Görəsən bu jurnal haqda bildiklərimizlə bilmədiklərimiz arasında fərq çoxdumu?Bugünkü gəncliyin maraq dairəsi keçmişə qədər uzanırmı?Hələ də bu jurnalın varlığından xəbərsiz olan kütlə varmı?Gəlin Azərbaycan karikatura tarixini araşdıraq.
Dövri mətbuatda, xüsusi satirik jurnallarda öz əksini tapan karikaturalara Azərbaycanda ilk dəfə, təxminən, XIX əsrin ortalarında təsədüf edilir.Və nəhayət, Şərqdə ilk dəfə olaraq 1906-cı il aprelin 7-də Azərbaycanda “Molla Nəsrəddin” adlı həftəlik satirik jurnal işıq üzü gördü. Bu böyük bir hadisə idi. Jurnalın yaradıcısı, redaktoru və naşiri görkəmli yazıçı Cəlil Məmmədquluzadənin dediyi kimi, Azərbaycan xalqının ictimai və mədəni şüurunun inkişafında mühüm rol oynamış bu jurnalı, həyatın özü yaratmışdır. İctimai ziddiyyətlərlə dolu həyat, həm ədəbiyyatın, həm də təsviri sənətin qarşısında vəzifələr qoymuşdu. Azərbaycan ədəbiyyatında böyük bir məktəb yaratmış Molla Nəsrəddin jurnalı, eyni zamanda təsviri sənətimizdə də yeni bir məktəbin yaranmasına səbəb oldu.
Molla Nəsrəddin ərəb qrafikalı Azərbaycan dilində nəşr olunmuş satirik jurnal idi.İlk sayı 1906-cı il aprelin 7-də Tiflisdə çapdan çıxmışdır.Jurnalın təsisçisi və redaktoru Cəlil Məmmədquluzadə olmuşdur.25 il ərzində 748 nömrəsi çap olunub.Hətta İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir göstərmişdir.Bu jurnalın baniləri sırasına mahir publisist Ömər Faiq Nemanzadə və ilk çağlarda jurnalın bütün xərcini öhdəsinə götürən maarifsevən tacir Məşədi Ələsgər daxildir.
1906-cı il mart ayının 4-də “Molla Nəsrəddin”in çapı üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası tərəfindən verilən şəhadətnamədə jurnalın proqramı bu şəkildə müəyyənləşdirilmişdir.
- Məqalələr;
- Kəskin tənqidlər;
- Felyetonlar;
- Məzhəki şeirlər;
- Məzəli teleqramlar;
- Satirik hekayələr;
- Lətifələr;
- Poçt qutusu;
- Məzhəki elanlar;
- Xüsusi elanlar;
- Karikatura və illüstrasiyalar.
Mirzə Cəlil bu jurnalın yaranma şəraitindən danışarkən: “Molla Nəsrəddin”i təbiət özü yaratdı,zəmanə özü yaratdı-deyə böyük bir həqiqəti ifadə edir,başqa bir yerdə həmin fikri daha aydın açıqlayaraq yazır ki,bizi 1905-ci il inqilabı zamanı “çar hökumətinə atılan bombalar” ayıldıb mübarizəyə ruhlandırdı.
Bu jurnalın müəllifləri sırasına M.Ə.Sabir də daxil idi.Mollanəsrəddinçilərin satirik ədəbiyyat və mətbuatın məqsəd və vəzifələri haqqında qənaətləri,əməlli proqramı belə idi: publisistika dili ilə “əsrə görə”(Sabir) yeni sosial və siyasi fikrin təşəkkülünə kömək etmək,ona müntəzəm,dəri,mütərəqqi təsir göstərmək;müsəlmanların cəmiyyət işlərindən və əsri mədəniyyətdən uzaq olanları – ki onlar əhalinin ümumi sayında çoxluq təşkil edirdilər, – ayıldıb həyata fəal münasibətə öyrətmək; bu və ya başqa mühüm hadisəyə,tipə necə yanaşmaq, necə qiymət vermək, mürəkkəb tarixi şəraitə düşərkən necə mövqe tutmaq, “işin içindən necə çıxmaq” kimi vacib məsələlərin müzakirə və təhlilində öz sözünü demək; “müsəlman qardaşa” elmi,maarifləndirici bilik vermək və s. Bütün bu mübarizələrə baxmayaq bu jurnal haqqında təhlil və tənqid məqalələri əsrimizin əvvəlindən yazılmağa başlamışdır.
