Könüllü olmaq nə deməkdir?
Gəlin ilk öncə buna bir izah verək. İlk öncə adından göründüyü kimi könüllülük ürəkdən gələn bir hisdir. Elə bir hiss ki, sən bunun müqavilində heç nə tələb etmirsən. Gündəlik həyatda hər birimiz könlümüzdən gələn yaxşılıq və hörmət hislərini yaşlılara yolu keçməkdə kömək etməklə, avtobusda yaşca böyüklərə yer verməklə, hər hansı bir şəxsə yaşından asılı olmayaraq yardım etməklə göstəririk. Könüllü olmaq da məhz bu hislərin birlikdə təzahürüdür.
Kimlər könüllü ola bilər?
Demək olar ki, hər kəs , yəni özünü dərk edən və yaş həddindən asılı olmayaraq aşağıda qeyd olunmuş təməl xüsusiyyətlərə malik olan şəxslər:
1. Məsuliyyətli olmaq- bu xüsusiyyət olmadığı təqdirdə siz öz öhdənizə düşən işi yerinə yetirə bilməyəcəksiz.
2. Gülərüz olmaq- hər kəsə müsbət enerji ötürməklə həm başqalarında məmnunluq yarada , həm də özünüzə rahat və yadda qalan bir könüllülük proqramı bəxş edə bilərsiniz.
3. İşə həvəsli olmaq- bu hiss olmadıqda siz öz işinizdən bezə bilərsiniz.
4. Ünsiyyətcil olmaq- bu xüsusiyyətlə siz həm yeni dostlar qazana biləcəksiz , həm də komandayla rahat işləyə biləcəksiniz.
Könüllülərin qazancı nədir?
Könüllülər işlədikləri müddətdə heç bir maddi qazanc əldə etmirlər, ancaq mənəvi qazancları olur.
Könüllülük zamanı əldə olunanlar:
- Siz könüllü olduğunuz təqdirdə çoxlu sayda könüllüylə tanış olacaqsınız və mütləq şəkildə bir-birinizə yardım etməklə çalışarkən ən möhkəm dostluqların təməlini qoyacaqsınız.
- Gələcək karyeranızda sizə uğur gətirəcək təcrübəni qazanacaqsınız. Digər dostlarınızla müqayisədə sizin CV-niz , tərcümeyi-halınız daha dolğun və seçilən olacaq.
- Proqramdan asılı olaraq dil biliklərinizi inkişaf etdirə və sənədlərlə işin mahiyətini anlayacaqsınız.
- Siz özünüzdə yeni xüsusiyyətlər kəşf etməklə dünyanın ən xoşbəxt insanı olacaqsınız. Bununla da şəxsi inkişafınıza böyük töhfələr verəcəksiniz. Könüllülük zamanı qazandığınızı başqa heç bir zaman qazanmayacaqsız.
Könüllülərlə adi işçilərin fərqi nədir?
Fərqi həddən artıq çoxdur:
- Könüllülər adi işçilərdən qat-qat daha məhsuldar və işinə bağlı olurlar. Hətta bəzi proqramlarda könüllülərin işi adi işçilərdən artıq olur və onların qoyduğu zəhmət heç nəylə ölçülə bilməz.
- Könüllülər heç kəsdən asılı deyil, yəni hər kəs özünə rəhbərlik edir. Bu da sizin sərbəst və işinizə bağlı olmağınıza gətirib çıxarır.
- Könüllülər həm iş , həm də həyat təcrübəsi qazanır. Adi işçilər isə var olan biliklərini istifadə edirlər.
Sonda onu qeyd etmək istərdim ki, mən özüm də dəfələrlə könüllülük proqramlarında iştirak etmişəm və yenə də mümkün olduqca iştirak edəcəm. Könüllülük zamanı qazandığım dostluqlar, gələcək həyatımdalazım olacaq iş təcrübəsi mənim üçün maddiyyatdan daha dəyərlidir. Bəzən maddiyyat o qədər də rol oynamır. Əsas ruhunuz zənginləşir və siz bu zaman həyatdan zövq alırsınız.