İşsizlik probleminin ciddiliyinin düzgün dəyərləndirilməsi üçün bu vəziy­yətin davamiyyəti məsələsini nəzərdən keçirmək lazımdır. Bir işçi özünün əmək vərdişlərinə və istəyinə ən yaxşı şəkildə uyğun gələn işi cəmi bir neçə həftəyə tapa bildiyi halda, başqası belə bir işi aylarla ciddi maddi və psixoloji çətinliklər keçirməklə axtara bilər.


İşsizlik vəziyyətinin davamiyyəti problemin ciddiliyi haqqında təsəv­­vür­lərə təsir etdiyinə görə iqtisadçılar bu məsələnin öyrənilməsinə böyük diq­qət yetirirlər. Tədqiqatlar nəticəsində onlar ilk baxışda zid­diyyətli görünən mühüm bir nəticəyə gəlmişlər. Bu nəticə ondan ibarətdir ki, insanların ək­səriyyəti üçün işsiz qalmaq dövrü qısa müddətli olur, lakin müşahidə altın­da olan işsizlərin əsas hissəsi uzun müddət işsiz vəziyyətində qalan insanlardır.

Bu müddəanın nə qədər düzgün olduğuna inanmaq üçün bir misalı nəzərdən keçirək. Fərz edək ki, siz əmək bazarındakı vəziyyəti nəzarətdə saxlayaraq il ərzində hər həftə işədüzəltmə bürosuna müraciət edirsiniz və hər həftə siz orada dörd nəfər işsizlə rastlaşırsınız. Onlardan üçü bütün müşahidə olunan müddət ərzində ora gəlir, dördüncüsü isə hər dəfə yeni adam olur. Bu müşahidəyə əsaslanaraq siz işsizlik vəziyyətinin davamiyyəti barəsində nə deyə bilərsiniz?

Bu suala cavab vermək üçün bir neçə sadə hesablamalar aparmaq lazımdır. Bu misalda siz 55 nəfər işsiz ilə rastlaşmışsınız. Onların 52 nəfərinin işə düzəlməsi cəmi bir həftə davam etmiş, üç nəfəri isə il boyu iş axtarmışlar. Beləliklə, 52:55, yaxud müşahidə olunanların 95%-i bir həftə ərzində işə düzəlmişlər. Bu rəqəm onların işsiz vəziyyətinin qısamüddətli olduğunu göstərir. O biri tərəfdən isə, üç nəfər bütün il ərzində (52 həftə) cəmi 156 həftə iş axtarmışlar. Bu müddətə başqa 52 nəfərin məşğul olma­dığı daha 52 həftəni əlavə etsək, ümumi hesabda 208 həftə əldə edərik. Bizim misalda 156:208, yaxud işsizlik vəziyyətinin ümumi davamiyyətinin 75%-i bütün il ərzində işləməyən üç nəfərə aid olur. Və bu işə düzəlmənin uzunmüddətli xarakter daşıdığını göstərir.

Bir mənalı olmayan bu nəticə iqtisadçıları və dövlət adamlarını əmək bazarındakı vəziyyətin təhlili və işsizlərə yardım üçün tədbirlərin hazırlanması zamanı həddən artıq ehtiyatlı olmağa məcbur edir. Təcrübə göstərir ki, işini itirmiş adamların əksəriyyəti özünə kifayət qədər tez iş tapır, lakin iqtisadi problemlərin çoxu işsizlik vəziyyəti uzun müddət davam edən həmin az miqdarda olan işçilər tərəfindən yaradılır.


İşsizlik nə üçün baş verir?
Biz işsizliyin ölçülməsi üsulları ilə, əmək bazarındakı vəziyyətin təhlili zamanı meydana çıxan problemlərlə və iş axtarmağın davamiyyəti haqqında iqtisadçıların nəticələri ilə tanış olduq, lakin əvvəldə aparılmış bütün müzakirələr işsizlik hadisəsinin mövcudluğunun səbəblərinin izahını bizim üçün aça bilmədilər. Bazarların çoxunda qiymətlər mexanizmi əmtəə və xidmətlərə olan tələb və təklifi tarazlaşdırır. İdeal əmək bazarında tələb və təklifin tənzimləyicisi rolunda bütün işçilərin işə düzəlməsinə zəmanət verməli olan əmək haqqının səviyyəsi çıxış edir.


Əslində real həyat ideallıqdan çox uzaqdır. Hətta iqtisadiyyatın irəliləyən inkişafı zamanı belə həmişə müəyyən miqdarda işsiz mövcud olur. Başqa sözlə, işsizliyin səviyyəsi heç vaxt sıfır nöqtəsinə qədər enmir və onun təbii səviyyəsi ətrafında enib-qalxır. Bu hadisənin mahiyyətini anlamaq üçün əmək bazarının mütləq məşğulluğu təmin etmədiyi dörd səbəbi təhlil edəcəyik.

Son nəticələri etməmişdən əvvəl uzunmüddətli bir mərhələ üçün işsizliyin mövcudluğunun izahının dörd variantını nəzərdən keçirək. Birinci izah ondan ibarətdir ki, münasib iş yeri axtarmaq üçün həmişə müəyyən vaxt tələb olunur. Friksion işsizlik adlandırılmış bu cür işsizlik çox vaxt işdəki nisbətən qısa fasilələri izah etməyə xidmət edir.


İşsizliyin izahının yerdə qalan üç variantı onu bildirirlər ki, əmək bazarında iş yeri almaq istəyənlərin hamısı üçün lazım olan miqdarda vakansiyalar yoxdur. Bu o zaman baş verir ki, əmək bazarında təklif tələbatı üstələyir. Belə hallar işdə uzunmüddətli fasilələri nəzərdə tutan struktur işsizlik adlanır. İrəlidə görəcəyimiz kimi struktur işsizlik o halda baş verir ki, əmək haqqının səviyyəsi hər hansı bir səbəbdən əmək baza­rında tələb və təklifin bərabərliyini təmin edən kəmiyyətdən üstün olur. Biz bu hadisənin üç səbəbini: minimal əmək haqqı haqqında qanundan istifadə olunması, həmkarlar ittifaqlarının fəaliyyəti və əməyin ödənilməsinin effektivliyinin təsirini nəzərdən keçirməliyik.