Giriş və qısa icmal

Yazının əsas məqsədi birdir, sosial şəbəkələrdə izlədiyiniz, öz işlərində uğurlu hesab etdiyiniz, ekspert donuna bürünmüş, əslində isə yalan satan şəxsləri tanımaqda və zərərçəkən olmamaqda yardımçı olmaq.

Dolayı məqsəd isə ümumən şübhəcil yanaşmanı, kritik düşünməni təbliğ etməkdir.

Əgər bir şəxs yalan məlumatlarla özünüreklam edirsə, nəticədə sizdə inam formalaşırsa, siz və yaxın ətrafınız hər zaman potensial zərərçəkmiş hesab edilirsiniz.

Məsələn bir anın içində yanlış qərar verib onlardan birinin təklif etdiyi xidmətə inanıb pul verə bilərsiniz .

Yaxud yaxın bir tanışınıza məsləhət görə bilərsiniz ki, “facebook-da görmüşəm, filankəs bu sahəni əla bilir, onunla işlə, ona müraciət et”, sonra yaxın tanışınız həmin adamdan maddi zərər görmüş olanda arada siz pis ola bilərsiniz və.s.

Lap elə birbaşa və dolayı maddi zərər görmə ehtimalınız yoxdur – yenə də, kim istəyər ki, hansısa yalançı biri tərəfindən avam yerinə qoyularaq aldadılsın, inandırılsın? Yəqin ki, heç kim.

Ona görə də nə qədər çox insan bu tip işgüzar yalançıları tanıya bilsə, o qədər çox xeyirdir, istər fərdi, istər ümumi planda.

Sosial şəbəkələr – yeni PR platforması

Yəqin ki, sırf sosial şəbəkələrdən tanıdığınız, izlədiyiniz, yazılarını bəyəndiyiniz xeyli şəxs var. Fikir vermisinizsə, əksəri fərdi profil və ya səhifələrindən sırf öz işlərini, xidmətlərini, bizneslərini təbliğ etmək üçün yararlanırlar. Burada anormal heç nə yoxdur, bu çox yerdə belədir.

Lakin problem ondadır ki, bu izlənən şəxslərin içində danışdığı və özünü peşəkarı kimi təqdim etdiyi sahədən heç bir ciddi məlumatı olmayanlar da var, özü də yetərincə çox sayda. Hər gün ənənəvi və sosia media vasitəsilə bol-bol informasiya alırıq, informasiya qidası qəbul edirik, bu qidalardan zərərli olanlardan necə imtina edə bilərik?  Bu haqda bir az danışacağıq.

Hərşeyşünas ekspertlər – pafos, retrospektiv gap, vədlər və.s.

Bir yazıda bütün personajları cəmləşdirə bilmərəm, ona görə qısa qısa nümunələr verib keçək növbəti yarımbaşlığa:

  • Məsələn, əgər bir mövzu aktuallaşırsa, dərhal bu sahədə psevdo-ekspertlər peyda olub bu sahədən pul qazanmağa çalışır.

  • Hər hansı sahəni öyrənmək istəyirsinizsə, yaxşı öyrədən axtarırsınızsa, yəqin ki, ilk öncə yadınıza Facebook-da ən yaxşı təlimçi kimi ad çıxaran və ya reklam edilən, dostlarınızın bəyəndiyi və paylaşımını etdiyi şəxs/kurs yadınıza düşür.

  • Bir şirkət durmadan özünün uğurlarından, yerli və dünya bazarını fəth etməsindən danışır – qibtə edirsiniz, milli şirkətin, mütəxəssislərin uğurlarına sevinirsiniz.

  • Biri NASA ilə aya uçacağını deyir, inqilabi konsept hazırlağını deyir, ilk öncə şübhə edirsiniz, amma görəndə ki, media paylaşır, yenə sevinirsiniz, qibtə edirsiniz.

  • Biri deyir ki, Nobel mükafatına namizədliyim verilib – ciddi görünürsə inanırsınız, görünmürsə inanmırsınız.

  • Biri Amerikada şirkət yaratdığını, Azərbaycanda şərait olmadığından bunu orada bacardığını deyir – özümüzə söyürsünüz, “biz beləyik də, belələrinin qədrini bilmirik” deyib növbəti paylaşımı oxumağa keçirsiniz.

  • Biri marağında olduğu sektora aid daim ingiliscə paylaşımlar edir, vəssalam, sadəcə bunu edir, alt-şüurumuza hopur ki, hə filankəs bu sahənin ustadıdır, gündəmi və mövzunu əla bilir.

