Ortastatistik Rasim

    265

    Fikir #1

    Talehin yeni filminə baxdım. Baxandan sonra da könlümdən bir-iki beyt yazmaq keçdi. Deməli belə..

    Film “Ortastatistik Rasim” adlanır. Elə gedişatı izlədikcə aydın şəkildə görürsən ki, film ortastatistik azərbaycanlılar üçün nəzərdə tutulub. Kasıb amma qürurlu ata, hayasız ana və iki ayağını bir başmağa dirəyən uşaq. Hər zamankı kimi ata da maddi sıxıntılar və tələblər üzündən özünə nifrət etməyə başlayır və hadisələr bu ardıcıllıqla davam edir. Deyə bilərik ki, film günümüzün reallığını əks etdirir. Bəli, müəyyən qədər elədir. Ama. Taleh özünə heç də az olmayan izləyici kütləsi yığıb. Çəkdiyi videolar, filmlərlə də həmin izləyici kütləsinin damarını tutub. Söhbətə hardan girməli olduğu artıq yaxşı, həm də çox yaxşı bilir. Taleh biraz dərinə gedib ssenaridə göstərdiyi ailənin maddi vəziyyətinin və nəticədə atanın məcbur qaldığı hadisənin köklərini, bütün bunların əslində nədən qaynaqlandığını açıb ağarda bilməz. Etsə əgər yuxarıdan ona necə qulaq burması veriləcəyini və kariyerasını təhlükəyə atacağını yaxşı bilir. Ona görə də ssenarini “İç Xəbər”in Jek müdirlərini sorğulaması dozasında saxlayır. Bu məsələnin siyasi tərəfi. Bunu qoyduq kənara. Bəs Taleh dərinə gedib məsələnin sosial və biraz da fəlsəfi tərəfini göstərməyə çalışsaydı nə olacaqdı? ƏLbəttə ki, 60-70 faiz baxış sayı azalacaqdı. Girib videonun altındakı şərhlərə baxdım. Şərhlərin hamısı “Taleh bəy allah sizə ömür versin, Azərbaycan kinosunu siz diriltdiz”, ” Taleh möhtəşəmsən, davam elə qardaş” çərçivəsində idi. Məllim hansı publikaya çıxış etdiyini tutub artıq. Elə ona görə də “Stefn Hokinz”i montajda düzəltmək ehtiyacı hiss etmədən efirə ötürüb.

    O vaxt musiqi məktəbində oxuyanda evə kim qonaq gəlirdi mamam əl çəkmirdi ki, dur pianoda bir şey çal qulaq asaq. Mən də dərsdə hansı əsəri keçirdimsə (məs: Haydn və ya Şubert) ondan çalırdım, o dəqiqə səs-küy salırdılar ki, bu nədi zım-zım, başımız getdi, fərli bir şey çal. Mamam da başlıyırdı ki, Ştirliçin (Baharın 17 anı filminin musiqisi) mahnısını elə yaxşı bilir, indi sizi feyziyab eliyəcək. Mahnını çalırdım, doğurdan da hamının ürəyincə olurdu. Niyə? Çünki Ştirliçi əksəriyyət izləmişdi və musiqisi də çox məşhur idi. Sözümün canı, Taleh bilməlidir ki, izləyicin nədirsə, sən də osan.

    Əlavə olaraq onu deyə bilərəm ki, əvvəlki işləri bundan daha yaxşı idi. Sırf bu filmdə Talehin yaratdığı obraz mənə təbii gəlmədi. Aktyor kimi yaxşı aktyordu, o baxımdan bu obrazdakı davranışları mənə səmimi təsir bağışlamadı. Həmçinin filmdə xeyli klişelər var idi. Klişe mövzular, klişe hərəkətlər, klişe dialoqlar.

    Deməli nəymiş? Kubrik izləmək hər zaman Kubrik kimi çəkmək demək deyil 

    Aydan Mardanzade Talibova

     

    Fikir #2

    Son zamanlar artıq qərara almışam ki, gündəmdə olan hər hansi hadisə haqqında anında nəsə yazmaq çoxlu səhvlər buraxmaq riskini artırır. Həmin an nə yazsan, emosional olursan, heç cür rasional düşünüə bilmirsən.

