Yaz sәyahәtlәrinә verdiyim qısa aradan sonra yenidәn davam edirәm. Bu dәfә sizә Fransa elindәn, Paris torpaqlarından danışacam.
Yazıya fokuslanmaq üçün fon musiqisi olaraq, Zaz-ın mahnılarından qoyub, zümzümә edәrәk (Ölüm fransız dilim var, nitqiniz tutular) yazmağa başlayıram.
Әvvәla, mәn dә o insanlardanam ki, Parisi özümә yaxın hiss edә bilmirәm. Mәnә görә hәdsiz şişirdilmiş şәhәrdir (Paris sevən qlamur (!!!) bacılar keçsin günahımdan). Ona görә dә Parisә gedәcәyimi düşünmürdüm, düzü, amma sәyahәt eşqi mәni hәtta, Parisә dә getmәyә mәcbur etdi. Uşaqlara qoşulmaq qәrarına gәldim.
Barcelonada olarkәn artıq Aprel ayı üçün Parisә Ryanairdәn bilet almışdıq (Tәxminәn 60-70 avro).
Yenә sәhәr idi uçuşumuz. Yәni ki, daha bir havalimanında gecәlәmәk tәcrübәsinә sahib olacaqdıq (Oh God, why?).
Gecәni havalimanında gah yataraq, gah da kitab oxuyub, mahnı dinlәyәrәk birtәhәr yola verә bildik (Tәbii ki, bekarçılığın gәtirdiyi psixoloji sarsıntıya tab gәtirә bilmәyәn rәfiqәlәrimin, mәn yuxulu olarkәn üzümә yediklәri mandarinin qabıqlarını düzәrәk, selfie etdiklәrindәn danışıb özümü biabır etmәyәcәm). Sәhәrin erkәn saatlarında isә uçuşumuz baş tutdu.
2 saat 5 dәqiqәlik rahat uçuşun ardından, sәhәr saatlarında Parisin Beauvais (Çox cәhd etmәyin, mәn dә tәlәffüz edә bilmirәm heç) havalimanında idik.
Beauvais (BVA) havalimanı Ryanair, Wizzair, Sterling, Blue Air kimi ucuz havayolu firmalarının Parisә giriş qapısıdı. Havalimanı Parisin 80 km şimalında, Beauvais kәndinin Tille bölgәsindә yerlәşir.
Havalimanından şәhәr mәrkәzinә әn uyğun nәqliyyat havalimanı avtobuslarıdı. Hәr 20 dәqiqәdәn bir avtobus tapa bilәrsiniz. Avtobuslar şәhәr mәrkәzindәn havalimanına hәr uçuşdan 3 saat әvvәl gәlib gözlәyir. Әn uyğun nәqliyyat vasitәsinin, yəni, bu avtobusların bir gedişlik qiymәti 15 avrodu. Bileti avtobus meydanının tam yanında olan kioskdan ala bilәrsiniz. Kart keçәrli deyil, üstünüzdә nağd pul mütlәq götürün! (Məsləhət 1)
Bu avtobusla mərkəzə 80 dəqiqəlik yol sizi gözləyir. Odur ki, yerinizi rahat edin və yorğunsanızsa, 80 dəqiqəyə qəşəng yuxu da ala bilərsiniz (Mәn hәr rahat gördüyüm yeri potensial yataq olaraq düşündüyümdәn, hәr yerdә yuxuya gedirәm. Dedim, bәlkә, bu yazını oxuyan vә mәnә bәnzәyәn kimsә olar, mәslәhәtimi dinlәsin. Pis deyirәm, sәn allah?!).
Bu arada, avtobusdan başqa, hәmçinin qatar, minibus vә taksi kimi nәqliyyat vasitәlәri dә xidmәt göstәrir. Amma, әn sәrfәlisi yuxarıda da bәhs etdiyim kimi havalimanı avtobuslarıdı. Çünki :
1) Qatar yolu SNCF-in qatarları Gare du Nord ilә Beauvais arasında xidmәt göstәrir. Yol da bir saat çәkir (Ölmә eşşәyim, ölmә!). Plus, qatardan enib, 15 dәqiqәlik taksi yolu da getmәlisiniz. Gәrәk, yaxşı pulunuz olsun.
2) Minibuslar 7 nәfәrlikdi vә Paris otellәri ilә Beauvais havalimanı arasında hәrәkәt edirlәr (Biz kasıb uşaqlarıq, hotellә nә işimiz var?!). Qiymәti isә havalimanı avtobuslarından bahadı.
3) Taksi ilә yol getmәyin qiymәti gedәcәyiniz yerdәn asılı olaraq dәyişir. Tәxminәn 120-160 avro (O qәdәr pulunuz varsa, niyә 60-70 avro verib, Ryanair ilә uçasınız ki?!).
Yәni ki, Parisә gedәcәksinizsә, 15 avronuzu avtobus bileti üçün kәnara qoyun. Davam edәk.
Havalimanından çıxar-çıxmaz biletimizi alıb sıraya düzlәndik. Avtobusda pәncәrә qırağında yer tuta bilmәk üçün bazar arvadı (!) stilimә bürünüb, cәld tәrpәndim.
Tәzәcә oturmuşduq ki, sürücü yola çıxmadan öncә, sәrt şәkildә sәrnişinlәrә çevrilәrәk ‘Yemәk vә içmәk olmaz!!!’ deyib xәbәrdarlıq etdi. Özü dә fransız dilindә! (İndi oxuyan da deyәr ki, nә bomba qızdı, fransızca da bilir. Yox, әzizlәrim. Adam yemәk vә içmәyi avtobusa yapışdırılan foto ilә göstәrәndә anladım).
Avtobusun yarısı italyan vә italyanka idi. Avtobusdakı hәyasız italyan uşağın sәs-küyündәn heç qram da yata bilmәdim. Başımı bir tәhәr qatmışdım ki, bu yol macәrasının bitdiyini anladım.
Avtobus, Porte Maillotda yerlәşәn Hotel Concorde-in şimalındakı avtobus terminalına çatanda dayandı.
Terminaldan sağa dönәndә, Paris Kongre Mәrkәzini görәcәksiniz (İçәrisindә metrostansiya var). O metronu tapdıqdan sonra, hәrşey, necә deyәrlәr, ‘Corab söküyü kimi gәlәcәk’.
