23 avqust 1973-cü il, saat 10 radələrində Stokholmdakı bir bank şöbəsinə girən soyğunçular yanlarında gətirdikləri çoxlu silah və partlayıcı maddə ilə bank işçisi olan 3 qadını əsir alıb, digər işçi və müştərilərin qaçmasına izn verdilər. Beləliklə, 6 gün sürəcək girov götürmə əməliyyatı başlamış oldu.
Hadisə yerinə çatan polis dəstələri banka girmək istədikdə, soyğunçuların müqavimətinə rast gəlirlər. Əməliyyat uğursuz alınır.
Kənardan bankdakılarla ünsiyyətə keçildi. Soyğunçular cəza evindəki bir yoldaşlarının banka gətirilməsini və bir idman avtomobilinin də bankın qarşısında hazır qoyulmasını tələb edirdilər. Tələblər yerinə yetirildi. Amma hələ də bir problem qalırdı: polis mühasirəsi. Əlbəttə, mühasirə qalxmadan burdan necə çıxa bilərdilər ki? Soyğunçular mühasirənin götürülməsini və qarşılığında bütün girovları buraxacaqlarını dedilər. Polis isə bunu qəbul etmədi.
Bankın kənarında gərgin gözləmə davam edirdi. Bu müddətdə jurnalistlər polis barrikadası arxasında növbə çəkərkən, radio və televiziyalar hadisə yerindən canlı bağlantılar qururdu. Xalq da böyük maraqla işin sonunu gözləyirdi.
Bura qədər yazdıqlarım klassik bir soyğun hekayəsi idi. Hekayınin fərqli tərəfi isə bankın içində yaşanananlar oldu…
6 gün boyunca girov tutulan bank işçiləri (3 qadınla) soyğunçular arasında pozitiv dialoq meydana gəldi. Girovlar, soyğunçuların onları öldürmək istəmədiklərinə, yalnız burdan çıxmaq istədiklərinə inanırdılar. Onlara görə, polisin tutduğu mövqedən hər kəsin həyatı təhlükədəydi. Həm də, əslində, soyğunçular da yaxşı insanlar idi. Həyat şərtləri onları bu addımı atmağa məcbur etmişdi. Əgər polis mühasirəni qaldırsaydı, bu iş çoxdan bitmişdi.
Soyğunçular, mühasirənin qalxması üçün mətbuat işçilərilə girovların əlaqə yaratmasına icazə verirlər. Telefon vasitəsilə kənardakılarla əlaqə quran girovlar, mühasirənin qaldırılması üçün yalvarırlar. Ancaq istəkləri yenə də yerinə yetirilmir.
6 gün sonra polis içəriyə (banka) qaz püskürdərək soyğunu sona çatdırır.
Soyğunçuların əleyhinə şahidlik etmək istəməyən girovlar, qəribə bir işə də əl atırlar: aralarında pul toplayaraq soyğunçuların müdafiəsi üçün maddi dəstək verirlər. Hətta, həbsdən çıxanda da ailəlikcə bir-birilərilə görüşməyə davam etmişlər.
Bu hadisədə diqqəti çəkən, ilk dəfə girovla girov götürən arasında qəribə əhval, «Stokholm sindromu» kimi xatırlanır. FTB araşdırmalarına görə adam qaçırmaq və girov götürmə hallarının 27%-ində girovlar üzərində «Stokholm sindromu» öz təsirini göstərir.
«Stokholm sindromu» nədir? Təzyiq görən adamın, təzyiqi tətbiq edənə qarşı duyduğu simpatiyadır. Bu sindromun ortaya çıxmasında fiziki təzyiqlə yanaşı psixoloji təzyiq də lazımdır. Əsas səbəb, həyatda qalma instinktidir. Ətraf aləmdən soyudulan şiddət qurbanı, həyatda qalma istəyilə o qədər aciz vəziyyətə düşər və həyatının başqasının əllərində olduğunu hiss edər. Həyatda qalmaq üçün təzyiq göstərən insandan asılı olduğunu görər. Təzyiq göstərənin ona göstərdiyi kiçik yaxşılıqları gözündə böyüdüb, zamanla özünü onun yerinə qoyaraq ona qarşı xoş duyğular keçirməyə başlar. O adamın etdiyi hərəkətlərə, özünə görə, haqq qazandırar. Beləliklə, təzyiq göstərənə özünü yaxın hiss edər və ondan özünə bir zərər gəlməyəcəyi hissiylə özünü rahatladar. Əslində bunlar, insanın fiziki və psixoloji şiddət qarşısında aciz qalıb, özünü ovutmağın bir sonudur.