    Hadisədən bir neçə gün, hətta bəzən bir neçə saat sonra yazılacaq, deyiləcək şərhlə, həmin ankı reaksiya arasında ciddi fərq olur. Həm məsələni daha çox araşdırmış olursan, müxtəlif mütəxəssislərin fikirlərini oxuyursan, həm də emosional olmursan. Düzdür bəzən elə hadisələr olur ki, orda emosionın öz ləzzəti olur, amma rasionallıq daha vacibdir.

    Gələk bunu niyə yazmağıma. Bir neçə gün əvvəl Talehin Ortastatistik Rasim serialının birinci seriasına baxdım.

    Zatən film və bu kimi məhsullar ele kateqoriyadandır ki, ona baxdıqdan sonra emosional hisslər daha çox olur.

    İlk öncə Talehə daha böyük uğurlar arzu edirəm. İndiki uğuru da, serialın ətrafda yaratdığı səsküy, baxış sayı və s baxımdan az deyil, amma daha çox olsun. Çox böyük əziyyət çəkir.

    Mən kinoşunas deyiləm, sadəcə öz bildiyim bir məsələni yazmaq istəyirəm. Peşəmlə əlaqadar bu serialda təbii ki, gözüm ilk olaraq sponsorları və product placementləri (məhsul yerləşimi) axtarırdı. Sponsorların məhsulunun serialda yerləşməsinə baxanda adama elə gəlirdi ki, sanki o sponsorlar Talehə pul söz verib, sonra son anda ödəniş etməkdən imtina ediblər və Taleh də onları öz filmində (Məşədi ibadda demişkən, öz qəzetində) ifşa edir.

    Azercell: Serialda Azercell loqosu altında fəaliyyət göstərən dükan var. Loqo filan geniş planda göstərilir. Yəqin Azercell buna görə ödəniş edir. Baş rol ifaçısı həmin dükana daxil olur və müştəriyə xidmət göstərən düşük bir satıcı var. Müştəri ilə məzələnir, onu dolayır, lağ edir. Hansı ki, müştəri çıxılmaz vəziyyətdədir. Əslində qeyri adi heçnə yoxdur. O Telefon dükanlarındakı durum odur, amma adam pul verib öz pisliyini birdaha niyə göstərsin ki?!

    Maxi.az: Baş rol obrazı segway deyilən “müasir velisopedi” almaq üçün mağazaya daxil olur. Təbii ki, pulu da yoxdur. Amma qeyri müəyyən səbəbdən, “Bunlar da pul verib, birtəhər soxuşduraq ssenariyə” deyib, daxil olur mağazaya. Satıcı ilə müştəri arasında bir qram ünsiyyət bacarığı yoxdur. Müştəriyə individual yanaşma yoxdur. Demirəm ha Maxi.az bu məsələdə məhsulu pulsuz verməlidir. Amma ən azından individual yanaşma olmalıdır. Heç olmasa deməlidir ki, bir dəqiqə gözləyin, mən rəhbərliklə danışım, bəlkə xüsusi hal kimi filan nəsə alındı. Amma yoo, satıcı məhsulu satmaq istəmir axı. Maxi.az-ın burada nəyi reklam oldu anlamadım. Ən ucuz Segway də 359 AZN. Hansı ki, TOYS mağazalarında 200 manata da segway satılır. Əksinə baha satan yer kimi qaldı yaddaşda.

    Bank Respublika: Maxi. az üçün deyilənlərin 90 faizi bura üçün də keçərlidir. Müştəri məmnuniyyəti, müştəri xidməti videoda yerlə yeksan edilir. Adam daha Bank respubikaya girmək istəmir. Adam özünə 300 manatlıq kredit götürə bilmir, o halda belə bank işçisi olan qız deyir ki, bizim biznesmənlər üçün də kreditimiz var haaa.

    Şkoda markalı maşını az qala unutmuşdum. Maşının üstündəki nömrə salon nömrəsi və oturacaqlar hələ selofanın içində. Ümid edirəm o da reklam deyildi.

    Burda yəqin ki, maddi problemlər və komandanın olmaması xüsusi rol oynayır. Taleh bəlkə də bütün işləri tək görür. Videoya olan baxış göstərir ki, bu işə daha ciddi investisiya olsa, TV-lər filandan daha yaxşı reytinq və baxımlı seriallar olacaq. Həm də daha müstəqil seriallar.

    Talehin işləri isə davamlı olsun.

    Parviz Azimov