Qədim dövrlərdə həm Şərqdə, həm də Qərbdə demək olar ki, eyni vaxtda yumruq davası yaranmışdır. İndiyə qədər bir çox millətlər boksun məhz onların dövlətlərində yarandığını söyləyir və mübahisə edirlər. Müasir boksun vətəni isə İngiltərə sayılır. Məhz burada 18-ci əsrin sonunda məşhur qılınc oynadan Ceyms Fiqq akademiya açıb uşaqları boksla tanış edir. 19-cu əsrin 60-ci illərində isə markiz Kuinsberri ilk boks qaydalarını tərtib edir. İlk turnir də İngiltərədə 1867-ci ildə keçirilmişdir.
Olimpiya oyunlarında isə boksçular ilk dəfə 1904-cü ildə Amerikanın Sent-Lüis şəhərində keçirilən yarışlarda iştirak ediblər. Döyüşdən qabaq boksçular biləklərini xüsusi tənziflə möhkəm sarıyır və əllərinə içi tüklə doldurulmuş əlcək geyinirlər. Əlcəklərin ağırlığı 250-300 qramdır. Yarışlarda yalnız eyni çəki dərəcəsindən olan boksçular görüşürlər. Ən yüngül çəki dərəcəsindən (48 kiloqrama qədər) ağır çəki dərəcəsinə (81 kiloqramdan yuxarı) kimi 11 dərəcə mövcuddur.
İllər keçdikdən sonra boks yarışlarında qaydalar dəyişir. İdmançıların təhlükəsizliyi üçün onlar xüsusi dəbilqə geyinirlər. Əvvəllər rinqin dörd bir tərəfində oturmuş hakimlər endirilən hər bir sərrast zərbə üçün oyunçuya xal yazırdılar. İndi isə hakimlər xal yazmaq əvəzinə, xüsusi kompyuterin klavişini basırlar.
Görüşdə bəzən boksçu nokautla qələbə qazanır, onun vurduğu zərbədən rəqibi yıxılır və daha döyüşü davam etdirə bilmir. Maraqlıdır, bəs boksçunun zərbəsi neçə kiloqrama bərabərdir? Bunu dəqiq müəyyənləşdirmək olmaz. Boksçu xüsusi cihazın dəri örtüyünə zərbə endirir. Bu vaxt yay sıxılır, cihazın əqrəbi isə yayı sıxan qüvvəni göstərir.Boksla məşğul olmayan sağlam adamən zərbəsinin ağırlığı 60-80 kiloqramdır. Adlı-sanlı boksçuların zərbəsi isə 300-350 kiloqramdır.
Azərbaycanda da boks geniş yayılmışdır. Müxtəlif idman cəmiyyətlərində minlərlə məktəbli gənc boksla məşğul olur. Respublikamızın ən məşhur boksçusu SSRİ əməkdar idman ustası və SSRİ əməkdar məşqçisi, ümumittifaq və belnəlxalq dərəcəli hakim A.Ağalarovdur.
Dünyada həvəskarlarla yanaşı, peşəkar boksçular da məşhurdur. Onlarla əsasən 3 beynəlxalq federasiya – İBF, WBA və WBC məşğul olur. Həvəskarlardan fərqli olaraq peşəkar boksda idmançının həyatı üçün təhlükəli olan qaydalara yol verilir. Belə ki, peşəkarlar başlarını qoruyan dəbilqə geyinmirlər. Bununla yanaşı, peşəkar boksda görüşlərin raundlarının sayı 8-dən 15-ə qədər olur. Peşəkar boksun ən məşhur ulduzları Co Lüis, Rokki Marçiano, Məhəmməd Əli, Corc Formen, Co Frezer, Mayk Tayson, Evander Holifid, Lennoks Lüis və başqalarıdır.