Böyük Britaniyanın “Phoenix Memorial Diamonds ” (“Feniks Xatirə Almazı”) şirkəti yaxınlarını itirən və onların adını əbədiləşdirmək istəyənlərə əcaib “ölümsüzlük iksiri” təklif edir.
Daha doğrusu, əziz insanların nəşlərini almaza çevirməyə səsləyir. Əcaib təklifdir, deyilmi? Amma bunu etmək asandır. İlk öncə cəsəd xüsusi peçdə yandırılaraq külə çevrilir. Daha sonra Rusiyada hazırlanmış xüsusi texnologiya əsasında insan külü duz və digər lazımsız qeyri-üzvi maddələrdən təmizlənir, nəticədə karbon qalır. Karbon isə 4-8 həftə boyu yüksək temperatur və təzyiqin təsiri altında almaza çevrilir.
Müştərinin maliyyə imkanından asılı olaraq İngilis şirkəti 0, 25 – 2 karatlıq almaz düzəldə bilir. Belə ki, 80 kiloqramlıq ölüdən 1 karat çəkisində və yarım santimetr diametrində almaz hazırlamaq mümkündür. Sarı almazın düzəldilməsinə təxminən 100 qram kül və ya 35-40 qram insan tükü lazımdır (qiyməti: hər karata görə 5 250 İngilis funt sterlinqi). Mavi daşın hazırlanmasına 500 qram kül, yaxud 100 qram saç tələb olunur (qiyməti: hər karata görə 10 750 İngilis funt sterlinqi).
Belə almazların saxlanılması üçün də maraqlı üsullar təklif olunur: qiymətli daşlar nadir və bahalı ağac növündən düzəldilən mücrüdə, yaxud qranit altlığın üzərində qoruna bilər. Beləliklə, ən əziz mərhumu “qolbaq, kolye, üzük şəklində” hər zaman yanında “daşımaq” mümkündür. Nə deyək? Bəşər övladının fantaziyası ölümsüzlük axtarışında sərhəd tanımır…
Qəribəsi budur ki, Qərbdə belə təklifə tələbat günü-gündən artır. Bu işlə məşğul olan Algordanza (“Xatirə”) adlı İsveçrə şirkətinin gənc rəhbərləri Rinaldo Villi və Vayt Brimer bildirirlər ki, ay ərzində onlara 60 müştəri müraciət edir. Nəticədə, şirkət 13 ölkədə nümayəndəlik açıb. Son zamanlar yaxın qonşumuz olan Rusiyada da bu cür şirkətlər fəaliyyət göstərməyə başlayıb.
Phoenix Memorial Diamonds ” İngilis şirkətinin adındakı Feniks sözü təsadüfən seçilməyib. Əfsanəyə görə, Feniks yanaraq kül olan və yenidən dirilən quş olub..