Bəzi insanlar bütün ömürlərini mal, pul yığıb saxlayır və bunları Quranda tərif edilən xeyirli işlərə sərf etmirlər. Hərisliklə, daima daha çox mal-mülkə sahib olmaq üçün çalışırlar. Əldə etdiklərindən isə Allah yolunda sərf etmək, ehtiyacı olanları doyurmaq əvəzinə öz nəfsləri üçün istifadə edirlər. Ehtiyaclarından qat-qat artığını toplayır, göstəriş üçün az miqdarda xərcləyir, faydalı işlər görməyə çalışmırlar. Bu insanların axirətdəki qarşılığı çox şiddətli olacaq. Bu, “Tövbə” surəsində belə bildirilir:
… Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövləti dadın!” – (deyiləcəkdir!) (Tövbə surəsi, 34-35)
Mal-dövlət yığıb toplayanlar və xəsislik edənlər Allah`ın dünya həyatında onları sınamaq üçün mal və zənginlik bəxş etdiyini qavramayan, bunlara dünya həyatında tamahkarlıqla bağlanan insanlardır. Allah`ın heç kimin infaqına ehtiyacı yoxdur, bütün mal-mülk də Onundur. İnfaq edərək Allah qatında savaba möhtac olan isə insandır. Allah bu həqiqəti başqa bir ayədə belə açıqlayır:
Budur, siz Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə, içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər üz döndərsəniz, yerinizə sizlər kimi olmayan başqa bir qövm gətirər! (Muhəmməd surəsi, 38)