Bildirchin.az üçün Hazırladı və Göndərdi: Leyla Həsənova
1. Qorxunuza qalib gəlməyi bacarın. Bir işə başlayarkən qorxmaq o işi görməyinizə mane olacağı üçün işə başlamadan öncə mütləq və mütləq qorxunuza qalib gəlməniz lazımdır. Qorxsanız onsuzda bacara bilməyəcəksiniz. Düşünün ki, çətin olan və bacara bilməyəcəyiniz heç nə yoxdur.
2. Yavaş-yavaş başlayın, birdən-birə çətin qrammatika kitablarından və lüğətlərdən yapışmayın. Bu onsuzda başlayarkən içinizdə mövcud olan qorxu hissini alovlandıracaq. Onun yerinə “starter” yəni o bəyənmədiyiniz, “ vot iz yor neym” və “hov ar yu” ingiliscəsi ilə başlayın. İçinizdəki eqonu kənara atmağa çalışın. “Moskva birdən-birə qurulmayıb ki”.
3. Yalnız kitabdan oxuduğunuzla və ya müəllimin öyrətdiyi materiallar ilə kifayətlənməyin. Özünüz üçün əlavə məşqələ materialları tapın.
4. Öyrəndiyiniz yeni sözləri hər gün cümlədə işlədin, bu sözlərlə bağlı hekayə yazın. Bu həmçinin yaradıcılıq qabiliyyətinizi artıracaq.
5. İngilis dilində çətinlik çəkdiyiniz qrammatikanı, sözləri kiçik yapışqan kağızlara yazın, otağınızın divarlarına, soyuducunun qapısına və ya ən çox gördüyünüz yerlərə yapışdırın. Bu da kifayət etməyəcək, telefonunuzun üz qabıq şəklinə, whatsapp ana ekranına qoyun. Beləcə gözünüz öyrəşəcək.Bunlar kifayət etmirsə özünüz üçün yeni üsullar kəşf edin. Dünyada öyrənməyin milyonlarla üsulu var.
6. Çoxlu, ingiliscə filmlərə baxın, tərcüməli yox, dublaj yox sadəcə ingiliscə altyazılı filmlərə baxın. Eşitdiyinizi həm də görün. Bilmədiyiniz söz eşitdikdə not tutun, tez lüğətdə tərcüməsini axtarın. Bir cümlədə 3 sözü bilib, 3 sözü bilməsəniz belə o cümləni başa düşəcəksiniz.
7. Qulağınızda hər zaman ingiliscə danışıqlar olsun, hər hansı başqa bir iş görərkən, qabları yuyarkən, kitab oxuyarkən və s. Dinləmə sadəcə ingiliscənin sizin şüurunuzun altına yeriməsi ilə bağlıdır. Siz qulağınızdakını dinləməyin. Sadəcə o sizin qulağınıza danışsın. Bunun üçün mən sizə “ Tedx” çıxışlarını və “BBC learning 6 minute” məsləhət görərdim Qeyd edim ki, ingiliscə mahnıya qulaq asmaq bu hesaba daxil deyil.
8. Tanınmış bir dil mütəxəssisinin sözü var: “ Hər kəs ingiliscə öyrənmək istəyir amma hər kəs sadəcə yazır, oxuyur və dinləyir, heç kim danışmağa cəhd göstərmir”. Oxuduqlarınızı, yazdıqlarınızı və dinlədiklərinizi danışın, heç kimlə olmasa belə öz-özünüzə danışın. Bunun üçün hətta xüsusi danışıq klubları var ki, ora gedə bilərsiniz.
9. Səsli lüğətlərə qulaq asın. İngilis dilində bir sözün 50-yə yaxın mənasını lüğətdən tapa bilərsiniz amma bu sözləri düzgün tələffüz etməsəniz bilmənizin bir mənası yoxdur.
10. Davamlı olaraq imtahanlara gedin, bu hər nə qədər yorucu olsa da, məşqələ üçün və imtahan texnikasını bilməniz üçün ən önəmli faktorlardan biridir.
11. Bacardığınız qədər xarici insanlarla tanış olun, çünki onlarla danışmaq üçün ingiliscə danışmağa məcbur qalacaqsınız. Getdiyiniz yerlərdə, gəzintilərdə, səfərlərdə və ya hər hansı bir yerdə əcnəbilərlə ünsiyyət qurmağa çalışın, danışmaq istəməsələr məcbur edin. Ən əsası özünüz danışmağa cəhd edin.
12. İngilis dilində səviyyə kitabları oxuyun, bunları əldə etmək çətin deyil. Tapa bilməsəniz şərh bölməsinə qeyd edin mən sizin üçün kitab verim. Əgər boş vaxtınız varsa romanlar oxuyun. Oxumaq öyrənməyin ən yaxşı üsuludur. Bu cümlə qurma bacarığınızı inkişaf etdirəcək.
13. Əsla və əsla mükəmməliyyətçi olmayın. Mən danışıramsa mütləq düzgün danışmalıyam, qrammatikam mükəmməl olmalıdır, sözlərin hamısını yerində işlətməliyəm kimi fikirləri beyninizdən atın. İngiltərədə belə insanlar düzgün ingiliscə danışmırlar, əsas fikri çatdıra bilməkdir. Komplekslərinizdən azad olun.
14. İngilis dilini öyrənmək üçün sadəcə yuxarıdakı sınaqdan keçmiş və işə yaramış üsul yazdım, amma bu üsullar sizin üçün kifayət deyil dediyim kimi, özünüz üçün yeni öyrənmə üsulları kəşf edin. Unutmayın ki, dil öyrənmək dünyanın ən asan, ən maraqlı və ən yararlı məşğuliyyətidir.
Son olaraq yenə də tövsiyəm odur ki, əsla və əsla bacara bilməməkdən qorxmayın.