İndi sizә belә rahat başa salıram, amma biz ilk dәfә üçün bir xeyli әziyyәt çәkmişdik. Terminalda enib, ağır çantalarla piyada bir xeyli yol getmişdik. Bir әldә xәritә, bir tәrәfdәn yerli insanların kömәyilә birtәhәr metroya gәlib çıxa bilmişdik.
Metroya enib, günlük vә tәk gedişli biletlәrlә maraqlanmaq üçün ofisә yaxınlaşdıq. Sizә metro biletlәri haqqında qısa mәlumat vermәk lap yerinә düşәrdi.
Demәk, yaşıl rәngli T vә ağ rәngli T+ metro biletlәri tәk gedişli olaraq istifadә olunur. Bu biletlәr :
Metro RER (1-ci zona vasitәsilә)
Tramvaylar
RATP avtobuslar
Gecә avtobusları
Paris әtrafı yerlәri üçün olan avtobuslar
Montmartre funikulyoru üçün keçәrlidi. Hazırda bu biletlәrin tәk gedişlik qiymәti 2 avrodu. Bir dә 10 bileti özündә birlәşdirәn, carnet adlı (car-ney) bilet tipi dә var ki, qiymәti 13.70 avrodu.
Bundan başqa, hәmçinin :
RER bileti (Billet İle-de-France olaraq adlanır)
Mobilis bileti (Limitsiz günlük bilet)
Jeunes hәftәsonu bileti (Limitsiz günlük bilet – hәftәsonları istifadә oluna bilir, 26 yaşına qәdәr olan insanların istifadәsi üçündü)
Paris ziyarәt bileti (Limitsiz, bir gündәn daha çox istifadә oluna bilir) bilet tiplәri dә mövcuddur.
Bu biletlәrlә tanış olduqdan sonra, qәrara aldıq ki, tәk gedişli bilet alıb hostelә gedәk. Hosteldә hansı biletin bizә sәrf edәcәyini götür-qoy etdikdәn sonra biletlәri әldә etmәk qәrarına gәlәcәkdik.
Sәhv xatırlamıramsa, ilk Paris metro tәcrübәmiz yaşıl zolaqlı metro xәttindә olmuşdu.
Ümumiyyәtlә, Paris metrosu haqqında uzun-uzadı danışmağa ehtiyac var, zәnnimcә. Şәhәrin altında, sanki başqa bir şәhәr yaradıblar.
Parisin simvollarından sayılan vә әsasәn dә şәhәrin mәrkәzindә yerlәşәn stansiyaları ilә birlikdә Paris metrosu Art Nouveau-dan (Art Nouveau fransız zәrgәr Rene Lalique-nin istifadә etdiyi janrlardan biri olub. Dinamikani vә qeyri-adiliyi özündә әks etdirәn zәrgәrlik vә şüşә sәnәti nümunәsidi) tәsirlәnәrәk inşa edilib. Paris metrosu 16 xәtti ilә birlikdә (Xәttlәr 1-dәn 14-ә qәdәr nömrәlәnib, digәr 2 xәtt isә 3bis vә 7bis kimi adlandırılıb vә kiçik xәttlәr olaraq istifadәyә verilib) 211 km uzunluğa malikdi. Memar Hektor Guimard tәrәfindәn inşa edilәn Paris metrosunun stansiya girişlәrinin 86-sı bugünümüzә qәdәr orjinal halları ilә qorunub saxlanmışdır. 297 stansiyaya sahib olan (Qırmızı, yaşıl, mavi, sarı, bәnövşәyi vә göy rәngli metro xәttlәri var) saat sәhәr 05:00-dan, gecә 01:00-a qәdәr xidmәt göstәrir.
Mәncә, bu qәdәr mәlumatdan sonra metro ilә bağlı problem yaşamazsınız, düz deyil?
Metroya enib, qatarı gözlәyәndә daha bir fәrqliliyә şahid oldum. Qatar yolunun kәnarlarına şüşәdәn hasar çәkiblәr vә qatarın hәr qapısına paralel olaraq avtomatik qapılar qoyublar. Nә üçün? Әlbәttә ki, tәhlükәsizlik tәdbiri üçün. Belә olan şәraitdә, nә ehtiyatsızlıq ucbatından qatar yoluna yıxılan olar, nә dә intihar etmәyә çalışan kimsә buna cәhd edә bilәr. Bax sәn bu FĞANSIZLARA!
Qatar gәldikdәn sonra, vaqonun içini görüb tәәccüblәndim. Elә bil, Bakı vaqonundaydım (Bircә, ‘Qapını bağla, qapını bağla deyirәm sәnә!’ deyәn maşinist yox idi). Ağzına kimi adamla dolu olan vaqona belimdәki çantamı dartışdıra-dartıştıra girib, ordan tәk parça halında çıxmaq üçün dua etmәyә başladım.
Metro qapısının tam ağzına yığılıb-açılan oturacaqlar yerlәşdiriblәr. Әla ideyadır, sıxlıq olanda oturacağı yığırsan vә vaqonda sərnişinlər üçün əlavə yer olur.
Möhtәşәm fransız dilini yerli әhalinin söhbәtlәri әsnasında dinlәyәrәk, gedәcәyimiz yerә çata bilmişdik.
Tutduğumuz hostelin adı Montmartre Village Apartment adlanırdı.
Düşünürdük ki, tez hostelә yerlәşib istirahәt edә bilәcәkdik. Amma, yenә işlәrimizә pişik asqırmışdı. Problemsiz ötüşmәyәn sәyahәtimiz yoxdu, axı.
Metrodan çıxıb, tam keçidin yanında yerlәşən dönәr restoranına girdik. Türklәrә adresimizi verib, kömәk etmәlәrini xahiş etdik. Adam işini-gücünü atıb bizlә yol getdi ki, itmәyәk. Yolu tam başa saldıqdan sonra bizimlә sağollaşdı. Metrodan piyada tәxminәn 5 dәqiqәlik mәsafәdә idi.
