Əziz xanımlar, ev işlərinə və karyeranızla yanaşı özünüzə qulluq üçün mütləq zaman ayırın. Bu gün haqqında yazacağımız kakao maskaları hər dəri tipinə uyğundur. Hazırlanması rahat olan bu maskalar qırışların yaranmasının qarşısını alır, dəridə olan qırışları azaldır, onu təravətli saxlayır. Davamlı şəkildə tətbiq etdikdə təsirini daha çox hiss edəcəksiniz. Kakao maskaları yalnız qırışlar üçün deyil, başqa dəri problemlərini aradan qaldırmaq üçün də effektivdir. Hazırlanması və dəridən təmizlənməsi olduqca rahatdır.
Kakaonun üz dərisinə faydaları
- Dərini daha sıx və sərt edir
- Məsamələri sıxlaşdırır və kiçildir
- Dərini hamarlaşdırır
- Pilinq kimi təsir edərək ölü hüceyrələri üzdən təmizləyir
- Kakao maskası sızanaqların qarşısını alır
- Qara nöqtələri təmizləyir
- Zədələnmiş dərini bərpa edir
- Dərinin yumşaq və baxımlı olmasını təmin edir
- Yaşlanmaya qarşı təsir edir, qırışları azaldır
Kakao maskaları
Sizlərə yoxlanılmış və yaxşı nəticələr əldə edə biləcəyiniz maska reseptlərini təqdim edirik.
1-ci maska: kakao və qəhvə
1.5 çay qaşığı kakao, 1 çay qaşığı qəhvə, yarım çay fincanı su. Qəhvə və kakaonu qarışdırın, yavaş-yavaş ilıq su əlavə edərək xəmir kimi olana qədər qarışdırmağa davam edin. Göz ətrafı xaric bütün üzə çəkin, təxminən 15-20 dəqiqə saxladıqdan sonra soyuq su ilə durulayın. 15 gündə bir dəfə edə bilərsiniz. Toya və ya hər hansı mərasimə gedərkən etməyinizi tövsiyə edirik, dəriniz hamar və yumşaq olacaq. Onu da qeyd edək ki, maskanın gözəl ətri var.
2-ci maska: kakao və bal
Yarım çay stəkanı kakao, 1 yemək qaşığı süd, 1 çay qaşığı bal. Bütün vəsaitləri bir qarışdırın, göz çevrəsindən başqa bütün üzünüzə çəkə bilərsiniz. 15 dəqiqə sonra ilıq su ilə yuyun. Həftədə 2, 3 dəfə istifadə edə bilərsiniz. Təsirini tez hiss edəcəksiniz, dəriniz canlı görünəcək. Əgər dəriniz qurudursa, bu maskaya az miqdarda zeytun yağı əlavə edin.
3-cü maska: kakao və qatıq
2 yemək qaşığı kakao tozu, 1 yemək qaşığı təbii qatıq, 1 çay qaşığı bal. Qeyd olunanları qarışdırıb təmiz üzə çəkin. Maskanı barmaqlarınızla üzə hopduraraq yayın və quruması üçün 15 dəqiqə gözləyin, daha sonra ilıq su ilə üzünüzü yuyun. Həftədə bir dəfə istifadə edə bilərsiniz.
4-cü maska: kakao və süd
1 fincan şəkərsiz kakao və 2 yemək qaşığı süd. Məhsulları qarışdırın və üz dərinizə çəkin. Quruduqdam sonra ilıq su ilə yuyun. Dəriniz qurudursa, zeytun, badam və ya jojoba yağlarından birini maskaya əlavə edə bilərsiniz. Dərinizi yumşaq və parlaq edəcək. Həftədə 2 dəfə istifadə oluna bilər.
İstənilən maskanı bütün üzə çəkməzdən əvvəl üzünüzün bir hissəsində yoxlamağınız tövsiyə olunur. Tərkibində olan inqrediyentlərə allergiyanız olmadığını müəyyən etdikdən sonra üzünüzə tətbiq edə bilərsiniz.
Hər zaman baxımlı və füsunkar qalın! 🙂