  • Biri də qərbdə hər ciddi texnoloji yenilik olanda, onu paylaşır, üstündə də “ehhh, biz geridə qalmışıq, şərait olsaydı, maliyyə ayrılsaydı bunu burada da edərdik, dövlət belə, investorlarımız elə və.s.” yazır , təəssüf hissi keçirirsiniz ki, ehhh, kaş şərait yaradan olaydı, bizdə də belə gənclər “Tesla” buraxardı, robot düzəldərdi.

  • Biri də deyir, dünya səviyyəli proqramları və ya avadanlıqları artıq biz də düzəldə bilirik, “milli şirkət, yerli məhsul, öz mühəndislərimiz, vatan, millət, Sakarya …” – əvvəllər bu mümkün deyildi, amma artıq biz varıq, bu yöndə R&D çalışmaları edirik, az qalıb, gəlir, yoldadır, görəcəksiz …

Siyahı uzandıqca uzanar, ümid edirəm bu qədəri kifayətdir ki, söhbətin hansı tip şəxslərdən getdiyinə dair təsəvvür formalaşsın.

Skeptiklik ən yaxşı müdafiə tədbiri kimi

Təməl süzgəc budur: Yaxından bələd olmadığımız sahə, şirkət, ekspert barədə paylaşılan informasiyaya İLK ÖNCƏ ŞÜBHƏ ETMƏLİ, sonra, ciddi məntiqi əsaslar olduğu halda inanmalı. Vəssalam, bu qədər sadə. Tək çıxış yolu da budur.

 Əksəriyyətin informasiyanı emal etməsi prosesi:
1. İnformasiya – İddia, uğur anonsu,  vəd, dəvət.
2. Proses:
 inandırıcı səslənirsə (səsləndirənin fotolardakı geyimi, yazı və ya danışıq tərzi, paylaşdığı linklər və.s.-ə əsaslanan təəssürat) dərhal inanmaq.

Bu qədər sadə proseslə emal bitdi. Bir müddət sonra, məsələn 2-3 ay sonra kimsə həmin iddia edən tərəf haqqında sual soruşsa, verilən cavab: “hə onlar güclü şirkətdir/ekspertdir, tanıyıram, məsləhətlidir”.

Haradan bilirsən?” soruşulsa, ciddi cavabı olmayacaq, çünki informasiyanı 2-3 ay əvvəl hissi qaydada, məntiq süzgəcindən keçirmədən qəbul edib.

Əslində edilməli olan:

1. İnformasiya – İddia, uğur anonsu,  vəd, dəvət.

2. Proses: İnandırıcı səslənirsə belə, dərhal şübhə etmək, inanmamaq.
2.1. Maraqlı mövzu deyiilsə elə burada da bitirmək.
2.2. Yox əgər şəxsən maraqlı (mənfəət, karyera və.s. baxımdan) mövzudan söhbət gedirsə, o halda şübhə etdikdən sonra araşdırmağa başlamaq – Vəd verən kimdir, İNDİYƏ QƏDƏR NƏ EDİB, bəhs etdiyi sahə haqqında real bilikləri olduğuna aid hansı sübutlar var.
2.3. Əgər bütün bu süzgəclərdən keçərsə, ondan sonra inanmaq.

İndi qayıdaq bundan əvvəlki yarımbaşlığa, oradakı ümumiləşmiş nümunələrə yuxarıda yazdığım tərzdə bir az skeptik yanaşaq:

  • Məsələn, əgər bir mövzu aktuallaşırsa, dərhal bu sahədə psevdo-ekspertlər peyda olub bu sahədən pul qazanmağa çalışır.

    DƏRHAL ŞÜBHƏ EDİRİK: Bu “ekspert” nə yatdı ki, nə də yuxu görə? İNDİYƏ QƏDƏR BU YENİ SAHƏYƏ YAXIN OLAN BAŞQA BİR SAHƏDƏ HANSI REAL UĞURU VAR? Əvvəllər nə işlə məşğul olub?


  • Hər hansı sahəni öyrənmək istəyirsinizsə, yaxşı öyrədən şəxs və ya müəssisə axtarırsınızsa, yəqin ki, ilk öncə yadınıza Facebook-da ən yaxşı təlimçi kimi ad çıxaran və ya çoxlu reklam edilən, dostlarınızın bəyəndiyi və paylaşımını etdiyi şəxs və ya kurs yadınıza düşür.