Gәlib çıxdıq binanın tam qarşısına. Qapı kodla idi, bizim dә bundan xәbәrimiz yox idi. ‘Biri gәlsә dә, bu qapını açsa’ deyә-deyә qapının ağzında o baş-bu başa gәzdik. Sonda, bir nәfәr binadan çıxanda, biz içәri girdik. Blokların hamısında da hәmin o koddan var idi. Qapı ağzında qalmışdıq, yәni. Hәmin binada yaşayan bir yaxşı fransız daydaya rast gәldik. Bizlә yaman maraqlandı, kömәk etmәyә çalışdı. Binada belә bir hostelin olmadığını deyәndә başımıza qaynar sular töküldü. Amma, dәqiqlәşdirmәk üçün hostelin nömrәsini alıb zәng etdi. İçimizdәki ümidlәr yenidәn baş qaldırmışdı ki, dayday ‘Telefona zәng çatmır’ deyәrәk son ümidlәrimizi dә tapdalayıb mәhv etdi.
Nәysә, onu da yolundan etmәmәk üçün sağollaşıb başımızın çarәsinә baxmağa başladıq. Qızların ikisi binaya daxil olub axtarış edәndә, mәn dә binanın yaxınlığındakı mәkanları gәzib, insanlardan adresi soruşmağa başladım. Göstәrdiyim adresә baxıb, hamı bizim ilk getdiyimiz binanı işarә edirdi. Amma, bina sakinlәri dә belә bir hosteldәn xәbәrsiz olduğunu deyirdi. ‘İki dәrә, bir arada qalmaq’ sözü var ha, tam da ona şahid olurduq.
Mәyus halda yenidәn binaya qayıtdım. Bu dәfә dә qızları tapa bilmirdim. ‘Pay atonan, hara gedib bu qızlar, axı?!’ deyә narahatlıqla düşünüb, zәng etmәyә başladım. Zәnglәrin 3-cüsü cavabsız qalanda, bir dә gördüm binadan çıxırlar. Onlar da bir şey әldә edә bilmәmişdi deyә hәm mәyus, hәm dә әsәbi idi.
Qәrara aldıq ki, yaxınlıqdakı internet kafelәrin birinә girib, hostelin adresinә yenidәn göz gәzdirәk.
Mailimә hosteldәn gәlәn mesajları әlәk-vәlәk edәndә, bir dә nә görsәm yaxşıdı? Mәgәr, әvvәlcә başqa adresә (Hotel adresi idi) getmәli imişik, sonra isә ordan çıxıb, bayaqdan hәndәvәrindә fırlandığımız binaya, yәni, gecәlәyәcәyimiz yerә. Adam da bu maili mәnә sonradan yollayıb, bu da başqa qutuya düşüb (drafts) vә mәnim gözümdәn yayınıb. Bu maili oxuyar-oxumaz söyüşlәrin biri bir qәpikdәn, saydırdım hәmin hostel sahibinә. Әsәbdәn ürәyim az qala yerindәn çıxacaqdı, neçә saatdı ki, qalmışdıq küçәlәrdә…
Metro ilә hәmin adresә yollandıq. Hotelin adresin inanmıram ki, sorub-soruşdurmadan tapa bilәsiniz. Qarışıq yerdә idi deyә әtrafdan yardım almaq әn yaxşısıdı.
Nətər deyim sizə ki, o anki əsəbimi anlayasınız? Yuxusuz vә yorğun halda küçələrdə qalmışdıq. Deyinə-deyinə də olsa, axır ki, o hoteli tapa bildik.
Tam hәrşey düzәlәcәk deyirdik ki, yeni problem başımızın üstünü kәsdirdi. Demәk, resepşndakı qadın әvvәlcә burda qeydiyyatdan keçib, sonra әn birinci getdiyimiz binaya yollanmalı olduğumuzu dedi. Ödәniş filan hamısı burdan idarә olunurdu. Bu nә axmaqlıqdı? İnsanı süründürmәkdәn başqa dәrdlәri yoxdu da. Hardasa uzun müddәt xanıma bu dәrdimizi başa saldıq ki, heç olmaya, bәlkә, bizdәn sonrakılar üçün bir hal çarәsi düşünәlәr. Xanım onsuz da ingilis-dilin zәif bilirdi, heç oralı olmadı, yәni. Pulu ödәyib (Adambaşına günlük 19.90 avro), açarları götürüb yola düşürdük ki, bizә yataq üçün ağ örtüklәri verәcәyini dedi. Yәni, hәqiqәtәn dә, düşünürdü ki, biz bütün şәhәri әlimizdә ağ örtüklәrlә gәzәcәyik? Tәәccüb ifadәsi göstәrәndә dә, bizә trip atdı. Sanki, belә dә olmalıdı da.
Xanımın qәmişini bizdәn çәkәcәyi yox idi deyә, dabanımıza tüpürüb ordan qaçası olduq. Yenidәn metro ilә (Sırf bu resepşnın başqa yerdә yerlәşmәsinә görә, iki qat ziyana düşdük, metroya yenidәn әlavә pul verәsi olduq) ilk gәldiyimiz yerә getdik.
Vә budur, 8-ci mәrtәbә – Montmartre Village Appartment. Bu qәdәr dәrddәn, problemdәn o qәdәr bezmişdik ki, dedik yәqin, qapı açılanda içәridәki mәnzәrәni görüb arxaya doğru addımlayacağıq (Elə bildik ki, pis şəraitli evdi). Amma, bәxtimiz gәtirdi. Çox möhtәşәm yer idi.
Hostel kimi elan versәlәr dә, evdi. Bomboş ev 4 gün әrzindә bizim idi. İçәrisindәki mәtbәxi, hamamı, interneti, isti suyu vә digәr texnoloji alәtlәri ilә yaxşı şəraitə məxsusdu. Düzdü, köhnә evdi, amma rahatlığına şübhә belә etməyin.
Nahardan sonra azca istirahәt edib, şәhәri kәşfә çıxdıq. Muzeyә filan getmәyә halımız yox idi. Hәm dә gec idi deyә, Eyfelә tәrәf yollandıq.
Eyfel turu etmәdik hәmin gün, sadәcә Eyfeli uzaqdan seyrә çıxdıq. İlk gördüyüm an öz-özümә ‘Hamının ölüb bitdiyi Eyfel budu? Bu ki bildiyimiz stolbadı (?)’ deyib tәәssüflәndim.
