Bilmirəm sizdə necədir, ancaq mən özüm özümü daha yaxşı motivasiya edirəm. Bunun üçün nə edirəm? Müxtəlif filmlər izləyirəm, sitatlar oxuyuram və ya beynimdə olan hər hansı bir şeyləri özümə qəbul etdirirəm. Bəzi sitatlar var ki, oxumağınız lazımdır. Niyə? Çünki bunlar sizi hər zaman yüksək əhval ruhiyyədə saxlamağa kömək ola bilər.

  • Üzgün ol və ya motivasiyalı! Görürsən? Necə olacağına özün qərar verirsən!

  • Çox insanlar deyir ki, motivasiya həmişəlik deyil. Düzdür! Ancaq çimmək də həmişəlik deyil, ona görə də hər gün yuyunmağımız lazım olduğunu bilirik!

  • Bir gün düşündüm: Əgər bu yolu gedərkən, arxamda məni dəstəkləyən kimsə olsaydı, o zaman daha başqa yerlərə gedib çıxardım. Olmadı, mən də özümün bacardığı kimi etdim, çox daha xoşbəxt biri oldum!

Hə, elə bilirdiniz elə motivasiya üçün sitat oxumağınız kifayətdir? Elə deyil! Çox fərqli bir şey deyəcəm. Həyatınızda dəyişikliklər edin! Bir psixoloq kimi danışıram, bilirəm, ancaq deyiləm… Əslində məsləhət verməyin də çox asan bir şey olduğunu düşünürəm. Yenə də sizlərə özümün edib, xeyrini gördüyüm bir neçə ipucu verəcəm.

İstəyim odur ki, planetdə hər kəs xoşbəxt olsun. Düşünürəm, hamının xoşbəxt olmağa haqqı var. Belə olduqda, əminəm ki, dünyadakı pisliklər azalacaq. Hər kəs o qədər xoşbəxt olsun ki, ayaqları beş qarış havada olsun, başları da ancaq özlərinə qarışsın!

İndi keçək əsas məsələyə! Bunlar elə də fərqli ipucları deyil, ancaq ümid edirəm, oxuyub əməl edərsiniz. Xeyrini görəcəyinizi düşünürəm 🙂

Sadəcə başla!

Bəzən bir şeyləri etmək üçün motivasiyamızın yüksək olacağı dövrü gözləyirik. Məsələn: 1) bugün də yeyim, sabahdan pəhrizi edərəm; 2) Bugün də bu filmi izləyim, sabahdan işlərimi görərəm; 3) Bugün də dincəlim, sabahdan aylardır ertələdiyim kursuma başlayaram…

Bunlar sizlərə də tanış gəlir? Hamısını özüm də etmişəm. Ona görə misalları onlar üzərindən çəkdim. Həqiqətən də gözləməyin! Sadəcə başlayın. Motivasiya başlayandan sonra, nəticə görəndə gələcək. Daha sonra sizə daha da əyləncəli olacaq. Ona görə də bütün yarımçıq işlərinə bugün başla!

Kiçik şeylərdən başla!

Bir şeyləri etmək istəyirsən, ancaq bu gözünü qorxudur… O zaman kiçik şeylər tap və bunlarla başla! Məsələn, bilikli bir mühəndis olmaq istəyirsən. Bunun üçün böyük bir proyektə başlamalısan. Ancaq bu səni qorxudur. O zaman kiçik bir şey et- bildiyin hər hansı bir mühəndisliklə bağlı fənni kiməsə öyrət. Öyrətdiyin zaman öyrənəcəksən, öyrətdiyin insanın bir şeyləri öyrəndiyini görəndə isə özünlə fəxr edəcəksən, özünə güvənəcəksən! Həəəə, indi böyük işləri də etməyə hazırsan!

Ətrafını sev!

Ətrafını heç izləmisən? Əlbəttə xoş olmayan şeylər də olur. Ancaq müsbətlikləri görməmisən hec? Ətrafındakı insanları, ağacları, heyvanları izlə! Məsələn, işə gələndə qarşıma bir ata və qızı çıxmışdı. Ata qızının əlindən öpdü və yoluna davam etdi. Çox ürəkisidən səhnə idi… Pişiklər otluqda oynayırlar, çox şəkər görünürlər. Bəs ağacların əzəməti?

Əlbəttə bunlarla bərabər, üzgün üzləri də görürəm. Onlar üçün də üzülürəm, ancaq nə etmək olar? Onlara da bacaracağınız köməkləri edin. Ətrafınıza qarşı duyarlı olsanız, daha xoşbəxt hiss edəcəksiniz.

Özünə qarşı mehriban ol!

Mən bəzən səhv etdikdə özümü çox danlayıram, özümlə mübarizə içində oluram. Bunu da etmək lazımdır ki, bir daha səhv etməmək üçün daha çox çalışasan. Ancaq bu qədərini də etməyin. Keçmişinizə baxın. Əminəm orada qazandığınız uğurları da görəcəksiniz. Uğur dedikdə böyük şeyləri nəzərdə tutmuram. Məsələn, ailənin sevgisi uğurun ola bilər.. və ya hər hansı heyvana sahib çıxmaq. Kiçik şeyləri bəzən uğur saymırıq. Ancaq bunlardır bizi daha çox insan olduğumuzu xatırladan… Ona görə də, özünüzə qarşı hər zaman mehriban olun, arada dincəlin, bütün əksikliklərinizlə özünüzü qəbul edin! Tələbkar da olun, ancaq bütövlükdə özünüzə sahiblənin.

Tənəffüs

İstirahət etməyi unutma. Zövq aldığın şeyləri et və hər zaman asudə vaxtın olsun. Hər gün həyat marafonunda qaçırıq, ancaq əminəm ki, arada nəfəs almağa ehtiyacımız var. Dərin nəfəs alın! Həyat gözəldir. Yaşayın və gülümsəməyi unutmayın!