    DƏRHAL ŞÜBHƏ EDİRİK: Bəyənən və ya paylaşan dostlardan bunu niyə etdiyini soruşun. Əgər “eşitmişəm ki, yaxşıdır”, yaxud “tanınmışdır” kimi cavablar alsanız, şübhənizə davam edin. Fərdi araşdırmağa çalışın, ki bu və ya bunlar kimlərdir, öyrədənin öyrətdiyi sahədə hansı uğuru var. Bundan əvvəl nə işlə məşğul olublar.


  • Bir şirkət durmadan özünün uğurlarından, yerli və dünya bazarını fəth etməsindən danışır – qibtə edirsiniz, milli şirkətin, mütəxəssislərin uğurlarına sevinirsiniz.

    DƏRHAL ŞÜBHƏ EDİRİK: İlk növbədə ona görə ki, ciddi şirkətlər pafosla danışmırlar, ön-iddia etmirlər. Onlar ilk növbədə işi görürlər, pafosu da uzaqbaşı iş hazır olanda görülən işi təqdim edəndə, reklam edəndə istifadə edirlər. Yəni pafosu iddialara yox, əllərində hazır olan məhsulun NÜMAYİŞ PROSESİNƏ yükləyirlər. Gələcəyə yönəlik pafos isə ümumiyyətlə şübhə üçün çox ciddi əsasdır.

    Bir şirkət təmsilçisinin və ya şəxsin internet mediada, sosial mediada, tv-lərdə bol-bol terminlərlə dolu, epitet, təşbeh, metaforalarla bəzədilmiş pafoslu özünütərif etməsi şübhə üçün çox ciddi əsasdır.

    Əgər şəxs və şirkət bu tip iddialarla çıxış edirsə, real məhsulun nə olduğu ilə maraqlanın. Niyə məhsulun özünü, keyfiyyətini görmürük, əvəzində bol-bol tərif eşidirik? Haradadır məhsul, necədir, nə cürdür, keyfiyyəti necədir? Maraqlanmadığımız halda, uğura aclığımızdan istifadə edib ölkəmiz adına uğur qazanmaq haqqında yalan satan şarlatanların qurbanına çevrilmə təhlükəsi hər zaman mövcud olacaq.

    Yox əgər iddia daim gələcəyə doğrudursa (edirik, işləyirik, hazır olacaq, satmaq üzrəyik, danışıqların son mərhələsindəyik), o halda da inanmayın və deyilən vaxtın gəlməsini gözləyin, məsələn Calendar tətbiqində gələcək üçün deyilən tarixi qeyd edin, həmin gün gəldiyində bir daha qayıdın həmin iddia edən tərəfin səhifəsinə, görün filan vaxtda dünyanı fəth edirik filan iddialarından əsər əlamət varmı? Çox güman ki, heç nə tapmayacaqsınız. Çünki bir şəxs sadəcə gələcəyə yönəlik pafoslu vədlər verirsə, böyük ehtimalla yalançıdır.


  • Biri NASA ilə aya uçacağını deyir, və ya Harvard-da oxuduğunu deyir, inqilabi konsept hazırlağını deyir, ilk öncə şübhə edirsiniz, amma görəndə ki, media paylaşır, yenə sevinirsiniz, qibtə edirsiniz.

    DƏRHAL ŞÜBHƏ EDİRİK: Bu məlumat sizə maraqlı gəlirsə, kiçik bir araşdırma edin, NASA-nın, Harvard-ın veb saytına girin, bir az araşdırma aparın. Əgər iddialar tam doğrudursa, ondan sonra inanın.


  • Biri deyir ki, Nobel mükafatına namizədliyim verilib – ciddi görünürsə inanırsınız, görünmürsə inanmırsınız.

    Yenə də eyni şey. Şübhə etməli, ciddi mənbə axtarmalı, rəsmi mənbədən bu iddianın təsdiq olunduğunu görmədən İNANMAMALI.


  • Biri Amerikada şirkət yaratdığını, Azərbaycanda şərait olmadığından bunu orada bacardığını deyir – özümüzə söyürsünüz, biz beləyik də, belələrinin qədrini bilmirik deyib növbəti paylaşımı oxumağa keçirsiniz.

    Yenə də şübhə edirik: Ən azından ona görə ki, bu tip yekə iddialar adətən yalan olur. Şirkətin nə olduğunu, nə işlə məşğul olduğunu, şirkəti təsis edənin hazırda harada olduğu və o şirkətdə nə etdiyini araşdırın. Ciddi və məntiqli əsas tapmadıqca, İNANMAYIN.