Parisin ən böyük meydanı Concorde meydanına getmədən qayıtmayın. Bu meydanda Fransız Kral Louis XVI, Marie Antoinette ve bir neçə tanınmış şəxs edam edilib. 1763-cü ildə 14-cü Kral Louisin düçar olduğu xəstəlikdən canını qurtarması səbəbilə bir heykəl düzəldilib.
Sonradan o heykəlin olduğu yer genişləndirilib və hazırda Concorde adını alan meydan ərsəyə gəlib. Concorde meydanının 4 hissəsində də Fransanın şəhərlərini göstərən heykəllər var, bu şəhərlər: Bordeaux, Lille, Brest, Strasbourg, Nantes, Rouen və Marseille şəhərləridi.
Hava qaralmağa başlayanda Paris küçәlәrini gәzә-gәzә evә tәrәf yollandıq. Bir ara, küçәdә yolu keçәrkәn içәrisindәn rәngbәrәng işıqlar fışqıran avtobus gördük. İçindә klub geyimindә, әllәrindә içki olan vә rәqs edәn insanları görәndә әlim ağzımda qaldı. Bәli, bu ki disko avtobus idi. Tәsәvvür edә bilirsiniz? Bunların hәtta, disko avtobusları da var (Uspet (?) edib fotosun çәkә bilmәdim, zalımın balası qaza basmışdı). Evә gedәndә oturub bir xeyli bu barәdә araşdırma etdim. Bir mәnbәdә qeyd olunmuşdu ki, qiymәti 50 avrodu. Dәqiq bilmirәm, amma.
Elә yorğun idim ki (Әzgin desәm, daha yaxşı olar), necә yatağa uzanmışdımsa, elә dә yatıb qalmışdım.
Sәhәri gün evin jaluzindәn içәri süzülәn günәş işıqlarının gözümü deşmәsi nәticәsindә qәfil oyanası oldum.
Möhtәşәm pijamalarımı dartışdıra-dartışdıra pәncәrәlәri açıb (Çox әla balkonumuz vardı), gözәl bir Paris sәhәrinә başlamaq üçün sәhәr yemәyini hazırladım. Mәnim gah otağa, gah da mәtbәxә gedib-gәlmәyim nәticәsindә qızlar da yuxudan oyanmış oldu. Birlikdә sәhәr yemәyin edәrkәn hәmin gün Parisdә gedәcәyimiz yerlәrin listini hazırlayıb hazırlaşmağa başladıq.
Listә görә ikinci Paris günü ilk gedәcәyimiz yer Luvr muzeyi idi. Sәhәr erkәndәn getmәk lazım idi, çünki çox uzun sıra bizi gözlәyirdi.
Luvr mәnim üçün xüsusi anlam kәsb edirdi. Da Vinçinin Kodu adlı kitabdan sonra mütlәq bura bir gün gedәcәm deyә özümә söz vermişdim. Filmini izlәdikdәn sonra isә bu istәyim daha da güclәnmişdi. Vә, budur. Parisdә, Luvr muzeyinә doğru gedәn yolda idim.
Elә Luvr üçün eyniadlı metrostansiya da mövcuddu Parisdә. Hәmin metrostansiyadan çıxıb, piyada 4-5 dәqiqәlik yol getdikdәn sonra möhtәşәm binanın qarşısına çıxırsınız.
İlk әvvәl mәrkәzindә böyük hovuz olan meydana gәlirsiniz.
Çox gözәl tikilidi. Binanın tam ortasından Luvrun mәşhur üçbucağın görәcәksiniz. Adı ingilis dilində Grande Pyramid olaraq keçir. 1981-ci ildə Mitterandın Luvru genişləndirmək proyekti səbəbilə inşa edilib.
Luvr muzeyi 1893-cü ildə Fransada açılan ilk dövlət muzeyidi. 1204-cü ildə Filip Auguste tərəfindən hazırkı halı ilə inşa edilib. Adını ingilis dilində güc, qüvvət mənasına gələn Lower sözündən alan bu muzey, keçmişdə dünyanın ən gözəl saraylarından biri olub. 14-cü əsrdə krallığın mərkəzi olsa da, 15-ci əsrdə krallığın mərkəzi başqa yerə dəyişdirildiyindən, Luvr bir müddət baxımsız qalıb. Sonralar da başında min cür müsibət gəlib, yanğına məruz qalıb, sonra bərpa edilə bilib.
Biz erkәn gәlsәk dә yenә dә muzey әtrafında çox sayda turist vardı, imәklәyә-imәklәyә dә olsa, sıra yavaş-yavaş bizә gәlirdi.
Hardasa, 40 dәqiqәdәn sonra içәri daxil ola bildik.
Alәm-dәymişdi bir-birinә. O qәdәr adam vardı ki, adam çoxluğu az qala mәni ‘Muzeyiniz sizә qalsın, mәn gedirәm’ demәyә gәtirib çıxardırdı.
Muzey Çərşənbə axşamını çıxmaq şərtilə (Həftənin ikinci günləri bağlı olur), həftənin hər günü saat 09:00-dan etibarən açıq olur.
Luvr muzeyi pulsuzdu, pulsuz olan şeyә varam da (Pasportunuzu girişdə göstərirsiniz, içəri pulsuz olaraq keçə bilirsiniz). Pulsuz olduğundan elә şәhәrin yarısı muzeydә idi. Hər ayın ilk bazar günü isə yerli əhali üçün pulsuz olur.
Hardasa, 2-3 saat muzeydә olduq, amma yenә dә hamısın gәzә bilmәdik. Ancaq bir gün ərzində muzeydə gəzib, hәrşeyi әn incә detalına qәdәr anlaya bilmək mümkündü.
Muzey yeddi bölümdən ibarətdi, hər bölümə nəzarət edən xüsusi işçilər var. Rəsm, heykəl, Misir incəsənəti, Yunan incəsənəti, sənət əsərləri və sairə kimi hissələrə malikdi. Fragonard, Rembrant, Titian, Rubens, Poussin və David kimi sənətkarların əsərlərinin yer aldığı heykəl kolleksiyasına da baxa bilərsiniz. Həmçinin, tarixi-arxeloji sənət nümunələrinə də sahibdir.
