Meditasiya fikrini toplamağa, diqqətin və yaddaşın yaxşılaşmasına kömək edir. Meditasiya ruhun gözüdür… Bəlkə də ruhumuzu, ürəyimizi görmək üçün daxilimizdəki gözdür. Önəmli olan düzgün formada edib, xeyrini görməkdir. Hər bir işdə olduğu kimi meditasiyada da davamlılıq önəmlidir. Əgər davamlı edilsə, qısa zamanda xeyrini də görmək mümkündür. Son zamanlar dəb halını alması da bəllidir. Ancaq ümid edirəm ki, bu yazı sizə başlamaq üçün kömək edəcək və siz bunu özünüzün daxili rahatlığı üçün edəcəksiniz.
- Fikrini topla
Beynimizdə çox suallar ola bilər. Müxtəlif səbəblər bizi meditasiya etməyə həvəsləndirə bilər. Önəmli olan beynində hər şeyi mürəkkəbləşdirməməkdir. Beynini rahat saxla və bədəninin, ruhunun dincəlməsinə icazə ver.
- Rahat yer seç və rahat geyin
Rahat, heç kimin sizi narahat etməyəcəyi yerdə olmağınız önəmlidir. Bunu oturaraq və ya uzanaraq edə bilərsiniz. Önəmli olan özünüzü rahat hiss etməyinizdir.
Öncədən də qeyd etdiyim kimi meditasiya ruhun dincəlməsidir. Dar və ya özünüzü rahat hiss etmədiyiniz geyimlər sizə meditasiyada mane ola bilər.
- Özünüzə uyğun saatda meditasiya
Meditasiyanı günün hansı saatında istəsəniz, edə bilərsiniz. Önəmli olan özünüzə uyğun vaxtı seçməyinizdir.
- Meditasiya vaxtı
İlk başlayanda qısa müddətlik meditasiya etmək lazımdır. Uzun saatlara səbr və daha böyük praktika lazımdır. Gözünüz saatda qalmasın deyə, hər meditasiyadan öncə timer qurmağınızı tövsiyyə edərdim.
- Meditasiyanın ən önəmli ipucu: Düzgün nəfəs almaq!
Ürəyinizin, beyninizin, bədəninizin sağlamlığı üçün düzgün nəfəs almağınız mütləqdir. Bu sadəcə meditasiya üçün yox, sağlamlığınız üçün də önəmlidir. Ağzınız qapalı halda nəfəs alıb, ağızdan nəfəsi bədəndən atırıq. Yavaş yavaş və çox dolu nəfəs almağımız qısa zamanda daha yaxşı hiss etməyimizə səbəb olacaqdır.
Gəlin, bərabər hər gün meditasiya edək və hər gün baş verən dəyişiklikləri qeyd edək. Nəticəni sonda mənlə bölüşsəniz, çox şad olaram 🙂 Sağlam ruh və sağlam bədən arzulayıram sizlərə!