Görəsən insanlar ölüm ayağında olarkən ən çox nə haqda düşünürlər? Nəyə görə peşmanlıq keçirirlər?
Bu yaxınlarda Avstraliyada çıxan bir kitab məhz bu mövzudan bəhs edir. Kitabın müəllifi ölüm ayağında olan xəstələrlə işləyən tibb bacısı Bronni Varedir. O, təqaüdə çıxdıqdan sonra öz təcrübəsindən yararlanaraq insanların ölüm ayağında olarkən, son günlərini yaşayarkən ən çox nəyə peşman olduğunu yazıb.
“Ölüm ayağında 5 peşmanlıq” (“The Top Five Regrets of the Dying”) kitabına istinadən insanların həyatlarının axırında təəssüfləndiyi 5 şeyi təqdim edir.
Öz həyatını yaşamamaq
“Gərək başqalarının məndən gözləntilərinin əvəzinə öz istədiyim həyatı yaşamaq cəsarətim olaydı”. Kitabın müəllifi hesab edir ki, insanlar həyatlarının bitdiyini dərk edəndə arzuladıqları şeylərin böyük bir qismini gerçəkləşdirmədiklərini görür və peşman olurlar.
Ailəyə vaxt ayırmamaq
“Gərək bu qədər çox işləməyəydim”. Kişilərin çoxu işlərinə görə ailələrinə və dostlarına yetərincə vaxt ayırmadıqlarına görə peşman olurlar. Müəllifin yazdığına görə, kişi xəstələrin əksəriyyəti əgər bir daha həyata gəlsəydilər uşaqlarının balaca görə bilmədikləri anlarını yaşamaq istədiklərini deyirlər.
Hissləri gizlətmək
“Gərək hisslərimi dilə gətirməyə, etiraf etməyə cəsarətim olaydı”. Adamların bəziləri başqaları ilə münasibətləri müəyyən çərçivədə saxlamaq üçün hisslərini tam etiraf edə bilmirlər.
Köhnə dostlar, hardasınız…
“Gərək dostlarımla əlaqələrimi kəsməsəydim”. İnsanların öz həyatlarına başları o qədər qarışır ki, dost-tanış yaddan çıxır. Ölməkdə olan insanlar ən çox köhnə dostlarını arzulayırlar.
Çərçivədə keçən ömür
“Gərək özümə daha da xoşbəxt olmaq üçün imkan yaradaydım…” Tibb bacısı yazır ki, insanların çoxu xoşbəxtliyin bir seçim olduğunu son ana qədər dərk etmirlər. İnsanlar rahat yaşamaq üçün köhnə alışqanlıqlarından bərk-bərk yapışırlar. Onlar dəyişməkdən qorxurlar. Fərqli addım atmaqdan çəkinirlər. Çünki başqa yolla getsələr qarşılarına nə çıxacaqları bəlli deyil. Ölüm ayağında olan adamlar düşünürlər ki, kaş belə qorxulardan azad olaydılar. “Dəlilik etməkdən bu qədər qorxmazdım gərək”,- deyirlər.