Da Vinçinin Mona Liza əsərinin orjinalının bu muzeydə qorunduğunu bilməmiş olmazsınız. Mona Liza ilə selfie çəkdirməyə tələsin 🙂
Bu arada Luvrun tam qarşısındakı parkda da zaman keçirməyin vacib olduğun bura qeyd edim, zövq alacaqsınız.
Luvrdan çıxıb Eyfel turu üçün yola düşdük. Bizә әvvәlcәdәn demişdilәr ki, Eyfelә çıxmaq pulsuzdu. Bunu eşidәn kimi dә gözlәrim işıldamamışdı. Elә sevincәk halda da yola düşdük.
Eyfel әtrafındakı sıranı görәndә Luvrdakı sıraya şükür elәmәli oldum. Dәhşәt çox adam vardı. Biz dә boynumuzu büküb, o sıraya düzlәnmәli olduq.
Sıra bizә çatanda bilet ofisinin qarşısında ŞOK oldum. Bәs, pulsuz idi, ay mәni yalandan ümidlәndirәn vicdansızlar? Eyfelin ilk iki mәrtәbәsinә qalxmaq pulsuzdu, bәli. Amma, qüllәni tam gәzmәk üçün 15 avronuzdan keçmәlisiniz.
Parisә gәlib, bu stolbaya çıxmamaq olmazdı deyib 15 avroma qıydım, nә qıydım.
Parisin simvolu sayılan Eyfel qülləsi adını Aleksandr Gustav Eyfeldən alır. Aleksandr bu tikiliyə ‘300 metrlik qüllə’ adını versə də, qüllə yaradıcısının adı ilə bugünümüzə kimi gəlib çıxmışdır.
1887-ci ildə bərpası qoyulan Eyfel qülləsi Fransız dövrünün yüzüncü il münasibətilə tikilməyə başlanmışdı. Əvvəl bu qülləni Barcelonada tikmək barədə düşünüblər, bu fikir rədd edildikdən sonra isə Sena çayının sahilində, Champ de Mars meydanında tikilmək haqqında qərar qəbul edilib. İldə 6 milyon turist qəbul edir, 2002-ci ildə turist sayı 200 milyona çatıb. Keçmişdən bugünə kimi isə 200.000.000-dən çox (Ay aman, Ay aman, Ay aman) turist qəbul edib. 324 metr uzunluğundadır (Təxminən, 81 mərtəbəli bina ilə eyni uzunluqda). 1930-cu ildə New Yorkdadakı Chrysler Binasının tikilməsinə qədər dünyanın ən uzun binası adını daşıya bilib. Hazırda Fransanın beşinci ən uzun tikilisidi.
Qülləyə çıxmaq üçün ilk öncә yoxlanışdan keçdik. Әşyalarımızı, çantalarımızı yaxşıca yoxladıqdan sonra içәri buraxdılar. Çantanızda butulka filan saxlamayın, alıb kәnara qoyurlar (Məsləhət 2)
Sonra liftә sıra ilә (Hardasa 10 nәfәr) minib, bir-bir mәrtәbәlәrә qalxdıq. İki-üç dәfә liftdәn istifadә etdik. Birinci dәfә aşağı mәrtәbәdә (57 metr) dayandıq, ikinci dәfә qüllәnin orta mәrtәbәsin (117 metr) gәzdik, üçüncü dәfә isә Eyfelin tam yuxarısında (276 metr) idik.
Burdan mәnzәrә möhtәşәm idi. Şәhәr ayaqlarımızın altında idi.
Tam yuxarısında isә dünyada olan ölkәlәrin (Elәcә dә Azәrbaycanın) әn yüksәk qüllәlәri haqqında mәlumatlar yerlәşdirmişdilәr.
Әn yuxarı mәrtәbәnin kәnarları şüşә ilә әhatәlәnmişdi, çox güman tәhlükәsizlik tәdbirlәrinә görә.
Amma, o qәdәr çox insanı eyni anda qüllәyә alırlar ki, addım atmağa yer qalmır. Mәsәlәn, yadıma düşür ki, bir neçә dәfә kimlәrinsә belinә minib gәzirdim әtrafı.
Çox gec olmadan yuxarı çıxdığımız kimi aşağıya düşdük. Hәtta, qlamur tiplәr kimi Eyfelin qarşısında duraraq, dodaqlarımızı büzüb selfie dә çәkdirdik. Kimin qızından әskiyik ki?
Qeyd etmәdәn keçә bilmәyәcәm. Axşam vaxtı Eyfelin işıqları yananda alqış sәslәrinә hazır olun. Bu avropalılar belәdi dә. Hәtta, tәyyarә tәkәri yerә dәymәdәn sağ-salamat çatmışıq deyib, tәyyarәdә әl çalan adamlardılar, qınamayın (Adama deyәrlәr belә qorxursansa, get nәzir ver dә, ta alqış nәdi?).
Axşam şәhәri gәzә-gәzә, qәhvә pauzası verәk dedik. Parisә gәlmişkәn, fransız tәamlarından dadmamaq ayıb olardı. Məşhur macaronun dadına baxmaq üçün fransızların möhtәşәm şirniyyat vә çörәk mağazalarından birinә girdik. Yerli yemәyin vә ya şirniyyatın ilkini hәmin ölkәdә dadmaqdan çox xoşum gәlir. Yaxşı ki, macaronun dadına ilk dәfә Parisdә baxdım, Bakıda yox (Siz elә gedib Kitchenettedә bir ton pul verib, macaron dadın, pis kasıblar, ehe).
Hәmin gün babat alış-veriş dә edib, doğma evimizә qayıtdıq. O qәdәr piyada gәzmişdik ki, ayaq barmaqlarım can verirdi. Sabahın planının hazırlayıb, kәllәni atıb yatdım.
Sәhәrsi gün çox әla hava vardı, әynimizdәki kurtkaları (?) çıxartmağa bizi mәcbur edәcәk qәdәr gözәl hava, yaz havası.
Dostların tövsiyyəsi ilə Parisin La Defense adlanan bölgəsini də ziyarət etdik.
New Yorkun Paris versiyası. Bir xeyli müasir tikilini özündə cəmləşdirən La Defense. Mən susum, fotolar danışsın.
