Aleksey Maksimoviç Peşkov Rusiyanın sosialist-realist yazıçılarından biri olaraq tanınır. Erkən yaşlarda atasını itirmiş, anası başqası ilə ailə həyatı qurduğuna görə nənəsinin himayəsində qalmışdır. Evdən qaçmış, 19 yaşında intihara cəhd etmiş, sonra isə bütün Rusiyanı gəzərək insanların həyatını müşahidə etmişdir. Onun əsərlərinin qəhrəmanları səyahətində gördüyü əziyyət çəkən, çətinliklərlə yaşayan insanlardan, aşağı təbəqənin nümayəndələrindən ibarət idi. Yazılarında o, Qorki (acı) təxəllüsündən istifadə edirdi. Bu təxəllüsü M. Qorki Rusiyadakı insanların həyatlarının acı həqiqətlərini insanlara çatdırdığı üçün götürmüşdü.
“Ana” romanı Qorki tərəfindən 1906-cı ildə, çar Rusiyasına qarşı mübarizə apardığı, kommunizm ideologiyasının qatı tərəfdarı olduğu illərdə qələmə alınmışdır. Romanda fəhlə sinfinin əzabları, fəhlə sinfi arasında sosializm ideologiyasının yayılması, cəmiyyətdə indiyə qədər öz aktuallığını qoruyan bir sıra problemlər öz əksini tapıb.
- İnsanlar həyatın onları daim eyni qüvvə ilə sıxmasına alışmışdılar, ona görə də heç bir yenilikdən yaxşı nəticə gözləmir, belə hesab edirdilər ki, bütün dəyişikliklər məşəqqəti daha da artıra bilər.
- Onlar bizim Allahımızı da dəyişiblər… Kilsədə bizə göstərilən Allah deyil, xortdandır… Bizim ruhumuzu öldürmək üçün Allaha böhtan və iftira donu geydiriblər, onun sürətini eybəcər hala salıblar…
- Allah ürəkdə və ağıldadır, kilsədə deyil. Kilsə Allahın qəbridir.
- Mən heç bir zərərli şeyə, bu şeyin mənim özümə zərəri dəyməsə də, yol verməməliyəm. Mən dünyada tək deyiləm! Bugün mən özümü incitməyə yol versəm, məni incidənə etina etməsəm, məni incidən adam məndə öz gücünü sınayıb, sabah başqasının dərisini boğazından çıxarmağa can atar.
- Hər kəs yalnız bugün tox olmaq istəyir, heç kəs naharını bu saat yeyə bildiyi halda, sabaha belə saxlamaq istəmir.
- Adam öz anasını ruhən də özünə doğma hesab edə bilirsə- bu, az- az tapılan bir səadətdir.
- Ağız- burnunu turşutma! Bir axmaq tapılıb səni almaq istəyir, get! Qızların hamısı ərə gedir, arvadların hamısı uşaq doğur, uşaqların hamısı ata- anasına dərddir! Məgər sən adam deyilsən!?
- Yaxşı adam üçün yaşamaq çətin, ölmək asandır…
- Elə olur ki, savadsız savadlıdan artıq başa düşür, xüsusən savadlı tox olanda.
- Minlərlə adam sizdən yaxşı yaşaya bildiyi halda, heyvan kimi yaşayır, hələ bir öyünür də; nə yaxşı yaşayıram! Ancaq bunun yaxşılığı harasındadır ki, bugün adam işləyib qarnını doyuzdurdu, sabah da işləyib qarnını doyuzdurdu, bütün illəri belə işləyir, yeyir. Arada da oğul- uşaq törədib qabaqca bu uşaqlarla əylənir, sonra onların da çox yediyini görüb, acıqlanmağa başlayır, söyür: – a qarnı yırtılmışlar, tez böyüyün, işləmək lazımdır! Hərə öz övladını ev heyvanına döndərməyə çalışır, ancaq övlad da böyüyən kimi öz qarnı üçün işləməyə başlayır, elə bu cür də ömür keçir, dünya dolanır! Adam ona deyərlər ki, ağlı bağlayan zəncirləri qırsın.
Müəllif: Həbibə Cabbarova