Müasir dövrdə bütün ölkələrdə müşahidə olunan kəskin prob­lem­lərdən biri işsizlikdir. Işsizlik – iş qüvvəsinin (iqtisadi fəal əhali­nin) əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmayan hissəsini göstərən sosial-iqtisadi hadisədir. Məşğul əhali ilə işsizlər ikisi birlikdə ölkənin iş qüvvəsini əmələ gətirir. İşsizlik özünü iş qüvvəsinə olan tələbin təklifdən geri qalmasında göstərir.

İşsizlərə aşağıdakılar aid edilir: işləməyənlər, iş axtaranlar, işə başlamağa hazır olanlar. İşsizlərə təkcə müxtəlif səbəblərdən işdən çıxa­rılanlar deyil, iş yerlərini könüllü surətdə qoyub gedənlər, yeni iş tap­mağa cəhd göstərənlər də daxildir. İşsizliyi ifadə edən kateqoriyalar aşa­­ğı­dakılardır:

1) İşdən çıxarılma nəticəsində iş yerlərini itirənlər;
2) İş­dən könüllü çıxıb gedənlər;
3) Müəyyən fasilədən sonra əmək bazarına müraciət edənlər;
4) Əmək bazarına ilk dəfə gələnlər. Bu kateqoriyalar arasındakı nisbət hər şeydən əvvəl iqtisadi tsiklin fazalarından asılıdır.

İşsizliyin orta aylıq səviyyəsi aşağıdakı düs­turla hesablanır:
LUE= (UE: LFC ) ∙100

Burada: LUE – işsizliyin səviyyəsini (normasını), %-lə;
UE – işsizlərin orta aylıq sayını;
LFC – mülki iş qüvvəsinin sayını göstərir.

İşsizliyin səviyyəsinin hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki, iş qüvvəsinin ümumi sayı 1 216 990 nəfərə bərabərdir ki, bunun da 1 149 680 nəfəri işləyir, 67 310 nəfəri isə işləmir.

Deməli, işsiz­liyin səviyyəsi:
LUE = (67310 ∙ 100): 1216990 = 5,5%-ə bərabərdir.

İşsizliyin səbəblərinə dair müxtəlif baxışlar, nəzəriy-yələr möv­cud­dur. Bunlardan geniş yayılmışları aşağıdakı-lardır:
1) Əhali artıqlığı (mal­tusçuluq);
2) Texniki tərəqqi («texnoloji nəzəriyyə»);
3) Kapital yığı­mı prosesi (marksist məktəb);
4) Bazar tələbinin kifayət qədər olmaması (Keyns nəzəriyyəsi);
5) Əmək haqqının səviyyəsinin yüksək olması («azad sahibkarlıq» məktəbi).


Maltusçuluq ingilis iqtisadçısı T. F. Maltusun adı ilə bağlıdır. O, özünün “Əhali qanunu haqqında təcrübə” əsərində (1798) göstərirdi ki, əhalinin sayı həndəsi silsilə ilə, nemətlər istehsalı isə ədədi silsilə ilə artır və buna görə də müəyyən müddətdən (adətən 25 ildən bir) sonra ar­tıq əhali əmələ gəlir. Bu da işsizlər ordusunun yaranmasına səbəb olur.

Geniş yayılmış nəzəriyyələrdən biri də işsizliyin başlıca səbə­binin texniki tərəqqi olduğunu elan edən «texnoloji işsizlikdir». Bu nəzə­riyyə 1954-cü ildə Vyanada keçirilmiş tam məşğulluğun təmin edil­məsinin vasitə və yolları haqqında diskussiyalarda müdafiə olunmuşdur. Qərbin iqtisadi ədəbiyyatında belə bir fikir yayılmışdır ki, istehsal güclərinin yüklənməsi dərəcəsi əsas kapitaldan istifadənin məq­sədəuy­ğun­luğu və faydalılığını göstərdiyi kimi işsizlik də əmək ehtiyatlarından istifadənin məqsədəuyğunluğunu əks etdirir.