O gün Parisin mәnim üçün tam fәrqli, möhtәşәm yerinә gedәcәkdik- qaldığımız yerin dә adını daşıdığı Montmartreyә.
Montmartreni Amelie filmini izləyən hərkəs yaxşı xatırlayar. Filmin çox hissəsi burada çəkilib. Ona görə də turistlərin də diqqətini çəkən məkanlardan biridir.
Montmartre Parisin şimalında, 18-ci bölgədə yerləşən və ‘Paris Rəssamlar Təpəsi’ olaraq adlandırılan təpə kimi tanınır. Montmartre bölgəsində yerləşən ən məşhur tikili isə şühəsiz, Sacre Couer kilsəsidi.
130 metr hündürlüyündəki Montmartre təpəsində çox sayda küçə rəssamını görə bilərsiniz. İstəsəniz, bu rəssamlara öz rəsminizi istədiyiniz şəkildə çəkdirə bilərsiniz.
Həmçinin, keçmişdə də bu təpədə hazırda dillər əzbəri olan rəssamlar, məsələn : Picasso, Salvador Dali, Vincent van Gogh və Modigliani kimi insanlar da fəaliyyət göstəriblər.
Və təpənin ən qəşəng özəlliyi: möhtəşəm Paris mənzərəsinə buradan şahid ola bilərsiniz.
Hə, bir də unutmadan, bu bölgədə turistlərə ətrafı gəzdirmək üçün balaca qatar fəaliyyət göstərir. İstəsəniz, bu qatarla da ətrafı gəzə bilərsiniz.
Qiyməti 6 avrodu. Bileti atmamaq şərtilə, gün ərzində istədiyiniz zaman bu qatardan istifadə edə bilərsiniz.
Bəs Montmartreyə hansı yolla getmək olar?
Metrodan istifadə edərək Anvers və Pigel stansiyalarıdan buraya gələ bilərsiniz. Metrostansiyalar Sacre Couerdən uzaqda yerləşir. Metrodan çıxdıqdan sonra iki yolla təpəyə çıxa bilərsiniz : ya funikulyor vasitəsilə, ya da bayaq da bəhs etdiyim kimi, burada fəaliyyət göstərən qatar ilə. Və ya, metrodan çıxıb əvvəl Moulin Rouge tərəfi gəzə bilər (Çünki, metrostansiya Moulinə daha yaxındı, nəinki Sacre Couerə), ondan sonra isə təpə tərəfə doğru gedə bilərsiniz.
Biz, amma yolumuzu özümüz müəyyən etdik. Metrodan çıxıb Montmartreyə necə getmək barədə ətrafdan bir xeyli sorub-soruşdurduqdan sonra, düzgün yolu tapa bildik (Amma, düzgün yolu tapana kimi anamız ağladı. Yarım saat yol gedib, əks istiqamətdə hərəkət etdiyimizi öyrənib, yenidən trayektoriyamızı dəyişmək kimi, məsələn). O yol bizi Montmartre bölgəsinə gətirib çıxardı. Təpəyə doğru gedən yolun sağ və sol tərəfləri suvenir mağazaları ilə doludu.
Onları gəzə-gəzə yuxarı doğru yollandıq. Türklərin Kapalı Çarşı deyə adlandırdığı bazara oxşayırdı lap.
Heç funikulyordan da istifadə etmədik (Cavan uşaqlarıq, əlimiz-qolumuz yerindədi. Dəli zadıq, bəyəm funikulyora pul verək?). Əvvəl kilsənin aşağısındakı qazonlarda oturub, bir müddət istirahət etdik.
Burda şəhəri detallı incələyə bilmək üçün istifadəyə verilən durbinlər də var. Amelie filmində qızın oğlanı Sacre Couera çağırıb, bu durbinlər tərəfdə dayandığı kadr yadıma düşdü, istədim ki, mən də Parisə bir də bu durbinlə baxım. 2 avro olduğun görüb, qaçaraq uzaqlaşdım. Eviniz tikilsin, 2 avro ee!
2006-ci ildə on milyon ziyarətçi ilə Notre Dam kilsəsindən sonra ən çox ziyarətçi qəbul edən kilsə Sacre Couer ətrafında bir müddət vaxt keçirib, müşahidələr etdim. 4 qübbəyə sahib olan bu kilsənin hazırlanmasında Bizans memarlığı, Ayasofya memarlığı, Roma memarlığından ilham alınmışdır.
Kilsənin içərisində (Tavan hissəsində) Fransanın ən böyük mozaikası mövcüddur. Mozaikanın aşağısında fransızca ‘Au Cœur très saint de Jésus, la France fervente, pénitente et reconnaissante’ (Bilirəm, bunu heçbiriniz oxumadınız. Artistlik etməyin!), yəni ‘İsanın çox əziz ürəyi üçün şövqü və tövbəni axtaran, minnətdar olan Fransa’ yazısı yazılıb.
Girişi pulsuz olan kilsə saat 06:00-dan 23:30-a qədər fəaliyyət göstərir.
Sacre Couerin sağ tərəfindəki yoldan istifadə edərək təpəni gəzməyə başladıq. Buranı hər gəzdikcə gördüyüm bir şey mənə Amelie filmini xatırladırdı.
Hər nə qədər çalıssam da, filmdə qızın yaşadığı evi və meyvə aldığı mağazanı axtarıb tapa bilmədim.
Çox sakit və gözəl yerdi. Bura Parisin mərkəzindən tamam fərqlidi, tamam başqa Parisə şahid olacaqsınız burda. Evlərindən tutun da, insanlarına qədər hərşey fərqliliklərlə doludur.
Gəzə-gəzə təpədən aşağı enmişdik. Ayaqlarımız bizi Moulin Rougea (Mulen Ruj olaraq oxunur) aparırdı. Ara yerdə də yağış yağmaq istəyirdi, hərdən bir iki-üç damcı atırdı.
Qırmızı dəyirman dediyimiz Moulin Rouge 1889-cu ildə Cosep Oller və Çarlz Zidler tərəfindən yaradılan gecə klubudu. Fransız kankan adlı performansla məşhurlaşmışdır.
