Bu hadisə xüsusən maşın sürən adamların başına gələ bilər, ancaq zəmanət yoxdur ki, piyadalardan yan keçəcək…
2000-ci il – Sinif yoldaşımın anası Opera və Balet teatrı tərəfdə yol ilə gedən zaman bir qadın yaxınlaşıb ona həyatı haqqında hər şeyi deyir. Sonra əlindəki briliyantı ona verməsini istəyir. Götürən zaman brilyantı üfürür və 5 000 dollarlıq brilyant da yoxa çıxır. Sonra isə “get evə, görəcəksən evdədir” deyərək gedir. Əlbəttə ki, qadın evə qayıdır və heç nəyi tapmır. Hər şeyi hipnoz altında etdiyini sonradan anlayır.
Tarix deyəsən təkrarlanır, amma bu dəfə mənim üstümdə…
2017-ci il, 3 Avqust – Xətai metrosu, Xocalı parkı ətrafında çay evlərinin birində dostlarla oturmuşam. Saat 11 radələri olardı. Qalxdıq, dağılışdıq. Onlar maşınlara minib getdilər. Mən də maşını bir az aralıda saxlamışdım. 2 adam yolu keçirdi, onlardan biri birdən maşının sağ qapısına tərəf, mənə yaxınlaşdı. O biri adamı isə görmədim, dəqiq bilmirəm cavan idi ya yaşlı bir kişi. Mənə yaxınlaşan qadın idi. Rus dilində danışırdıq. Dedi xırda pul ver. Baxdım xırdalardan 10 qəpik var. Dedim götürün bunu, başqası yoxdur. Maşını arxaya verirdim ki, çıxım başladı həyatım barədə danışmağa.
Adlara kimi çəkdi ki, filan-filan adlı adamlardan yaxşılıq gəlməz sənə, yaxınına buraxma. Açığı həyatım haqqında bu qədər məlumatı dəqiqliklə deməsi diqqətimi çəkdi və bir az heyrəntləndirə bildi məni. Maşını saxladım, bu da danışmağa davam edirdi. Sonra dedi əlini uzat baxım, uzatmaq istəmədim. Dedi ki, nədir qorxursan?! Uzatdım, baxdı yenə bir az danışdı. Birdən əlini tez yaxınlaşdırıb tüklərimi yoldu. Başladı dilinin altında nə isə deməyə. Sonra dedi məndə quyruq var, o var bu var, göstərə bilərəm, sağ tərəfdən keçdi sol tərəfə sürücü tərəfə, yəni mənim yaxınlığıma.
Fikir verdim ki, mənə yaxınlaşarkən sol əlini gizlətmişdi. Bilmirəm, nə tutmuşdu. Sağ əlində isə qız şəkli var idi. Gəldi yenə dilinin altında sözlər dedi. Dedim getməliyəm, dedi gözlə, pul qabını aç, bütün pulunun arasına qoymalısan. Sonra dedi oradan pul çıxar, 1 manat götürdüm. Dedi yox az olmaz, çox pul olmalıdır. Mən də 15-20 manat çıxarıb sol əlim ilə pulu sıxdım. Dedi bəs mənə nə verə bilərsən. Çıxardım 5 manat verdim, dedi bu qədər etdiklərimin yanında elə 5 manat verirsən? (nə etmişdi ki güya?).
10 manat verdim. Əlimdə tutduğum pulu da dedi ver mənə, dedim bunu niyə? Dedi ver qorxma, pul gəldi gedərdi. Pulu sıxdı əli ilə, içinə üfürdü. Pul yoxsa çıxdı. Dedim bu nədir, pulumu qaytar. Eşitməzliyə vurdu özünü. 3 dəfə dedim bəlkə pulumu qaytarasan? Açığı ilk gələnin gizlənməsini və bunun da əlində nə tutduğumu bilmədiyimdən, eyni zamanda küçədə heç bir adamın olmamasını da düşündüm və çox da üstünə getmədim. Dedi gedərsən evə, cibinə qayıdacaq. Çıxdı getdi.
Nə pulun qayıtması?
Özüm qayıtdım evə, nə görsəm yaxşıdır. Düz 125 manat pul qabımda azdır. Bunu necə etdilər, necə bacardılar bilmədim. Hipnoz idi bu?! Axı, 2000-ci ildə sinif yoldaşımgilin də başına belə bir hadisə gəlmişdi.
Başıma gələn əhvalatı bir neçə adama danışdım, bəziləri dedi ilk dəfə eşidirik, bəziləri də dedi sən ilk qurbanları deyilsən. Ona görə detallı şəkildə sizi də məlumatlandırmağı özümə borc bildim. Ümid edirəm, mən də sizi Bakı küçələrində baş verən bu tip məsələlərdən az da olsa agah edə bildim. Ehtiyatlı olun…