İflic xəstəliyi nədir?
Beynimiz funksiyalarını yerinə yetirmək üçün beyin hüceyrələrini oksigen və mühüm qida maddələri ilə təmin edən daimi qan təchizatına ehtiyac duyur. İflic beyin hissələrinə qan təminatı dayandıqda, beyin hüceyrələri zədələndikdə və ya öldükdə baş verir.
İflic keçirmiş insanların təqribən üçdə biri bir aya demək olar ki, sağalır, lakin iflic keçirən xəstələrin əksəriyyəti uzun müddətli problemlərlə üzləşir. Səhhətlərində əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə olunması üçün bir il və daha artıq müddət tələb oluna bilər. Təəssüf ki, əksər kəskin hallarda iflic ölümcül ola bilər və uzun müddətli əlilliklə nəticələnə bilər.
İflic qəfil baş verir və dərhal öz təsirini göstərir.
İnsan bədəninin bir tərəfi keyləşə, zəifləyə və ya tamamilə iflic ola bilər. Nitqlərində problem yarana bilər və danışarkən sözləri xatırlamaqda çətinlik çəkə bilərlər və ya başqalarının nitqini başa düşməkdə çətinlikləri ola bilər. Bəziləri görmə qabiliyyətini tamamilə itirə bilər və ya görməsində problem yarana bilər.
İflic beynin hansi hissəsinin zədələnməsindən, zədənin nə dərəcədə yayılmasından və xəstənin səhhətinin iflic keçirməzdən əvvəl hansı vəziyyətdə olmasından asılı olaraq insanlara müxtəlif dərəcədə təsir göstərə bilər, lakin iflic orqanizmimizin aşağıdakı funksiyalarını sıradan çıxara bilər:
* Bizim düşünmə qabiliyyətimizi
* Öyrənə bilmə bacarığımızı
* Hiss etmə və ünsiyyət qurma qabiliyyətimizi
İflicin əlamətləri hansılardır?
İflicin əlamətləri qəflətən baş verir. Əvvəlcə xəstə özünü xəstə, pis hiss edə və solğun görünə bilir. Onlar qəfil başlayan baş ağrısından şikayət edə bilərlər. Onlar birdən üzlərində və ya ətraflarında keyləşmə hiss edə bilərlər. Görmə, yerimə və müvazinətlərini saxlamaqda problem yaşaya bilərlər. Bəzən ürəkkeçmə və ya huşunu itirmə müşahidə oluna bilər.
İflicin risk faktorları hansılardır?
Yaşlandıqca iflic keçirmək riski daha da artır, amma xeyli sayda gənc və orta yaşlı insanlar da iflicdən əziyyət çəkirlər. Həmçinin kişilər daha çox iflic keçiməyə meyillidirlər. Əvvəllər iflic keçirmiş insanlar böyük ehtimal ki, yenidən iflic keçirə bilərlər.
Siqaret çəkmək, həddindən artıq çox alkoqol qəbul etmək, artıq çəkili olmaq və qanda xolesterolun miqdarının artması qan təzyiqinin qalxmasına və arteriya xəstəliyinə yol açır, bu isə öz növbəsində iflic riskini artırır. İflic damar xəstəliyidir və bu səbəbdən tac damar xəstəliyi ilə ortaq risk faktorlarına malikdir.
İflic riskini necə azaltmaq olar?
1. Mütəmadi olaraq qan təzyiqinizi yoxlamaq və müvafiq müalicə almaq üçün həkiminizə müraciət edin.
2. Siqaretdən tamamilə imtina edin.
3. Spirtli içkilərdən az istifadə edin.
4. Mütəmadi olaraq idmanla məşğul olun. İdman ürəyi qüvvətləndirir və qan dövranını yaxşılaşdırır. İdman həmçinin artıq çəkidən yaxa qurtarmaqda da sizə yardımçı olacaqdır.
5. Sağlam qidalanın.
6. Qanda xolesterolun miqdarına nəzarət edin.
7. Əgər diabet xəstəliyiniz varsa, ona daima nəzarət edin.
İflicə səbəb ola biləcək fiziki dəyişikliklər adətən çox illər ərzində baş verir. Bəzi insanlarda iflic xəstəliyinə meyillilik anadangəlmə olur. Yaş, cins, irq və daha əvvəl iflic keçirmək dəyişdirilməsi mümkün olmayan risk faktorlarıdır.
Yüksək qan təzyiqi, ürək xəstəlikləri, arteriya divarlarında yağın və xolesterolun toplanması düzgün həyat tərzi yaşamaqla və tibbi müdaxilə ilə azaldıla biləcək risk faktorlarıdır.
İflic haqqında faktlar
1. İflic əslində ürəkdə deyil, beyində baş verən bir prosesdir.
2. İflic keçirən şəxsə dərhal tibbi yardım göstərilərsə, onun tez sağalma şansı artır.
3. Hər bir şəxs istənilən yaşda iflic keçirə bilər.
4. İflic əsasən qarşısı alına bilinən bir xəstəlikdir.
5. İflicdən əziyyət çəkənlərin çoxu yenidən danışa bilir.
6. İflic xərçəng və işemik ürək xəstəliyindən sonra ölümə səbəb olan üçüncü əsas xəstəlikdir.
7. O həmçinin əlilliyə səbəb olan əsas xəstəliklərdən biridir.
8. İflic qurbanlarının 2/3-sinin yaşı 60-dan yuxarıdır.
9. İflic keçirənlərin 1/5-i iflic baş verdiyi andan bir ay sonra həyatlarını dəyişirlər. Sağ qalanların yarısı isə fiziki cəhətdən əmək qabiliyyətini itirmiş olur.
10. İflic ölüm və xəstəliklərin əsas səbəblərindən biridir. İflic təkcə iflic keçirən şəxsin həyatına deyil, bütövlükdə bütün ailənin həyatına təsir göstərir.