Klubun üstündəki qırmızı yel dəyirmanı çox məşhurdu və artıq Fransanın simvolu halına gəlib çıxıb.
Toulouse Lautrecin həyatınından bəhs edən və Paris gecə həyatını göz önünə gətirən, Nikol Kidmanın da rol aldığı ‘Moulin Rouge’ filmini sizə məsləhət görərdim.
Bütün günümüzü Montmartreyə ayırdığımızdan nə düzgün qidalana bilmişdik, nə də istirahət edə bilmişdik (Mənimki də sözdü də, səyahətdə nə istirahət?). Axşamçağı idi deyə düşündük ki, Luvra gedək. Luvru axşam görməmişdik, axı.
Qərar qəbul edildi və biz metroya endik. Metro kartı ilə iki rəfiqəm keçdi. Kartı mənə uzadanda inanılmaz birşey oldu : kartın vaxtı bitmişdi. Onlar metrostansiyanın bir tərəfində, mən də digər tərəfində qalmışdım. Parisin o metro keçidlərini də heç sevmədim, bildiyiniz dəmir qapıya bənzər bir şey idi. Həmin keçidin kənarındakı boşluqdan keçə bilərəmmi deyə bir yoxlamaq istədim. Qızlar məni nə qədər özlərinə tərəf dartışdırsa da, bədənimin yarısı digər tərəfdə qalmışdı. Çox miskin mənzərə idi. İlişib qalmışdım, çıxa bilmirdim. Ta ki bir fransız qadınının köməyimə çatmasına kimi. Məni o girdiyim deşikdən çıxartmaqla qalmadı, həm də kartı ilə məni digər tərəfə keçirdi. Sağ olsun, vallah.
Bədənimin bir hissəsi keyisə də, gəzə-gəzə özümə gəlməyə başlamışdım. Gəlib çıxdıq yenidən Luvr muzeyinə.
Axşam görüntüsü ilə də möhtəşəm görünürdü.
Ətrafında oturub biraz istirahət edək demişdik ki, immiqrant afro-amerikanın başımdakı şlyapaya baxıb, gülə-gülə ‘Mafia, Mafia’ deməsi ilə istirahətimizi yarımçıq qoyası olduq. Adam məndən yapışıb əl çəkmirdi, gülərək ‘Sən mafiasan’ deyirdi (Gic köpəhuşağı, məni dolayıblar ee). Gördüm heç cür əl çəkmir, öz dilimizin mükəmməl vulqar sözlərini yan-yana düzüb, qaqaşı bir gözəl bəzədim (Içim soyudu ən azından). İstirahətimizi məhv edən bu qardaşa görə evə tez qayıtmalı olduq. Həm də ki, sabahsı gün Notre Dam və Versal sarayına getməli idik. Son gün təlaşı içərisində idik, yəni.
Evə gələndə qızlar San Mişelə getmək üçün biletləri almağa cəhd etdi. Mən getməyəcəkdim, düzü. Onlar ikisi San Mişelə gedərkən, Paris turuna çıxacaqdım. Amma, bədbəxtlikdən heç onlar da gedə bilmədi. Bilet qiymətləri artmaz deyə düşünüb, əvvəlcədən almamışdılar. Həmin gün isə bilet qiymətləri iki qat artmışdı və gedə bilməmişdilər. Amma, siz Parisə gedəcəksinizsə, 709-cu ildə tikilən və dünyanın ən gözəl qalalarından sayılan San Mişelə də mütləq gedin, əntiqə yerdi.
Səhərsi gün lap erkəndən oyanmışdıq (Siz allah, ürəyinizdə ‘Bu da noldu e, hər gün erkəndən oyandı’ demirsiz ki?). Versala getmək üçün uzun yol gedəcəkdik, gecikmək olmazdı.
Әsl adı Chateau de Versailles olan bu saray Kral 14-cü Louis tərəfindən əvvəllər ov ərazisi olaraq tikilibmiş. Sonradan saray tikilib və saray tikilərkən Versal balaca bir kənd idi. Hazırda Parisdən 20 km cənub-şərqdə yerləşən Dadibidad (!), bir o qədər də varlı yerdi. Tarixi səhnələrə şahidlik edən bu saray hazırda Fransa Tarix muzeyinə ev sahibliyi edir.
Versal Sarayına necə getmək olar?
Hamının, eləcə də mənim istifadə etdiyim ən optimal variantı nəzərinizə çatdırım. Ən asan yol RER adlı qatarlarla getməkdi. Sarı rəngli C xəttindən istifadə edərək, Chateau de Versailles adlı stansiyada enməlisiniz. Düz yadımda qalıbsa, bilet 3 avro idi. Çalışın gediş-dönüş biletin eyni anda alın.
Qatarı görəndə, yəqin mənim kimi təəccüb keçirəcəksiniz. Bazar avtobusuna oxşayır, canım üçün. O qədər sərnişin olur ki, oturmaq üçün yer tapmaq nədi, ayaqüstə dayanmağa yer tapsanız, başınızı qaldırıb göydəkinə şükür edin. Hələ mənim kimi saf heç olmayın ha! Guya ağıllıyam da, ağır çantam üçün boş yer tapıb, qoymuşdum oturacağa. Ayaqüstə qalan ana-bacılar mənim üzümə elə baxdılar ki, bizim avtobusda iki nəfərin yerini tutacaq kiloya sahib olan həyasız xalalar belə onların yanında toya getməli idi.
Qatardan endikdən sonra bir xeyli yol gedəsi olacaqsınız, hazır olun! Yolu necə getməniz barədə koordinat vermirəm, çünki bir talpa (!!!) turistlə gedəcəksiniz. Onlar hara, siz də ora! Sözümə qulaq verin, sonra itib eləyəssiz. (Məsləhət 3)
Qiymətlər barədə, həmçinin sarayın iş vaxtları barədə sizi məlumatlandırsam, yaxşı olar.
