İllər keçdikcə inkişaf edən, minimalizmə doğru addımlayan dizayn böyük şirkətlərin loqolarına da təsir etməyi bacardı. Bəziləri loqolara sadəcə kiçik toxunuşlar etdi, bəziləri isə ümumilikdə hər detalını dəyişdi. Vaxtında edilmiş rebrendinq markaya olan münasibəti müsbət mənada dəyişir, bu loqoların uğurlu yoxsa uğursuz olduqlarını müəyyən etməyi sizə buraxırıq. 🙂

Reebok

Məşhur idman malları markası olan Reebok bu günə qədər 3 dəfə loqo dəyişmişdir. Şəkildə gördüyünüz ilk loqo əslində şirkətin ikinci loqosudur (1986-2014). Aşağı hissədə olan loqo 2014-cü ildən bəri Reebok-u təmsil edir.


Adidas

Uşaqdan böyüyə hər kəs bu 3 zolağı yaxşı tanıyır. 1967-ci ildə şirkət ayaqqabılara üç qara zolaq əlavə etdi. 1971-ci ildə şəkildə yuxarı hissədə gördüyünüz loqo təqdim edildi. İkinci loqo isə 1990-cı ildə Peter Moore adlı kreativ direktor tərəfindən hazırlanıb. Hal-hazırda loqo sadəcə “Adidas”- yazısından ibarətdir.


NIKE

Dünyanın tanınmış markalarından olan Nike-ın loqosu (Nike swoosh) 1971-ci ildə Carolyn Davidson adlı universitet tələbəsi tərəfindən 35 dollara çəkilib. Loqo şirkətin məşhurlaşmasında böyük rol oynadı və sonra həmin dizayner şirkət tərəfindən bir daha mükafatlandırıldı. Son dəyişikliklər nəticəsində loqodan şirkət adı silinib, yalnız ikon qalmaqdadır.


CONVERSE

Gənclərin sevimli ayaqqabı markası Converse 2017-ci ildə redizayn edərək loqosunu dəyişib. Şəkildə aşağıda yerləşdirilmiş hal-hazırkı, yuxarıda isə köhnə loqodur.


PUMA

Yarandığı zamandan bir neçə dəfə loqo dəyişən Puma markasının modern loqosu (şəkildə 1-ci) 1979-cu ildə hazırlandı. Keçən 40 il ərzində loqo üzərində olunan dəyişikliklər demək olar ki, çox azdır.


FANTA

1940-cı ildən bu günə Fanta şirkəti 12 loqo dəyişib. Şəkildə gördüyünüz loqolar isə son ikisidir. Şəkildəki ilk loqo 2010-cu ildən ABŞ, Orta Şərq ölkələrində olan qablaşdırılmalarda istifadə olunur. İkinci loqo 2016-cı ildə Avropada təqdim edilib və 2017-ci ildən beynəlxalqdır.


ebay

Ən böyük onlayn satış mağazalarından biri olan “ebay” köhnə və yeni loqosu.


Burger King

Fast Food restoranlar şəbəkəsi “Burger King” tarixi boyu 6 dəfə loqo dəyişib və sizə təqdim etdiyimiz markanın son iki loqosudur. Şəkildə göstərilən birinci loqo 1994-1999-cu illərdə şirkəti təmsil edirdi. İkinci loqo 1999-cu ildən bəri hələ də istifadə olunur.


ZARA

1974-cü ildə İspaniyada əsası qoyulan Zara markasının bu illər ərzində 3 loqosu olub. Birinci və ikinci loqolar bir-birinə çox bənzəyir, üçüncü loqoda font və hərflər arası sıxlıq dəyişdirilib. Şəkildə aşağı hissədə gördüyünüz bu ilin (2019) yanvarında təqdim edilib. Həmin ərəfədə loqo xeyli gündəmdə oldu, maraqlı reaksiyalar bildirildi.


Pizza Hut

1958-ci ildə insanları pizza yeməyə səsləyən bu markanın ilk loqosu 1955-ci ildə artıq hazır idi. Şirkət bu illər ərzində 4 fərqli loqo dəyişib, 2 dəfə isə loqoda xırda düzəlişlər olunub. Nəticədə 2014-cü ildə təsdiqlənən loqo bu gün şirkəti təmsil edir.