Əslində marksizm də işsiz­li­yin başlıca səbəbini bunda görür. Başqa sözlə, marksizm, işsizliyi ka­pi­tal yığımı prosesi ilə əlaqələndirir. Bunun mahiyyəti ondan ibarət­dir ki, canlı əməyə (dəyişən kapitala) olan tələb maşın və avadanlıqlara (sabit kapitalın başlıca ünsürlərinə) olan tələbdən ləng artır. Deməli, is­tehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması istər-is­təməz işsizliyə gətirib çıxarır. Bununla əlaqədar olaraq hələ XIX əsrdə «Kompensasiya nəzəriyyəsi» meydana gəlmişdir. Bu nəzəriyyənin tərəf­darlarının fikrincə maşınların istehsalın bir sahəsindən sıxışdırdığı işçi­lər digər sahələrdə iş qüvvəsinə olan əlavə tələbin ödənilməsi yolu ilə kompensasiya edilir.

Müasir dünyada çox geniş yayılmış nəzəriyyələrdən biri də Keynsin işsizlik nəzəriyyəsidir. 1936-cı ildə məşhur ingilis iqtisadçısı C.M.Keyns özünün «Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi» kita­bında kapitalist iqtisadiyya­tında məşğulluq səviyyəsini yeni tərzdə ay­dın­laşdırmışdır. Onun fikrincə kapitalizmdə tam məşğulluğa zəmanət ve­rən heç bir mexanizm yoxdur. Belə nəticə çıxarılır ki, tam məş-ğulluq qanunauyğunluq deyil, təsadüflükdür. Kapitalizm sonsuzluğa qədər çiçək­lənməni təmin edə bilən və öz-özünü tənzimləyən iqtisadi sistem de­yildir. Kapitalizmin “öz-özünə inkişaf” etdiyini güman etmək olmaz. Bundan başqa, iqtisadi inkişafda tərəddüd etmələri yalnız müharibələr, quraqlıq və s. kimi xarici və qeyri-normal amillərlə əlaqələndirmək düz­gün deyildir. Əksinə, işsizliyin səbəblərini xeyli dərəcədə bir sıra çox mü­hüm iqtisadi məsələlər, xüsusilə də yığım və investisiyalar haqqında qərarlar qəbul edi­lər­kən tam tarazlığın gözlənilməsində axtarmaq la­zımdır.

Keynsdən fərqli olaraq «azad sahibkarlıq» məktə­binin nüma­yəndələri kortəbii bazar mexanizmini tərifləyir və işsizliyin səbəbini əmək haqqının yüksək olması ilə izah edirlər. Onların fikrincə əmək haqqının artırılması məş­ğulluğun və işçilərin sayının azalmasına və de­məli, işsizliyə gətirib çıxarır. Bu məktəbin tanınmış nümayən­də­lə­rindən biri Kembric Universitetinin professoru A.Piqudur.

Onun çıxar­dığı əsas nəticələr bunlardır:

1) İstehsalda məşğul olan işçilərin sayı ilə əmək haqqının səviyyəsi arasında tərsmütənasiblik vardır. Yəni əmək haq­qı nə qədər yüksək olarsa, məşğulluq da bir o qədər aşağı olur;

2) 1914-18-ci illərdəki birinci dünya müharibəsinə qədər əmək haqqı ilə məş­ğulluq arasında tarazlığın olması onunla izah edilir ki, əmək haqqı işçi­lər ara­sında gedən azad rəqabət əsasında, hamının məşğul ola bilməsinə im­kan verən səviyyədə müəyyən olunmuşdur;

3) Birinci dün­ya mühari­bə­sindən sonra həmkarlar ittifaqının rolunun artması və işsizliyə görə müavinətlərin verilməsi əmək haqqının yüksəlməsinə gəti­rib çıxarmışdır ki, bu da kütləvi işsizliyin səbəblərindən biridir;

4) Tam məşğulluğa nail olmaq üçün əmək haqqını aşağı salmaq lazımdır.

Beləliklə, işsizlik müxtəlif səbəblərdən əmələ gəlir və başlıca vəzifə onun qarşısının alınmasıdır, lakin elə hallar da olur ki, işsizliyin tamamilə aradan qaldırılması mümkün olmur. Bunun nə dərəcədə həqi­qətə uyğun olduğuna inanmaq üçün işsizliyin formalarını nəzər­dən ke­çirək.

