Bir neçə il əvvəl Azərbaycanda “Gülün adı” əsərinin tərcümə edilməsi ilə tanınan məşhur mütəfəkkir və yazar Umberto Eco bir müsahibəsində “Dünyanın yarısı axmaqdır”- demişdir. Və mən bu söz üzərinə hələ də düşünürəm, çünki belə bir söz elə-belə adam tərəfindən deyilməmişdi və içində müxtəlif mənalar ehtiva edə bilərdi. Və ya bizə nəyisə sorğulamağa və yenidən dəyərləndirməyə kömək edə bilərdi. Həm də bu söz özü ilə birlikdə “axmaqlıq yaradılarkən verilir? yoxsa sonradan qazanılır? əgər yaradılışdan belə gəlirsə onda bunu necə dəyişmək olar? yox əgər sonradan qazanılırsa bunda kimin təsiri var? özümüzün, ailəmizin, cəmiyyətin, təhsil qurumlarının, dövlətin, iqtidarın yoxsa təbiətin? kimi suallar meydana gətirir. İllər keçdikcə cəmiyyətimizdə meydana gələn tragi-komik hadisələr nəticəsində bu sualları düşünmək və bunlara cavab tapmaq marağım daha da artır. Və bir neçə gün əvvəl şahid olduğum hadisə bu yazını qələmə almağa təkan verdi.

Axmaqlıq necə formalaş(dırıl)ır

Tarixdə krallar, padşahlar və əlində ərki yəni gücü olan şəxslər və qruplar özlərinə qarşı və müxalif olan, onları tənqid edən, hüquqlarını tələb edən şəxs və cəmiyyətləri özlərinə qarşı həmişə təhdid olaraq görüblər və bunları müxtəlif üsullar ilə aradan götürməyə çalışıblar. İqtidarda olan şəxs, qrup və gücü olan insanlar daha rahat idarə edəbilmək üçün öz cəmiyyətini meydana gətirir. Bunu müxtəlif yollarla həyata keçirir. Kitabların kütləvi məhvi, cəmiyyətin aparıcı qüvvəsi olan dünyagörüşlü insanların sürgün edilməsi, öldürülməsi, satın alınması və s. üsullarla istənilən və planlanan cəmiyyət meydana çıxır.

Yaxşı, Umberto Eco’nun dediyi kimi 3,5 milyard insanı kim və necə axmaqlaşdırır?. Buna görə gəlin biraz tarixə səyahətə çıxaq.

Spartalılar “qul sisteminə” qarşı olan Akhilleos kimi mütəfəkkirlərin kitablarını meydana yığıb yandırır.  E.Ə-220-ci ildə Çin kralı Chu-Huang xalqın şüurlanmasının qarşısını almaq üçün Konfutsi və digər yazarlara təzyiq göstərir və kitablarını qadağan edir. Roma imperatoru Augustus kilsəyə qarşı hərəkət etdiyi üçün Baş Rahib Theophilius un rəhbərliyi ilə İsgəndəriyyə kitabxanasında olan 100 min kitabı meydanda yandırmışdı. Monqolların işğalı zamanı Bağdadda 20 kitabxana dağıdılıb və kitabları Dəclə-Fərat çayına tökülüb. Fransada İV.Louis vaxtında dini müzakirəyə açan nəşr evlərinin sahibləri işgəncəyə və təqiblərə məruz qalıblar. 19-cu əsrdə rus Çarı 1-ci Nikolay oxumuş insanlara ehtiyac olmadığını bildirərək bütün kitabları yandırır.

Yuxarıda da dediyim kimi hər rejim öz kütləsini, idarə edə biləcək cəmiyyəti meydana gətirmək üçün hər yoldan istifadə edir. Senzuralar, hədə-qorxu, hüquqi proseduralarla da müxtəlif nəşriyyatları və yazarları əzə və ya özünə oxşada bilir. Bu baxımdan cəmiyyətin daha rahat idarə edilə bilməsindəki ən rahat yol yazılı və sözlü mətbuatdır. İnsanların əksəriyyəti televiziyalarda gördüklərini və orda səsləndirilən fikirləri real olaraq qəbul edir və bunu sorğulamağa heç ehtiyac da görmürlər. Fərqli mənbə və fikir axtarışına heç girməyirlər. Fərqli və ya əks fikir səsləndirən insanlar sevilmir və cəmiyyətdən kənarlaşdırılıb qınaq obyektinə çevrilirlər. Hüquqsuzluğa, vəhşiliyə, zülmə və əsirliyə qarşı duran, səsini qaldıran insanları ilk növbədə kuklaya çevrilmiş cəmiyyət əzir və onları pis niyyətli olaraq damğalayır. Bu əslində rejimlərin cəmiyyəti istədiyi kimi formalaşdırdığını və insanlar istəməyərək və düşünmədən onları zülmlə idarə edən rejimlərin oyuncağına çevrilirlər. Düşünmədən, sorğulamadan bizə təqdim edilən hər bir şeyin qəbul edilməsinə şərait hazırlayır və təbii ki bu da idarə etməni rahatlaşdırır, çünki düşünən və sorğulayan bir insanı idarə etmək olduqca çətin, hətta mümkünsüzdür, çünki fikri, arqumenti, sorğulaması və prinsipləri olmayan insan və cəmiyyətlər axmaqlaşdırılmağa əlverişli olur.

 

Düşdüyümüz vəziyyətə, aldadılmağımıza və bunun davam etməsinə, vəziyyətin cəriməsini biz ödəməyimizə baxmayaraq hələ də heç nə olmamış kimi yaşamağa, heç nə görməmiş kimi üzümüzü yana çevirməyə, deyib, gülüb, oynamağa, saz çalmağa, toy etməyə və kimlərəsə tərif deməyə davam edirik. Sizcə belə olduğu halda gedişat dəyişə bilər mi? Yoxsa hörmətli yazarı haqlı çıxarmağa çalışırıq?!

 

Düşünmək və sorğulamaq təmənnası ilə…