Məscidlə bağlı ən mühüm hökmlərdən biri bundan ibarətdir: cənabətli şəxsin (istər qadın olsun, istərsə kişi) məscidə daxil olması günahdır.Boynunda heyz, istihazə, nifas qüslləri olan qadın da bura aiddir.
Amma əgər məscidin bir qapısından daxil olub, o biri qapısından çıxsa (yəni məscidin içində durmasa) və ya məscidin içindəki bir əşyanı götürüb çıxsa, eybi yoxdur (əksinə, məscidin içinə nə isə qoymaq üçün girmək günahdır). Bununla belə, müqəddəs məkanlara – Məkkədəki Beytullah məscidinə, Mədinədəki Peyğəmbər məscidinə, eləcə də, imamların dəfn olunduqları məscidlərə hətta yuxarıdakı şərtlər daxilində də ayaq basmaq haramdır.
Məscidə girməzdən əvvəl dəstəmaz almaq müstəhəbdir.
Məscidə tez-tez getmək, xüsusilə, çox gediş-gəliş olmayan, camaat tərəfindən tərk olunmuş köhnə məscidləri ziyarət etmək müstəhəbdir. Bir iş dalınca gedərkən, yolun məscidin yanından düşürsə, yaxşıdır ki, içəri girib namaz qılasan.
Məscidə girərkən öncə sağ ayağı içəri qoymaq, məsciddən çıxanda isə əvvəlcə sol ayağı çölə qoymaq müstəhəbdir. Ümumiyyətlə, İslamda bədənin sağ tərəfi daha üstün sayılır. Bütün fəzilətli və pak işlər sağ əllə yerinə yetirilir. Əksinə, ayaqyoluna sol ayaqla daxil olub sağ ayaqla çıxmaq daha yaxşı sayılır.
Məscidə daxil olan kimi iki rükət təhiyyat namazı qılmaq müstəhəbdir. Bu namaz sanki məscidi, burada olan müsəlmanları və məscidin içindəki mələkləri salamlamaq kimidir. Təhiyyat namazı eynilə sübh namazı kimi qılınır, yalnız niyyətində təhiyyat namazı qılındığı nəzərə alınır. Əbuzər rəvayət edir ki, Allah Rəsulunun hüzuruna getdim. O, məsciddə tək oturmuşdu. Tək olduğunu fürsət bilib yaxınlaşdım. Mənə buyurdu: “Ey Əbuzər! Məscidə salam ver (təhiyyət et)”. Soruşdum: “Necə salam verim, ey Allahın elçisi?”. Buyurdu: “İki rükət namaz qıl” (Şeyx Səduq. Məaniyyül-əxbar, səh. 9333).
Məscidə girəndə salam vermək də müstəhəbdir. Amma namaz üstə olan adamlara salam verməmək daha yaxşıdır.
Məsciddə uzanmaq, yatmaq, yemək, dini işlərdən başqa məsələlər haqqında danışmaq, alver etmək, məscidə silahla daxil olmaq məkruhdur (bəyənilməzdir). Məscidin içində sakitliyə riayət etmək lazımdır. Qışqıra-qışqıra danışmaq, ucadan gülmək yolverilməzdir. Yaxşı olar ki, namaz qılanlara mane olmamaq üçün onların qabağından yox, arxasından keçəsiniz, namaz qılan adamın düz qarşısında – qiblə istiqamətində oturmayasınız. Özünüz də tək (fürada) namaz qılarkən elə yer seçəsiniz ki, başqalarının gediş-gəlişinə və rahat ibadətinə maneçilik olmasın.
Məscidə gedəndə təmiz və səliqəli libas geyinmək, saç-saqqalı daramaq, ətir vurmaq müstəhəbdir. Xüsusilə, başqalarına narahatçılıq törədən, pis qoxu yayan qidalardan yeyib, sonra məscidə getmək bəyənilmir. Əbu Səid Xüdridən rəvayət edilib ki, Peyğəmbərin yanında soğan və sarımsaq barəsində söhbət salıb soruşdular: “Ey Allahın elçisi! Bu tərəvəzlərin ən pis qoxulusu sarımsaqdır. Onu yeməyi haram buyurursan?” Peyğəmbər buyurdu: “Onu yeyin, amma nə qədər ki, ağzınızdan iyi getməyib, bu məscidə yaxınlaşmayın” (Sünənü Əbu Davud, Yemək kitabı, bab 40, hədis 3823). Başqa bir rəvayətdə deyilir ki, İmam Mühəmməd Baqir (ə) sarımsaq yeyəndən sonra bir müddət məscidə getməzmiş ki, sarımsağın iyi ağzından təmizlənsin.
Məsciddə təmizliyə riyaət etmək, səliqə-səhmanı qorumaq savabdır. Məscidin içinə zibil atmaq, tüpürmək müsəlmana yaraşan hərəkət deyil. Belə hallarla qarşılaşanda kirlənmiş yeri təmizləmək lazımdır. Ümumilikdə, məscidin təmizliyi ilə məcğul olmaq, məscidə gələnlərə xidmət etmək böyük savaba malikdir. Məşhur alimlər, hətta hökmdarlar belə, məsciddə xidmət etməyi özlərinə şərəf bilmişlər. Məsələn, Şah Abbas İsfahandan Məşhədə piyada gəlmiş, İmam Rzanın (ə) məzarı üzərindəki möhtəşəm məscidi silib-süpürmüş, çilçırağın şamlarını qaydaya salıb yandırmışdı. Məşhur Azərbaycan şairi Füzuli də Kərbəladakı İmam Hüseyn (ə) məscidində xüddamlıq (xidmətkarlıq) etmişdi. Rəvayət edirlər ki, bir gün Peyğəmbər məscidində təmizlik işləri ilə məşğul olan Mühəccəbə və ya Ümmi-Mühəccin adlı zənci qadın vəfat etdi. Peyğəmbər bir neçə gün onu görmədiyi üçün harada olduğunu soruşdu. Dedilər: “O vəfat edib”. Həzrət buyurdu: “Bəs nə üçün mənə xəbər vermədiniz? Onun qəbrini mənə göstərin”. Sonra o həzrət Mühəccəbənin qəbri üzərinə gedib, onun günahlarının bağışlanması üçün namaz qıldı. Buyurdu ki, Allah bu qadına dünyada qazandığı savabın iki mislini verdi (Səhihül-Buxari, Kitabüs-səlat, bab 72, hədis 458; Sünənü Əbu Davud, Kitabül-cənaiz, bab 61, hədis 3202).
Məscidin gözəl və yaraşıqlı olmasına çalışmaq, bunun üçün pul xərcləmək və zəhmət çəkmək savab işdir. Məsələn, məscidi təmir etmək, xalça ilə döşəmək, lazım olan hər hansı avadanlığı alıb məscidə hədiyyə etmək çox bəyənilir. Peyğəmbərin zamanında bir tacir Şamdan (Suriyadan) çoxlu zeytun yağı, çıraq alıb Mədinəyə gətirdi və məscidə hədiyyə etdi. Peyğəmbər bundan xəbər tutanda həmin adam üçün “Sən Islamı nurlandırdın, Allah da səni dünyada və axirətdə nura boyasın” deyə, dua etdi, öz yaxın qohumlarından olan bir qızı da ona ərə verdi (İbn əl-Əsir. Üsüdül-ğabə, V, 144-145).