“Molla Nəsrəddin” çar Rusiyasının bütün müsəlman bölgələrində, Yaxın və Orta Şərq ölkələrində yayılıb, islam dünyasında demokratik mətbuatın inkişafına təsir göstərib.Təbii bu jurnalın dövrə təsiri də çox olub.”Molla Nəsrəddin” jurnalının təsiri altında Azərbaycanda “Bəhlul”,”Zənbur”,”Mirat”,”An”,”Kəlniyyət”,”Lək-lək”,”Tuti”,”Məzəli”,”Babayi-Əmir”,”Tartan-Partan”,”Şeypur”,”Zənbur”,”Məşəl” kimi Azərbaycan dilində nəşr olunan satirik jurnallarla yanaşı, bu dövr Bakıda rus dilində “Cigit”,”Vay-vay”,”Bakinskoe qore”,”Biç”,”Adskaya poçta”,”Bakinskiye strelı”,”Baraban” kimi satirik jurnallar da dərc olunurdu.
Hazırkı dövrdə xarici mətbuat da “Molla Nəsrəddin”imiz haqda maraqlanır,məqalələr dərc edir.Məsələn,“Bu jurnal çap olunmağa başlayan kimi uğur qazandı və Mərakeşdən Hindistana qədər bütün müsəlman dünyasında ən nüfuzlu satirik nəşrə çevrildi”.Bunu Amerikanın nüfuzlu ədəbiyyat jurnallarından olan“The New York Review of Books” yazır.Jurnal 20-ci əsrin ilk yarısında Azərbaycanda çap edilmiş “Molla Nəsrəddin” dərgisi haqda məqalə dərc edib.Məqalə “Molla Nəsrəddin” haqda ingiliscə buraxılmış “Molla Nasreddin: The Magazine That Would’ve, Could’ve, Should’ve” kitabına əsaslanır. Məqalədə deyilir ki, yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çap edilmiş “Molla Nəsrəddin” kinayəli yumoru və fransız rəssamları Honoré Daumier, yaxud Toulouse-Lautrec-i xatırladan realist illüstrasiyaları ilə müsəlman ruhanilərin riyakarlığını hədəfə alırdı.Jurnal ABŞ və Avropa dövlətlərinin dünyanın başqa ölkələrinə qarşı yürütdüyü müstəmləkəçi siyasəti, yerli elitanın rüşvətxorluğunu da sərt tənqid edir, amma eyni zamanda qərbləşmə, təhsil islahatı, qadın hüquqlarını təbliğ edirdi. Ruhanilərə qarşı belə materialların çapı müsəlman ölkəsində asan iş deyildi, 20-ci əsrin əvvəlində bu, redaksiya heyəti üçün riskli idi. Hətta bir dəfə Cəlil Məmmədquluzadə jurnalda yazılanlara qarşı çıxan etirazçılardan qaçıb canını qurtarmalı olmuşdu.
“The New York Review of Books” yazır ki, səkkiz səhifəlik jurnalın təxminən yarısı illüstrasiyalardan ibarət olduğu üçün oxucular üçün çox çatımlı idi. Xüsusən də əhalinin böyük hissəsinin savadsız olduğu üçün.Məqalədə deyilir ki, Azərbaycanda çıxsa da, jurnalın ən böyük təsiri İrana olub. “Molla Nəsrəddin” Qacar sülaləsinin rüşvətxoluğunu tənqid edirdi. Onun məqalələri və illüstrasiyaları Asiyada ilk parlamentin yaradılması ilə nəticələnmiş İran Məşrutə İnqilabının baş verməsi üçün zəminin yaradılmasına xidmət etmişdi.“Molla Nəsrəddin” İranda və Balkan ölkələrində də oxşar satirik dərgilərin yaradılması üçün ilham mənbəyi olmuşdu.
Qeyd edim ki,“The New York Review of Books” Nyu-Yorkda çap edilir və mühüm saydığı kitabları təbliğ və müzakirə edir.