İnsanlara fəaliyyət növünün və iş yerinin seçilmə­sində sərbəst­lik verildikdə istər-istəməz seçim qarşısında, «iki da­şın arasında» qa­lırlar. Belə ki, bəziləri iş yerlərini könüllü surətdə də­yişir, bəziləri işdən çıxarıldıqlarına görə yeni iş yerləri axtarır, üçün­cülər, mövsümi məşğul olduqları iş yerlərini (məsələn, tikinti səna­yesində hava şəraiti pis oldu­ğuna, avtomobil sənayesində model dəyiş­diyinə görə) itirirlər.

Elə adam­lar da vardır ki, (bu xüsusilə gənclərə aid­dir) yenicə əmək fəaliy­yə­ti­nə başladıqlarına görə iş axtarırlar. Bu adam­ların hamısı iş yerləri tap­dıqda, yaxud da işdən müvəqqəti çıxarılanlar köhnə iş yerlərinə qa­yıtdıqda, digər iş axtaranlar və iş yerlərini müvəq­qəti itirənlər “ümumi işsizlilər fondunda” onları əvəz edirlər və deməli, işsizlik yenə də qalır. Buna friksion işsizlik deyilir. İşsizliyin bu forması qaçılmaz və müəy­yən dərəcədə arzuolunandır, çünki işçilərin çoxu, bəlkə də hamısı az maaş verilən işdən çox maaş verilən, az məhsuldar işdən yüksək məh­sul­darlıqlı işə keçməyə çalışır, yaxud da yaşadığı ərazilərdəki idarə və müəssisələrdə işləməyə üstünlük verirlər. Deməli, əhalinin yerdəyişməsi, bir işdən başqa işə keçməsi hallarına son qoy­maq mümkün olmadığına görə, friksion işsizliyi də tama-milə aradan qaldlırmaq mümkün de­yildir.

Friksion işsizlik hiss olunmadan struktur işsizliyə keçir. İqti­sadçılar struktur sözünü «tərkib» mənasında işlədirlər. Zaman keçdikdə istehlak tələbinin strukturunda və texnologiyada çox mühüm dəyi­şik­liklər əmələ gəlir ki, bu da öz növbəsində iş qüvvəsinə olan ümumi tə­lə­bin strukturunun dəyişməsinə səbəb olur. Bunun nəticəsində bəzi pe­şə və ixtisaslara olan tələb azalır, bəzi hallarda hətta yox olur, bəzi­lərinə isə, əksinə, tələb artır. Təbiidir ki, bu, işçilərin bəzi kate­qoriya­la­rında iş­sizliyin əmələ gəlməsinə səbəb olur. Bu, onunla əla­qədardır ki, iş qüv­vəsinin quruluşu yeni iş yerlərinin quruluşuna tez bir zamanda uyğun­la­şa bilmir və uyğunlaşa da bilməz. Göründüyü kimi, elmi-texniki tərəq­qi sonsuz olduğuna görə struktur işsizliyin də tama­milə aradan qaldı­rılması mümkün deyildir və bu mənada onun friksion işsizliyə oxşarlığı vardır, lakin bunları tamamilə eyniləşdirmək olmaz, onların arasında fərqlər vardır. Bu, özünü onda göstərir ki, friksion işsizlərin təcrübələri, vərdişləri var və onlar “əmək«lərini sata bilərlər. Stukrtur işsizlər isə yenidən hazırlıq mərhələsini keçməsələr, əlavə pe­şə­yə yiyələnməsələr, hət­ta bəzi hallarda yaşayış yerlərini dəyişməsələr iş tapa bilmirlər. Digər tərəfdən friksion işsizlik qısa müddət, struktur iş­sizlik isə uzun müddət davam edir.

İşsizliyin növlərindən biri də tsiklik və ya dövri işsizlikdir. İş­sizliyin bu növü iqtisadi tsiklin azalma mərhələsi ilə əlaqədardır. Başqa sözlə, əmtəə və xidmətlərə ümumi tələb azaldıqda məşğulluq ixtisar olu­nur və işsizlik artır. Odur ki, tsiklik işsizliyi bəzən tələbin azalması ilə əlaqədar olan işsizlik də adlandırırlar.