Karl Marks Marksizm cərəyanının yaradıcısı olan alman filosofu, siyasətçisi, iqtisadçısı, sosioloqu və yazıçısıdır. Üç cilddən ibarət olan “Kapital” onun yaradıcılığında “Kommunist Manifesti” əsərindən sonra vacib rol oynamışdır. Marks əsəri yazmaq üçün iqtisadi ədəbiyyata dərindən yiyələnmiş və əsərdə də bir çox iqtisadi mütəfəkkirin əsərlərindən istinadlar etmişdir. “Kapitalı”ın yalnız l cildi onun sağlığında 1867- ci ildə nəşr edilmiş, qalan ll və lll cildlər yaxın dostu Fridrix Engels tərəfindən onun ölümündən sonra çapa verilmişdir. Hətta yarımçıq qalmış sonuncu cild Fridrix Engels tərəfindən tamamlanmışdır.
“Kapital”ın dilimizə yalnız ilk cildi tərcümə olunub və 807 səhifəlik uzun bir əsərdir. Kitabı mütaliə edən oxucu istehsal, istehlak, əmtəə, pul, qiymət, əmək, əmək haqqı və s. haqqında geniş məlumat əldə edə, iqtisadi- siyasi dünyagörüşünü artıra bilər. Sitatları oxuyarkən qismən əsərlə tanış ola biləcəyinizi və bəyənəcəyinizi ümid edirəm.
- “Xalqın yaxşı yaşadığı millətlər yoxsul, xalqın adətən yoxsul olduğu millətlər varlıdırlar”.
- “Dəyər bir şeyin başqa şeyə, müəyyən miqdar bir məhsulun, müəyyən miqdar başqa məhsula mübadilə olunduğu nisbətdir”.
- “Cəmiyyəti xoşbəxt, xalqı isə hətta öz acınacaqlı vəziyyətindən də razı salmaq üçün gərək böyük əksəriyyət cahil və yoxsul olsun. Bilik bizim arzularımızı genişləndirib artırır, odur ki, insanların arzusu nə qədər azdırsa, onun tələbatı da bir o qədər asanlıqla təmin edilə bilər”.
- “Pul forması birinci olaraq köçəri xalqlar içərisində inkişaf edir, çünki onların bütün əmlakı mütəhərrik formadadır, bilavasitə özgəninkiləşdirilən formadadır və onların həyat tərzi daim onları başqa icmalarla təmasa gətirir, bununla da mübadiləyə sövq edir”.
- “O zaman adamları əməyə məcbur edirdilər, çünki onlar başqalarının qulu idilər, indi adamlar əməyə məcbur edilirlər, çünki onlar öz tələbatlarının quludurlar”.
- “Mənfəət istehsalın yeganə məqsədidir”.
- “Əgər iki oğru bir- birinin saçın yolsa bunun həmişə xeyri olar”.
- “Bütün ömrü boyu ancaq bir neçə əməliyyatla məşğul olan adamın öz əqli istedadını inkişaf etdirməyə və ya öz dərrakəsini işlətməyə fürsət və ehtiyacı olmur… Belə bir şəxs o qədər kütləşir, cahilləşir ki, insanlar arasında ondan küt və cahilinə rast gəlmək olmaz.” (Kitabda olan A. Smitin əsərələrindən birinə istinad)
- “Dində insanın öz beyninin məhsulu ona hakim olduğu kimi, kapitalist istehsalında da insanın öz əlinin məhsulu ona hakimdir”.
- “Sənaye cəhətdən daha çox inkişaf etmiş ölkə, daha az inkişaf etmiş ölkəyə onun yalnız öz gələcəyinin mənzərəsini göstərir”.
- “Məncə bir xalq üçün ən böyük bəla onun elə bir torpaqda yaşamasıdır ki, orada təbiət özü bolluca yaşayış vasitəsi və qida istehal edir, iqlim isə insanı geyinmək və soyuqdan qorunmaq qayğısından demək olar ki, azad edir. Bunun tam əksi də mümkündür. Əmək sərf etmək vasitəsilə becərildikdə məhsul verə bilməyən torpaq da, heç bir əmək sərf edilmədən bol məhsul verən torpaq qədər pisdir”.
- “Zəmanəmizin diqqətəlayiq hadisələrini nə hökmdarların zərli libası, nə də ruhanilərin qara əbası gizlədə bilməz”.
Müəllif: Həbibə Cabbarova