əldə etdiyi nəticə nədir? Qız həqiqətən qorxur və atasının “universitetə girə bilməsən gözümə görünmə,” sözünə inanır. Əlindən gəldiyi qədər çalışır.

Atanın bu çıxışından iki ay sonra, qızın getdiyi kurs bir professoru natiq olaraq dəvət edir. Çıxış edən professorun niyyəti də şagirdləri çox oxumaq və çalışmaq lazım olduğuna inandırmaq olur; o səbəblə çıxışına belə başlayır: “İmtahana yüz mindən çox şagird girəcək və ancaq bunun 1/3 qəbul balını keçə biləcək; imtahana girən hər on şagirddən yeddisi universitetə girə bilməyəcək.” O da şagirdləri oxumağa həvəsləndirmək üçün qorxutma yolunu seçir. Niyə? Çünki o professor da bu cəmiyyətin yetişdirməsidir; onun məlumat dağarcığı da bu cəmiyyət içində meydana gəlib; o da bilir ki, insanlar qorxmasa deyilən sözə riayət etmirlər.

Və professorun konfransından sonra qız intihar edir. Aydındır ki, atasının gözünə görünməmək barəsində razı salınıb. On yeddi yaşında bir həyat belə sona çatır.

Qızın ruhu cənnətə mi yoxsa cəhənnəmə mi getdi, mən bir şey deyə bilmərəm. Amma insan olaraq, o atanın bu dünyada cəhənnəm əzabı daddığını söyləmək olar.

Demək istədiyim nədir?

Cəhənnəmə aparan yaxşı niyyətin özünə xas şərtləri vardır; hər yaxşı niyyət mütləq cəhənnəmə aparmaz.

Nədir bu şərtlər?

Niyyət-informasiya-bacarıq-hərəkət-nəticə əlaqəsində, niyyətin nəticəsini əldə edə bilmək üçün:

1)    Niyyətin saflığını araşdırmaq lazımdır.

Niyyətimizi öz tərəfimizdən yox qarşıdakı insanın yəni niyyətimizin ünvanı olan insan tərəfindən dəyərləndirməliyik. Bizim üçün yaxşı görünən niyyət qarşıdakı insana əziyyət verə bilər.

2)    Niyyət ilə bağlı məlumatın həqiqəti sübut edən elmi məlumat olması lazımdır.

Məsələn ata, qorxu mədəniyyətinin ənənəvi məlumatı içində deyil, elmi psixologiyanın məlumatı daxilində qızıyla danışsaydı, qızı ilə müdriklik içində danışardı.

3)    O məlumatı həyata keçirərkən istifadə edilən bacarıq, niyyəti və məlumatı ən təsirli şəkildə yaşadacaq şəkildə olmalıdır.

Məsələn ata, söyləmək yerinə, qızıyla söhbət edə bilərdi. Bacarığı demək olaraq deyil, söhbət etmək formasında özünü göstərərdi.

4) Məlumatı və bacarığı hərəkətə keçirən motivasiya məlumat və bacarığa uyğun olmalıdır.

Məsələn, qorxduğu üçün deyil, anlamaq istədiyi üçün, bacarmaq istədiyi üçün, daha şərəfli və güclü bir gələcək yaratmaq üçün çalışmaq istəyərdi.

Qorxu mədəniyyəti və sevgi mədəniyyəti eyni niyyəti iki fərqli şəkildə həyata keçirir; çünki istifadə edilən məlumat, bacarıq və motivasiya çox fərqlidir.

Yenə gəldik niyyətin saflığına. Əslində ata niyyətinin dərinliyinə enib onun saflığını əldə edə bilmədi və bu səbəblə qızına çatdıra bilmədi. Çünki saf niyyət əslində qızın xoşbəxt və öz seçdiyi bir həyat yaşamasıdır. Universitet təhsili, peşə, pul qazanmaq, müvəffəqiyyət bu xoşbəxtliyə çatmanın fərqli vasitələridir və o qədər önəmli deyil. Ata niyyətinin saflığını bilmədi; çünki şüurunda daşıdığı məlumat, iradə gücü buna imkan vermədi.

Bu ata evlənərkən evlənmə niyyətinin saflığını anlasaydı, uşağı doğulanda ata olma niyyətinin saflığına çata bilsəydi, əminəm ki özünə uyğun gələn informasiya və bacarıqlarla təchiz olunmaq imkanı tapardı.

 

Başqasının haqqını düşünərək niyyətlərinə yön vermək isə insanları cənnətə apara bilər.