  • Biri marağında olduğu sektora aid daim ingiliscə paylaşımlar edir, vəssalam, sadəcə bunu edir, alt-şüurumuza hopur ki, hə filankəs bu sahənin ustadıdır, gündəmi və mövzunu əla bilir.

    Bəlkə adamın elədiyi ancaq budur, ya belə olarsa? Məsələn, mənim gen mühəndisliyi barədə məlumatım yoxdur. Amma Google News ilə girirəm, hər gün bu sahədə olan elmi konfranslar, yeniliklər barədə son paylaşımları edirəm – ingiliscə. İnanın ki, bu yazının mövzusu olan skeptiklik və kritik düşüncənin olmadığı böyük bir kütlə qısa müddət sonra mənim gen mühəndisliyi sahəsində qabaqcıl mütəxəssis olduğum qənaətinə gələcək.
    Bir şəxsin müəyyən sahə haqqında bol-bol bəhs etməyi o sahə haqqında yetərincə bilgili olması anlamına gəlmir.


  • Biri də qərbdə hər ciddi texnoloji yenilik olanda, onu paylaşır, üstündə də “ehhh, biz geridə qalmışıq, şərait olsaydı, maliyyə ayrılsaydı bunu burada da edərdik, dövlət belə, investorlarımız elə və.s.” yazır , təəssüf hissi keçirirsiniz ki, ehhh, kaş şərait yaradan olaydı, bizdə də  belə gənclər “Tesla” buraxardı, robot düzəldərdi.

    Dərhal şübhə edirik ki, bəlkə paylaşanın hansısa alt-niyyəti var. Məsələn qrant yemək, kimisə inandırıb ondan pul alıb sonda da “Azərbaycanda qoymurlar e belə iş görəsən, alınmadı” deyib sıyrılmaq və.s. Bu iddiaları edən şəxsin keçmişdə nə iş gördüyünə nəzər salmalı, bu sahəni bilməsi haqqında İSBAT axtarmalı, isbat olmadığı müddətcə bu sahənin mütəxəssisi olması haqqında heç bir inam formalaşmamalı.


  • Biri də dünya səviyyəli proqramları və ya avadanlıqları artıq biz də düzəldə bilirik, “milli şirkət, yerli məhsul, öz mühəndislərimiz, vatan, millət, Sakarya …” – əvvəllər bu mümkün deyildi, amma artıq biz varıq, bu yöndə R&D çalışmaları edirik, az qalıb, gəlir, yoldadır, görəcəksiz …

    Dərhal şübhə edirik:  Yaxşı, böyük vədlər verirsiniz, şərait olsa edərəm deyirsiniz. Bəs yaxşı, buna haradan əmin olmusunuz? Demək ki, əlinizdəki kiçik imkanlarla kiçik uğurlar qazanıb düşünmüsünüz ki, böyük imkanlar olsa böyük uğurlar qazanaram, deyilmi?

    Bu özü də qüsurlu yanaşma olsa da (kiçik imkanla kiçik uğur qazanmaq böyük imkanla böyük uğur qazanacaq demək deyil, çünki bu proseslərin həcm-nəticə qrafiki xətti deyil) eybi yox, haydı buyurun, göstərin canlı-canlı o kiçik uğuru bizə. Filan yerdə filan məhsulumuz var yox ha, göstərin, görək. Yəni sözlə göstərməyin, uğurun uğur olduğuna inandıracaq qədər əsaslandıraraq göstərin.



Yekun

Ümid edirəm ki, mövzu barədə fikirlərimin əsas məğzini çatdıra bildim. Əgər fərd olaraq və toplum olaraq zərərvericilərdən daha az zərər görmək istəyiriksə, informasiya bolluğu erasında informasiya qəbulu prosesimizə bir daha nəzər salmalıyıq. Bir daha təkrar edirəm, “öncə şübhə etməli, araşdırmadan, ciddi məntiqi isbat olmadan inanmamalı”. ?

Düzdür, skeptiklik əlavə enerji tələb edir – amma, buna dəyər. Nəticədə siz və yaxınlarınız zərərvericilərdən arınmış olursunuz, fayda götürmüş olursunuz, həm də araşdırmalar sayəsində yeni-yeni biliklər əldə edirsiniz.

Yazını paylaşmaq və ya mesajımı sadə dildə tanışlarınıza anlatmaq ümidilə…