Illər öncə təsadüfən qulaqlarımın şahidi olduğu və məni həm düşündürən, həm güldürən bir dialoqu bölüşmək istəyirəm sizinlə.

Məkan: Fəvvarələr Meydanında yerləşən məşhur fast food dükanı ;

Zaman: 2010-cu ilin yazı.

Anamla kapitalizmin Yer kürəsinə calaq etdiyi bu zəhərli “sarmaşıq” zəncirinin  terrasında eyləşmisdik. Gözəl bir yaz havası olduğunu dəqiq xatırlayıram. Anam o qədər də həvəsli həmsöhbət deyil, çox danışmaz, hətta danışdırmasan heç danışmaz. Hal bele ikən mən susduğum zaman sükut yaranır və söhbətimizi kənar masalardan gələn səslər bölərdi.

Yanımızdakı masada gənclər əyləşmişdi, söhbətləri qulağıma çox qəribə gəldiyi üçün qeyri-ixtiyari başımı onlar tərəfə çevirərək simalarına nəzər yetirdim. İki qız və iki oğlan idilər. Oğlanlardan biri texminən 19-20 , digəri isə 14-15 yaşında olardı. İki nəfər yeniyetmə çağında qızlarla əyləşmişdilər. Müşahidə etməyi sevirəm. Gənclərə diqqət yetirdim. İlk baxışdan əlbəttə ki, geyimləri diqqətimi cəlb etdi. Boz idilər və bu mənim “dəb” anlayışıma uyğun gəlmirdi. Onlara baxdıqca gözümün önündə eləbil kinolent canlandı. Çünki, cavan oğlanla qızlardan biri milli ədəbiyyatımızda təsvir edilən “bulaq başı” görüşlərinin baş qəhrəmanları kimi aparirdılar özlərini: oğlan qızı altdan-altdan süzür, qız isə gözucu oğlana baxaraq qımışır və başını aşağı dikir və yenidən eyni hərəkətləri təkrarlayırdı. Bir anlıq mənə elə gəldiki bu qız Aşıq Ələsgərin şerlərində bəstə boyunu, qara zülfunu, qoşa xalını, mərmər sinəsini vəsf etdiyi əyalət gözəllərindən biridir. Qızlar icazə istəyib tualete getdiklərində iki oğlanın söhbəti, daha doğrusu gənc oglanın özündən yaşca kiçik dostuna oxuduğu “mühazirə” məni zamana etdiyim yolçuluqdan qaytardı. Dialoqu olduğu kimi sizə çatdırıram:

– Qaqa bu qız var ha..
-hə , Qaqa
– Sən öl bu qız çöl üzü görməyib, ancaq ev de ev, ancaq ev. Bütün günü evdedi.
-Hə.
-Bir dəfə çölə çıxıb, onda da mən görüb bəyənmişəm.
-…….
-Qaqa, qalmayıbe belə qızlar, sən öl, qaqa, bax sənə deyirəm, biləsən. Gələcəkdə qarşına belə ağıllı qız çıxsa o dəqiqə almaq lazımdı…….

Dialoqun sonu üç nöqtə ilə bitir, çünki  klassik “zemanə qızları”nın tənqidinə həsr olunmuş uzun-uzadı giley-güzardan ibarət idi. O, mini yupkadan, qızların axşamlar şəhərdə gəzməyindən, evlilikdən öncə öpüşən cütlüklərdən yaman şikayətçi idi. Qızların masaya qayıtmaqları ilə bu “qəribə” söhbət yarımçıq qaldı. Turan qayıtdı öz dünyasına.

Anamın üz ifadəsindən heyrətə düşdüyü açıq aydın ifadə olunurdu. İki saniyə sonra mənim zarafatım onu qəhqəhəyə boğacaqdı:

-Ana, bu görəsən xaricdə tək yaşayan qızlara ne deyer?
-“Çöl qızı” bala.

Mənim ağlıma məhz xaricdə təhsil alan qızlar gəlmişdi, çünki necə deyərlər hadisə vaqe olan zaman mən hələ Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi idim və o zamanlar Londonda magistr təhsili almaq mənim çəhrayı dünyamı bəzəyən arzulardan biri idi.

Mən bu dialoqun şahidi olduğum an çaşqınlıq hissindən çox, həyata minnətdarlıq hissi keçirtmişdim. Doğulduğum və məni yetişdirən ailəyə, mənə yaradılan şəraitə, məni əhatə edən mühitə şükür etmişdim.

İllər keçib, mən artıq Londonda 2 il “çöl” həyatı yaşayıb vətənə qayıtmışam, amma üzərindən xeyli zaman keçməsinə baxmayaraq məni çox düşündürdüyündən olsa gərək ki bu hadisəni unutmamışam. Təsadüfi deyil ki, hər hamburger yeyəndə insanlar arasındakı düşüncə uçurumunun səbəbləri barədə düşünürdüm, çünki fast food mənə o vətən oğlunu və onun sözlərini xatırladırdı

O zamanlar məni ən çox heyrətə salan o qızın hər hərəkətindən açıq-aşkar bəlli etdiyi özünü oğlana bəyəndirmək səyi idi. Mən onda hələ Londonda qlamur xətrinə təhsil alan və ən böyük məqsədləri böyük məzhəb sahibi olmaq olan gəncləri tanımırdım. 19 yaşlı və özünü ağıl dəryası bilən bir qızın dar arqumentlər çərçivəsində etdiyi analizdən çox şey gözləmək olmaz. Amma ən azından özümə onunla təsəlli vere bilərəm ki, mən gənclərin o yaşda təhsil almasını, sərbəst olmasını, hüquqlarını tələb etməsini arzulamışdım. Bəli, dediyim kimi o zamanlar mən gözlərimdə çəhrayı eynək gəzdirirdim və bütün dünyaya da onunla baxırdım. Mən onda hər təhsil alan gəncin bunu savad üçün, mədəniyyət üçün, və  cəmiyyətdə yer tutmaq üçün və s.bütün gözəl niyyətlər üçün etdiyini düşünürdüm.

Zaman keçdikcə, gözdən çəhrayı eynək yox olduqca sən dünyanı ağ və qara görməyə başlayırsan. Üstəlik həyat başa salır ki, hər ağ gördüyün əslində qara, hər qara gördüyünsə ağ ola bilər.

Şahidi olduğum bu qəribə söhbətdən sonra o qədər təhsilli, azad düşüncəli, intellektli və buna baxmayaraq eyni zamanda heç də xoşbəxt olmayan və həyatda yerləri səhv düşmüş insanlara rast gəldim ki, artiq insanlar arasında olan düşüncə fərqi mənə faciə kimi gəlmir. Həyatda ən əsas uğur doğru insanların doğru zamanlarda bir araya gəlməkləri imiş.

“Həyata qalib gəlmək” kimi bir pafoslu ifadəyə rast gəldim bu yaxınlarda. Həyata yalnız yaşayaraq qalib gəlmək olar, bu bu qədər asandır. Bunu dərk etdikdən sonra hamburger yeyəndə heç nə düşünmürəm artıq. Həyat nəfəsdən başlayır, nəfəsdən öncə düşünmək mümkün deyil.

Çalışın düşünməyin, Yaşayın!!!