Noyabrın 1-dən Martın 31-nə kimi
Saray:
Bazar ertəsini çıxmaq şərtilə, həftənin hər günü:
09-00 dan etibarən, 17:30-a kimi (Bilet ofisi 16:30-da bağlanır)
Trianon Sarayları və Marie Antoniette ərazisi :
Bazar ertəsini çıxmaq şərtilə, həftənin hər günü :
12:00-dan, 17:30-a kimi
Bağ və park:
Bazar ertəsini çıxmaq şərtilə, həftənin hər günü
8:00-dan, 18:00-a qədər
Aprelin 1- dən, Oktyabrın 31-ə kimi
Saray:
9:00-dan, 18:30-a kimi
Trianon Sarayları və Marie Antoniette ərazisi :
12:00-dan, 18:30-a kimi
Bağ:
(Hər gün açıq olur)
8:00-dan, 18:30-a kimi
Park:
(Hər gün açıq olur)
07:00-dan, 19:00-a kimi
Versal sarayına Aprel-Oktaybr aylarında giriş 20 avrodur, həftəsonu 25 avro. Noyabr-Mart arası həftəiçi 16 avrodu. 18 yaşından balacalar pulsuz şellənə bilərlər. Muzey kartınız varsa, pulsuz giriş edə bilərsiniz.
İçəri daxil olan kimi, insanlardan bileti əldə edəcəyiniz yeri soruşun. Mənim kimi bilib-bilmədən o uzun sıraya düzlənib, sonda öyrənməyin ki, bileti alıb sonradan sıraya düzlənmək lazımdı. Çox kədərli mənzərədir o, heç yadımadan çıxmır.
İnanın ki, verdiyiniz pula dəyəcək (Hacıbala kimi danışdım lap). Versal sarayı dünya tarixinin ən vacib əsərlərindəndi.
17 və 18-ci əsrin izlərini daşıyan sarayın içərisində olan Royal Apartments (Zəngin Mənzillər), The Hall of Mirrors (Ayna Zalı), the Chapel (Şapel), The Royal Opera ( Zəngin Opera) və Fransa Tarix Muzeyi bölmələrində kiçik gəzintiyə çıxacaqsınız (İçəridə sizə gəzdiyiniz hər yer haqqında məlumat ötürən mikrafonlar verəcəklər).
Bu hissələri gəzdikdən sonra isə sarayın parkına doğru yönləndiriləcəksiniz. Versal sarayı və onun ətrafındakı tikililərin inşası üçün 10.000 insan çalışıb.
Bununla bitmir, əlbəttə ki. Sizə qısa məlumat verdim ki, qalan hissəsinə özünüz gedib şahid olasınız (Durub sizə indi hərşeyi də danışası deyiləm,axı. Əyri oturub, düz danışaq da).
Versal Sarayından çıxıb, Paris küçələrini gəzməyə başladıq. ‘Parisə gələrkən mütləq alınası hədiyyə?’ sualına, əlbəttə ki, hamınız bir cavabı verə bilər : Parfum!
Sephora ətir mağazasını sizə məsləhət bilərdim. Mütəmadi olaraq, ətirlərə endirimlər də edirlər. Hər qiymətə ətir tapmaq olur. Mən iki ətir aldım, məsələn : 40+ və 61 avro qiymətində. Amma, ən çox sevdiyim ətir Versal sarayının içərisində olan, balaca mağazadan aldığım ətir idi : 30 avro filan idi.
Xoşuma gələn şeylәrdәn biri dә, marketdən alış-veriş edərkən 4 avroya tapdığım ətir oldu. Parisin 4 avroluq ətiri belə keyfiyyətlidi, heyf mənə qismət olmadı o parfum (Özün getdin, qoxun qaldı, ay yar).
Axşam tərəfi Notre Dam kilsəsinə doğru gedək deyə qərarlaşdıq.
Notre Dam kilsəsinə necə gedək?
Notre Dame kilsəsinə metro ile Cite – RER : Chatelet – Les Halles, Saint Michel dayanacağında enərək, ya da 21, 24, 27, 38, 47, 85 və ya 96 nömrəli avtobuslar ilə gedə bilərsiniz.
Roma katolik kilsələrindən olan Notre Damın 12-ci əsrdə bünövrəsi qoyulsa da, 14-cü əsrdə ərsəyə gələ bilib. Bəzi səbəblərə görə, kilsə zərər görsə də, Viktor Hügonun ‘Notre Dam Paris’ kitabını yazması sayəsində, kilsəni yenidən yeniləməyə başlayıblar. Gotik tərzdə olan bu kilsə şəhərin ‘İle la de Cite’ adlı adası üzərində yerləşir və keçmişdən bugünə kimi kilsənin yerləşdiyi yer dini yer olaraq qəbul edilib.
Pulsuz deyil (Halvadı bəyəm?). Normal bilet 8 avro, endirimli bilet 5 Euro, qrup bileti (Ən az 20 adam) 6 avro, 18 yaşından aşağı yaşı olan və ailəsi ilə gələnlər şellənə bilərlər, sizə pulsuzdu (Bəxtəvər köpəhuşağı).
Axşam metroya doğru gedərək, son Paris gününü dəyərləndirdik. Səhər günorta vaxtına Romaya uçuşumuz vardı.
Bir də onu qeyd edim ki, Parisdə olan çox adam şəhərdən pis qoxu gəldiyini desə də, mən heçnə hiss etmədim (Mən Bakı metrosunda tər qoxusunu hiss etməyən adamam, yəni, nəzərə alın). Bir də məsləhət olaraq deyim ki, yazda gələcəksinizsə, əyninizi isti edin. (Məsləhət 4)
İnsanlarına gәldikdә isә, müşahidәmә әsasәn deyә bilәrәm ki, italyanlar qәdәr istiqanlı olmasalar da, soyuqluq da göstәrmәdilәr. ‘Fransızlar başqa dildә onlara yaxınlaşan insanlara yardım etmir, sifәt göstәrir’ söhbәtlәri dә yalandı. Kimә yaxınlaşdıqsa, ingilis dilisi zәif olan adam belә bizә kömәk etmәk üçün can atırdı.
Belə… 4 günlük Paris səyahəti də beləcə bitdi. Paris üçün 4 gün çox, amma çox azdı. Hətta, deyərdim ki, 1 həftə filan gəlib qalmaq lazımdı.
Qeyd : Parisə romantik şəhər desələr də, mən bu şəhərdə romantikanın R-sin də görmədim. İndi siz deyin mənə, həqiqətən də şəhər romantik deyil, ya mən odunam???